• şənbə, 27 Aprel, 03:25
  • Baku Bakı 14°C

“Ermənistanın dili qısadır”

09.04.16 11:25 2153
“Ermənistanın dili qısadır”
Cəbhə xəttində vəziyyətin gərginləşməsindən, düşmən təxribatının qarşısını alaraq əks hücuma keçən ordumuzun Ermənistan silahlı qüvvələrini geri oturtmasından sonra beynəlxalq aləm Dağlıq Qarabağ probleminin heç də dondurulmuş münaqişə olmadığını daha aydın dərk etdi. Məhz bu hadisədən sonra ATƏT-in Minsk Qrupunun həmsədrləri, eləcə də həmsədr dövlətlərin rəsmiləri, eyni zamanda Almaniya rəsmi şəxsləri problemin sülh yolu ilə həllinin tezləşdirilməsi barədə bəyanatlar səsləndirdilər. Rusiya prezidenti Vladimir Putinin Azərbaycan dövlət başçısı İlham Əliyevə telefonla zəng edib atəşkəsin təmin olunması, münaqişənin dinc yolla tənzimlənməsi istiqamətində fikir mübadiləsi aparmasından sonra ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik regiona səfər etdilər. Prezident İ.Əliyevlə görüşən həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışladılar. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqların daha intensiv xarakter almasının və bu danışıqlar nəticəsində münaqişənin tezliklə öz həllini tapmasının zəruriliyini vurğuladılar. Elə həmin gün Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov da dövlətimizin başçısı ilə görüşərək, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün bir neçə variantı müzakirə edib. Bu barədə mediaya açıqlama verən S.Lavrov əsas ideyanın Qarabağ ətrafındakı rayonların azad edilməsi və eyni zamanda status məsələsinin həll edilməsi yolu ilə münaqişənin nizama salınmasından ibarət olduğunu bildirib. ATƏT-ə sədrlik edən Almaniya da belə bir ərəfədə Dağlıq Qarabağda zorakılığın azaldılması və münaqişənin davamlı sülh əsasında həll edilməsi üçün 7 maddədən ibarət plan təklif edib. Son olaraq isə ötən gün Bakıda səfərdə olan Rusiya Federasiyasının baş nazir Dmitri Medvedevlə Azərbaycan prezidenti İ.Əliyev arasında həm məhdud, həm də geniş tərkiblərdə görüşlər keçirilib, daha sonra mətbuat qarşısında bəyanatlar verilib. 3 günlük müharibədən sonrakı vəziyyət, Dağlıq Qarabağ probleminin həlli üçün sülh danışıqlarının intensivləşdirilməsi və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov cavablandırır.
- Rasim müəllim, bir neçə gün bundan öncə cəbhə xəttində baş verənlərdən sonra Dağlıq Qarabağ problemi ətrafında yaranmış vəziyyəti necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi, cəbhədəki gərginliyin ardınca Rusiya xarici işlər naziri Sergey Lavrov, ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda oldular, Azərbaycan Prezidenti ilə görüşdülər. Bununla yanaşı, Rusiyanın baş naziri də İrəvandan sonra Bakıya səfərə gəlib, dövlət başçımızla görüş keçirib. Bütün bunlar sübut edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün aparılan dialoq intensivləşib. Reallıqları nəzərə alaraq, Ermənistanı ağıllandırmaq, ona təsir etmək şərti ilə, düşünürəm ki, bu danışıqların hər hansı razılaşma ilə yekunlaşması üçün şanslar var. Azərbaycan üçün bu razılaşmanın əsas şərti Ermənistan silahlı qüvvələrinin işğal altındakı ərazilərimizdən çıxarılmasıdır. Düşünürəm ki, məhz bu müstəvidə aparılan danışıqlar müsbət nəticəyə gətirib çıxara bilər.
- Rusiya rəsmilərinin Azərbaycana səfərlərini, V.Putinin Azərbaycan Prezidenti ilə telefon danışığını, ümumən isə həmsədr dövlət olan Rusiyanın bu məsələdə aktivliyini nəzərə alan bəzi ekspertlər hesab edirlər ki, 5 rayonun, ardınca Kəlbəcər və Laçının qaytarılmasından, həmçinin Dağlıq Qarabağın statusunun müəyyən edilməsi barədə razılıq əldə edildikdən sonra Azərbaycanın Avrasiya İqtisadi Birliyinə, Gömrük İttifaqına üzv olması məsələsi gündəmə gələ bilər. Sizcə, bu barədə səslənən fikirlər nə dərəcədə əsaslıdır?
- Düşünmürəm ki, söylənilənlər bu şəkildə həyatda əksini tapsın. Lakin Rusiyanın bu məsələ ilə bağlı kifayət qədər səyləri olduğu halda Azərbaycan üçün Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı yad deyil. Bu qurumlarda Qazaxıstan, Qırğızıstan, Belarus, Rusiya kimi Azərbaycana mehriban münasibət bəsləyən dövlətlər var. Xüsusən də Rusiya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı faydalı şəkildədir. Burada etiraz doğuran yeganə məsələ budur ki, Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistanla eyni qurumda təmsil oluna bilmərik. Buyursunlar, zəhmət çəkib aradakı bu maneəni, yəni Azərbaycan ərazilərinin 20 faizinin işğal altında saxlanmasını aradan qaldırsınlar. Təbii ki, Azərbaycanın Dağlıq Qarabağ problemi həll olunduqdan, ərazi bütövlüyümüz təmin edildikdən sonra Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı ilə münasibətlərə də yenidən baxmaq mümkündür. Yenə də təkrar edirəm ki, bunun üçün başlıca siyasi maneələr, xüsusən də işğal faktı aradan qaldırılmalı, həllini tapmalıdır. Amma bu elə başa düşülməməlidir ki, torpaqlarımız işğaldan azad edilən kimi Rusiya dərhal bizi Avrasiya İqtisadi Birliyinə və ya Gömrük İttifaqına üzv edəcək. Düşünürəm ki, Azərbaycan qarşısında belə bir şərt qoyula da bilməz. Çünki bu günə qədər Azərbaycan sözün əsl mənasında balanslaşdırılmış, milli və dövlətçilik maraqlarına hesablanmış müstəqil siyasət yürüdüb və yürüdür.
- ATƏT-in Minsk qrupunda Rusiya ilə bərabər, ABŞ, Fransa kimi həmsədr dövlətlər də var. Lakin son bir neçə gün ərzində cərəyan edən prosesləri izlədikdə elə təəssürat yaranır ki, Rusiyadan fərqli olaraq Fransa və ABŞ hadisələrdə yalnız müşahidəçi statusunda iştirak edir. Bu, nə ilə əlaqədardır?
- Səbəb budur ki, Azərbaycan, eləcə də Ermənistan, Gürcüstan və sair ölkələr də daxil olmaqla ümumilikdə 15 dövlət Sovet Sosialist Respublikalar İttifaqında bir yerdə təmsil olunurdular, eyni zamanda Rusiya imperiyasının tərkibində olublar. Münaqişə regionu da Rusiya üçün daha yaxın məkandır, daha tanışdır. Buna görə də Rusiyanın burada həm təsir imkanları, həm də nüfuzu digər həmsədr dövlətlərdən daha çoxdur, üstündür. Vaxtilə əbəs yerə qeyd olunmurdu ki, Dağlıq Qarabağ münaqişəsinin həlli açarı Rusiyadadır. Əgər Rusiya problemin həll edilməsi üçün səyləri artıracaqsa, vəziyyət müsbətə doğru dəyişə bilər. Əfsuslar olsun ki, bu vaxta qədər bu səylərdən istifadə olunmayıb. Lakin Rusiyanın əlaltısı olan Ermənistan bu günlərdə Azərbaycan ordusunun gücü ilə üzləşməyə başlayıb. Rusiyanın erməniləri himayə etdiyini nəzərə alsaq, ola bilsin Kreml öz əlaltılarının əzilməsini istəməyib, onları ağıla gətirmək qərarına gəlib. Bu halda da sülh danışıqlarının intensivləşməsində Rusiya daha aktiv rol oynayır. Bütün hallarda, əgər Rusiya prosesə müdaxilə edib münaqişənin tənzimlənməsi üçün səylərini artırarsa, müsbət nəticələr əldə etmək mümkündür.
- Almaniya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin 7 mərhələli həll planını açıqlayıb. ATƏT-ə sədrlik edən bu dövlətin təklif etdiyi plan barədə düşüncələriniz nədən ibarətdir?
- Həmin plana mən də baxdım. Hələlik həmin plan əsas məsələni kənarda qoyur. Ona görə ki, işğal faktoru aradan qalxmadığı halda Almaniyanın təkliflərinin beş qəpiklik dəyəri yoxdur.
- Rusiya xarici işlər naziri S.Lavrov Bakı görüşündən sonra qeyd edib ki, əsas ideya Qarabağ ətrafındakı rayonların azad edilməsi və eyni zamanda status məsələsinin həll edilməsi yolu ilə münaqişənin nizama salınmasından ibarətdir. Onun apardığı görüşlər, səsləndirdiyi fikirlər münaqişənin həll olunması baxımından hər hansı nikbinlik yaradırmı?
- Mən istəməzdim ki, tələsək proqnozlar verək. Amma fakt budur ki, real vəziyyət dəyişilib. Artıq Ermənistanın dili qısadır. Onların həm diplomatik cəbhədə, həm də hərbi sahədə uğur qazanan Azərbaycan qarşısında deməyə sözü yoxdur. Belə olan halda Rusiyanın onlara təsir etmək, ağıllandırmaq üçün imkanları genişdir. Bununla bərabər, Ermənistanın da bu günə qədər olan rahatlığı, özündənrazılığı aradan qalxıb. Belədə isə kompromislərə nail olmaq mümkündür.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər