• şənbə, 27 Aprel, 05:19
  • Baku Bakı 14°C

Get-gedə cavanlaşan insult

28.10.14 12:45 5020
Get-gedə cavanlaşan insult
Hər birimiz qolu sallanmış (hərəkətsiz), ayağını çəkə-çəkə yeriyən insanları görəndə istər-istəməz onların cavan yaşdan əlil olmasına görə heç olmasa heyfsilənirik... Həkimlər iflicin əsas səbəbinin insultlar olduğunu bildirirlər. Xəstəliyin insan həyatı üçün təhlükəli olduğunu nəzərə alan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il 29 oktyabrın dünyada Ümumdünya İnsultla Mübarizə Günü kimi qeyd olunması ilə bağlı qərar qəbul edib. Dünya həkimləri narahatlıqla xəstəliyə düçar olanların yaşının cavanlaşdığını və sayının artdığını qeyd edirlər. Hər il yer kürəsində 16 milyon nəfərdə insult baş verir və bunların 6 milyonu ölümlə nəticələnir.
Hər yaşda və hər anda
İnsult beyin qan dövranının kəskin pozulması, yəni beyni qidalandıran damarlardan birinin və ya bir neçəsinin tamlığının pozulması, daralması (spazmı) və ya tutulmasıdır. Ağır gedişli insultlardan sonra baş beyin funksiyasının yalnız qismən bərpa olunması tez-tez rast gəlinən reallıqdır.
İnsult daha çox şəkərli diabet, ürək-damar xəstəliklərində rast gəlinir.
Mütəxəssislərin fikrincə, beynin qan-damar xəstəliklərinin əmələ gəlməsində bir sıra amillərlə yanaşı, fiziki gərginlik və stress də başlıca rol oynayır.
Kəskin beyin qan-damar xəstəliyinə düçar olanların 25-30 faizi 1-2 sutka ərzində beyin insultundan vəfat edir.
Beynin qan təchizatının pozulması - insultlar xəstələnmə və ölüm strukturunda yüksək yer tutduğuna, habelə, müvəqqəti əmək qabiliyyətinin itirilməsi, ilkin əlillik göstəriciləri əhəmiyyətli olduğuna görə - aktual tibbi-sosial problem olaraq qalır. Həkimlərin məlumatına görə, bu xəstəlik hər yaşda və hər anda baş verə bilər. İnsult beyin qan dövranının kəskin pozulması, yəni beyini qidalandıran damarlardan birinin və ya bir neçəsinin tamlığının pozulması (cırılması), daralması (spazmı) və ya tutulmasıdır. İnsultun əlamətləri müxtəlifdir, məsələn, bu halın insanın huşuna təsiri bəzən oyanıqlıq, bəzən əksinə yuxulu olma və ya yüngül kütləşmə, qısa müddətə huşun itirilməsi, bəzən isə hətta koma kimi qiymətləndirilir. Xəstələrdə baş ağrısı, baş gicəllənməsi, ürəkbulanma və qusma, istilik hissi, ürəkdöyünmə, vaxt və məkan hissiyyatının zəifləməsi (çaşqınlıq vəziyyəti) və s. qeyd oluna bilər.
Beyinin hər hansı hissəsinin zədələnməsi həmin sahəyə müvafiq orqan və funksiyalara öz mənfi təsirini göstərir: görmə qabiliyyətinin pisləşməsi (çəpgözlük, ikili görmə, bir və ya ikitərəfli korluq), nitq pozulması (hətta sadə sözlərin tələffüzü çətinləşir), yuxarı və ya aşağı ətrafların əzələ zəifliyi və hətta bir və ya ikitərəfli iflic olması, bəzən isə tarazlıq hissinin zəifləməsi, yerişin pozulması və s.
Xəstəliyin öncədən müayinəsi
Azərbaycan əhalisinin ölüm səbəblərinin birincisinin ürək-damar xəstəlikləri olaraq qaldığını – buna isə beyin qan-damar xəstəlikləri və insultun aid olduğunu bildirən həkimlərimiz xəstəliyin gerçəkdən çox təhlükəli olduğunu qeyd edirlər. Beyin insultunun inkişafında 4 dövrü - xəbərdarlıq dövrü, məhəlli əlamətlər, bərpa və qalıq əlamətləri dövrünü ayırd edən həkimlər insanları vaxtında müayinə və müalicə olmağa çağırırlar.
“Kaspi”yə açıqlamasında insultu beyin qan dövranının kəskin pozulması kimi dəyərləndirən professor Adil Qeybullanın sözlərinə görə, insult ya beyin damarlarının tromblaşması, ya zədələnməsi və partlaması, ya da beynə qansızma nəticəsində baş verir: “İşemik insultda isə arteroskleroz və yaxud müxtəlif səbəblərdən daralmış damarların qan təchizatı pozulur, qan axını kütləvi dəyişir və tromblaşma baş verir. Digər səbəb isə ürək daxilində və ya revmatizm fonunda ürək daxili trombun, mərkəzi qan dövranının düşməsi və beyin damarlarının tutması nəticəsində baş verə bilər. Nəticədə həmin zonaya gedən qan damarı lazımı qədər qan apara bilmir və zona qansızlaşır – bu, işemik insultdur. Həmçinin buna beyin infarktı deyilir». A.Qeybulla xəstəliyin yaranma səbəblərindən danışaraq qeyd edib ki, şəkərli diabet, arteroskleroz, hipertoniya, qanın laxtalanması, böyrək mənşəli hipertoniya, qanın laxtalanma sisteminin pozulması kimi səbəblər ola bilər. Həmçinin insanların həddən artıq çəki alması, azhərəkətliliyi, diabet kimi xəstəliklərin rolu böyükdür. Nə qədər ki, ölkədə kütləvi idman yoxdur, nə qədər ki, insanlar tənbəlləşir, az hərəkət edirlər və xolesterenli qidalar qəbul edirlər, təbii ki, xəstəliyin də çəkisi artmaqdadır. Ona görə hesab edirəm ki, həyat tərzi dəyişməlidir». A.Qeybulla xəstəliyin get-gedə cavanlaşması və xəstələrin də sayının artmasının müşahidə olunduğunu qeyd etdi: «Səhiyyə Nazirliyindən verilən məlumatlar yalnız statistikadan verilən xəbərlərdir. Təəssüflər olsun ki, bəzən xəstələr evdə, bəzən müxtəlif xəstəliklər altında müalicə olunurlar. Onlar statistikadan kənarda qalırlar. Bəzən xəstəlik ölümlə müşahidə olunur və onlar qeydiyyata düşmürlər». A.Qeybullanın sözlərinə görə, insult baş verməsə də, onlarda anevrizmalar, inkişaf anomaliyaları fonunda, beyin arteriyaları strukturunun düzgün inkişaf etməməsi halları ola bilir: «Bunlar müəyyən yaşda partlaya bilər və qanaxma yarana bilər. Uşaqları insultdan sonra xilas etmək çətin olur. Çünki onda qan təchizatı baxımından beynin müdafiə imkanları aşağı olur. Uşaqlarda uzun müddət davam edən başağrıları, beyin qan dövranının arabir pozulması kimi situasiyalar müşahidə olunduqda onlar mütləq müalicə olunmalıdırlar». Professor hesab edir ki, xəstəliyin öncədən müayinəsi insanı əlillikdən və ölüm hallarından qoruya bilər: «Yaşlı, qan təzyiqi olan adamlar, şəkərli diabetlər, artıq çəkisi olanlar daim müayinə olunmalıdırlar. Onlar qanın laxtalanmasını normal saxlayan müalicə almalı, xolesterini endirən, şəkəri stabil saxlayan müalicələr almalıdırlar. Bu halların gözlənilməməsi, həyat tərzinin bu şəkildə davam etməsi insulta, infarkta və digər xəstəliklərə aparan yoldur». Professor hesab edir ki, bu kimi hallarda ölümlə nəticələnmə xəstənin resurslarından asılıdır. Bu, beyin qan dövranı bakterində nə qədər zonanı tutmasından, həyati mərkəzləri əhatə etməsindən asılıdır». Professorun sözlərinə görə, kəskin beyin-damar xəstəlikləri iki şəkildə təzahür edir: qan dövranının keçib gedən pozğunluğu və beyin insultu: "Keçib gedən qan dövranı pozğunluğu xəstədə uzun sürməyən bəzi funksiya pozğunluqlarına səbəb olur. Lakin bu əlamətlər 24 saat ərzində heç bir iz buraxmadan keçib gedir. Bəzi hallarda isə pozulan funksiyalar bir neçə dəqiqə, yaxud bir neçə saatdan sonra tamamilə bərpa olur. Tədricən şiddətlənən beyin qan dövranı pozğunluğu, ilk növbədə, bəzi subyektiv əlamətlərlə başlayıb, get-gedə beyində bir sıra dəyişikliklərə səbəb olur. Onurğa beyninin qan dövranı pozğunluğu da xroniki və kəskin şəkildə cərəyan edib insult formaları yaradır”. Belə ki, beyin-damar xəstəliklərinin klinikası və nəticəsi onu əmələ gətirən səbəbdən, yerindən, insultun ağırlığından asılıdır.
50-55 yaşların riski
Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Adil Baxşəliyev bizimlə söhbətində, hipertoniyanın 60-70 faizinin insultla nəticələndiyini bildirdi: “Bu, artıq hipertoniyanın fəsadıdır. Ürək-damar xəstəliyinin ən geniş yayılmış forması hipertoniya xəstəliyidir. Bunun da ən qorxulu iki fəsadı var. Ən təhlükəlisi beyinə qanaxma, insultdur. İşemik insult nisbətən xoşxassəlidir. Beyinə qansızma isə daha ağır nəticə verir və çox zaman 3 və ya 5-ci sutkada xəstənin ölümü ilə nəticələnir. Hipertoniyanın ikinci ağır fəsadı miakard infarktdır”. Professor hesab edir ki, insanları ölümə aparan səbəblər içərisində insultun xüsusi yeri var. Belə ki, yaş artdıqca bu təhlükə çoxalır. Damarlarda dəyişiklik gedir, onlar kövrəlir, partlayır. “Qan laxtası həmin nahiyəni tutur. Qan həyatı vacib olan mərkəzi tutanda 2-ci, 3-cü sutkada xəstəni itiririk”. Professorun fikrincə, insanlar vaxtında müayinə olunsalar xəstəliklə bağlı müəyyən risklərin qarşısını almış olarlar. Bunun üçün ilk növbədə, qan təzyiqinin kəskin düşüb-qalxmasının qarşısını almaq lazımdır. “Xüsusən gecə vaxtları – səhərə yaxın vaxtlarda, saat 4-6 arasında insult əmələ gəlir. O vaxtlar orqanizmdə dəyişiklik gedir. Təzyiqin kəskin qalxması baş verir. Bundan əlavə, havanın, soyuğun insultun əmələ gəlməsinə mənfi təsiri var”. Xəstəliyin cavanlaşmasına gəlincə, A.Baxşəliyevin sözlərinə görə, cavanlarda daha çox işemik insult baş verir. “Hərçənd bizdə insultla bağlı dəqiq statistika aparılmayıb. Digər xəstələrdə isə 50-55 yaşlarına daha çox təsadüf edir. Qadınlara nisbətən kişilərdə insult daha çox baş verir”.
ÜST-ün ekspertləri bildirirlər ki, dünyada elan olunan hər hansı xəstəliklə mübarizə günləri həmin xəstəliklə yalnız bircə günlük mübarizəyə çağırış xarakteri daşımamalıdır. Yəni bu, əslində insanlara xəstəliyin nə qədər təhlükəli olduğunu anlatmaq və xatırlatmaq üçündür. “Hər bir xəstəliyin müalicəsi əvvəlcə insanın özündən asılıdır. İnsan səhhətinə qarşı biganə olmasa - vaxtında müayinə və müalicə olunsa, onda həkimlərin də yükü azalar. Ən azı, vaxtsız ölüm riski artmaz. Odur ki, səhhətinizin qayğısına qalın!”
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər