Formula-1 yarışlarının mədəniyyət ocaqlarımıza gətirdiyi turistlər
Ölkəmiz daha bir beynəlxalq yarışmaya ev sahibliyi
etdi. Ölkəmizdə artıq 3-cü dəfədir ki, keçirilən Formula-1 yarışları aprelin
29-da başa çatdı. Yarışların bitməsindən 3 gün keçməsinə baxmayaraq, Azərbaycan
Qran Prisi hələ də dünyanın aparıcı KİV-lərinin gündəmindədir. Yazılarda
yarışın gedişi, nəticələri, Bakının gözəlliyi, turistlər üçün cəlbediciliyi,
Azərbaycanın tarixi məkanları və dinamik inkişafı barədə ətraflı məlumat
verilir.
Məqalələrdə həm yerli, həm də xaricdən gələn
azarkeşlər üçün Bakıda ideal şəraitin təşkil olunduğu, yarışın yüksək səviyyədə
keçirildiyi bildirilir. Canlı yayım edən telekanallar, internet televiziyaları
ilə yanaşı, Almaniya, Avstriya və İsveçrənin aparıcı mətbu orqanlarında Formula-1
Azərbaycan Qran Prisi barədə geniş məlumatlar əksini tapıb.
Bakımızda qonaq olan turistlər isə yarışların keçirildiyi
zaman çərçivəsində müxtəlif mədəniyyət ocaqlarımıza gedir, şəhərimizin qədim
küçələrini gəzmək imkanından yararlanırdılar. Bu baxımdan, mədəniyyət
ocaqlarımız da diqqət mərkəzində oldu. Biz də yarışlardan sonra mədəniyyət
ocaqlarımıza müraciət etdik. Onlardan yarışlar çərçivəsində hansı proqram təqdim
etdiklərini və xarici qonaqları necə cəlb etdiklərini xəbər aldıq.
İlk olaraq Heydər
Əliyev Sarayından başladıq. Sarayın mətbuat nümayəndəsi yarışlardan öncə tanınmış
caz ifaçılarının konsertinin təşkil olunduğunu və konsertdə yerli tamaşaçılarla
bərabər, xarici vətəndaşların da çoxluq təşkil etdiyini bildirdi. "jAzzeri
Bands” caz musiqi axşamında bəstəkar, ustad caz musiqiçi, əməkdar incəsənət xadimi
Cəmil Əmirov, Azərbaycan tar ifaçılıq məktəbinin gənc və istedadlı nümayəndəsi,
tarzən Şəhriyar İmanov, eləcə də Nərmin Kərimbəyova, Elvin Bəşirov, Leys İzzy
və H3 Collective iştirak ediblər.
Parisdə yaşayan və Fransanın məşhur "Center des
Musique Didier” musiqi mərkəzində təhsil alan istedadlı caz ifaçısı, bəstəkar
və pianoçu Etibar Əsədli konsertin xüsusi qonağı olub. Qeyd edək ki, gənc
pianoçu Avropanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib, beynəlxalq
caz festivallarında və müxtəlif layihələrdə iştirak edib. Hər zaman öz
çıxışları və bəstələri ilə musiqisevərlərin rəğbətini qazanıb. O, Azərbaycan
mədəniyyəti və musiqisinin dünya auditoriyasına çatdırılmasında və təbliğində
mühüm işlər görüb.
Sarayın sözçüsü konsert proqramının musiqisevərlər
tərəfindən maraqla qarşılandığını, Avropadan, İrandan, Rusiyadan konsertə
qonaqların təşrif buyurduğunu bildirdi. Aprelin 25-də isə yarışmaya bir gün
qalmış Heydər Əliyev Sarayında xalq artisti Mübariz Tağıyevin anadan olmasının
70 illiyinə həsr edilmiş geniş konsert proqramı təqdim olunub. Yubiley konsertində
respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Gecədə xalq artisti Aygün Kazımova, əməkdar
artistlər Tünzalə Ağayeva, Manana, sevilən müğənnilər Samirə Allahverdiyeva,
Eldar Qasımov, İlqar Xəyal, Fuad Musayev, Səbinə Babayeva, Emiliya Yaqubova,
Abbas Əhməd, Azad Şabanov, "Qaya” qrupu və "Sevil” ansamblı çıxış edib. Bir-birindən
parlaq ifaların təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb.
Nizami Kino
Mərkəzininkino işləri üzrə direktormüaviniArzu Əhədova bizimlə
söhbətində Formula-1
yarışlarının keçildiyi günlərdə kinoteatrın proqramını daha da
dolğunlaşdırdıqlarını və ingilis dilində filmlərin nümayişə buraxıldığını qeyd
etdi: "Hər ilki kimi, bu il də ölkəmizdə keçirilən beynəlxalq yarış
çərçivəsində kinoteatrımıza xarici vətəndaşların müraciəti çox olub. Aprelin
27-29 tarixlərində kinoteatrımızda ingilis dilində filmlər nümayiş olunub. Avropa,
Amerika və bəzi ölkələrin filmlərini distribüterlərdən ingilis dilində almışdıq
və turistlərin kinoteatrımıza müraciətlərini nəzərə alıb, həmin filmləri
ingilis dilində təqdim etdik. Yarışlar çərçivəsində filmlərin seanslarının
vaxtlarını özümüz sıxlaşdırmışdıq. Çalışırdıq ki, axşam seanslarında maraq
doğuran filmlər olsun ki, tamaşaçılar gəlib həmin filmləri izləyə bilsinlər”.
Eyni zamanda kinoteatrın mətbuat xidmətinin rəhbəri
olan Arzu xanım nəinki yarışların keçirildiyi tarixdə, ondan əvvəl və sonra da
kinoteatra xarici vətəndaşların axının çoxaldığını bildirdi: "Son zamanlar
kinoteatrımızda xarici vətəndaşların müraciətinin üstünlük təşkil etdiyinin
şahidi oluruq. Belə ki, iranlılar, ərəblər, ruslar və digər millətlərin
nümayəndələri kassalarımıza müraciət edirlər. Onların nümayiş olunan
filmlərimizi nə dərəcədə başa düşəcəklərini deyə bilmərəm, ancaq son bir neçə
ayda xarici vətəndaşların film izləmək üçün müraciətlərinin çoxaldığını deyə
bilərəm. Tək Formula-1 ilə bağlı yox, ümumiyyətlə xarici tamaşaçıların sayı
artıb”.
Azərbaycan Dövlət
Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva deyir
ki, yarışların keçirildiyi zaman çərçivəsində teatrda tamaşa nümayiş olunmayıb: "Çünki həmin günlər yollar bağlı
idi. Bizim sonuncu tamaşamız aprelin 25-də oynanılıb. Bilirsiniz ki,
teatrımızın binası şəhərimizin mərkəzində yerləşir. Yarışlar da bizə yaxın
yerdə keçirildiyi üçün yollar bağlı idi. Ümumiyyətlə bizim tamaşalarımıza
turistlərin gəlişi hər zaman çox olub. Azərbaycanda olan xarici turist
şirkətləri tez-tez bizimlə əlaqə saxlayıb turistlər üçün yer tutur və onlar
qrup halında tamaşalarımızı izləməyə gəlirlər. Nəinki tur rəhbərləri, ayrı-ayrı
xarici vətəndaşlar Rusiyadan, Avropadan, Asiyadan bizə müraciət edirlər. Misal
üçün, mayın 3-ü və 6-da tamaşalarımız olacaq və indidən xaricilər həmin
tamaşalara öz biletlərini alıblar”.
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidov "Kaspi”-yə
açıqlamasında bildirdi ki, paytaxtımız üçün əlamətdar olan Formula-1 Azərbaycan
Qran Prisi günlərində teatrın özəl repertuarı tərtib olunubmuş. Belə ki,
aprelin 26-da tamaşaçılara Lineyn trilogiyası əsasında Martin Makdonaxın
"Konnemarada bir kəllə”, 27-də "Yalqız Qərb”, 28-də L.Nurenin "Mən gəldim
qızlar”, 29-da isə "Aydın” tamaşaları təqdim edilib. 27-29 aprel tarixlərində və
eləcə də ay boyunca bütün axşam tamaşaları sinxron və titrlərlə nümayiş olunub:
"Formula-1 çərçivəsində dünya klassikası və Azərbaycan dramaturqlarının seçmə
əsərlərini repertuarımıza daxil etmişdik. İnanıram ki, şəhərimizin qonaqları
teatrlarımızla tanış olmağa zaman tapdılar. Onu da qeyd edim ki, tamaşalar
zamanı ingilis dilində subtitrlərin tətbiqi yarış bitdikdən sonra da davam
etdiriləcək. Tərcümə etdiyimiz tamaşalar repertuar müddətində daim işlək
olacaq. Digər bir hal isə ondan ibarətdir ki, hazırda tərcümə edilmiş
tamaşalardan hər hansı biri digər xarici ölkələrdə festivala dəvət alarsa, biz
həmin tamaşanı orada təqdim edə bilərik.Tamaşaları
izləyənlər arasında Türkiyə, İran və Rusiyadan gəlmiş turistlər var idi. "Yalqız
Qərb” tamaşasını izlədikdən sonra qonaqlar şəhərimiz haqqında təəssüratlarını
bölüşüblər və razılıqlarını ifadə ediblər. İtaliya, Türkiyə, Rusiya, İran və
Pakistandan gəlmiş qonaqlar tamaşanın koloriti, eləcə də teatr binasının
orijinal dizaynı ilə bağlı fikirlərini bildiriblər”.
Azərbaycan Dövlət
Musiqili Teatrının ölkəmizdə üçüncü dəfə keçirilən Formula-1
Azərbaycan Qran Prisinə yüksək səviyyədə hazırlaşdığını və qonaqların onların
proqramlarına xüsusi maraq göstərdiyini öyrəndik. Teatrın direktoru, əməkdar incəsənət
xadimi Əliqismət Lalayevaçıqlamasında paytaxta təşrif buyuran qonaqların
mədəni istirahətlərinin lazımi səviyyədə təşkil edilməsi ilə bağlı maraqlı
tamaşalar təqdim olunduğunu dedi: "Musiqili Teatr Formula-1 həftəsində xüsusi
repertuarla çıxış edib. Belə ki, teatrda ötən həftənin sonunadək üç səhnə əsəri
- "Mənim günahım”, "Ər və arvad”, "Arşın mal alan” tamaşaları teatrsevərlərin
ixtiyarına verilib. Üç gün ərzində səhnə əsərlərini paytaxt sakinləri ilə
yanaşı, Hollandiya, Türkiyə və İran vətəndaşları da izləyiblər. Teatr rəhbərliyi
tərəfindən xarici vətəndaşlar üçün ingilis, rus və ərəb dillərində bukletlər də
hazırlanıb. Qonaqlar səhnə əsərlərini ingilis dilində tərcümə sətirlər vasitəsilə
izləyə biliblər”.
Söhbətimizdən aydın oldu ki, yarışların keçirildiyi
günlərdə teatrda tamaşaları Azərbaycandakı diplomatik korpusun nümayəndələri də
izləyiblər.
Abdulla Şaiq adına
Dövlət Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmova bildirdi
ki, yarışlar keçirilən ərəfədə onların teatrı işləməyib. Səbəb isə yarışların
keçirildiyi müddətdə Dənizkənarı Bulvar və onun ətrafındakı ərazilərin bağlı olması
olub.
Xəyalə Rəis