“Əsas kriteriyamız layihənin maraqlı olmasıdır”
Azərbaycan Respublikasının Prezidenti
yanında Gənclər Fondu tərəfindən keçirilən 10-cu qrant müsabiqəsi ötən ay başa
çatdı, nəticələr açıqlandı. Müsabiqəyə "A” (gənclər təşkilatlarının
yerli layihələri), "B” (gənclər təşkilatlarının beynəlxalq layihələri) və "C”
(fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 2017-ci il aprelin 24-dən
mayın 15-dək 1799 layihə təklifi daxil olub. 568 layihə barəsində müsbət qərar
qəbul edilib. Müsabiqənin yekunları ilə bağlı fondun icraçı direktoru Fərhad
Hacıyevlə söhbətləşdik.
-
10-cu qrant müsabiqəsi başa çatdı. Gəlin, əvvəlcə daha öncəki, 9-cu müsabiqədən
danışaq. Nəticə necə oldu?
- İlk olaraq qeyd edim ki, bizim
fond ölkə başçısının şəxsi təşəbbüsü ilə yaradılıb. Əsas məqsəd isə gəncləri
maraqlandıran, düşündürən, bugünkü maraqlarına cavab verən layihələri həyata
keçirmələrinə şərait yaratmaqdır. İndiyə qədər keçirdiyimiz 10 müsabiqənin hər
biri digərlərindən fərqlənib, maraqlı olub. Hələ lap əvvələ qayıtsaq, birinci dəfə
biz bu müsabiqəni təşkil edəndə, 19 fərdi layihə daxil olmuşdusa, sonuncuda bu
rəqəm 1800-ə yaxınlaşmışdı. 100 dəfəyə yaxın artım var. Bu ona dəlalət edir ki,
gənclər bizə inanırlar, onların aktivliyi artıb. Birinci müsabiqədə təqdim
olunan layihələr yalnız Bakıdan idisə, indi ən ucqar kəndlərdən də daxil olur.
O layihələr təkcə şəhərin mərkəzlərində deyil, kənd məktəblərində, klublarda,
hansısa dərnəklərdə, düşərgələrdə, regionlarda keçirilir. Bizim də əsas məqsədlərimizdən
biri region gənclərinin aktivliyini artırmaq, onların ölkədə həyata keçirilən
böyük işlərdə iştirakçı qismində çıxış etmələrinə imkan yaratmaqdır. Bu mənada,
9-cu müsabiqəmiz uğurları ilə yadda qaldı. Əsas uğurumuz regionlarla bağlı
layihələrə üstünlük verilməsi oldu. İndi biz 9-cu müsabiqə layihələrinin
hesabatlılıq prosesindəyik. Görürük ki, həqiqətən də regionda layihələr daha
böyük maraqla qarşılanır, daha böyük həvəslə həyata keçirilir. Xüsusilə region
məktəblərində yuxarı sinif şagirdləri arasında keçirilən layihələr maraqla
qarşılanır. Bundan sonrakı müsabiqələrdə də regionları diqqətdə saxlamağa
çalışacağıq.
-
Regionlarla bağlı layihələrin çox olması müsbət haldır. Maraqlıdır, layihəni təklif
edənlər regionda yaşayan gənclərdir, yoxsa Bakıda fəaliyyət göstərənlər bu təşəbbüslə
çıxış edirlər? Regionlarda yaşayan gənclər nə dərəcədə aktivdirlər?
- Bəli, bəzən Bakıda fəaliyyət
göstərən gənclər təşkilatları regionlarda layihələr icra edirlər. Bu
qaçılmazdır. Bizim regionlardakı gənclər təşkilatlarının sayı Bakıdakı kimi çox
deyil. Hər regiona 2-3 təşkilat düşürsə, Bakıda onların sayı dəfələrlə çoxdur.
Müsabiqədə bizim yazılmamış bir şərtimiz var ki, hansısa regionla bağlı layihə
təqdim edən şəxs həmin regionda qeydiyyatda olsun. Təbii ki, heç kimə bu sahədə
qadağa qoya bilmərik, amma bu arzuolunandır. Öz regionu ilə bağlı layihə təklifi
olanda biz ona üstünlük veririk. Çünki şəxs yaşadığı yerin problemlərini, həyat
tərzini, adət-ənənələrini daha yaxşı bilir. Amma layihə maraqlıdırsa, biz onu müəllifinin
qeydiyyatda olduğu yer məsələsinə baxmadan da qəbul edirik. Azərbaycan
Respublikasının vətəndaşıdırsa, istənilən yer üçün verə bilər.
-
9-cu müsabiqənin regionlarla bağlı layihələrlə seçildiyini dediniz. Bəs 10-cu
qrant müsabiqəsində fərqli nə olacaq?
- Vətənpərvərlik, sağlam həyat tərzinin
təbliği, ictimai həyatda aktivliyin artırılması, ekologiyanın qorunması kimi ənənəvi
istiqamətlərimiz var. Bununla yanaşı, hər müsabiqədə layihə təklifi ilə bağlı
yeni istiqamətlər müəyyən edirik. 10-cu müsabiqədə də belə yeniliklər oldu.
İctimai həyatda davranış qaydalarının aşılanması məsələsi istiqaməti əlavə
olundu. Çünki həmin problem bu gün çox adamı narahat edir. Könüllülük hərəkatının
inkişafı da yeni bir bölmə oldu. Ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyevanın
təşəbbüsü ilə böyük miqyaslı tədbirlərin keçirilməsindən sonra bu istiqamət geniş
vüsət alıb. Gənclərin peşə seçimi məsələsinə yardımçı olacaq təlimlərə diqqət
ayırmışıq. Bundan başqa, regionlarda kənd təsərrüfatı ilə məşğul olan gənclərə
müəyyən məlumatların verilməsi, ümumiyyətlə, biznes biliklərinin aşılanması
kimi sahələrə bu dəfə xüsusi üstünlük vermişik. Vətənpərvərlik mövzusu da bizdə
hər zaman önəmli olub. Ulu öndər Heydər Əliyev gənclərimizi vətənpərvər görmək
istəyirdi. Onun ideyalarında, yürütdüyü siyasətdə də bu məsələ önəm daşıyırdı.
Aprel döyüşlərindən sonra vətənpərvərlik mövzusu böyük aktuallıq kəsb edir, gənclərimiz
də böyük maraq göstərirlər. Biz də bunları nəzərə alaraq vətənpərvərlik istiqamətində
olanlara üstünlük verdik.
-
Layihəsi qəbul olunmayanlar çox vaxt deyirlər ki, yaxşıydı, amma qəbul etmədilər.
Maraqlıdır, kriteriya olaraq nəyi əsas götürürsünüz, hansı layihələr kənarda
qalır?
- Layihəsi olan istənilən gənclə
söhbət edərkən görürsən ki, hamısının təsəvvüründə öz layihələri ən yaxşı və
daha vacibdir. Gənclər maksimalistdir, biz də heç kimin xətrinə dəyməməyə
çalışırıq. Amma hamının layihəsi dəstəklənə bilməz. Həm büdcə məhdudiyyəti, həm
də layihənin gündəmlə uzlaşması məsələsi var. Bizim əsas kriteriyamız layihənin
maraqlı olmasıdır. İstənilən halda layihə bugünkü çağırışlara cavab verməlidir.
21-ci əsrdə yaşayırıq, müstəqil ölkənin gəncləri dünya vətəndaşları ilə ayaqlaşmalıdır.
Onların fəaliyyəti, həyatı dünya vətəndaşından geri qalmalı deyil. Dövlətimizin
imkanları, gənclərimiz üçün yaradılan şəraitlər bunu diqtə edir. Ona görə layihə
maraqlı olmalıdır. İkincisi, layihənin dəyərləndirməsi ilə büdcənin uyğunluğunu
nəzərə alırıq. Bəzən gənc böyük bir televiziya layihəsi təklif edir. Biz o
layihənin büdcəsini hesablayanda çox böyük bir məbləğ ortaya çıxır. Gənc isə
deyir ki, 3-4 min manata edərəm. Bu zaman biz həmin layihənin o məbləğlə icra
olunacağının qeyri-real olduğunu düşünürük. Başa düşürük ki, o gənc heç vaxt
televiziya ilə bağlı layihədə çalışmayıb. Çünki televiziyada hansısa bir layihə
təqdim etmək heç də asan və az məbləğlə başa gəlmir. Adi bir neçə dəqiqəlik
videoçarxın çəkilməsi bəzən böyük bir komanda işi, xeyli maliyyə tələb edir. Bəzən
də kiçik bir iş üçün böyük büdcə tələb edirlər. Hansısa 2 günlük təlim üçün
şişirdilmiş məbləğ istənilir. Təbii ki, o cür layihələr kənarda qalır. Müsabiqə
öncəsi bəzi prioritetlər müəyyənləşdiririk. Onlardan kənar olan layihələr dəstəklənmir.
Amma layihə fövqəladə maraq kəsb edərsə, biz o prioritetlərdən də güzəştə
gedirik.
-
Bir çox layihələrdə iştirak edirik. Bəziləri çox gözəl keçirilsə də, bir
qismində əksini görürük. Layihələrin icra olunmasına nəzarət mexanizmi necədir?
Keyfiyyət Fondu qane edirmi?
- Bizim kollektivimiz balacadır.
Hər müsabiqədə 400-600 layihəni dəstəkləyirik. Onların hamısına nəzarət etmək,
monitorinqini aparmaq təbii ki, mümkün deyil, bizim o imkanımız yoxdur. Amma
biz layihələrdə hesabatlılıqda maliyyə hesabatı ilə yanaşı, foto və video
hesabatı da istəyirik. Foto və video hesabat üçün də maliyyə ayrılır. O bəndə
xüsusi diqqət ayırırıq. Szinlə razıyam ki, bütün layihələr heç də öncə
danışılan, təqdim olunan kimi keçirilmir. Onlar maliyyə hesabatı zamanı nəzərə
alınır. Biz maliyyənin 70 faizini layihə keçirilməmişdən öncə ödəsək də, 30
faizi hesabat qaydasında olanda köçürürük. Hesabat düzgün olmayanda, maliyyənin
müəyyən hissəsini kəsib dövlət büdcəsinə qaytarırıq ki, növbəti layihələrə sərf
olunsun. Layihələrin böyük əksəriyyətində nümayəndə iştirak edir, müşahidə
aparır, gəlib bizimlə bölüşür. Hər müsabiqədən sonra biz böyük gənclər təşkilatlarının
rəhbərlərini də dəvət edib icra sahəsində olan mövcud problemlərin həlli
istiqamətində fikir mübadiləsi aparırıq. Düzü, icraya nəzarəti 100 faiz təmin
edəcək bir mexanizm tapılmayıb. Bu təkcə bizim problem deyil. Dünyada bu sahədə
çalışan şəxslərlə də əlaqələrimiz var, onlar da buna tam nəzarət etməyin mümkün
olmadığını deyirlər. Ya gərək dəstəklənən layihələr qədər əməkdaş olsun ki,
gedib nəinki müşahidə etsin, həm də iştirakçı olsunlar. Yaxud da ki, cəza
mexanizmi olaraq maliyyəsi kəsilsin.
-
Layihələrin icra keyfiyyəti ildən-ilə necə dəyişir?
- Əvvəllər bizimlə əməkdaşlığa səthi
yanaşan təşkilatlar son illər məsələnin ciddiliyini anlayıblar, nəzarətin gücləndiyini
bilirlər. Bir çox QHT və layihəsi qalib gələnlər əvvəllər hesabatın çətin
olmasından gileylənirdilər, bildirirdilər ki, gənclər təşkilatları, gənclər
layihə keçirərkən bir az sərbəst olmalıdırlar. Biz əslində sərbəstlik veririk.
Heç vaxt layihəni harda keçirmələri, hansı təşkilatla keçirmələri və s. kimi
işlərə qarışmırıq. Hamısı gəncin, yaxud təşkilatın öz işidir. Bizə lazım olan
layihədə əks olunanların icrasıdır. Heç də bütün hallarda bu belə olmur. Hər
müsabiqədə layihələrin icrası zamanı maraqlı faktlar üzə çıxır. Müsabiqədən
sonra onlar nəzərə alınır, neqativ halların aradan qaldırılması üçün müəyyən tədbirlər
həyata keçirilir. Biz hüquq mühafizə orqanı deyilik ki, cəzalandıraq. Gənclərlə
işləyən bir qurum kimi onları da başa düşürük. Bəzən gənc maraqlı bir layihə təqdim
edir, qəbul edirik. Amma layihənin icrası zamanı təcrübəsi olmadığı üçün müəyyən
problemlərlə qarşılaşır. O halda biz gəncə müəyyən güzəştə getməyə çalışırıq.
Ümumiyyətlə, layihələr əməkdaşlar arasında bölünür, hərəsinin öz kuratoru var.
Layihələr icra olunmamışdan əvvəl gənclərə nələri bilməli olmaları ilə bağlı təlim
də keçirik. Yüz faiz olmasa da, böyük əksəriyyətinə nəzarət edilir.
- Təqdim
olunan layihələr gözləntiləri doğruldur? Daha hansı layihələrin təqdim edilməsini
gözləyirsiniz?
- Bəzi sahələrdə doğruldur, bəzisində
yox. Məsələn, vətənpərvərlik sahəsi doğruldur. Artıq 20 ildir gənclər sahəsində
işləyirəm və böyük fərq olduğunu deyə bilərəm. 21-ci əsrdə məlumat sərhədləri
açıqdır, informasiyanın ötürülməsi üçün saniyələr lazım olur. Demək olar ki,
dünyanın çox yerində bütün milli məsələlər silinir. Azərbaycanda vətənpərvərlik
ruhu inkişaf edir. Gənclərimizin vətənə, torpağa, elinə-obasına olan münasibəti
daha da güclənir. Düzdür, gəncləri həmişə tənqid etmək olar. Bəşəriyyət
yaranandan həmişə yaşlı nəsil gəncləri tənqid edib. Amma gənclərin içində
olanda bu daha çox hiss olunur. Məsələn, mən kənd yerlərində olan layihələrə
üstünlük verilməsini istəyərdim. Söhbət təlimlərdən, düşərgələrdən getmir. Məsələn,
kənd təsərrüfatı sahəsinə gənclərin marağını artıracaq, informasiya
texnologiyalarına diqqətlərini yönəldəcək layihələr çox olsa gözəl olar.
Dünyada müəyyən trendlər var və gənclərimiz onlarla ayaqlaşmalıdır. Dövlət şərait
yaradıbsa, niyə ondan səmərəli yararlanmayaq? Niyə gənc layihəni icra etməklə həm
özünə, həm də dövlətinə xeyir verməsin? Bu gün istifadə etdiyimiz sosial şəbəkələr
hansısa gəncin bir təşəbbüsünün nəticəsidir. Niyə bizim gənclər bu sahədə aktiv
olmasınlar? Bədii sahədə də layihələr maraqla qarşılanar. Yaxud teatr və kinoya
da önəm vermələrini istəyərdim. Düzdür, belə layihələr indi var. Hansısa bir
sosial məsələni qabartmaq üçün qısa tamaşalar edirlər, maraqlı alınır. Xüsusilə
gənclərdən ibarət o truppalar regionlarda o tamaşaları göstərəndə daha effektli
olur. Çünki insanları düşündürür. Sosial çarxlara önəm vermək lazımdır. Aktiv,
yaradıcı potensialı olan gənclərimiz çoxdur və onların bu mövzuya fkir vermələrini
istəyərdim.
Aygün Asimqızı