“Fransanın hər addımda ermənipərəst mövqe tutması doğru deyil”
"Fransa Xarici İşlər Nazirliyi Mehman Hüseynov haqqında Azərbaycana
qarşı diplomatik etika baxımından qeyri-etik hesab edilən münasibəti bildirməsi
öz gözündə tiri görməyənlərin başqasının gözündə tük axtarmasına bənzəyir”.
Bu fikirləri Kaspi.az-a açıqlamasında Milli Məclisin
deputatı, politoloq Hikmət Məmmədov bildirdi: "Yaxşı olar ki, Fransada ilk
növbədə "sarı jiletlilər”ə tutulan divanı xatırlasınlar, saxlanılan 4500- dən
çox dinc nümayiş iştirakçısının hüquqları barədə düşünsünlər, sonra kiminsə məsələsinə
hüquqi qiymət verməyə mənəvi haqları olsun. Paris küçələrində çarəsiz qalmış
vətəndaşlar sosial problemlərinin həll edilməsi ilə bağlı mitinq keçirən zaman
Fransa polisi ən qəddar zorakı metodlara əl ataraq elə Fransa konstitusiyasında
əksini tapan vətəndaşların sərbəst toplaşmaq azadlıqlarını pozdu. Ölüm
hadisəsinə qədər şiddətlənən bu zorakılıq əslində fransız polisinin
qəddarlığının ənənəvi təzahürüdür. Çünki bu cür zorakılıq halları tez-tez
təkrar olunan hadisədir”.
H.Məmmədovun sözlərinə görə, bütün bunlar azmış kimi hazırda Fransada
dinc nümayişçiləri sərt şəkildə cəzalandırmaq üçün yeni qanun qəbul etməyə
hazırlaşır: "Bu qanun Fransa konstitusiyasına zidd olduğu kimi demokratik
dəyərlər adlandırdığımız qlobal və universal dəyərlərə də ziddir. İnsan və vətəndaş
hüquq və azadlıqlarının məhdudlaşdırılmasıdır. Qanun layihəsində mitinq
iştirakçılarının xüsusi texniki vasitələrlə etiketlənməsindən
(şifrələnməsindən) tutmuş ictimai asayişə dəyən ziyanın mitinq iştirakçıları
tərəfindən ödənilməsinə qədər çox ciddi sanksiyalar nəzərdə tutulur. Heç bir
demokratik ölkədə vətəndaşa qarşı belə amansız tədbirlər həyata keçirilmir. Ona
görə də hər şeydən əvvəl Fransa hökuməti belə məsələlərə düzgün qiymət verməyi
bacarmalıdır. Yoxsa hər addımında ermənipərəst mövqe tutmaq, Azərbaycan kimi
ciddi tərəfdaş ölkəyə erməni eynəyi ilə baxmaq doğru deyil. Bu nə demokratiya
və insan hüquqları baxımından, nə də beynəlxalq hüquq və ədalət baxımından
doğru deyil”.