• cümə axşamı, 02 may, 01:52
  • Baku Bakı 15°C

Çətin günün dayağı

06.08.20 17:32 12224
Çətin günün dayağı
Dövlət ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına dəstəyini göstərir
Cari ilin əvvəlindən başlayaraq koronavirus (COVID-19) infeksiyasının əhatə dairəsi və coğrafiyası genişlənib. Pandemiya insanların sağlamlığına təhlükə yaratmaqla bərabər, qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə də mənfi təsir göstərib. Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və sair sahələrdə xüsusi iş rejimləri tətbiq olunub, əhalinin sosial təcrid olunması təmin edilib. Bununla yanaşı, mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlərin aradan qaldırılması, əhalinin sosial rifahının qorunması, iqtisadi inkişafın davamlığının təmin edilməsi üçün də müvafiq tədbirlər görülüb. Prezident İlham Əliyev martın 19-da "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda Azərbaycan dövlətinin iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malik olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, bu imkanlara arxalanaraq dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib.


Faktlar rəqəmlərin dili ilə

Həmin sərəncamdan irəli gələrək, bir sıra mühüm işlər görülüb. Misal üçün, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, 28 iyul tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 29.062 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 118.551 fərdi (mikro) sahibkar, cəmi 147.613 vergi ödəyicisi müraciət edib. Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 219.768 işçini əhatə edən 25.233 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib, digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 99,13 mln. manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 49,56 mln. manat təşkil edib. İyulun 28-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 24.825 vergi ödəyicisinə 215.689 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 97,95 mln. manat, o cümlədən 2-ci ay üzrə 48,5 mln. manat vəsaitin köçürülməsi təmin edilib. Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 118.551 vergi ödəyicisindən müraciət daxil olub, 111.067 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 63,6 mln. manat təşkil edib. İyulun 28-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 63,5 mln. manat vəsaitin 106.765 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.


5 milyona yaxın insanı əhatə edən sosial dəstək paketi

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdəpandemiya dövründə reallaşdırılan genişmiqyaslı sosial dəstək paketi 5 milyona yaxın insanı əhatə edib. Bu paket çərçivəsində dövlət və özəl sektorda muzdla çalışan 1 milyon 665 min (o cümlədən özəl sektorda 751,3 min) işçinin iş yerlərinin və əməkhaqqı gəlirlərinin qorunması, 2 milyon vətəndaşa sosial təminat növləri (pensiya, təqaüd, müavinət) üzrə ödənişlərin davamlılığı təmin edilib. Aprel-may aylarında 600 minədək, daha sonra sərt karantin rejiminin tətbiq edildiyi 16 rayon və şəhər üzrə 283 min aztəminatlı işsiz şəxsi əhatə edən 190 manat birdəfəlik ödəmə proqramı icra olunub. Ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb və özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatlarının qurulması işləri aparılır. Həmçinin 85 min ailənin 350 min üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Eyni zamanda, 100 minədək tənha yaşlı, əlilliyi olan şəxs, aztəminatlı ailə ərzaq yardımı ilə təminatı həyata keçirilib, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi əhatə olunması işləri görülür.


Sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyi

Bütün bunların davamı olaraq, ötən gün Nazirlər Kabineti sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul edib. Qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə karantin tədbirləri davam etdirildiyindən, Azərbaycan Prezidentinin tapşırığına əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramlarının növbəti mərhələsinə start verilib. Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, bu günədək pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək.Eyni zamanda, maliyyə dəstəyinə daha çox ehtiyacı olan və birinci mərhələdə 250 manat həcmində birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara da təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir. İndiyə qədər maliyyə dəstəyi almamış vergi ödəyiciləri də dəstək üçün müraciət edə bilərlər. Yeni müraciətlər avqust ayının 10-dək qəbul ediləcək.


Xalqın sağlamlığının qorunması əsas vəzifə kimi

Mövzu ilə bağlı Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, hazırda dünya ölkələri, xalqları koronavirus pandemiyasının yaratdığı böyük çətinliklərlə qarşı-qarşıyadır. Onun sözlərinə görə, hətta inkişaf etmiş dövlətlər belə bu çətinliklər qarşısında aciz qalıblar. Deputat deyib ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür: "Altı aydır məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Çətin zamanda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar Cənab İlham Əliyevin hər bir azərbaycanlının Prezidenti olduğunu, dövlətin daim öz vətəndaşlarının yanında olduğunu isbatlayır. Eyni zamanda, görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunədir”.


Dövlətin humanist mahiyyəti

Millət vəkili söyləyib ki, pandemiya başlanandan Prezident İlham Əliyevin prioritet tədbirləri sırasında ilk olaraq əhalinin sağlamlığı, rifahı və məşğulluğu dayanır: "Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb. Məşğulluğa, sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 paket reallaşdırılıb. Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 5 milyona yaxın vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə təqribən 3,5 milyard manat vəsait ayrılıb. Pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən insanların əməkhaqlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən qarşılanıb. Dövlət sektorunda 910 min işçidən karantin dövründə təxminən 80 faizi işə çıxmasa da, onların əməkhaqqı ödənilib, bununla yanaşı özəl sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyinin göstərilməsi tapşırığı verilib və artıq 320 min şəxs bu dəstəkdən yararlanıb. Həmçinin 2 milyon vətəndaşa sosial təminat növləri üzrə ödənişlərin davamlılığının təmin edilməsi bir daha dövlətimizin humanist mahiyyətini, onun siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını sübut edir. Bununla da 2020-ci il yanvarın 1-dən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı isə 751,3 minə çatıb”.


Əhalinin rifah halının yaxşılaşdırılması

S.Vəliyeva vurğulayıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir və vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır: "Aprel-may aylarında 600 minədək, iyul ayında 16 rayon və şəhər üzrə 290 minə yaxın aztəminatlı işsiz şəxsi əhatə edən aylıq 190 manat birdəfəlik ödəmə proqramının icra edilməsi, məşğulluq imkanlarının artırılması üçün ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması, özünüməşğulluq proqramı çərçivəsində minimum 12 min ailənin kiçik təsərrüfatların qurulması işlərinin aparılması, 85 min ailənin 350 mindən çox üzvünün ünvanlı dövlət sosial yardımı ilə, 100 minədək aztəminatlı ailənin ərzaq yardımı ilə, 20 minədək şəxsin işsizlikdən sığorta ödənişi ilə əhatə olunması işlərinin aparılması koronavirus pandemiyası şəraitində reallaşdırılan mühüm sosial müdafiə tədbirləridir. Bu gün Prezident İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur”.


İqtisadi sahəyə dəstək

Milli Məclisin deputatı Soltan Məmmədovda qeyd edib ki, COVID-19 pandemiyasının yaratdığı iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycan dövləti vətəndaşların sosial müdafiəsi üçün bütün mümkün addımları atır. Onun sözlərinə görə, bu, Prezidentin qeyd etdiyi kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha sübut edir: "Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. Tədbirlər Planının icrası məqsədilə ümumilikdə 3,5 milyard manat vəsait ayrılıb. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar sosial dəstək tədbirləri təqribən 5 milyona yaxın vətəndaşı əhatə edir. Bu çox ciddi göstəricidir və dövlətin vətəndaşların sosial rifahına nə qədər böyük önəm verdiyini nümayiş etdirir. Aprel-may aylarında 600 minədək, iyul ayında 290 minə yaxın aztəminatlı şəxsə 190 manat birdəfəlik ödəmənin verilməsi, eyni zamanda, iqtisadi sahəyə dəstək məqsədilə atılan addımlar dövlətin əsas məqsədinin məhz insanların sosial rifahını qorumaq olduğunu göstərir”.


Vətəndaşların mənafeyini qorumaq

Milli Məclisin deputatı 300 min muzdlu işçinin əməkhaqlarının bir hissəsinin dövlət tərəfindən maliyyələşdirildiyini, sahibkarlara dəstək məqsədilə bir sıra tədbirlər həyata keçirildiyini də xatırladıb. Bildirib ki, ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 85 minə çatdırılıb: "Bütün bunlar vətəndaşların mənafeyini qorumağa xidmət edir. Hesab edirəm ki, bu siyasət Azərbaycanda vətəndaşlarla dövlət arasında qarşılıqlı etimadı gücləndirən ən mühüm amillərdən biridir. Bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti bütün çətin vəziyyətlərdə belə öz vətəndaşını müdafiə etməyə, qorumağa qadir güclü bir dövlətdir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər