• cümə, 26 Aprel, 09:29
  • Baku Bakı 12°C

Gənclər seçki kampaniyasının gedişindən razı qalıblar

09.10.13 09:38 1439
Gənclər seçki kampaniyasının gedişindən razı qalıblar
Mərkəzi Seçki Komissiyasının qeydə aldığı prezidentliyə namizədlərin təbliğat kampaniyalarına iki gündür ki, yekun vurulub. Artıq bu gün seçicilər məntəqələrə gedib seçimlərini edəcəklər. Builki seçki kampaniyası daha çox platformalarla deyil, qarşılıqlı ittihamlar və qarayaxmalarla yadda qalsa da, bütün namizədlər üçün bərabər imkanlar yaradıldı. Və hər bir namizəd onun üçün ayrılmış vaxtdan istifadə etməklə “özünü nümayiş etdirmiş oldu”. Bəs görəsən ölkə gəncləri seçki kampaniyasının gedişini necə qiymətləndirirlər.
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Aytac Əliyeva qəzetimizə açıqlamasında bildirdi ki, builki təbliğat-təşviqat kampaniyası çox ədalətli, heç bir namizədin hüququ pozulmadan həyata keçirilib: “Bu gün Azərbaycan xalqı gələcək 5 illik taleyi üçün öz seçimini edir. Əminliklə deyə bilərəm ki, təşviqat kampaniyası çox uğurla keçdi və bütün namizədlərin haqları eyni dərəcədə təmin olundu. İstər teledebatlar, istər radioda yaradılan şərait, istərsə də seçicilərlə görüşlər namizədlərin öz təbliğatını qurmaq üçün dəyərli imkan idi. Xatırladım ki, əksər namizədlər Bakı şəhər İcra Hakimiyyətinin ayırmış olduğu müvafiq yerlərdə seçiciləri ilə görüşlər keçirdi və təbliğat kampaniyası apardı. Həmçinin YAP da ümumilikdə çox gözəl, çox zəngin, öz ənənəsinə uyğun seçki təşviqatı apardı. Xatırlatmaq istərdim ki 1993-cü ildən bu yana ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin hər birində YAP yekdilliklə qalib gəlib”.
A.Əliyeva söylədi ki, YAP-ın qalib gəlməsinin kökündə uğurlu, məntiqli təbliğat-təşviqat kampaniyası dayanır. Onun fikrincə, bu il də təbliğatlarının məntiqi nəticəsi olaraq, təmsil etdiyi partiya zəfər çalacaq: “Bildiyiniz kimi, bütün namizədlər üçün demokratik abı-hava yaradıldı, hər kəs öz platforması ilə çıxış etdi. Əgər kimsə bundan istifadə edə bilməyibsə, dırnaqarası desək, demoqoqluq etməyə çalışıbsa, bu onun öz günahıdır. Xalq maskalanmış namizədin də, xalqın taleyini fikirləşən, rifahını daha da yüksəltməyə çalışan namizədin də kim olduğunu yaxşı bilir. Buna görə də onlar öz seçimlərini çoxdan ediblər”.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov qeyd etdi ki, namizədlərin təbliğat-təşviqat kampaniyası bərabər imkanlar şəraitində həyata keçirildi və uğurla başa çatdı: “İstər yerli, istərsə də beynəlxalq təşkilatlar bu prosesi müsbət qiymətləndirirlər. Çünki namizədlərin hər birinin hüquqları təmin olundu. Onlar KİV-in imkanlarından, o cümlədən sosial şəbəkələrdən kifayət qədər istifadə etdilər. Hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı prezidentliyə namizədlərin onlara çatdırmaq istədiyi məlumatı əldə etdi və platformalarından xəbərdar oldu. Namizədlərin və ya onların təmsilçilərinin təbliğatı necə həyata keçirməsi ayrıca mövzudur. Ümumilikdə götürdükdə, hər bir namizəd üçün kifayət qədər bərabərhüquqlu, hərtərəfli imkanlar yaradıldı”.
Ş.İsmayılov vurğuladı ki, demokratik seçkilərin keçirilməsi üçün dövlət tərəfindən hər bir imkan yaradılıb. Bu müxtəlif şəkillərdə - seçici siyahılarının tamamilə yenidən işlənilməsində, müxtəlif çarxların çəkilməsində, ilk dəfə səsverən gənclərin maarifləndirilməsində və s. özünü göstərdi: “Hər bir kəsin seçilmək imkanı təmin olunub. Bu öz əksini bütün hesabatlarda tapıb. Seçicilərə yalnız bir addım qalıb ki, gedib səslərini istədikləri namizədə versinlər. Bu yolda yetərincə maarifləndirmə işləri aparıldı. Əyani vəsaitlərin çap olunması, elektron xidmətlərin geniş tətbiqi, səsvermənin vacibliyini bildirən posterlərin asılması və digər görülən işlər seçki ilə bağlı kampaniyanın tam demokratik prinsiplərə uyğun təşkil olunmasını bir daha sübut edir”.
İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı da hesab edir ki, ölkəmizdə 22 gün ərzində dünyaya örnək sayıla biləcək seçki kampaniyası keçirildi: “Hər kəsə məlumdur ki, namizədlərdən heç birinin hüququ pozulmadı və hər şey qanun çərçivəsində həyata keçirildi. Bütün namizədlərə müxtəlif üsullardan istifadə edərək özlərinin təbliğatını qurmaq, platformalarını seçicilərə təqdim etmək imkanı yaradıldı. Xüsusilə xatırlatmalıyam ki, YAP mitinq keçirmədi. Amma ayrı-ayrı müxalifət partiyalarının irəli sürdüyü namizədlərin paytaxtda bir neçə mitinqləri keçirildi. O cümlədən də, regionlarda seçiciləri ilə görüşləri təşkil olundu. Beləliklə, İctimai Televiziyanın efirindən, facebook sosial şəbəkəsi və digər mətbu orqanların imkanlarından istifadə edərək hər bir namizəd özünün təbliğat kampaniyasını apardı. Bu, prezident seçkilərinin nə qədər demokratik şəraitdə keçməsinin təsdiqidir”.
Birlik sədri nəzərə çatdırdı ki, Azərbaycan hökuməti seçkilərin şəffaf keçməsi üçün maksimum güc ortaya qoydu və bu, bütün beynəlxalq müşahidəçilər tərəfindən də bu təsdiq olundu: “Hesab edirəm ki, Azərbaycanda seçkiöncəsi təşviqat dövrü uğurlu keçdi, bütün siyasi qüvvələr bacardıqları platformaları ortaya qoydular. Seçkilərin bu dövrünü beynəlxalq təşkilatlardan əlavə, Azərbaycan cəmiyyəti də çox yüksək qiymətləndirdi. Əminəm ki, prezident seçkisi bütün beynəlxalq dəyərlərə, qaydalara uyğun keçiriləcək və xalqımız siyasi iradəsini göstərib düzgün namizədə səs verəcək”.
Müsahibimiz təşviqat kampaniyası zamanı qanun pozuntusu olduğunu iddia edənlərə də tutarlı cavab verdi: “Bir faktı diqqətinizə çatdırım. Hüquq-mühafizə orqanları Milli Şuranın namizədi Cəmil Həsənlinin şəkillərini cıran bir vətəndaşı saxladı. O şəxsə hətta həbs cəzası verildi. Bu onu göstərir ki, hər hansı müxalifət namizədinə qarşı ayrı-seçkilikdən, diskriminasiyadan söhbət gedə bilməz”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər