AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Gələcəkdə Şuşa türk dünyasının mədəniyyət paytaxtları arasında olmalıdır”

“Gələcəkdə Şuşa türk dünyasının mədəniyyət paytaxtları arasında olmalıdır”

MüsahibəCəmiyyət
21 Noyabr 2020, 10:01 1129

Elçin Qafarlı: "Bu, Qara dəniz hövzəsində dalğalanan ən böyük Azərbaycan bayrağıdır”

Azərbaycan Ordusunun işğalçı ermənilərə qarşı haqq savaşında ölkəmizi dəstəkləyən beynəlxalq qurumlar sırasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı  (TÜRKSOY) mühüm yer tutur. Türk dünyasının birliyi naminə mühüm addımlar atan təşkilat, ölkəmizə dəstək məqsədilə müxtəlif layihələrə imza atır. TÜRKSOY bundan sonrakı fəaliyyətində də işğaldan azad olunan torpaqlarımızın tarixi və mədəniyyət abidələrinin, irsinin qorunmasında və təbliğində Azərbaycana dəstəyini göstərəcək.
Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı "Kaspi”yə müsahibəsində bu barədə danışıb.

- Azərbaycanla Ermənistan arasında ay yarım davam edən müharibənin dərsləri ilə bağlı nə deyə bilərsiniz?  

- Otuz ilə yaxın keçən mənasız və faydasız danışıqlar nəticə vermədi. ATƏT-in Minsk qrupu hər vəchlə vaxtı uzatdı, bu illər ərzində Azərbaycanın haqlı və ədalətli səsini eşitmədi, Ermənistana "gözün üstə qaşın var” demədi və BMT-nin 4 qətnaməsinin həyata keçirilməsini təmin etmədi. Bir milyon qaçqın və köçkün həmvətənlərimizin öz doğma yurdlarına dönüşünü həll etmədi. Bu insanların yaşlı olanlarının bir hissəsi dünyasını dəyişdi, yeni doğulanlar isə doğma torpaqlarını heç görməyiblər. Bu, dözülməz bir hal idi. 30 il! "Bir igidin ömrü” deyərlər xalq arasında. Nəyin bahasına olursa olsun, torpaqlarımızı azad etməli idik. Ona görə, müharibə labüd idi. Həm də ermənilər o qədər özlərindən arxayın və havadarlarından əmin idilər ki, artıq Azərbaycanın digər torpaqlarına da iddia etməyə və fiziki olaraq hücum etməyə başladılar. Buna nə Azərbaycan xalqı, nə də rəhbərliyi dözə bilməzdi. Azərbaycan 90-cı illərin Azərbaycanı deyildi. Bu illər ərzində Azərbaycan beynəlxalq iqtisadi layihələr həyata keçirərək durmadan inkişaf etmiş və regionun ən güçlü ölkələrindən birinə çevrilmişdir. Azərbaycan həm də müstəqil ardıcıl siyasət yürüdərək beynəlxalq arenada böyük nüfuz qazanmışdır. Ordu quruculuğunda böyük işlər görüldü, dünyanın modern və qabaqcıl orduları ilə müqayisə ediləcək güçlü Azərbaycan ordusu quruldu. Ermənistanın son davasından sonra Azərbaycan bu işğal halına dözə bilmədi və Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin əmri ilə müzəffər ordumuz əks hücuma keçərək 44 günlük müharibə apardı və öz gücü ilə əzəli torpaqlarımızı işğaldan qurtardı. Azərbaycan əsgəri Qarabağa basdığı şanlı qədəmləri ilə iki yüz illik erməni hücumlarına birdəfəlik "dur” dedi. Qarabağın azadlığı uğrundakı bu Vətən müharibəsi və qazanılan tarixi zəfər Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Bu çətin günlər ərzində biz dövlət-xalq-ordu birliyinin və ruh yüksəkliyinin şahidi olduq. Ən əsası isə xalqımızda 30 illik ümidsizlikdən sonra özünə inam yarandı və qüruru qayıtdı. Mən düşünürəm ki, bu qələbə təkcə Azərbaycanın qələbəsi deyil, həm də Türk dünyasının qələbəsidir. Bu münasibətlə bütün xalqımızı ürəkdən təbrik edirəm!

- TÜRKSOY rəhbərliyi bir neçə dəfə ermənilərin təxribatçılığını pisləyən bəyanatla çıxış etdi. Haqq səsimizə təşkilata üzv olan ölkələr necə səs verdi?

- Təşkilatımızın əsas qurucu üzvlərindən biri olan Azərbaycanın bu ağır günlərində TÜRKSOY bu hadisələrə biganə qala bilməzdi. Qeyd etmək istərdim ki, müharibənin ilk günlərində TÜRKSOY-un baş katibi Düsen Kaseinov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dəstək məktubu göndərdi. Ünvanladığı məktubunda, həmçinin Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin ölkənin bu çətin günlərində dövlətin yanında olaraq xalqa etdiyi müraciətdə dilə gətirdikləri fikirlərə də ürəkdən qatıldığını bildirmişdi. Bundan əlavə, hadisələrlə bağlı Beynəlxalq TÜRKSOY Təşkilatı adından ayrıca bəyanat da verildi.
Müstəqil türk respublikaları adından Türk Əməkdaşlıq Şurasının və bu ölkələrin rəsmi şəxslərinin bəyanatları oldu. Təşkilatın mədəniyyətyönümlü olduğunu nəzərə alaraq üzv ölkələrimizin mədəniyyət və incəsənət xadimlərinin bizə yolladıqları və ictimaiyyətə açıqladıqları ürək sözlərini, xüsusilə Özbəkistan sənətçilərinin video ismarıclarını, Oljas Süleymenovun mesajını qeyd etmək istərdim. Yeri gəlmişkən deyim ki, şair Oljas Süleymenov 1990-cı il 20 yanvar hadisələrində rəhmətlik Bəxtiyar Vahabzadənin çağırışına səs verərək, xəstə olmasına baxmayaraq, Bakıya, qardaşlarının dərdinə şərik olmağa və haqq səsini dünyaya duyurmağa gəlmişdi. Vətən müharibəsi dövründə Türkiyəli şairlər Kənan Çarboğa, Nazilə Dəmir və qazaxıstanlı şair Sayat Kamşigerin Qarabağ, Şuşa və qələbəmizə həsr olunmuş şeirlər bizi duyğulandırdı. İstərdim ki, bu şeirlər ölkəmizin mətbuatında geniş işıqlandırılsın və xalqımız Azərbaycanın çətin günündə yanında olan belə fədakar insanları tanısın. 

- Müharibə müddətində TÜRKSOY daha hansı dəstəyi göstərdi?

- Müharibə müddətində keçirdiyimiz bütün rəsmi görüşlərdə, tədbirlərdə Azərbaycanın haqq səsi dilə gətirildi, xüsusilə səfər etdiyimiz Sivas, Trabzon və Yozqat valiləri, bələdiyyə sədrləri və universitet rektorları ilə görüşlərimizdə Azərbaycana dəstək vurğulandı. Ən əlamətdar tədbirimiz isə Trabzon şəhərində Ortahisar Bələdiyyəsi ilə həyata keçirildi. Trabzon şəhərinin ən hündür hissəsində yerləşən Boztəpə səmtində 61 metrlik dirəyə 23x19 metr ölçüsündə nəhəng Azərbaycan bayrağı qaldırıldı. Bu təntənəli mərasimdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Ortahisar bələdiyyəsinin sədri Əhməd Metin Gənc və digər rəsmi və ictimai şəxslər iştirak etdi. Boztəpədə dalğalanan üçrəngli bayrağımız şəhərin hər yerindən, özəlliklə Qara dənizdən görsənməkdədir. Həmin anda mənim yadıma milli şairimiz Əhməd Cavadın yazdığı, Türk dünyasında dillər əzbəri olan şeiri düşdü: "Çırpınırdın Qara dəniz, baxıb Türkün bayrağına…” Bu bayraq Qara dəniz hövzəsində dalğalanan ən böyük, bəlkə də hələlik yeganə Azərbaycan bayrağıdır. Bu da, zənnimcə, TÜRKSOY-un Trabzonun Ortahisar Bələdiyyəsi ilə birlikdə Azərbaycana müharibə dövründə göstərdiyi ən böyük dəstəyi oldu.

- Qardaş Türkiyə münaqişə prosesində həmişə ölkəmizi dəstəklədi. Bu dəstəyin Azərbaycanın həyatında rolunu necə dəyərləndirirsiniz? 

- Ulu öndərimiz Heydər Əliyevin "Biz bir millət, iki dövlətik” və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” tarixi sözlərindən yola çıxaraq demək istərdim ki, Türkiyə Vətən müharibəsinin ilk günündən başlayaraq Azərbaycanın yanında olduğunu bəyan etdi. Türkiyə dövlətinin ən üst səviyyələrindən, demək olar ki, hər gün Azərbaycana dəstək mesajları səslənirdi. Bütün TV kanalları Qarabağdan və həmçinin Gəncədən, Tərtərdən, Bərdədən reportajlar verir, baş verən hadisələri göstərir və dünyaya haqq səsimizi çatdırırdı. Türkiyənin bir çox şəhərində rəsmi və ictimai binalarda, meydanlarda, küçələrdə, iş yerlərində, avtomobillərdə Azərbaycan bayraqlarını görmək mümkün idi. Qardaş ölkənin siyasi və mənəvi dəstəyi xalqın həyatında hər gün öz təsirini göstərirdi. Türkiyədən belə bir miqyasda dəstəyin olması Azərbaycan cəmiyyətində ruh yüksəkliyinə səbəb oldu və xalqımız bu çətin günlərdə yalnız olmadıqlarını yaxından hiss etdi. Bu da haqlı davamızın qələbə ilə başa çatmasında öz rolunu oynadı.  

- Müharibənin bitməsi, torpaqlarımızın işğaldan azad olunması hadisəsini necə qarşıladınız?

- Müharibənin bitməsini, xüsusilə qələbə ilə bitməsini böyük coşqu ilə qarşıladıq. Bunun nəticəsində işğal olunmuş ərazilərimizin azad olunması və əlalxüsus mədəniyyət beşiyimiz Şuşanın azad olunması tarixi ədaləti bərpa etdi. 30 il beynəlxalq qurumların həll etmədiyi və yaxud həll etmək istəmədiyi problemi Azərbaycan ordusu qanı bahasına 6 həftədə həll etdi. Mən şəhidlərimizə Allahdan rəhmət diləyir, onların ruhu qarşısında baş əyirəm, yaralılarımızın tez bir zamanda sağalmasını arzulayıram.  

- Qarabağın inkişafını bundan sonra necə görürsünüz?

- Çoxdan arzuladığımız gün gəldi və Azərbaycan ordusu BMT qətnamələrini yerinə yetirdi. Ermənistan qoşunları Qarabağ ərazisindən qovuldu və son tör-töküntüləri dekabrın 1-nədək Azərbaycan torpaqlarını tərk edəcəklər. Qarabağın hər bölgəsində Azərbaycan bayraqları dalğalanır və bundan sonra da əbədi dalğalanacaq. Qaçqın və köçkünlərimiz, nəhayət, yaxın zamanda öz ata-baba yurdlarına dönəcək və 30 illik həsrətləri sona çatacaq. Dövlətimizin hərtərəfli dəstəyi və çoxşaxəli iqtisadi və siyasi proqramları sayəsində işğaldan azad olunmuş bölgələrdə infrastruktur qısa bir zamanda bərpa olunacaq və evlərinə qayıdan vətəndaşlarımız normal həyata dönə biləcəklər.
Böyük potensialı olan Qarabağda nəqliyyat infrastrukturunun, kənd təsərrüfatının və turizmin inkişaf etdirilməsi üçün xüsusi dövlət proqramı hazırlayıb yaxın zamanda həyata keçirilməsini arzu edirəm. Bu, həm regionun inkişafına səbəb olacaq və həmçinin dünyadan turistləri cəlb etməklə Azərbaycanın bu bölgəsinin işğaldan sonra necə inkişaf etdiyini nümayiş etdirmək imkanı yaradacaq. Bütün azad olunmuş rayonlarımızda mədəni obyektlər bərpa olunmalıdır, bərpa olunacaq diyarşünaslıq muzeylərində dağıdılmış yerlərin foto və videoları nümayiş etdirilməlidir. Bunun böyüməkdə olan nəsillər və turistlər üçün faydalı olacağını düşünürəm.
Keçən əsrin 80-ci illərində Cıdır düzündə keçirilən "Xarı bülbül” beynəlxalq musiqi festivalının da bərpa edilməsini və ümumiyyətlə, gələcəkdə Şuşa Türk dünyasının mədəniyyət paytaxtları arasında olmalıdır. Amma hər şeydən öncə Qarabağda güçlü müdafiə sistemi qurulmalıdır. Çünki mənfur qonşumuzdan hər zaman təxribat gözləyə bilərik.
Bir vacib və maraqlı məqamı da qeyd etmək istərdim. Sovet dövründə Ağdərə rayonu ərazisində 1978-ci ildə açılışı həyata keçirilmiş bir abidə ucalırdı. Bu abidə ermənilərin Qarabağa gəlişinin 150 illiyinə həsr olunmuşdu. Altında da yazısı vardı. Yəni ermənilərin 1828-ci ildə İrandan Qarabağa köçürülməsinin əyani sübutu idi. Ermənilər bu abidəni 1989-90-cı illərdə dağıtdılar və düşündülər ki, bununla tarixi unutdura və dünyanı aldada bilərlər. Ona görə, mən təklif edərdim ki, yaxın gələcəkdə bu abidə bərpa olunsun və dünya, ermənilərin "min ildir Qarabağda yaşayırıq” nağılını əyani olaraq görsün. Qarabağ Azərbaycandır!

Təranə Məhərrəmova