AZE | RUS | ENG |


“Film çəkdiyimə inana bilmirdim” - Fotolar

“Film çəkdiyimə inana bilmirdim” - Fotolar
Səidə Haqverdiyeva: “Çox çalışırdım ki, anam dünyasını dəyişməmiş “Ər quyusu”na baxsın”

Ötən ay tanınmış yazıçı Səidə Haqverdiyevanın ssenari müəllifi və rejissoru olduğu "Ər quyusu” filminin qala gecəsində iştirak etdik. Səidə xanımın ilk rejissorluq etdiyi filmdən xoş təəssüratlarla geri döndük. Filmi 5 günə ərsəyə gətirdiyini deyən Səidə xanımın ilk filmində yaşananları məhz onun dilindən eşitmək üçün redaksiyaya dəvət etdik. Qarabağ xanımlarına xas xanım-xatın ədası, şirin danışıq tərzi olan müsahibimizlə filmin ərsəyə gəlməsindən tutmuş, qala gecəsinə qədər baş verən proseslərdən danışdıq. Müsahibəni ixtisarla sizlərə təqdim edirik. 
 
- Səidə xanım, filmdə baş verən hadisələr real hadisələrdən qaynaqlanıb? 
- Bəli. Filmin ssenarisi həyatda baş verən hadisələr nəticəsində meydana gəlib. Ancaq orada bəzi məqamlar var ki, öz təxəyyülümü işə salmışam. Belə ki, quyunun boş olması, qızın əzilməsi - bunların hamısı mənim təxəyyülümdür. Ancaq digər hadisələr real həyatdan götürülüb. Şahzadənin hikkəsi, oğul arzulaması, getdiyi falçı - bunların hamısı realdır. Falçı məsələsi bu gün də çox aktual məsələdir. Qadınlarımızın 70 faizi falçılara üz tutur. Falçılar da fırıldaqçılıqla məşğuldurlar. Bəzi insanlar ümidlərini məhz falçı yanında tapır. Bu, adət-ənənənə halını alıb. İnsan bir şeyi çox arzulayır və o, həyata keçdikdə elə düşünür ki, bunu getdiyi falçı edib. Filmdəki qəhrəmanımız onsuz da ərə gedəcəkdi. Qız düşünür ki, gəlinlik geyinsin, onu alqışlasınlar, vəssalam. Sonrakı proseslər o qədər də önəmli deyil. Misal üçün, filmdə qızın sevdiyi oğlan Xaliq kəndin ən axmaq adamıdır. Əslində eləsinə ərə getməkdənsə, ömürlük evdə qalmaq daha yaxşıdır (gülürük). Evin böyük qızı Xaliqin yerinə başqa birisi də olsa, ona ərə getmək istəyər. Bu tip düşünən insanların bir problemi var, o da ər problemidir. Biz də filmdə ərə bir quyu kimi baxmışıq (gülürük). Filmdə qızların ataları ilə çox mehriban bağlılığı var. Ata ailəsini sevir, hər nə qədər oğul istəsə də, qızlarını da çox sevir. Kənd camaatının, el adamlarının, qohum-əqrəbalarının rişxəndinə tuş gəlməmək üçün istəyir ki, oğlu olsun. Bunu bir növ özü üçün faciəyə çevirir. Qızlarını düşünür, onlara qayğı göstərir, ancaq dərd də çəkir. Əslində bu, o kişinin deyil, toplumun dərdidir. İnsanların düşüncə tərzi fərqlidir. Qonşunun qızı da ərə gedir, düşüb qapı-qapı özünü reklam edir ki, guya böyük bir iş görüb. Əslində bu onun əskikliyidir. Düşünür ki, ərə getməklə onun həyatı tamamlanıb. 
 
- Qızların "ər problemi” bu günün ən aktual məsələlərindəndir. Belə hadisələr daha çox bölgələrimizdə müşahidə edilir. Və bunu özünə dərd edən analarımız da az deyil. 
- Hər kəsin dərdi kənardakı insan üçün gülməli gəlir. Başqası üçün faciəvi görünən bir şey biri üçün komedik hadisə ola bilir.  Qızını ərə vermək istəyən bir insan üçün bu, faciədir. Elə insanlar var ki, bu kimi şeylərdən dərdə düşür. Bu qızların da dərdi bizim üçün gülməli görünür. 
 
 
 
- Filmdəki kənd ab-havası onu izləyən tamaşaçıları sanki öz doğma el-obalarına apardı. Hətta zalda olduğumuz zaman müəyyən kadrlar göstərilərkən bir çox tamaşaçılardan "mən də zamanında bunları etmişəm” kimi replikalar eşidirdik. 
- Düzdür, 90-cı illəri görən insanlar bu filmdə özlərini görürdülər. Həmin illəri görən qızlar gözəlləşmək üçün orada nümayiş olunan üsullardan istifadə ediblər. Mən bunların hamısının şahidi olmuşam. Həmin dövrün qızları elə bir "çolka” düzəldirdilər ki, ona "Sibel Can çolkası” deyirdilər. O dövrün qızları nədənsə Sibel Cana oxşamaq istəyirdilər. Dodaqlarını onun kimi tuturdular, yanaqlarını onun kimi qızardırdılar. 
 
- Filmdə iştirak edən yaradıcı heyəti necə seçdiniz? 
- Kukla Teatrının baş rəssamı İqbal Əliyevlə söhbət etdim. O, bir neçə filmdə işlədiyi üçün bu sahədə təcrübəsi böyükdür. Ona qısametrajlı film çəkmək istədiyimi dedim. Əslində 35 dəqiqəlik qısametrajlı film çəkmək istəyirdim. Beynimdə hər şeyi götür-qoy edirdim. Filmdəki obrazları seçərkən heç bir estetik əməliyyatı olmamış, dodağı şişirdilməmiş qadınları tapmağa çalışırdıq. Əslində bu çox çətin oldu, ancaq tapdıq. İstəyirdim ki, baş rolda Ülviyyə Əliyevanı çəkim, ancaq bunu ona necə deyəcəyimi bilmirdim. Onunla görüşdük, belə bir fikrimin olduğunu dedim. Çox yaxşı qarşıladı. Söhbət əsnasında ona axtardığım qəhrəmanın kriteriyalarını deməyə başladım. Bildirdim ki, qızın saçları qara, qaşları qalın olmalıdır. Mən bunu qrimlə etmək istəmirəm. İstəyirəm ki, hər şey təbii olsun və bu rolda onu görmək istədiyimi dedim. Heç tərəddüd etmədən dedi ki, "sən çək, mən oynayaram”. 

- Bəs qonorar?
- Ülviyyə bu filmə görə məndən heç bir qonorar almadı. Mənə elə köməkliklər etdi ki... Filmdə mənimlə bərabər çalışdı. Bütün əməyini-enerjisini bu filmə sərf etdi. Tək o deyil, orada iştirak edən yaradıcı heyət mənə çox dəstək oldu. 
 
 
 
- Bəs, filmin büdcəsi nə qədər təşkil etdi?
- Filmə çox az pul xərclədik. Aktyorlar demək olar ki, qonorarsız işlədilər. Musiqili və Kukla teatrlarının aktyorlarına müraciət etdik. Texniki heyətə dedik ki, iki günlük çəkiliş edəcəyik. Ancaq o 2 gün 5 gün oldu (gülürük). Elə bir ucdan ssenariyə əlavələr edirdim. Bir də gördüm ki, tammetrajlı bir film yazmışam. Beləliklə, 35 dəqiqəlik nəzərdə tutduğumuz film 95 dəqiqəlik  filmə çevrildi.
 
- Qala gecəsində 5 gün çəkiliş etdiyinizi və onun 2 gününü operator ilə küsülü qaldığınızı qeyd etmişdiniz. 
- Elədir. İki gün operatorla küsülü qaldım. Bir-birimizi anlaya bilmədiyimizə görə kadrların bir çoxu alınmamışdı. Başa düşdüm ki, operatorla küsmək olmaz. Çəkiliş prosesləri Şamaxıda, Tərtərdə, Cəlilabadda və Bakıda baş tutdu. İlk dəfə çəkiliş meydançasına gələndə, açığı, necə başlayıb, necə bitirəcəyimi bilmirdim. Çox az təcrübəm var idi. Bu film mənim üçün bir təcrübə oldu. "Necə etmək lazımdır, necə etsəydim daha doğru olardı” kimi suallara cavab tapdım. Əvvəl istəyirdim ki, rejissorların yayına gedib öyrənim, ancaq bu alınmadı. Mənə elə gəlir ki, ən doğrusunu mən etmişəm. İşləyərək öyrənməyə çalışdım, çətin olsa da, mənim üçün xoş oldu. İnsan arzuladığı bir şeyi həyata keçirəndə onun ürəyi fərəh hissi ilə dolur. 
 
- Filmdən gözləntiləriniz nələr idi?
- Əslində filmi çəkəndə inanmırdım ki, bu, filmdir. Düşünürdüm ki, görəsən bu, filmdirmi? Tanınmış tənqidçi yazar Sevda Sultanova ilə söhbət etdim, filmi göstərdim və dedim ki, bax gör, bu filmdirmi? Onun bu barədə kifayət qədər təcrübəsi, yaxşı təhlil etmək qabiliyyəti var. O da filmi izlədi və bəzi yerlərini kəsməyi məsləhət gördü. Dedi ki, yaxşı alınıb. Ancaq uzun dialoqlar mənim üçün dəyərli olduğu üçün kəsməyə əlim gəlmədi. Filmdən o qədər də böyük gözləntilərim olmayıb. Əgər məsələnin maddi tərəfini nəzərdə tutursunuzsa, bu filmdən pul qazanmaq niyyətim olmayıb. Bu mənim debütüm oldu. Mən həm çəkir, həm də öyrənirdim. Film çəkməklə özümü ifadə edə, nə istədiyimi deyə bilirəm. Bundan sonra da bu işi davam etdirmək və daha çox qadınlar haqda çəkmək niyyətindəyəm. 
 
 
 
- Səbəb?
- Çünki qadının sözünü deyə biləcək çox az film var. Dünyanın hər yerində elə rejissorlar var ki, onlar qadın problemlərini önə gətirir və onların həllini axtarırlar. Tehranda Təhminə Milani ilə görüş zamanı da qeyd etdim ki, Azərbaycanda yol kənarından keçən qadına belə "Oskar” mükafatı vermək olar. Çünki Azərbaycan qadını çox güclü, sədaqətli, xeyirxah və əzmlidir. Azərbaycan qadınının çiyninə aldığı yükü hər qadın daşıya bilməz.
 
- Filmin qalasından sonra Tehrana yola düşdüyünüzü eşitdik. Oraya hansı səbəblə getmişdiniz?
- Tehrana tanınmış rejissor, ssenarist, bir çox festivallarda münsif heyəti kimi çıxış edən Təhminə Milani ilə görüşməyə getmişdim. Onun qəbuluna düşmək elə də asan olmadı. Biz bunun şahidi olduq. O, daha çox səfərlərdə olur deyə, görüşümüz bir qədər çətinliklə alındı. Ondan filmlə bağlı müəyyən şeylər öyrənmək istəyirdim. Bizi ofisində qarşıladı, çox isti münasibət göstərdi. İmzalı kitabını və filmlərini disk şəklində mənə hədiyyə etdi. Ondan çox dəyərli məsləhətlər aldım. Yəqin ki, bundan sonra onunla mütəmadi görüşəcəyik. Görüşümüz barədə yalnız onu deyə bilərəm ki, söhbət əsnasında yaxşı ideyalar ortaya çıxdı.
 
- Bəs yeni filmi nə zaman çəkəcəksiniz?
- Pulum olduğu an yeni bir film çəkəcəm. Beynimdə bir neçə layihələr var. Ancaq film çəkmək maddiyyata bağlı bir şeydir. Yayda qısametrajlı film çəkmək niyyətindəyəm. Bu dəfə tragediya janrına müraciət edəcəm. Bu filmi nümayiş üçün çəkmək istəmirəm. Film festivallar üçün nəzərdə tutulur. Yazdığım hekayələrin birinin motivləri əsasında çəkəcəm. 
 
- Bəzən rejissorlarımız uşaq aktyorlarının azlıq təşkil etdiyini deyirlər. Ancaq bu filmdə peşəkar uşaq aktrisalarının da olduğunun şahidi olduq.  
- Bilirsiniz ki, Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyuq” uşaq teatr studiyasında uşaqların təqdimatında tamaşalar hazırlayırıq və o tamaşalar beynəlxalq festivallarda öz layiqli yerlərini tutur. Müxtəlif ölkələrdə keçirilən festivallardan dəvətlər alırıq. Onlar arasında seçimlər edirik. 
Uşaqlarla işləmək nə onlara, nə də bizə heç bir çətinlik törətmədi.  Sadəcə olaraq onların bir neçə saat vaxtını aldıq. Onlar bu filmdə sadəcə oyunları ilə oynayırdılar. Gündəlik həyatda necə, filmdə də elə. Filmdə rol alan azyaşlı aktrisalarımız Selcan Xatun, Vüsalə Bəkirzadə, Nuray Rəhman çox istedadlı uşaqlardır. Onların ifasında film daha baxımlı alınıb, məncə. 
 
- Səidə xanım, sizi yazar kimi yaxşı tanıyırıq. İndi isə rejissor kimi tanımağa başlayırıq. Bəs aktrisa kimi necə, nə zamansa aktrisalıq etmək fikriniz varmı?
- Heç vaxt. Əvvəllər çox istəyirdim ki, aktrisa olum. Məhəllənin uşaqlarını başıma yığıb köhnə filmlərdən onlara səhnəciklər göstərirdim. Filmlərin birində Səidə obrazı vardı və orda qızın atası müharibədə ölür. Həmin filmə baxandan sonra heç zaman aktrisa olmaq istəmədim. Düşünmüşəm ki, mənim də atam nə zamansa ölə bilər. Aktrisalıq çox çətin sənətdir. Ya ən yaxşısı olmalısan, ya olmamalısan.
 
 
 
- Hər nə qədər çətin sənət olsa da, rejissorluqdan asandır.
- Mən elə düşünmürəm. Rejissor nizam verir, aktyor yaradır. Aktrisa cilddən-cildə girir, insandan insana çevrilir. Obraza girərkən hətta ruhunu belə dəyişirsən, bu çox çətindir. Filmdə aktrisaların çəkdiyi çətinlikləri də gördüm. Misal üçün, filmdə ikinci bacını canlandıran Könül Şahbazova Bakı Uşaq Teatrının aktrisasıdır. Filmə çəkiləndə 4 aylıq hamilə idi, ancaq bizim bundan xəbərimiz olmamışdı. Mən ona çox ağır-ağır qazanlar daşıtdırırdım ki, qazanın ağırlığı hiss olunsun. Bu yorğunluqla öz rolunun öhdəsindən ustalıqla gəldi. Könül rusdilli olsa da, ləhcə ilə çox gözəl danışırdı. 
 
- Hər hansı işi görəndə onu tərifləyən də olur, tənqid edən də. Tənqidlər eşitdinizmi?
- Buradan mətbuat nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Qala gecəsindən sonra saytlarda xəbərlər yazıb, öz təəssüratlarını bölüşmüşdülər. Onların içərisində tərifləyənlər də var idi, tənqid edənlər də. Başdan sona kimi tənqid edən də var idi. Qeyd olunmuşdu ki, eyni yerdə çox çəkib. Doğrudur, bizim maliyyə problemimiz vardı. Mən filmi beş günə çəkmişəm. Bunu nəzərə almaq lazımdır. İndi beş günə heç klip çəkmirlər. Film çəkmək də asan bir məsələ deyil. Bir də təcrübəsiz olmuşam. Maliyyəm, vaxtım az olub. Çəkiliş prosesi orucluğa düşmüşdü. Texniki heyətin çoxu oruc tutmuşdu. İnsanlar ac, yorğun olurdular, zəif düşmüşdülər. Kirayə götürdüyümüz ev yiyəsi də bizi incitdi, kaprizləri çox idi. İşin mənəvi tərəfi daha üstün idi. Filmi çəkməyə çox tələsirdim. 
 
- Tələsməyinizin səbəbi nə idi?
- Anama xərçəng xəstəliyi diaqnozu qoymuşdular. Qorxurdum ki, çatdırmaram. Anam mənim uğurlarımdan çox sevinirdi. Haqqımda yazılan bütün yazıları oxuyurdu. İstəyirdim tez başa gəlsin. Ancaq dekabrın 19-da anam dünyasını dəyişdi. Sevinirəm ki, bu filmi anama göstərə bildim.
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7081
GBP 1 İngilis funt sterlinqi 2.1901
TRY 1 Türk lirəsi 0.4835
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2096
EUR 1 Avro 1.9988
CHF 1 İsveçrə frankı 1.7610
USD 1 ABŞ dolları 1.7008