• cümə, 26 Aprel, 18:07
  • Baku Bakı 22°C

Ermənistanın daha bir planı iflasa uğradı

16.02.18 10:00 798
Ermənistanın daha bir planı iflasa uğradı
Ermənistanın İsrail Knessetində qondarma soyqırımın tanınması istiqamətində səyləri iflasla nəticələnib. İsrail parlamenti növbəti dəfə (5-ci dəfə səsverməyə çıxarılır) "erməni soyqırımı” haqqında qanun layihəsini 41 səs "xeyr” və 28 səs "hə” ilə rədd edib. Bu dəfə İsrail parlamentində layihə səsverməyə "Eş Atid” partiyası tərəfindən çıxarılıb. "Jerusalem Post” qəzeti yazır ki, partiyanın sədri Yair Lapidin təqdim etdiyi qanun layihəsi ilk oxunuşda rədd edilib. Onun "Holokostu görmüş bir milləti təmsil edən Knessetin erməni soyqırımının tanınmasına dair qanunu rədd etməsində heç bir məntiq yoxdur” fikrinə münasibət bildirən İsrail xarici işlər nazirinin müaviniSipi Hotoveli bildirib ki, İsrail parlamenti qondarma Ermənistana soyqırımın 100 illiyində nümayəndə heyəti göndərib, lakin ölkənin bu məsələdə hər hansı mövqe tutmasının mürəkkəb diplomatik nəticələri ola bilər. Nazir müavininin sözlərinə görə, belə bir qərarın aşkar siyasi bağlılıqları var. Qeyd edək ki, adı çəkilən "Eş Atid” partiyasının parlamentdə cəmi 11 deputatı var. Partiyanın lideri "erməni soyqırımı” qanun layihəsini səsverməyə çıxararkən erməni lobbisinin müxtəlif yerlərdə istifadə etdiyi vəsəsləndirdiyi tezisi təkrarlayıb: "Adolf Hitler yəhudilərin qətliamına qərar verərkən demişdi ki, ermənilərin soyqırımını heç kim xatırlamır”. Lakin ekspertlər tam məsuliyyəti ilə bildirirlər ki, onun bu sözlərinin Hitlerə məxsusluğu "erməni soyqırımının” varlığı qədər saxtadır, yəni, ortada sübut və ya yazılı sənəd yoxdur.
Yeri gəlmişkən, parlamentdə çıxış edən İsrail xarici işlər nazirinin müavini Sipi Hotoveli deputatları açıq şəkildə qanun layihəsinin əleyhinə səs verməyə çağırıb. Erməni lobbisi düşünüb ki, İsrailin Türkiyə ilə soyuq münasibətindən yararlanmağın zamanıdır. Buna baxmayaraq, İsrail hökuməti erməni lobbisinə fürsət verməyib və bu zaman yalnız Türkiyə ilə deyil, Azərbaycanla münasibətləri də əsas götürüb.
Bir faktı da qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İsrailə səfəri zamanı yerli ictimai televiziyaya müsahibəsində İsraili qondarma soyqırımı tanımağa çağırmışdı.
Ermənistan 1915-ci ildə Osmanlı İmperiyasında ermənilərə qarşı həyata keçirilən zəruri addımları "soyqırımı” kimi tanıtdırmağa çalışır. Türkiyə isə bunun soyqırımı olduğunu qəbul etmir. Ankara dəfələrlə bu məsələnin tarixçilərin öhdəsinə buraxmağı təklif etsə də, qarşı tərəf bunu rədd edib.
Beləliklə, erməni tərəfi İsrail parlamentindəki tərəfdarlarının köməyi ilə "soyqırımı”nı yeritməyə çalışsa da, istəyi növbəti dəfə alınmayıb. Erməni tərəfi bu addımı atmaqla hesab edirdi ki, Təl-Əvivlə Ankara arasında münasibətlərdə müəyyən soyuqluq qanun layihəsinin keçməsinə səbəb ola bilər. Lakin unudurlar ki, iki ölkə arasında siyasi rəhbərlik səviyyəsində müəyyən problemlər olsa da, bu, heç bir halda belə bir qətnamənin qəbuluna əsas ola bilməz. Ən əsası, Türkiyə ilə İsrail arasında strateji münasibətlər mövcuddur və yəhudi dövləti hansısa bir saxta iddianı qəbul etməz.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər