• şənbə, 27 Aprel, 02:51
  • Baku Bakı 14°C

Əsas vəzifə insanları qorumaqdır

11.06.20 18:52 6802
Əsas vəzifə insanları qorumaqdır
Azərbaycan dövləti mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün əlindən gələni edir
Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, bu virusa yoluxanların müalicəsinin yüksək səviyyədə təşkili, onların tezliklə sağalması istiqamətində görülən işlər birbaşa Prezident İlham Əliyevin nəzarətindədir. Virusun yayılmağa başladığı dövrdən dövlətimizin başçısının tapşırığına əsasən zəruri qabaqlayıcı, profilaktik və təxirəsalınmaz tədbirlər görülüb.Dövlət başçısının Sərəncamı ilə ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. İnsanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsi üçün mühüm qərarlar qəbul olunub. Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılıb. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar xaricdən alınaraq ölkəmizə gətirilib. Testlərin aparılması üçün ölkədə 20-dən artıq laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 360 minədək test keçirilib. Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanıb.

Mövcud imkanlar daha da genişlənəcək
Onu da vurğulamaq yerinə düşər ki, pandemiyanın ilk günlərindən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə təmas qurub və beynəlxalq qurumun aparıcı mütəxəssislərindən ibarət heyət mart ayında ölkəmizə səfər edib, vəziyyətlə yerində tanış olub. ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən martın 23-də Prezident İlham Əliyevə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib. Bu istiqamətdə görülən kompleks işlər çərçivəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə modul tipli 10 yeni xəstəxananın tikintisinin xüsusi əhəmiyyəti var. Bu, tətbiq olunan xüsusi karantin rejimi dövründə ölkənin səhiyyə sisteminin indiyədək görünməmiş bu qlobal çağırışa və arta biləcək xəstə sayına tab gətirməsi üçün mövcud xəstəxanaların infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır. İndiyə qədər Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda ümumilikdə 4 modul tipli xəstəxana kompleksi istifadəyə verilib. Daha 6 belə səhiyyə müəssisəsi iyun ayının sonuna qədər Gəncə, Şəki, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxıda istifadəyə veriləcək. Modul tipli xəstəxanaların istifadəyə verilməsi nəticəsində ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq, koronavirusla mübarizədə mövcud imkanlar daha da genişlənəcək. Bütövlükdə isə son 16 il ərzində Azərbaycanda 700-dən çox tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı təmir edilib.

Kritik vəziyyətə hazır olmaq
Sadalananlardan da göründüyü kimi, Azərbaycan dövləti mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün əlindən gələni edir. Həyata keçirilən tədbirlərin əsas məqsədi həm kritik vəziyyətə hazır olmaq, həm də ən böhranlı vəziyyətdə belə, bütün xəstələrə tibbi xidmətin göstərilməsini təmin etməkdir. Başlıca hədəf və vəzifə insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir. Bunun nəticəsidir ki, Azərbaycanda koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə qəbul edilir, orada müalicə alırlar. Ölkəmizdə koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz budur. İndiyə qədər xaricdən təxliyə edilən, vətənə gətirilən minlərlə vətəndaşımız da yoxlamadan keçirilib, 4-5 ulduzlu otellərdə, Atletlər Kəndində karantinə yerləşdirilib, səhhətində problem olmadığı halda evə buraxılıb. Hazırda bu proses qrafik üzrə davam etdirilir. Bütün bunlar vətəndaşlarımız tərəfindən razılıqla qarşılanır. Koronavirusla mübarizə sahəsində işləri təşkil edən qurumların - Operativ Qərargahın, İcbari Tibbi Sığorta Agentliyinin və TƏBİB-n fəaliyyəti yüksək qiymətləndirilir.

Vətəndaş məsuliyyətinin dəyəri
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva mövzu ilə bağlı bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın açılışlarda şəxsən iştirakı həkimlərimizin, tibb personalının gücünə güc qatır, xəstələrə inam aşılayır. Deputatın fikrincə, həm yeni səhiyyə ocaqlarının açılışı, həm də ali dövlət rəhbərliyinin açılışlarda iştirakı, təsirli nitqi ölkəmizdə koronovirusla bağlı psixoloji durumun gərginlikdən daha uzaq tutulması baxımından çox faydalıdır: "Dövlət başçısı və xanımının tibbi maskadan istifadə etməsi, Prezidentin tibbi maska taxmaqla bağlı dedikləri, bu mövzuda bir daha çağırışlar etməsi fərqləndirməli olduğumuz məqamlar sırasındadır. Bilgəh, Sumqayıt və Sarayda açılışı olan yeni modul tipli xəstəxana kompleksləri, açılışda dövlətin ali rəhbərliyinin iştirakı və orada dövlət başçısı tərəfindən verilən mühüm ismarıclar dövlət-xalq birliyinin, vətəndaş məsuliyyətinin dəyərini bir daha çox aydın şəkildə göstərdi. Biz pandemiya elan olunan gündən Azərbaycan dövlətinin, şəxsən dövlət başçısının atdığı addımları bir cümləyə sığdırmalı olsaydıq, deməliyik ki, İlham Əliyev üçün insanların sağlamlığı həmişə, birmənalı və tərəddüdsüz şəkildə birinci yerdə olub”.

Bütün xəstələr tibb müəssisələrində müalicə alır
Millət vəkili Q.Paşayeva qeyd edib ki, dövlətin qabaqlayıcı tədbirlərinin məqsədi ölkəni hazırkı durumdan daha çətin durumlara hazır vəziyyətə gətirməkdədir: "Üç yeni modul xəstəxanadan öncə paytaxtda başqa bir kompleks də açılmışdı. Daha 6 kompleksin bölgələrimizdə quraşdırılacağı rəsmi şəkildə bildirilib. Qabaqlayıcı tədbirlərdən söz açan cənab Prezident bu məqsədlə yeni laboratoriyalar alındığını, hazırda 20-dən çox belə laboratoriyaya malik olduğumuzu dedi. Xüsusi qeyd etməliyik ki, respublikamız bütün dünya miqyasında nadir ölkələrdəndir ki, "COVİD-19”-a yoluxduğu təsbit edilən bütün xəstələr tibb müəssisələrində müalicə alır. Bunu sözlə ifadə etmək asandır, lakin infrastrukturu, avadanlıqları, tibb personalını, peşəkar həkimləri, zəruri dərmanları göz önündə canlandırdıqda, nə qədər çətin bir işin öhdəsindən gəlməkdə olduğumuzu görürük. Amma dünya praktikası bu planda tamam başqa gerçəkliklərdən xəbər verir. Bu yerdə deməliyik ki Azərbaycan, "COVİD-19”-a qarşı mübarizə tədbirlərində, sadəcə, aid olduğumuz bölgədə deyil, ümumən dünyada fərqlənən - inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlı olduğunu nümayiş etdirən ölkədir”.

İnsanların sağlamlığı birinci yerdədir
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva da söyləyib ki, Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizədə bütün imkanlarını səfərbər edib. Deputat vurğulayıb ki, dövlət vətəndaşların sağlamlığının qorunması üçün maksimum tədbirlər həyata keçirir: "Görülən işlərin tam nəticə verməsi üçün vətəndaşlar öz məsuliyyətini anlamalı və qaydalara əməl etməlidirlər. İyunun 9-da yeni modul tipli xəstəxanaların açılışında Prezident İlham Əliyev də qeyd edib ki, onun üçün insanların sağlamlığı tərəddüdsüz olaraq birinci yerdədir. Ölkə rəhbəri vətəndaşların dövlətin həyata keçirdiyi tədbirləri dəstəklədiyini qeyd edərək bir daha insanları məsuliyyətli olmağa, nizam-intizama çağırıb. Çünki insanların böyük əksəriyyəti sosial məsuliyyətini dərk etsə də, müəyyən bir qism çağırışlara əməl etmir. Bu da virusa yoluxmanı artırır. Təəssüf ki, infeksiyanın geniş yayılmasına qarşı tətbiq olunan karantin rejiminin yumşaldılması ilə paralel şəkildə COVİD-19-a yoluxanların sayında artım müşahidə edilir. Bunun səbəbi bəzi insanlarda arxayınlıq yaranması, onların qoruyucu vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməmələridir”.

Pandemiya ilə mübarizəyə böyük töhfə
Millət vəkili deyib ki, indiyə qədər Azərbaycanın koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi tədbirlər dünya miqyasında təqdir edilir, ÜST tərəfindən yüksək qiymətləndirilir: "Prezident İlham Əliyev çıxışında pandemiya ilə dünya ölkələrinin mübarizəsi və ölkəmizin bu sahədə əməkdaşlığı haqqında fikirlərini bildirib. Dövlətimizin başçısı qeyd edib ki, səhiyyə sistemi həmişə nümunə göstərilən inkişaf etmiş bır sıra ölkələrdə ölənlərin sayı bizdə virusa yoluxanların sayından çoxdur. Hansı ki, onların əhalisi Azərbaycanın əhalisi ilə təxminən bərabərdir. Onu da xüsusi vurğulamaq lazımdır ki, pandemiya ilə mübarizə çərçivəsində Azərbaycan beynəlxalq miqyasda öz töhfələrini verir. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının videoformatda Zirvə görüşlərinin keçirilməsi də buna sübutdur. Avropa İttifaqı isə ilk dəfə olaraq Qoşulmama Hərəkatının tədbirinə yüksək səviyyədə qoşulub. Bu prosesdə Azərbaycan dünyada birləşdirici rol oynadı. Təsadüfi deyil ki, hər iki tədbirin keçirilməsinə görə beynəlxalq miqyasda Azərbaycanın rolu çox yüksək qiymətləndirildi. Digər vacib məqam Azərbaycanın bir sıra ölkələrə yardım göstərməsidir. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan indiyə qədər fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərib. O ölkələr ki, buna onların ehtiyacı var. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Həmin 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Bundan əlavə, Azərbaycan fərdi qaydada üç beynəlxalq təşkilata ianə verib. Beləliklə, dövlət başçısının qeyd etdiyi kimi, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Həyata keçirilən tədbirlər onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda koronavirus pandemiyası ilə mübarizəyə böyük töhfələr verir”.

Sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva isə bildirib ki, ölkəmizdə koronavirusdan ölənlərin sayının az olması dövlətin atdığı qabaqlayıcı addımların, həmçinin həkimlərin peşəkarlığının və fədakarlığının hesabınadır: "Ən inkişaf etmiş ölkələr bu xəstəliklə mübarizədə böyük problemlər yaşayır və hər gün yüzlərlə insan vəfat edir. Halbuki, başqa vaxt həmin inkişaf etmiş ölkələrin "qabaqcıl” səhiyyə sistemindən ağızdolusu danışılırdı. Lakin qlobal bir sınaq hansı dövlətin və xalqın nəyə qadir olduğunu, hansı keyfiyyətləri özündə daşıdığını nümayiş etdirdi. Bununla belə, dövlətimizin qüdrəti, həkimlərimizin peşəkarlığı heç kəsdə rahatlıq yaratmamalıdır. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və cəmiyyətimizi qorumaq üçün sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət etməlidir. İnanırıq ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqəti, qayğısı, dövlətimizin dəstəyi, həkimlərimizin səyləri nəticəsində Azərbaycan koronavirus pandemiyasından az itki ilə çıxacaq”.

Həkimlər və polislər fədakarlıq nümayiş etdirirlər
Millət vəkili vurğulayıb ki, koronavirus pandemiyası ilə mübarizədə həkimlər və polislər böyük fədakarlıq nümayiş etdirirlər: "Polislərimiz gecə-gündüz ictimai asayişi qorumaq, qayda-qanunlara riayət olunmasını təmin etmək üçün var qüvvələri ilə çalışırlar. Həkimlərimiz isə öz həyatlarını təhlükə qarşısında qoyaraq koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağlamlığını bərpa etmək üçün bütün imkanlardan istifadə edirlər. Həkimlər var ki, 70 gündür evə getmirlər. Məsuliyyətsizlik üzündən, yaxudimmunitetin zəifliyindən bu virusa yoluxan xəstələri sağlam şəkildə həyata qaytarmaq üçün həkimlərimiz gecə-gündüz çalışırlar. Azərbaycan həkimlərinin vətənpərvərliyi və fədakarlığı sözün əsl mənasında xalqımızın koronavirus pandemiyasının ağır sınaqlarından uğurla çıxmasında mühüm rol oynayır. Həkimlər pandemiya dövrünün insanlar üçün həyati əhəmiyyət daşıyan vəzifələrini şərəflə həyata keçirərək dövlətimizin də, xalqımızın da etimadını qazana biliblər. Eyni zamanda, dövlətimiz və Prezidentimiz həkimlərin fədakarlığını yüksək qiymətləndirir, onları ayaq üstə alqışlayır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər