• şənbə, 20 Aprel, 02:44
  • Baku Bakı 15°C

“Gəlin, bizi bu çətin vəziyyətdən çıxarın”

11.06.19 18:32 565
“Gəlin, bizi bu çətin vəziyyətdən çıxarın”
15 iyun – Milli Qurtuluş Günü ərəfəsində o dövrdəki hadisələr xatırlanır və ölkədə hansı hərc-mərclik olduğu yada düşür. Həmin dövrdə mövcud olan AXC-Müsavat hakimiyyətində anarxiyanın hökm sürməsi heç kimə sirr deyil. Ali Sovet sədri, Baş nazir, müdafiə naziri, daxili işlər naziri və dövlət katibi hər biri ayrı-ayrılıqda özünü bir siyasi qüvvə kimi görürdü. Nəticədə isə ölkə hərc-mərclik girdabında çalxalanırdı. Elə 4 iyun hadisələri də məhz bu hərc-mərcliyin, anarxiyanın nəticəsində yaşandı.
Qəribədir ki, bu hadisələrin üstündən xeyli müddət keçməsinə baxmayaraq, həmin dövrdə hakimiyyətdə təmsil olunanlar öz aralarındakı problemlərini həll edə bilməyiblər. Bu gün də AXCP ilə Müsavat arasında, eləcə də İsa Qəmbər, Arif Hacılı ilə Əli Kərimli, adları sadalananlarla Pənah Hüseyn arasında fikir ayrılıqları qalmaqda davam edir və bu adamlar hələ də siyasətçi kimi püxtələşə bilməyiblər. Onlar yaşadıqları uğursuzluqdan nəticə çıxara bilmir, özlərini Azərbaycanın xilaskarı kimi qələmə verməyə çalışırlar. Lakin görünən dağa bələdçi lazım deyil. Azərbaycan xalqı, ictimaiyyəti onları hakimiyyətdə olduqları bir il ərzində çox yaxından tanıyıb.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, indi 1993-cü ilin 15 iyununa nəzər saldıqda fəlakətli bir dövr gözümüzün qarşısında canlanır: "Həqiqətən Azərbaycanın ən ağrılı, faciəli bir dövrü idi. Mən deyərdim ki, 1991-1993-cü illər Azərbaycanın faciələrlə dolu gündəliyi təsirini bağışlayır. O dönəmdə qanunsuzluq, dərəbəyilik, özbaşınalıq, anarxiya var idi. Ölkəmiz bütün sahələrdə tənəzzülə uğrayır, dövlətçilik təhlükə qarşısında idi, siyasi rəhbərlik başını itirmişdi, ölkə idarə olunmurdu. Eləcə də hərbdə özbaşınalıq idi, vahid komandanlıq yox idi, düşmən fürsətdən istifadə edib ərazilərimizi işğal eləməkdə davam edirdi. O cümlədən ölkə daxilində çaxnaşma var idi, müxtəlif siyasi qüvvələr hakimiyyət uğrunda mübarizə aparırdılar, biri-biri ilə yola getmirdilər. Daxildəkilərin bu hərəkətlərindən istifadə edən və xaricdə Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr hərəkətə keçmişdilər. Eyni zamanda, onlar daxildəkiləri istiqamətləndirir, təlimatlandırırdılar ki, Azərbaycan yenidən əsarət altına düşsün. Bax, o dövrdə belə bir vəziyyət idi. Xalq bilmirdi kimə qulaq assın, kimə baxsın. Yəni, siyasi rəhbərlər özləri biri-birindən, mövcud idarəçilikdən şikayət edirdilər ki, biri digərini eşitmir. Əbülfəz Elçibəyin məşhur bir çıxışı var. O, üzünü hüquq-mühafizə orqanlarının rəhbərlərinə tutub deyir ki, dövləti çapıb talayırsınız, rüşvətxorluq, korrupsiya baş alıb gedir, qanunsuzluq, cinayətkarlıq artır, biz sizin öhdənizdən gələ bilmirik. Bax, belə bir vəziyyət idi. Belə məqamda Azərbaycan xalqı seçimini edərək böyük dövlətçilik təcrübəsinə malik olan müdrik oğlu Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Onu da qeyd edim ki, o dövrdə Azərbaycana rəhbərlik edən Əbülfəz Elçibəy də düzgün yol seçə bildi. O təkidlə, xahişlə Heydər Əliyevi Bakıya dəvət elədi ki, gəlin, bizi bu çətin vəziyyətdən çıxarın, bəladan xilas edin. Nəticə isə göz qabağındadır. İndi dünyada nüfuzu, tolerantlığı, sürətli inkişafı ilə tanınan Azərbaycan var. Güclü Azərbaycan dövləti və dövlətçiliyi, eləcə də ölkəmizin güclü ordusu var. İnsanların sosial rifahının, mənzil-məişət şəraitinin və maddi durumunun günü-gündən yaxşılaşdığı, eləcə də mütəmadi olaraq beynəlxalq tədbirlərin keçirilməsi üçün seçilən Azərbaycan var. Ölkəmiz bütün sahələrdə güclü inkişafa sahibdir. Bizim nailiyyətlərimiz, hər şey göz qabağındadır. Bu, ulu öndərimizin bünövrəsini qoyduğu və bu gün cənab prezidentimizin uğurla davam etdirdiyi siyasətin nəticəsidir”.
E.Məmmədovun sözlərinə görə, o dövrdə hakimiyyətdə olanların özlərini indi xilaskar kimi təqdim etməsi yaddaşlarının pozulduğuna dəlalət edir: "Ya da hesab edirlər ki, həmin tarix unudulub. Özlərini müştəbeh apararaq düşünürlər ki, hakimiyyət uğrunda mübarizə aparıb nəyə isə ola biləcəklər. Onlar elə öz arxivlərini qaldırıb baxsınlar. Azərbaycan Dövlət Televiziyasının, eləcə də digər telekanalların arxivlərindəki video kadrlara baxsınlar, qəzetlərin, jurnalların keçmiş nüsxələrini vərəqləsinlər. O dövrdə Ali Sovetin iclasının gündəliyini nəzərdən keçirsinlər. Həmçinin hakimiyyətdə olduqları tarixi yada salsınlar. İnsanlar sutkalarla çörək növbəsində dayanırdılar. Bakıda və digər rayonlarda, kəndlərdə avtomat, pulemyot səslərindən yatmaq olmurdu. Axşam gün batandan sonra heç kim qorxusundan küçəyə çıxa bilmirdi. Elə bu günlərdə televiziyada Əbulfəz Elçibəyin keçirdiyi müşavirədə Əli Kərimlinin çıxışı göstərildi. Bu həmin Əli Kərimlidir ki, o müşavirədə "biz idarə edə bilmirik”, "qanunsuzluq, rüşvətxorluq baş alıb gedir, qarşısını ala bilmirik” deyirdi. Axı siz həmin adamlarsınız? Bunlar indiki gənc nəslin o dövrdəki vəziyyətdən az xəbərdar olduğundan istifadə edərək, onları öz arxaları ilə aparmaq niyyətindədirlər. Hesab edirəm ki, bizim kütləvi informasiya vasitələri həmin o ərəfədəki AXC-Müsavat hakimiyyətinin fəaliyyətinə aid nə varsa, onu dayanmadan qəzet səhifələrində, informasiya saytlarında, telekanallarda işıqlandırmalıdır. Gənc nəsil də görməlidir ki, bunlar o dövrdə nə işlə məşğul olublar və kim idilər. O dövrdə olduğu kimi, indi də biri-birinin ətini yeməyə hazırdırlar. Bunların çəkişməsi nəticəsində o dövrdə insanların necə əzab-əziyyət çəkdiyi yada salınmalıdır və bundan nəticə çıxarılmalıdır”.

AZAD

banner

Oxşar Xəbərlər