AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistanın növbəti diplomatik-siyasi məğlubiyyəti

Ermənistanın növbəti diplomatik-siyasi məğlubiyyəti

Siyasət
17 Fevral 2020, 17:49 1434
Prezident İlham Əliyev erməni baş nazir Nikol Paşinyanı beynəlxalq ictimaiyyətin gözü qarşısında darmadağın edib

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Selest Volenderin moderatorluğu ilə keçirilən müzakirədə Prezident İlham Əliyev münaqişənin yaranma tarixinə nəzərə salıb. Bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. O, bunun tarixi həqiqət olmaqla yanaşı, beynəlxalq hüququn normalarına əsaslandığını dilə gətirib. Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Prezident İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Prezident qətiyyətlə bəyan edib ki, sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir. 
 

 
Dəmir məntiq qarşısında çaşqın durum
 
Azərbaycan Prezidentinin konkret faktlara istinad etməklə həqiqətləri dilə gətirməsi ingiliscə danışmaqda, fikrini ifadə etməkdə əziyyət çəkən N.Paşinyanı olduqca çətin duruma salıb. Prezident İlham Əliyevin dəmir məntiqi qarşısında çaşqın duruma düşən baş nazir vəziyyətdən çıxmaq üçün müxtəlif yalanlar səsləndirib. Bu isə onu növbəti dəfə gülüş hədəfinə çevirib. Beləliklə Prezident İlham Əliyev erməni baş nazir N.Paşinyanı beynəlxalq ictimaiyyətin gözü qarşısında darmadağın edib, onun timsalında Ermənistanı bir daha ifşa edib. Bununla da N.Paşinyan növbəti dəfə məğlubiyyətin acısını dadmalı olub. Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, politoloq Aydın Mirzəzadə bildirib ki, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri N.Paşinyanın Münxen görüşündən Azərbaycan tərəfi qalib çıxıb. Onun fikrincə, bu görüş olduqca vacib idi: "Paşinyanın cavabları ritorika və dünya ictimaiyyətini aldatmağa cəhddən başqa bir şey deyildi. Baxmayaraq ki, Ermənistanın baş naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən deyil, bu müharibədə iştirak etməyib, amma bununla belə hiss edilir ki, hakimiyyət dəyişsə də, Ermənistan dövlətinin Azərbaycan torpaqlarına iddiası məsələsində heç nə dəyişmir. Onlar hər vəchlə Azərbaycanın bir bölgəsində yaşayan milli azlığın müstəqil dövlət yaratmaq ideyasını beynəlxalq birliyə sırımağa çalışır. Amma bu, onda çox uğursuz alınır. Onun metodikası ilə gedilsə, gərək dünyada 10 min dövlət ola. Paşinyan hiss etdi ki, beynəlxalq auditoriya da ona inanmır, dedikləri həm beynəlxalq hüquqla, həm də normal təfəkkürlə düz gəlmir”.
 

 
Torpağının məsuliyyətini hiss edən lider

A.Mirzəzadə qeyd edib ki, Prezident İlham Əliyevin Paşinyana cavabı Vətəninə bağlı olan, torpağının məsuliyyətini hiss edən bir liderin cavabları idi: "Cənab Prezident görüşdə Ermənistanın beynəlxalq hüquq normalarını pozması, Azərbaycan tarixi və mədəniyyətinə vurulan ziyan barədə çox ciddi faktlar gətirdi. Dövlət başçısı Ermənistanın heç bir halda Azərbaycan torpağına haqqı olmadığını ictimaiyyətin diqqətinə çatdırdı. Eyni zamanda, süngü hesabına yaradılan qondarma rejimin bu gün Ermənistan da daxil olmaqla dünyanın heç bir dövləti tərəfindən tanınmadığını dilə gətirdi. Prezident İlham Əliyev bu görüşdəki çıxışı ilə Azərbaycanın diplomatik sahədə növbəti uğurunu qazandı. Dövlət başçısı Azərbaycanın haqq səsini növbəti dəfə dünyaya çatdırdı. Bununla da Paşinyan növbəti dəfə məğlubiyyətin acısını dadmalı oldu. Prezident İlham Əliyev faktlarla, məntiqlə Paşinyanın bütün iddialarını darmadağın etdi. Hesab edirəm ki, bu görüşlə Azərbaycan Prezidentinin səsi Ermənistanın sadə vətəndaşına da çatdı. Dünən sosial şəbəkələrdə həmin görüş erməni dilinə sinxron tərcüməsi ilə verildi. İşğalın Ermənistan üçün nə qədər ağır faciələrə səbəb olduğunu sadə erməni vətəndaşlarının bilməsi də vacibdir. Dünənki polemikanı Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin uğuru hesab edirəm”.
 

 
Prinsipial mövqeyimizin dünyaya bəyan edilməsi
 
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa qeyd edib ki, dünyaya yalanı utanmadan üfürən bir millətin və dövlətin təmsilçisinin davranışları qarşısında soyuqqanlılığı qorumaq çox ağırdır. O bildirib ki, bu gərgin psixoloji duruma rəğmən erməni həyasızlığına qarşı həqiqətləri dünyaya hayqırmaq missiyasını Azərbaycan Prezidenti İlham Əliyev yüksək səviyyədə yerinə yetirib: "Azərbaycan Prezidenti İlham Əliyev istər tarixi aspektdə, istər də beynəlxalq hüququn tələbləri müstəvisində erməni tezislərini dağıda bildi. Ən əlverişsiz situasiya isə keçmiş prezident Ayaz Mütəllibova istinad edilən Xocalı soyqırımının "guya azərbaycanlılar tərəfindən törədilməsi" barədə, Paşinyan fikir səsləndirdikdə yarandı. Buna da prezidentimiz çevik və dəqiq cavab verə bildi. Bildirdi ki, "Arqumentı i faktı" qəzetində çox sayda ermənilərin çalışması bir faktdır və bu ifadəni də onlar qəsdən tirajlayıblar. Mütəllibovun belə bir ifadə işlətmədiyini vurğuladı. Xankəndinin Stepanakert adlandırılmasının da bu şəhərin ermənilər üçün yeni olmasından qaynaqlandığını maraqlı arqument olaraq xatırlatdı. Ən əsası odur ki, işğal olunmuş ərazilərlə bağlı Azərbaycanın prinsipial mövqeyini təkrar-təkrar dünyaya bəyan etdi. Bu cür görüşlərdə nəzərdə tutulan çərçivə hər bir gerçəyi detalları ilə çatdırmağa imkan verməsə də, ölkə prezidenti mümkün olandan daha artığını etdi”.
 

 
Gülünc vəziyyətə düşən erməni baş nazir
 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib ki, Prezident İlham Əliyev və işğalçı ölkənin baş naziri N.Paşinyan arasında keçirilən debat Ermənistan tərəfinin həm tarixi, həm də hüquqi-siyasi baxımdan haqsız olduğunu növbəti dəfə dünyaya göstərib. Professorun sözlərinə görə, Paşinyan özünün çox bəsit, primitiv çıxışı ilə bir daha təsdiq edib ki, Ermənistan işğalçı dövlətdir, Azərbaycana qarşı hərbi təcavüz edib, ərazilərini zəbt edərək əhalisini məcburi köçkünə çevirib: "Özünün hər sözü ilə Nikol Paşinyan gülünc vəziyyətə düşdü. Cənab Prezidentimiz isə, heç şübhəsiz, Paşinyanla müqayisə oluna bilməz. Paşinyan Prezidentimizin yanında çox aciz görünürdü. Tutarlı, tarixi, rəsmi sənədlərlə Ermənistanın işğalçı olduğunu, Dağlıq Qarabağ regionunun əzəli Azərbaycan torpağı olduğunu bir daha dünya ictimaiyyətinə göstərdi. Hesab edirəm ki, bu debat Ermənistanın növbəti diplomatik-siyasi məğlubiyyətidir”.
 

 
Millətimizə və dövlətimizə başucalığı
 
M.Qasımlı qeyd edib ki, N.Paşinyanın çıxışı onun savadsızlığını, tarixi və müasir siyasəti anlamadığını göstərib: "Paşinyan o qədər gülünc danışırdı ki, onun bütün sözləri ikrah hissi doğururdu. Hər hansı bir münaqişəni eramızdan əvvəl olmuş, və ya olmamış hadisələrdən misallar gətirərək, "tənzimləmək” gülüncdür. Bu adamın BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinin olmağından xəbəri yoxdur. Dünya bu gün universal beynəlxalq təşkilat olan BMT-nin qərarlarını görür. Təbiidir ki, Cənab Prezidentimiz dünya miqyasında olan görkəmli dövlət və siyasi xadimdir, beynəlxalq siyasəti mükəmməl bilir və Paşinyanı onunla heç müqayisə etmək də doğru deyil. Hesab edirəm ki, Cənab Prezidentimiz özünün həm nitqi ilə, həm də müasir diplomatiyada olan "bədən dili” ilə bizim millətimizə və dövlətimizə başucalığı gətirdi”.
 

 
"Dağlıq Qarabağ Ermənistan deyil!”
 
Gəncə Dövlət Universitetinin (GDU) Elm və İnnovasiyalar üzrə prorektoru, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə bildirib ki, Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubu kimi motəbər bir forumun tribunasından "Qarabağ Azərbaycandır və nida işarəsi!” bəyanatından, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında tutarlı faktlara əsaslanan nitqindən sonra Münxen müzakirəsi zamanı səsləndirdiyi tutarlı cavabları dünya ictimaiyyətində Ermənistanın işğalçı siyasəti haqqında bir daha  aydın fikir yaradıb. Onun sözlərinə görə, 15 fevral Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Prezident İlham Əliyevin münaqişənin necə həll edilməsi haqqında danışmaq üçün məsələnin tarixini əsaslı faktlarla ictimaiyyətə çatdırması işğalçı dövlətin baş nazirini çətin vəziyyətə salıb: "Hətta Paşinyan Prezident İlham Əliyevdən tarixin çox dərinliklərinə getməməyini də xahiş etdi. Azərbaycanın ədalətli mövqeyi, dəqiq faktlar qarşısında aciz duruma düşən Paşinyan bir dənə də olsun tutarlı fakt ortaya qoya bilmədi. Avropa və dünya ictimaiyyətinin gözü qarşısında Prezident İlham Əliyevin səsləndirdiyi - "Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib və işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, o cümlədən Xocalı soyqırımını törədib” fikri Ermənistan hökumətinin işğalçı siyasətini bir daha gündəmə gətirib. Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu, bütün beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən tanındığını xatırladaraq, Dağlıq Qarabağdakı qondarma qurumu heç bir dövlətin tanımadığını diqqətə çatdırıb: "Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil! Heç kim bu qeyri-qanuni qurumu tanımır”.
 

 
Erməni ictimaiyyətinin narahatlığı
 
P.Kərimzadə deyib ki, dünya ictimaiyyətinin gözü önündə Ermənistan baş nazirinin məntiqsiz, cəfəngiyat və yalanla dolu sərsəm iddialarına Prezident İlham Əliyevin iti zəkası və hazırcavablığı, siyasi məntiqi sayəsində tutarlı faktlarla cavabı işğalçı ölkədə də böyük əks-səda doğurub: "Azərbaycan Prezidentinin 45 dəqiqəlik müzakirələr zamanı arqumentli danışması, Paşinyan üzərində tam üstünlük əldə etməsi Ermənistan mətbuatının diqqətindən yayınmayıb, erməni ictimaiyyətini sözün həqiqi mənasında narahat edib. Sosial şəbəkələrdə, mətbuatda Paşinyanın tarixdən xəbərsiz olması, siyasi diskussiyaya lazımınca hazırlaşa bilməməsi, bütün Ermənistanı gülünc vəziyyətə saldığı haqqında fikirlər gündəmə gəlib. Hətta baş nazir haqqında kəskin ifadələr belə işlədilməkdədir. Fikrimcə, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri vasitəsi ilə bir daha dünyaya bəyan edildi ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq da Azərbaycan torpağı kimi qalacaq. Müzakirələrin keçirildiyi gün təmas xəttində azərbaycanlı əsgərin erməni snayperi ilə öldürülməsi isə Ermənistanın təcavüzkar, işğalçı siyasətinin dünyaya daha bir nümayişidir”.
 

 
Liderlikdə mahir diplomatik bacarıq və səriştə
 
Mətbuat Şurasının sədri Əflatun Amaşov hesab edir ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirədə özünün liderlik keyfiyyətlərini bir daha nümayiş etdirib. Onun fikrincə, bütün dünya Prezident İlham Əliyevin timsalında liderlikdə mahir diplomatik bacarıq və səriştənin nə dərəcədə böyük əhəmiyyət daşıdığını görüb: "Cənab Prezident həmçinin tarixi faktların siyasət meydanına daşınmasının ustalıq nümunəsini ortaya qoydu. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan dövləti əsl əzmkarlıq göstərir. Mövcud istiqamətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər var. Amma cənab İlham Əliyev prinsipiallığı, ardıcıllığı, qətiyyəti ilə özü ayrılıqda Qarabağ savaşı aparır. Çıxışları, fikirləri ilə dünyaya Azərbaycanın dirənişinin, bir qarış torpağını belə güzəştə getməyəcəyinin əminliyini aşılayır. Bu cür mübarizlik ruhu bütöv bir ordunun müharibə meydanında görəcəyi iş qədər müstəsna əhəmiyyət daşıyır. Və bu ruhun qarşısında aciz duruma düşməyin Nikol Paşinyan obrazı da var. Beynəlxalq ictimaiyyət bir daha o obrazın arqumentsizliyini, haqsızlığını, ucuz populizmini gördü”.
 
Rufik İSMAYILOV