• cümə, 19 Aprel, 14:07
  • Baku Bakı 25°C

Fiziki məhdudiyyətli insanların ümid yeri - FOTOLAR

28.05.21 13:45 2467
Fiziki məhdudiyyətli insanların ümid yeri - FOTOLAR
Və ya Protez-Ortopedik Bərpa Mərkəzindən reportaj
 
Bura insanlar itirilmiş bədən üzvlərini az da olsa əvəzləmək üçün üz tuturlar. Rəflərə, anbarlara yığılan, öz sahiblərini gözləyən "orqanlar”ın bədənlərinə adaptasiya olması üçün məhz bu məkanda reabilitasiya keçirlər. Ayağı olmayan ayaqla, qolu olmayan qolla, barmaqlarını itirən xüsusi ayaqqabılarla təmin olunur. Protez, ortez, korset, ortopedik ayaqqabı məhz burada istehsal olunur. Bu məkan hər yaşda fiziki məhdudiyyətli insanların ümid yeri, şəfa ocağıdır.
 
Söhbət Protez-Ortopedik Bərpa Mərkəzindən gedir. Mərkəzin fəaliyyəti ilə tanış olmaq, protezlərin istehsal proseslərini izləmək üçün sözügedən müəssisəyə yollanırıq.
 
Mərkəz əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsidir. Müasir texnologiya əsasında əlilliyi olan şəxslər üçün protez-ortopedik məhsulların və digər reabilitasiya məmulatlarının istehsalı, xəstə və əlillərin xəstəliklərinin diaqnostikası və stasionar müalicəsi istiqamətində fəaliyyət göstərir. Müəssisə istehsalat sahəsindən və stasionar şöbədən ibarətdir. Mərkəzdə əlillər protezlərlə yanaşı, velo və kreslo arabalar, qoltuqaltı və dirsəkaltı ağaclar, əsa, eşitmə aparatları və s. ilə təmin edilirlər.
 
 
Sakitlikdir... Protez almaq üçün müraciət edən insanlar həkimlə söhbətləşir, protezi hazır olanlar texnikin köməkliyi ilə yeriməyə çalışır, kimisinin ayaq ölçüləri götürülür, kimisi də yeni texnologiya ilə hazırlanan arabasını götürmək üçün anbarınönündə gözləyir... Burada hər yaşda insanlarla rastlaşmaq mümkündür. Uşaq, cavan, qoca...
 
Əvvəlcə direktorun otağına üz tuturuq. Mərkəzinin direktoru Asif Məcidov deyir ki, əlilliyi olan şəxslərin protezlərlə təminatı ödənişsiz həyata keçirilir: "Heç bir növbəlilik prinsipi yoxdur. Çünki əlilliyi ola şəxsləri təmin etmək üçün kifayət qədər reabilitasiya vasitələrimiz var. Olmayanların da mütəmadi olaraq, gətirilməsini təmin edirik. Hazırda vətəndaşa 3 cür təkərli oturacaq veririk. Onları həm evdə istifadə üçün nəzərdə tutulan, həm sanitar qovşaqlı əlil arabası, həm də mühərrikli araba ilə təmin edirik. Mühərrikli oturacaqların istifadə müddəti bitdikdən sonra onlar dəyişdirilir, yenisi ilə təmin olunur. Fiziki məhdudiyyətli şəxslərin bu vasitələrlə təminatı isə dövlət vəsaiti hesabına ödənişsiz həyata keçirilir”.
 
A.Məcidov bildirir ki, hazırda mərkəzdə 30 minə yaxın əlilliyi olan şəxsə xidmət göstərilir. Müəssisədə İkinci Qarabağ müharibəsi zamanı amputasiya olunmuş 171 nəfər qazi qeydiyyatdan keçib və artıq onlardan 25 nəfəri protezlə təmin edilib. Digərlərinin də protezlə təmin olunması istiqamətində zəruri işlər görülməkdədir: "Düşünürəm ki, yaxın 2 ay ərzində Vətən savaşı qazilərinin 100 faiz protezləşməsi həyata keçiriləcək”.
 
Mərkəzin direktoru deyir ki, əsas iki fəaliyyət istiqamətləri var: ayaqqabı, bir də protez-ortez istehsalat sahəsi. Digərini isə - əsa, qoltuqaltı, çəlik, arabalar, qulaq aparatlarını hazır şəkildə alıb əlilliyi olan şəxslərə təqdim edirlər.
 
 
Mərkəzə müraciət edən şəxs qeydiyyat bölməsində özünü təqdim etdikdən sonra həkim-ortoped protezçiyə yönləndilir. Ortopediya və protezləşmə üzrə tibb şöbəsinin həkimi Samirə Şıxəliyeva deyir ki, xəstələr müraciət edərkən onların əsas 3 sənədi təqdim olunur. Şəxsiyyət vəsiqəsi, əlillik sənədi və xəstəlik haqqında çıxarış. O sənədlərə əsasən xəstənin nəyə ehtiyacı varsa, müəyyən edilir. Protezləşmə, qulaq aparatı, süd vəzi protezləri və s. nə problemi varsa, xəstə ona uyğun aparatla təmin olunur: "Məsələn, qulaq aparatı üçün müraciət edən pasientdirsə, sənədlərini təqdim edir. Onu pulsuz müayinəyə yönləndiririk və ona uyğun aparatla təmin olunur”.
 
Həkimin sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra protezləşmə ilə əlaqəli müraciətlərin sayı çoxalıb: "Burada xəstə kateqoriyası ağır xəstələrdir. Biz onları qəbul etdikdə mənəvi cəhətdən dəstək olur, hər birinin dərdini öz dərdimiz bilir və kömək etməyə çalışırıq”.
 
Həkimlə söhbətləşərkən İkinci Qarabağ Müharibəsi qazısı otağa daxil olur. Adı Yaşardır. Müharibədə aldığı travmadan eşidə bilmir. Danışır, amma eşitmir. 6 aydan çoxdur ki, qulağındakı "küy” səsi ilə yaşayır. İlk dəfə qulaq aparatını yoxlayacaqlar. Qazi həyəcanlıdır, həkim isə sanki qazidən daha çox onun eşitməsini gözləyir. İlk cəhd alınmır. İkinci cəhddə, həkim: Eşidirsiniz məni? Cavab yoxdur, amma gözlərinin içi parıldayır. Həkim yenidən müraciət edir? Və nəhayət... Bəli, eşidirəm, "küy”də yoxdur. Qazimiz həkimin səsini eşidən kimi əlini açır, Allaha şükür edir. Həkim də onunla bərabər kövrəlir.
 
Növbəti otaqda isə pasiyentlər hazır protezlərdən istifadə edərək, onlara adaptasiya olmaq üçün məşq edirlər. Həmin otaqda Günay da "ayaqları”na qovuşmağın sevincini yaşayır. 26 yaşlı həmsöhbətimiz 4 il öncə avtomobil qəzasında ayaqlarını itirib. Çılğın, hərəkətli, daim sürətli yeriyən o qız 4 ildir ki, addım ata bilmir. O qəzadan sonra heç buna cəhd də etməyib.
 
 
 
Əlil arabası ilə yaşamağı qəbullanıb. Ta ki, televizorda qaziləri görənə qədər: "Avtomobil qəzasında ayaqlarımı itirdim. Aldığım travmadan sonra addım atmağa ümidim yox idi. Protezlər barədə çox eşidirdim. Amma alınmaması ehtimalından qorxduğum üçün cəhd də etmirdim. Müharibədən sonra qaziləri televizorda görüb, onlardan ilhamlanıb buraya müraciət etdim. Protezimi ilk dəfə yoxladım və öz ayağım kimi addımlaya bilirəm. Çox sevincliyəm”.
 
Həkim bədənin amputasiya olan hissəsini müayinə etdikdən sonra pasiyent ölçü otağına üz tutur. Burada protez hazırlanan qəlib üçün amputasiya olunan üzvün ölçüləri götürülür. Gips otağında isə qəlibin ölçüsü götürüldükdən sonra qəlib əsasında protez hazırlanır. Hazırlanan gipslərin üzərinə xüsusi corablar çəkilir. Daha sonra qəlib kimyəvi element və xüsusi maye halında olan materialla formaya gətirilir. Mayenin rəngi insan bədəninə uyğundur. Maye quruduqdan sonra kəsilir formaya salınır.
 
Texnik Ədalət Əliyev deyir ki, ölçünü götürdükdən sonra forma verir və pasiyentin ayağında yoxlayır: "Pasiyent protezdən razı olduğunu bildirərsə, həkimi çağırırıq. Həkim müsbət rəy verdikdən sonra xəstəni evinə göndəririk. Sonra içini doldurur, gipslə yonur və hazırlayırıq. Hazırlayandan sonra peçdə quruduruq. Protezlərin üzərində adlar, nömrələr qeyd olunub.
 
Protezlərin sınaq otağında pasiyentə protezlə davranış qaydalarını öyrədirlər. Ayağa durğuzmazdan öncə təlimatlar verirlər ki, birinci hansı ayağı atmaq lazımdır, necə davranmaq lazımdır və s. Bundan sonra onların da köməyi ilə pasiyent ilk addımlarını atır. Protezə alışma isə pasiyentin yaşı və aktivlikdərəcəsindən asılıdır. Bəzən bu, bir günə də baş verir, bəzi hallarda isə 10-15 günə qədər çəkə bilir. Pasiyent protezlə bir neçə gün gəzdikdən sonra bununla bağlı heç bir narahatlıq müşahidə etmiriksə, artıq onu evə buraxırıq ki, gedib sərbəst həyatına davam etsin. Protezlər əsasən, 20 iş gününə təhvil verilir”.
 
Ə.Əliyevin sözlərinə görə, pasiyentlər protez sayəsində ayağa durub gəzəndə təəssüratları fərqli olur: "Həyəcanlanırlar, bəzən ayaqları üzərində dura bilmə hissindən yaranan sevincdən ağlayırlar. Adətən görürsən ki, pasiyentin özündən çox yanında gələn doğmaları, ana-ataları daha həyəcanlı olur, sevinir, göz yaşlarına boğulurlar...”
 
 
Yuxarıda da qeyd etdiyimiz kimi Protez Ortopedik Bərpa Mərkəzində protezlərlə yanaşı, ortezlər də hazırlanır. Ortezlər fəaliyyətini qismən və ya tamamilə itirən bədən üzvlərinin işini artırmaq və funksiyasını yerinə yetirmək qabiliyyətini bərpa etmək məqsədiylə taxılan cihazlardır.
 
Texnik Məhəmməd Xudaverdiyev gipsi hazırlayıb, lazımsız hissələri kəsir, pasiyetin ayağında yoxlayır. Onu ən çox sevindirən hazırladıqları protezlərin pasiyentlərinin həyatını müsbət mənada dəyişməsidir: "15 yaşlı xanım pasiyentim var idi. Çanağında problem və skolyozu var idi. Hazırladığımız korseti müəyyən müddət geyindi. Daha sonra rentgen edəndə gördük ki, problem düzəlib və sağalma gedir. Belə nəticələr bizi sevindirir”.
 
Protezinə qovuşduqdan sonra sevinən pasiyentlərdən biri də qazi Vüqar Aslanovdur. İkinci Qarabağ müharibəsində iştirak edib, bir ayağını itirib. Suqovuşanda döyüşüb və minamyotla yaralanıb: "Çox çətin dövr idi. Yaxşı, pis, faciəvi hər şeyi yaşadıq. Dostlarımızı itirdik. Vətənə görə ölmək də xoşdur, qazı olmaq da, yaşamaq da. Torpağa nəinki ayağımı, canımı da qurban verərdim. Ona görə sevincliyəm. Bayaq protezimlə ilk dəfə yeriyirdim. İlk dəfə geyinən kimi normal gəzməyə başladım. Çox gözəl hissdir. 7 aydan sonra addımlayıram”.
 
İlham Dadaşov elektron araba ilə təmin olunub: "Dünən zəng edib məlumatlandırdılar ki, motorlu arabalar gəlib. Gəldik götürdük. Mən bura tez-tez gəlirəm. Hərbi xidmət zamanı yıxıldığım üçün onurğamda problem yaranmışdı və ayaqlarımı istifadə edə bilmədim. İlk dəfə çəliklə bağlı müraciət etmişdim. 3 ilə yaxındır ki, əlil arabasından istifadə edirəm. Hər dəfə yenilik olanda, zəng edib məlumatlandırırlar və bizi mərkəzə dəvət edirlər”.
 
Mərkəzdə ortopedik ayaqqabılar da hazırlanır. Mahir Hacıyev ayaqqabı sexinin baş ustasıdır. Deyir ki, müraciət edən şəxs qeydiyyatdan keçəndən sonra ölçülər götürülür: "Birinci qəlib düzəlir və modelçi xanıma verilir, model çıxarılır, kəsilir, o biri otaqda tikilib hazırlanır, altı vurulur”.
 
 
Uşaq ayaqqabıları diqqətimizi çəkir. Usta bildirir ki, iki yaşdan yuxarı hər yaş üçün ayaqqabı var. Digər otaqda ortopedik ayaqqabının son tamamlanma işləri görülür. İşçi Rasim İmranov ölçü və diaqnozla işlədiyini deyir. Bir iş günü onun üçün belə keçir: "Qəlibləri götürüb onun üstündə işləyirik, dərini isladıb yonuruq, ayaqqabının içinə yerləşdirib alt hissəni yığırıq. Gün ərzində 3, bəzən 4 ayaqqabı hazırlaya bilirik”.
 
Son olaraq anbara yollanırıq. Bütün hazır olan protezlər anbara yığılır pasiyentlər protezlərini, arabalarını oradan götürürlər. Hər bir protezin üzərində ad soyad, sifariş nömrələri yazılıb. Hər kəs burada həyatda ona dayaq olacaq bədən hissəsini götürməyi səbirsizliklə gözləyir... Göründüyü kimi insan oğlu əgər istəyərsə, özünə əl də hazırlayar, qol da, ayaq da...
 
Aygün ƏZİZ
 
banner

Oxşar Xəbərlər