• cümə axşamı, 19 dekabr, 13:43
  • Baku Bakı 6°C

Gələcəyimizə əmanət Fond

21.11.16 12:02 3324
Gələcəyimizə əmanət Fond
Xəyalə Şəfiyeva məşhur İsgəndəriyyə Universitetinin ilk və yeganə azərbaycanlı xanım məzunudur. Bu nüfuzlu ali məktəbin kommersiya və biznes idarəetməsi fakültəsində təhsil almış Xəyalə həmin illərdə Azərbaycanın qədim və zəngin mədəniyyətinin təbliği məqsədilə bir sıra tədbirlər həyata keçirib, tematik festivallar, yığıncaqlar, sərgilər təşkil edib. Həmçinin universitetin özündə və şəhərin müxtəlif məkanlarında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi tədbirlərin təşkilatçısı olub.

Xəyalə həm də Azərbaycan haqqında ərəb dilində ilk jurnal olan "EgAz”ın baş redaktorunun müavini olub. Bu nəşrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində respublikamızınədalətli mövqeyinə, ərazilərimizin 20 faizinin erməni işğalçılarıtərəfindən zəbt edilməsinə, ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkünün olması faktına diqqət cəlb edilib. Jurnalda Azərbaycanın iqtisadiyyatı, turizm potensialı, mədəniyyəti, eləcə də ölkəmizin tarixi, incəsənəti haqqında çoxsaylı yazılar dərc olunub.


Hazırda Misir və Azərbaycan arasında biznes əlaqələrinin gücləndirilməsi ilə məşğul olan Xəyalə Şəfiyeva ərəb dili kurslarına rəhbərlik edir. Bu kurslardan əldə olunan gəlir isə xeyriyyəçiliyə yönəldilir, kimsəsiz, valideyn himayəsindən məhrum uşaqlara sərf olunur.

Xaricdə təhsil alan gənclərimiz

Bunlar azərbaycanlı bir gənc xanımın təkbaşına görə bildiyi işlərdir. Belə aktiv gənclərimizin dünyanın hər tərəfində, ən nüfuzlu ali məktəblərdə təmsil olunduğunu nəzərə alsaq, "Azərbaycan gəncliyi: 2011-2015-ci illər Dövlət Proqramı”nın ölkəmizin kadr potensialına verdiyi töhfənin miqyasını hesablamaq olar. Prezident İlham Əliyevin təsdiq etdiyi bu sənəd respublikamız haqqında obyektiv informasiya yayılması kimi vəzifənin icrası işində xaricdə oxuyan gənclərin rolunu artırmış olub. Bu proqram əsasında təhsil alan hər bir kəs əldə etdiyi bilik və təcrübəni Azərbaycanın inkişafı naminə istifadə edir. Bundan əlavə, onlar ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişlənməsi naminə səy göstərirlər.

Azərbaycanda insan kapitalına qoyulan ən mühüm sərmayələrdən biri hesab olunan "Azərbaycan gəncliyi: 2011-2015-ci illər Dövlət Proqramı” çərçivəsində 3302 nəfərin təhsili ilə bağlı xərclər AR Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib. Dövlət proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (29,1%), Türkiyə (22,1%), Almaniya (12,4%), Kanada (7,2%), Niderland (5,2%) və Rusiya (3,8%) universitetlərində oxuyublar.


Xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin ölkələr üzrə paylanması
Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alan gənclərin əksəriyyəti (79,0%) magistratura və bakalavr pillələrində təhsillərini davam etdirirlər. Belə ki, proqram çərçivəsində onlardan 1180 nəfər bakalavr, 1430 nəfər isə magistratura pilləsində təhsil alır. Bu ilin oktyabrına olan məlumata görə, Dövlət proqramı çərçivəsində xaricdə təhsili maliyyələşdirilmiş və məzun olmuş gənclər 1313 nəfər təşkil edir. Onların əksər hissəsi - 530 nəfəri Böyük Britaniya, 159 nəfəri Türkiyə, 128 nəfəri Almaniya, 78 nəfəri Rusiya, 69 nəfəri Fransada təhsillərini uğurla başa vurublar.

Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə 2008-2016-cı illər ərzində Dövlət Neft Fondu tərəfindən ümumilikdə 177 605,9 min manat, o cümlədən 2016-cı ilin III rübü üzrə 20 776,6 min manat məbləğində vəsait sərf olunub. Bu vəsait Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (12 980,23 min manat), təhsil haqqı (6 380,87 min manat), yol (583,32 min manat), sığorta (326,48 min manat), digər (483,3 min manat), viza və qeydiyyat (22,4 min manat) xərclərinin ödənilməsinə yönəldilib.

Neft Fondunun mirvarisi – BTC

Xaricdə təhsil proqramı Dövlət Neft Fondunun icra etdiyi çoxsaylı mühüm layihələrdən yalnız biridir. İqtisadçılar bunlar sırasında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) layihəsini xüsusi vurğulayırlar.


İqtisadçı Pərviz Heydərov bildirir ki, Fond tərəfindən həyata keçirilən layihələr sırasında bütövlükdə dövlətimiz, xalqımız və cəmiyyətimizin gələcəyi baxımından ən önəmlisi məhz BTC-dir: "Bu, "Əsrin müqaviləsi" çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsi sayılır”.

Bundan əlavə, ARDNF "Bakı–Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsini həyata keçirir. P.Heydərovun sözlərinə görə, BTC-dən sonra Azərbaycanda və Qafqazda ən böyük layihə məhz Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsidir: "Və ən nəhayət, Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi. Bu layihələr dünya birliyində Azərbaycanın mövqeyini və nüfuzunu getdikcə daha da möhkəmləndirmək məqsədi daşıyır. Təkcə bir cəhəti vurğulayım ki, Avropa İttifaqı üçün enerji təchizatında təhlükəsizliyin təmin edilməsi artıq, bir müddətdir prioritet vəzifə sayılır. Bu isə qeyd olunan sahədə çoxlu sayda mənbələrə - şaxələndirilmiş vəziyyətə nail olmağı tələb edir. Bu baxımdan, zəngin neft-qaz resurslarına malik Azərbaycana böyük ehtiyac var”.

Neft Fondunda pullar necə işləyir?

Dövlət Neft Fondu 1999-cu ildə yaradılıb. Əsas məqsəd də ölkədə həyata keçirilməyə başlanmış neft strategiyasının növbəti mərhələsi kimi neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən gəlirlərin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin qabaqcıl sahələrin inkişafına və ümumən, ölkə üçün sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin icrasına yönəldilməsindən ibarət olub. Qurum praktiki olaraq 2001-ci ilin iyunundan etibarən fəaliyyətə başlayıb. Həmin vaxt ARDNF-ın hesabında 271 milyon ABŞ dolları məbləğində vəsait vardı.

2001-2015-ci illər ərzində Neft Fonduna ümumilikdə 124,90 milyard dollar vəsait daxil olub. Bu ilin 3-cü rübünün yekunlarına görə, cəmi aktivlərin həcmi 35,882 milyard təşkil edib. Ekspert Prəviz Heydərovun sözlərinə görə, elə təkcə bu rəqəmlər iqtisadiyyatda əldə olunan nəticələrin nə dərəcədə uğurlu olduğunun göstəricisidir: "Bu müddət ərzində dövlət büdcəmizin gəlir və xərclər hissəsinin artım dinamikasına diqqət yetirsək, görərik ki, məhz ARDNF fəaliyyətə başladıqdan bir az sonra bu sahədə sürətli inkişaf əldə edilib. Bunun da əsasını Fonddan transfertlər təşkil edib. Belə ki, 2003-cü ildə ARDNF-dən dövlət büdcəsinə transfert 100 milyon manat təşkil edirdisə, 2009-cu ildə bu göstərici 4,9 milyard manata çatdı. 2011-də isə bu məbləğ 9 milyard 203,2 milyon manata qədər yüksəldildi. Büdcə gəlirlərinin formalaşmasında sözügedən qurumun payı 2009-cu ildən 50%-dən yuxarı təşkil etməkdədir ki, ARDNF-dən transfert olmadan, büdcədən sosial ödənişləri həyata keçirtmək mümkün deyil”.


P.Heydərov qeyd edir ki, xam neftin aşağı qiymətləri dövründə Fondun fiskal sabitləşdirici funksiyası daha qabarıq şəkildə üzə çıxır. Belə ki, neftin qiymətinin proqnoz ediləndən aşağı və yaxud yuxarı səviyyədə olması dövlət büdcəsinə bilavasitə təsir etmir. Yəni, ARDNF "bufer” rolunu yerinə yetirir ki, valyuta ehtiyatlarımız əsas etibarilə sözügedən Fondda toplandığından, bu qurum dövlət büdcəsi üçün dayaq əhəmiyyəti kəsb edir. Odur ki, Fonddan transfertin getdikcə azaldılması zəruridir və olduqca təqdirəlayiqdir. Söhbət Fondun vəsaitlərinin xərclənməsində səməmərililiyi artırmaqdan gedərsə, ilk növbədə buna nail olmaq lazımdır.

Öz qaydaları ilə yaşayan ayrıca kompleks

Ümumiyyətlə, neft sənayesi özünün qanun və qaydaları ilə yaşayan ayrıca bir kompleksdir. Azərbaycan da Neft Fondunun köməyilə bu kompleksin düzgün işləmə mexanizmini təmin edə bilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov hesab edir ki, Dövlət Neft Fondu mütəmadi olaraq özünün investisiya siyasətini təkmilləşdirir və genişləndirir ki, bu da dövlətimiz üçün əlavə gəlirlərin əldə olunmasına imkan yaradır: "Fondun əsas məqsədi neft amilinin iqtisadiyyata mənfi təsirlərinin minimuma endirilməsi, vəsaitlərin gələcək nəsillər üçün saxlanması məqsədilə düzgün yerləşdirilməsidir. Neft Fondunun köməyilə qısa müddət ərzində Azərbaycanda neft-qaz sektorunun özünəməxsus inkişaf modeli qurulub. Ölkəmizdə uğurla həyata keçirilən neft strategiyası vaxtilə xəyal kimi qəbul edilən bir sıra meqa layihələrin gerçəkləşməsinə səbəb oldu. Hazırda neftin satışından əldə edilən valyuta Dövlət Neft Fondunda cəmləşir və xalqımızın sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına yönəldilir. Neft Fondunun yaradılması ilə neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi üçün əsaslı təminat quruldu”.

Əcnəbilər neft pulları ilə nə edirlər?

Yeri gəlmişkən, dünyanın ən böyük suveren fondu sayılan Norveç Pensiya Fondunun (keçmiş Neft Fondu) aktivləri 840 milyard dollara yaxınlaşır. Bu qurumun bütün dünya üzrə 9 min şirkətdə payı var. Bunlar arasında Nestle və Apple, ABŞ, Almaniya, Yaponiyanın qiymətli kağızları da var. Qlobal böhran dünyanın ən toxunulmaz fondu hesab edilən Norveç Neft Fonduna da təsir edib və bu ilin ortalarında bu qurum da kisəsinin ağzını açmalı olub.

VYGON Consulting şirkətinin baş iqtisadçısı Sergey Yerşov hesab edir ki, fonddakı vəsaitlərin zaman-zaman işlədilməsində problem ola bilməz: "Çünki bütün proqnozlar onu göstərir ki, yaxın illərdə neftə olan tələbat artacaq. Odur ki, neft fondları aktiv şəkildə invetisiyalarını davam etdirməlidirlər. Lakin bunu təkcə banka qoymaq doğru deyil, riskli aktivlərə də pul yatırmaq mümkündür. Bu mənada, dünya iqtisadiyyatına, daşınmaz əmlak və səhmlərə sərmayə yatırmaq olar”.

ARDNF isə artıq neçə illərdir bu cür fəaliyyət göstərir. Fondun saytında yer alan məlumata görə, 2016-cı il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri 51,3 milyard manata bərabər götürülür. Bunun da 50 faizi ABŞ dollarında ifadə olunan aktivlərə; 35 faizi AVRO-da ifadə olunan aktivlərə; 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə; qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.


ARDNF-nin investisiya portfeli

Şəffaflıq əsas şərtdir


Səudiyyə Ərəbistanında mövcud neft fondunun vəsaitlərinin həcmi 632 milyard dollar olsa da, qurumun idarə olunmasında şəffaflıq aşağı dərəcədədir. Fonda yığılan vəsaiti konkret kimin və ya hansı qurumun idarə etdiyi bilinmir. Vəsaitlərin hara qoyulduğu haqda da ətraflı məlumatlar verilmir. Ümumiyyətlə, dünyada bu cür fondların aktivində 7 trilyon dollar var. Bunların 4 trilyonu neft və qaz sahəsini əhatə edir. Bəzi suveren fondlar vəsaitləri yalnız toplayır, digərləri isə onları aktiv şəkildə investisiyaya yönəldir.

Azərbaycanın Neft Fondu dövlət qurumları arasında şəffaflığı ilə xüsusi seçilir. ARDNF-nin fəaliyyətinə ümumi nəzarət dövlət orqanları və ictimai təşkilatların nümayəndələrindən təşkil edilmiş Müşahidə Şurası tərəfindən həyata keçirilir. Şura ARDNF-nin illik büdcə layihəsini, illik hesabat və maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə nəzərdən keçirir və rəy verir. ARDNF Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün aktiv iştirakçısıdır. Həmçinin Suveren Fondların Beynəlxalq Forumunun üzvüdür.
Fəaliyyət tarixi və əldə olunan nailiyyətlər göstərir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu hələ uzun illər xalqımıza və dövlətimizə sədaqətlə xidmət edəcək, insanların rifah halının yüksəldilməsinə və dövlətçiliyimizin möhkəmlənməsinə öz əhəmiyyətli töhfələrini verəcək.
Fərəh Əliyeva
QEYD: Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə Azərbaycan Mətbuat Şurasının "Azərbaycanın müstəqilliyinin iqtisadi bünovrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
banner

Oxşar Xəbərlər