“Əsas strateji hədəfimiz – təhsilin keyfiyyətinin artırılmasıdır”
Bir il
öncə Azərbaycan Tibb Universitetində yeni təyinat baş verdi. Professor Gəray Gəraybəyli
bütün karyerasını həsr etdiyi doğma universitetin rektoru təyin olundu.İstənilən
sahədə bir il - hesabat vermək üçün
ilkin mərhələ sayılır. Bu müddətdə Azərbaycan Tibb Universitetində
nələr dəyişdi, yeni rektor hansı sahələrə diqqəti daha da artırdı? Hədəflər nə
idi və bir ildən sonra gözləntilərin doğrulduğunu demək olarmı? Bütün bunlar
haqqında ATU rektoru, professor Gəray Gəraybəyli ilə müsahibəni təqdim edirik:
- Artıq bu işə başlamağınızın bir il tamam oldu. Yəqin
ki, yeni işə başlayanda müəyyən dövr üçün hədəfləriniz olub. İndi keçən müddətə
baxanda, nə demək olar – qarşıya qoyulan hədəflərlə nə dərəcədə nail olundu?
-Bir il -
bir tərəfdən qısa, digər tərəfdən isə kifayət qədər böyük bir dövrdür. İndi
geriyə baxanda, deyə bilərəm ki, 1 il çox tez keçib getdi. Və bu bir ilin hər
gününü çox gözəl xatırlayıram. Çünki bu günlər çox gərgin, hadisələrlə zəngin günlər
oldu.Əlbəttə
ki, əsas hədəf universitetin gələcək inkişafı ilə bağlıdır. Bunun üçün ilk əvvəl universitetdə bütün istiqamətlər
üzrə fəaliyyətini monitorinq etmək qərarını verdim. Məqsəd də o idi ki, ən çətin,
ən zəif bəndləri aşkarlayım və imkan olduqca, bu problemlərin həlli yollarını
tapaq. Hesab edirəm ki, bu bir ildə qarşıya qoyulan hədəflərin böyük əksəriyyətinə
nail olmuşuq.
- Bu bir ildə tədris prosesində nələr dəyişdi?
Bildiyimiz qədər, dövlət imtahanlarına qədər bir çox yeniliklər tətbiq olundu.
Artıq hansısa nəticələrdən danışaq olarmı?
-Əsas strateji hədəfimiz tədrisin keyfiyyətinin
yaxşılaşdırılmasıdır. İstəyirik
ki, ATU-nun məzunları
artıq bilikli, tam yetişmiş həkim kimi universiteti bitirsinlər.
Bunun üçün də imtahanlar, tədris prosesinin təkmilləşdirilməsi ən
vacib meyarlardan biridir. Bu
məsələ ilə bağlı əsasən
2 istiqamətdə işlər aparılıb. Birincisi obyektivliyin, şəffaflığın artırılması,
hansısa subyektiv faktorların aradan qaldırılması, ikincisi - tələbələrin praktiki vərdişlərinin yüksəldilməsi.Bizim tələbələrimizin əksəriyyəti yüksək nəzəri biliklər nümayiş etdirirlər.
Lakin praktiki vərdişlər istədiyimiz səviyyədə deyil. Məhz bu istiqamətdə bu bir il ərzində konkret işlər görülüb. Məsələn, artıq dövlət imtahanları iki formada aparılır: həm şifahi nəzəri
biliklərin yoxlanılması üçün test imtahanları, həm də bilikləri və praktiki vərdişləri
nümayiş etdirmək üçün beynəlxalq OSKİ imtahanları tətbiq edilir. Bu sistem ötən ilin yayında universitetimizdə
ilk dəfə tətbiq
olundu. Bu imtahanlarda iştirak edən tələbələrin həqiqi rəyini öyrənmək üçün
imtahan aparılan mərkəzlərdə anonim qutular yerləşdirdik. Nəticədə, fərqli məktublar
aldım. Tələbələr yeni sistemin tətbiqindən razılıq edirdilər. Hətta OSKİ
imtahanlarının digər kurslarda, yəni kliniki
fənnlərdə də tətbiqini təklif edirdilər. Bu, çox sevindirici bir haldır.
Gələcəkdə kliniki bazaya gedən tələbənin öz imtahanını həm vərdiş, həm kliniki
formada verə bilməsi üçün işləri davam etdiririk.Digər tərəfdən,
bu ildən birinci kursların kurs imtahan forması də dəyişdi. Çünki bir neçə il
bundan öncə universitetin keçmiş rəhbərliyinin
təşəbbüsü ilə ATU- da test imtahanları tətbiq edildi. Məqsəd şəffaflığa nail
olmaq, müəllim-tələbə münasibətlərində xoşagəlməz və neqativ halların qarşısını
almaq idi. Buna da nail olundu. Təəssüf ki, artıq bu test imtahanlarında da
problemlər yaşanır. Məsələn, tələbələr cavabları öncədən əldə edirdilər. Açıq
deyirəm, bəzən tələbələrə cavabları satırdılar. Biz də istədiyimiz obyektivliyi
itirdiyimiz üçün beynəlxalq təcrübədən istifadə etdik, mütəxəssisləri dəvət
etdik. Bu şəxslər ATU-nun müəllimləri deyil, sırf testlə məşğul olan nümayəndələrdir.
Onların artıq bir neçə Avropa ölkələrində: Almaniya, İsveçrə və s. Digər ölkələrdə
təcrübələri var. Biz onları dəvət etdik, fikirlərini öyrəndik.Artıq
birinci kursların qış imtahan sessiyasında sınaqlar yeni üsulla aparıldı. Bu
yenilik həm imtahan zamanı tələbəyə verilən vaxtda, həm də sualların keyfiyyətində
özünü göstərdi. Biz imtahandan bir ay öncə
sualları internetə yerləşdirdik. Bu, tələbəyə öz-özünü təkmilləşdirməsinə imkan
verir. Müşahidə edirdik ki, tələbələr hər dəfə suallardan daha çox bal
toplayır. Demək tələbə hər dəfə daha yaxşı hazırlaşır, özünü təkmilləşdirir.
- Universitetin özəyini
peşəkar kollektiv təşkil edir. Bəs müəllim heyətinin
ixtisasını artırmaq üçün hansı addımlar atılır?
-Tamamilə
razıyam, peşəkar kollektiv hər bir ali təhsil ocağının əsasıdır.Əvvəla, son bir ildə biz
professor məsləhətçi vəzifəsini təsis etdik. Hər bir kollektivdə olduğu kimi,
bizdə də ağsaqqal, böyük təcrübəyə malik mütəxəssislərimiz,
müəllimlərimiz var. Onlar
bizim Qızıl
fondumuzdur, onların təcrübəsindən
daim yararlanmalıyıq. Eyni zamanda, elm və səhiyyə daim inkişaf edir. Biz xaricdə
təhsil alan, orada praktikadan keçən, müxtəlif dillər bilən həkimlərimizdən, gənc
kadrlardan da müəllim kimi istifadə etməliyik. Ona görə də professor məsləhətçisi
vəzifəsini təsis etməklə həm yaşlı kadrların sosial statusunu, kafedradakı yerlərini
qoruya bildik, həm də gənc kadrlara yol açmış olduq.Digər tərəfdən,
müəllim də daim öz üzərində işləməlidir. Müəllim nə vaxtsa aldığı biliyi, hər
il eynilə tələbəyə ötürə bilməz. Bəzən elə olur ki, müəllimlər elə 30 il bundan əvvəl oxuduğu mühazirəni yenə
auditoriya qarşısında oxuyur. Artıq hər kəsin internetə çıxışı var, tələbələr hər
şeydən məlumatlıdırlar. Buna görə də biz bu il müəllimlərin biliklərini
yoxlamaq üçün reytinq bal şkalası üzrə xüsusi komissiya yaratdıq. Bu bal
reytinq şkalasında müəyyən bəndlər tələbənin müəllim haqqında fikrini ifadə
edir. Ola bilər ki, müəllim güclü bir mütəxəssisdir, amma pedaqoq kimi zəifdir.Bir neçə
ay bundan öncə ilk olaraq innovasiya şöbəsinin nəzdində yeni "Təhsilin keyfiyyətinin
təminatı və innovasiya” şöbəsi yaradıldı. Məhz bu şöbə tələbələri deyil, müəllimlərin
necə dərs apardıqlarını yoxlayacaq. Bizim
universitetdə xaricdə oxumuş, Avropanın tədris sistemini bilən mütəxəssislərimiz
də var. Mən onlarla görüşmüşəm, onların tədris prosesinə qatılmasının tərəfdarı
olduğumu bildirmişəm. Biz artıq beynəlxalq əlaqələrimizdən də istifadə etməyə
başlamışıq. İnanıram ki, bunların hər biri bu işə müsbət təsirini biruzə verəcək.
- Tələbə olmasa universitet də olmaz. Bildiyimiz qədər,
tələbələrin rəyi sizin üçün önəmlidir. Hətta onları daha yaxşı eşitmək, istəklərini
öyrənmək üçün xüsusi görüşlər də keçirirsiniz. Tələbələr nə istəyirlər?
-Tələbələrin
istəklərinin böyük əksəriyyəti keyfiyyətli
tədrislə bağlıdır. Bəzən, müəyyən müəllimlərdən şikayətlər olur. Dərsliklər və
informasiya mənbələrinin qıtlığından da gileylər olur. Bizim tədris proqramımızın digər xarici ölkələrin
proqramlarından fərqli olduğunu da deyirlər. Çünki sonradan bu, təhsilini
xaricdə davam etdirmək istəyən tələbələrə çətinlik yaradır. Bəzi tələbələr
praktiki məşğələlərin az olmasından şikayət edirlər, müəyyən patologiyalar üzrə
xəstələr klinikalara daxil olmadığından, həmin xəstəliyin gedişini əyani
müşahidə edə bilmirlər. Azsaylı sosial xarakterli şikayətlər də olur.
- Tibb elmi yerində saymır, hər gün hansısa yeniliklər
barədə xəbərlər yayılır. ATU həm də elm ocağıdır. Elmi tədqiqatların aparılması
üçün hansı şərait var və gənc alimlərimizdən gözləntilər özünü doğruldurmu?
-Elm hər
bir universitetin vacib tərkib hissəsidir, bu olmasa, keyfiyyətli təhsildən
danışa bilmərik. Elmi Şurada səslənən son hesabata arxalanaraq deyə bilərəm ki,
universitetimizdə elmi işlərin yüksək səviyyədə araşdırılması üçün kifayət qədər
şərait var. Azərbaycanda ayrı heç yerdə olmayan elektron mikroskop ATU-da var. Müxtəlif sahələrdə araşdırma aparmağa
imkan verən labarotoriyalarımız, elmi tədqiqat mərkəzimiz var. Onların bəzilərini
yeniləməyi planlaşdırırıq.Hazırda əsas
hədəfimiz xarici ölkələrin universitetləri ilə qarşılıqlı elmi işlər
aparmaqdır. Bunun üçün biz müxtəlif universitetlərlə qarşılıqlı əməkdaşlıq
sazişləri bağlayırıq. Və bu haqda müraciətlərin sayının artması sevindirici
haldır.ATU-da rezidentlərin
və gənc alimlərin konfranslarınn keçirilməsi bizim gözəl ənənələrdən biridir. Bunlar
artıq ənənəvi xarakter alıb. Bir neçə ay əvvəl Tələbə Elmi Cəmiyyətin konfransı
baş tutub. Bir neçə gün öncə 3 tələbəmiz Rusiyada keçirilən elmi festivalda
iştirak ediblər, hətta 1-ci yeri qazananı da olub. Bunlar da tələbələrimizin fəallığını
göstərir. Ancaq hələlik tələbələrimizin elmi tədqiqat sahəsində iştirakından
tam razı olduğumu deyə bilmərəm.
- Və sonda – həkim-müəllim olmaq rahatdı, yoxsa
rektor?
-Əlbəttə,
həkim-müəllim olmaq asandır. Yəqin ki, hər bir insanda anadangəlmə hansısa bir
sahəyə maraq, daxili cəzbetmə qüvvəsi olur. Mən həmin hissin təsiri ilə ATU-ya
gəldim. Qismət elə gətirdi ki, elə bu universitetdə çalışmağa davam etdim. Uzun
illər həkim və müəllim kimi fəaliyyət göstərdim. Açığı, indinin özündə də kafedramızda
həm müəllim, həm həkim olaraq çalışıram. Və bu fəaliyyət hazırda rektor kimi üzərimdə
olan məsulliyyətin öhdəsindən gəlməyə, emosional baxımdan bərpa olunmağıma kömək
edir.