Geotermal mənbələrin potensialından necə yararlanmalı?
Mütəxəssislər
deyirlər ki, Azərbaycanın əksər bölgələrində olan geotermal ərazilərin turizm
sektoruna qazandırılması çox vacibdir
Qafqazda ilk dəfə olaraq
Azərbaycanda geoparkların yaradılması konsepsiyası işlənib hazırlanıb. Geologiya
və Geofizika İnstitutundan Trend-ə verilən məlumata görə, geoparkların
yaradılması konsepsiyası Azərbaycanda nadir geoloji obyektlərin qorunması və
davamlı istifadə edilməsinə dair milli tədbirlər planına uyğun olaraq hazırlanıb
və elmi əsaslandırılıb. İnstitut tərəfindən Azərbaycan ərazisində mövcud olan
geotermal mənbələr, termal su quyuları və səthə yaxın süxur komplekslərinin
geotermik parametrləri toplanıb və araşdırılıb. Yeni məlumatlardan istifadə
etməklə geotermal mənbələrin ilkin enerji resursları qiymətləndirilib və
elektron məlumat bazasında yerləşdirilib.
Geoloji obyektlərin
potensialından yararlanmaq, onların turizm obyekti kimi formalaşması üçün hansı
addımlar atılmalıdır?
Azərbaycan
Regional İnkişaf Mərkəzinin rəhbəri Çingiz İsmayılov qeyd
etdi ki, həmin ərazilərdən faydalanmaq üçün ilk olaraq ciddi təhlil aparılmalıdır:
"Bu geotermal mənbələr, termal sular haqqında geniş informasiya və xəritə var.
Sadəcə, onlardan necə istifadə olunması haqqında bir məlumat yoxdur. Bunun üçün
xüsusi təhlillər, araşdırmalar aparılmalıdır. İqtisadi baxımdan səmərəlikləri
yoxlanılmalıdır. Çünki belə yataqların sənayedə, məişətdə istifadəsi üçün
hərtərəfli texniki-iqtisadi əsaslandırma olmalıdır. Onlardan kortəbii şəkildə
istifadə etmək olmaz. Bundan başqa, həmin bulaqlardan gündə nə qədər su çıxır, onun
kimyəvi tərkibi, uzunmüddətli istifadədən sonra hansı təsirləri ola bilər və s.
kimi məlumatları öyrəndikdən sonra onlardan faydalanmaq olar”.
Turizm
üzrə ekspert Elçin Rüstəmov qeyd etdi ki, bu işdə dünya
təcrübəsindən yararlana bilərik: "Bu tip mənbələrin araşdırılıb tapılması və
turizmə qazandırılması olduqca faydalıdır. Xüsusilə də müalicə, sağlamlıq
turizmini inkişaf etdirmək istəyən bir ölkə üçün bu, çox vacib addımdır. Hazırda
ölkəmizdə turizmin bu növü ilə bağlı bəzi sağlamlıq-istirahət kompleksləri var.
Buna misal olaraq, Naftalan müalicə və sağlamlıq mərkəzinin adını çəkmək olar.
Sovet dövründən tanınan ən yaxşı kurort mərkəzidir. Əslində, bölgələrimizin
əksəriyyətində belə termal sular, geotermal mənbələr var. Onların tapılması və
turizmə qazandırılması mütləqdir. Sadəcə, bu iş bir az zaman alır. Bizim ilk
işimiz regionlardakı belə mənbələri tapmaqdır. Növbəti mərhələdə onu turistlər
üçün cəlbedici əraziyə çevirmək olar. Təbii ki, bu mənbələr tapıldıqdan sonra
orada turizmin digər növlərini də inkişaf etdirmək olar. Məsələn, həmin ərazidə
restoran, otel açmaqla, turizm agentliklərinin ora tur təşkil etməsi ilə
gəlirli sahəyə çevirmək mümkündür. Düşünürəm ki, bunun üçün ilk növbədə dünya
təcrübəsindən də yararlana bilərik. Belə ki, dünyanın bir çox ölkələri müalicə-sağlamlıq
turizmi sahəsində böyük işlər görüb”.
Azərbaycan Turizm Assosiasiyası
sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki,
Azərbaycanda bir neçə il bundan öncə Sağlamlıq və Termal Turizm Assosiasiyası
yaradılıb. Bu Assosiasiya sağlamlıq turizminin inkişafında mühüm rol oynayıb:
"Assosiasiya Naftalan, Duzdağ, Qalaaltı kimi bölgələrdə sağlamlıq
turizminin inkişafı üçün mühüm işlər görüb. Azərbaycanın təbii, coğrafi iqlimi
sağlamlıq və termal turizmin inkişaf etdirilməsi üçün əlverişlidir. Hal-hazırda
Qalaaltı, Duzdağ, Naftalanda bir çox bərpa işləri aparılıb. Amma bu sadalananlarla
kifayətlənmək olmaz, bunlar Sovet dönəmindən qalanlardır. Ölkəmizin hər bir
bölgəsində belə geotermal mənbələr var. Onları tapıb, aidiyyəti üzrə istifadə
etməliyik. Geotermal mənbələrin, termal suların aşkara çıxarılması turizmin də
inkişafına böyük töhfə verər. Çünki bəzi turistlər sırf belə yerləri görmək
üçün ölkələrə səfər edirlər. Biz həmin əraziləri tapıb dünya bazarına
çıxartmalıyıq. Necə ki, "Kislovodsk”, "Truskavets”, "Karlovı vodi” kimi yerlər
dünyada məşhurlaşıblar, eləcə də bizim Masallıdakı "İsti su”, Naxçıvandakı
"Duzdağ” və digərləri sağlamlıq turizminin əsas obyekti kimi tanına bilər”.
Həmsöhbətimiz
həmin əraziləri tanıtmağın yollarından da danışdı: "İlk olaraq sağlamlıq və
müalicə turizminə faydalı olacaq geotermal əraziləri tapıb sertifikatlaşdırmaq
lazımdır. Xarici mütəxəssisləri ölkəmizə cəlb edib, həmin ərazilərin
faydalılığını tam şəkildə sübuta yetirmək vacibdir. Xarici mütəxəssislər
sertifikat verdikdən sonra dünya bazarında məşhurlaşmaq asandır. Çünki
turistlərə belə yerlər çox maraqlı gəlir. Xüsusilə, elə bir yaş dönəmində olan
turistlər var ki, onlar müalicəvi əhəmiyyəti olan yerlərə getməyə üstünlük
verirlər”.
Amma bir
məsələni də qeyd etmək lazımdır ki, belə yerlərə girişlərin qiyməti çox baha olur.
"Kim hansı qiyməti istəyir, onu da tətbiq edir” deyən M. Ağakərimov turizmdə bu
cür yüksək qiymətin əleyhinə olduğunu bildirdi: "Çünki bu, həmin ərazilərin
əlçatanlığını çətinləşdirir. Qiymətlər obyektiv şəkildə müəyyən edilməlidir. Bəzi
turizm agentlikləri belə bahalı yerlərə tur təşkil etməkdə maraqlı olmurlar. Qiymət
bahalılığını, bəzən rəqabətlə əlaqələndirirlər. Əgər belə müalicəvi yerlər
bütün bölgələrimizdə olsa, o zaman qiymət də aşağı olar. Əminəm ki, ölkəmizin
bir çox bölgəsində belə geotermal mənbələr var. Sadəcə, onları araşdırıb üzə
çıxarmaq və faydalanmaq lazımdır”.
Günel
Azadə