• cümə, 26 Aprel, 22:23
  • Baku Bakı 22°C

Ermənistanı dünyada daha çox Kim Kardaşyana görə tanıyırlar

16.09.14 13:57 1066
Ermənistanı dünyada daha çox Kim Kardaşyana görə tanıyırlar
İşğalçı siyasəti nəticəsində beynəlxalq, regional iqtisadi layihələrdən kənarda qalan bədnam qonşularımız indi də əcaib bir kampaniyaya start veriblər. Kampaniya “Ermənistan dünya xəritəsində harada yerləşir” adlanır və bir növ bu ölkənin internetdə təbliğatına yönəlib. Lakin Sarkisyanın böyük ümidlər bəslədiyi kampaniya əks effekt verib və bu işdə BBC-nin reportajı əvəzsiz rol oynayıb. Belə ki, reportaj Ermənistanın əleyhinə olacaq bir sıra maraqlı məqamları üzə çıxarıb. Qeyd edilir ki, Ermənistan prezidenti dünya boyu yaşayan 10 milyon ermənini başlatdığı “tanıtım” kampaniyasına cəlb etməyi qarşıya məqsəd qoyubmuş. İnternetdə qlobal reklam kampaniyası keçirməklə Sarkisyan həm də ölkəsinə turist axınını gücləndirmək və xarici investorları cəlb etməyi istəyirmiş. Kampaniyanın bir bölümü də “Bir erməni, bir yazı” adlanıb və məqsəd də xaricdəki erməniləri ölkə haqqında müsbət yazılar yazmağa cəlb etmək olub. BBC-nin reportajında vurğulanır ki, ölkə prezidenti Serj Sarkisyan bir il bundan əvvəl bu kampaniyanı başlatmaqla ümid edirdi ki, Ermənistanı daha çox insanın tanımasına nail olacaq. “Ölkəsində turizmin inkişafı və investorların cəlb olunması məqsədilə xaricdə yaşayan ermənilər ona yardımçı olacaq. Ancaq “bir erməni – bir yazı” kampaniyasına heç kim, hətta ermənilərin özləri də maraq göstərməyiblər”.
Qeyd edilir ki, Sarkisyanın soydaşlarından ölkə haqqında müsbət məqalələr yazmaq xahişinə heç baxan da olmayıb: “Prezident Sarkisyan və bu kampaniyanın arxasında olan digər şəxslər deyirdilər ki, ölkə ciddi təbliğ olunmalıdır, çünki bir çox insanlar onun haqqında çox az bilgiyə malikdirlər”.
Ən maraqlısı isə o olub ki, BBC ən məşhur şəhərlərdə insanların Ermənistan barədə nə qədər məlumatlı olduğunu öyrənmək istəyib. Məsələn, bəlli olduğu kimi, yay aylarında Britaniya paytaxtı turistlərlə dolu olur. Odur ki, dünyanın müxtəlif yerlərindən gəlmiş onlarca qonağın qabağını kəsib Ermənistana dair bilikləri barədə ayaqüstü qeyri-rəsmi müsahibələr almaq kifayət qədər asandır. Rəyi soruşulanların çoxunun isə Ermənistan haqqında eşitdikləri yalnız budur ki, ölkə Asiyada yerləşir. Bir danimarkalı qadın isə deyir ki, onlar öz ölkələrində Ermənistan haqqında heç nə eşitməyiblər. Ən maraqlı cavabı isə Amerikadan ailəsi ilə istirahətə gəlmiş bir kişi verib: “Orada bütün adamların soyadı “yan”la bitir. Onun xanımı dərhal izah edir ki, əri bunu məşhurlardan Kim Kardasyanın soyadına əsasən deyir”. Yəni bəlli olur ki, Ermənistanı Kardaşyana görə tanıyırlar.
“Söhbət etdiyimiz adamlar arasında fransızlar da olub. Onların arasında yalnız bir parisli qadın Ermənistan barədə məlumatlı olduğunu deyib, çünki paytaxt Yerevana səfər etmişdi. Həmin qadının təəssüratı isə bu olub ki, “bu balaca bir ölkədir” - deyə qeyd edilib. Yerdə qalanlar isə nəsə belə bir ölkə haqqında eşitdiklərini bildiriblər. Nəzərə alaq ki, Fransada erməni lobbisi güclüdür və fransızlar da Ermənistan barədə daha çox məlumatlı olmalı idilər. Sorğu isə bunun əksini göstərib. “Mənim müsahibələrim qeyri-rəsmi olsa da, prezident Sarkisyanın və onun həmvətənlərinin üzləşdiyi problemin böyüklüyünü aşkara çıxardı” - deyə BBC-nin əməkdaşı bildirib. Ən maraqlı etiraf Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Suren Hamparyandan olub. O deyir ki, ermənilər bütün dünyada yayılıblar və yaşadıqları yerlərdə firavanlığa çatıblar. Yəni onun dediyindən belə çıxır ki, artıq Ermənistan onlar üçün unudulub.
BBC-nin reportajında Sarkisyanın “tanıtım” kampaniyası ilə yanaşı, ölkə daxilindəki vəziyyət də təhlil olunub. Qeyd edilir ki, gələn il Yerevan hökuməti Qazaxıstan və Belarusla birlikdə Rusiya Federasiyasının vahid iqtisadi zonasına qoşulmağı planlaşdırır. “Ermənistan Moskvadan, eləcə də Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan və Asiya İnkişaf Bankından verilən kreditlərdən son dərəcə asılıdır. Mühacir işçilərin evə göndərdikləri pullar iqtisadi fəaliyyətin əsas sahəsi olaraq qalır və Ermənistan iqtisadiyyatının beşdə birini təşkil edir. Xaricdə yaşayan erməni işçilərin pul köçürmələri olduqca mühümdür. Bu, maliyyə ehtiyatı, dollar yığımı yaradır və Ermənistanın idxalı və istehlakı maliyyələşdirməsində istifadə olunur” – deyə BVF-in Yerevandakı nümayəndəsi Tereza Daban Sançez bildirib. O əlavə edir ki, pul köçürmələrinin 90 faizi Rusiyadan gəlir və bu, ölkənin Rusiya ilə ticarət bağlarının nə qədər güclü olduğunu göstərir. “Buna baxmayaraq, Ermənistanın iqtisadi inkişafı üçün əngəllər mövcuddur və bu, onun Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı olmasından qaynaqlanır. Regionun böyük iqtisadiyyatlarından biri olan Türkiyə ilə sərhədin bağlı olması iqtisadi artım üçün ciddi maneədir” deyən xanım “unudur” ki, sərhədlər Ermənistanın işğalçılıq siyasəti üzündən bağlı qalıb. Xanım Sançez deyir ki, sərhədlərin açılması Ermənistan iqtisadiyyatının inkişafına imkan verərdi: “Bu sərhədlərin, xüsusilə də Türkiyə ilə sərhədin yenidən açılması hər şeyi kökündən dəyişə bilər, çünki Türkiyənin geniş şaxəli iqtisadiyyatı Avropa bazarlarına çıxış verir. Sərhədlərin bağlı olmasına səbəb isə 20-ci əsrin münaqişələridir. Birinci Dünya Müharibəsi zamanı, 1915 və 1917-ci illər arasında yüz minlərlə erməni Cənubi Qafqaza, köçüblər”.
Reportajda o da qeyd edilir ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinə görə kövrək atəşkəs davam edir: “Sovet hakimiyyətinin son dövründə, 1988-ci ildə erməni separatçıları Azərbaycan torpaqlarını zəbt ediblər və 1994-cü ildə atəşkəs sazişi imzalanıb. Buna baxmayaraq, danışıqlar davamlı sülh sazişi ilə başa çatmayıb və bu münaqişə “donmuş münaqişə” olaraq qalır”. BVF-nin nümayəndəsi xəbərdarlıq edir ki, hətta sərhədlər açılsa belə, ölkə elementar çətinliklərlə üzləşməkdə davam edəcək. “Unutmayın ki, hətta bu geosiyasi problemlər olmasaydı belə, Ermənistanın coğrafi baxımdan qapalı ölkə olması nəhəng problemlər yaradacaqdı” – deyə xanım Sançez bildirib. “Əgər xaricdəki erməni soydaşlar internetdə ictimai əlaqələrə səmərəli şəkildə cəlb edilsələr, yəqin ki, ölkəyə daha çox qonaq gələr və səyahət agentləri üçün daha çox iş yerləri yaranar. İnsanlar ölkə haqqında müəyyən məlumata malik olarlar” – deyə Britaniyadakı “Regent Holidays” səyahət şirkətinin marketinq üzrə meneceri Gillian Leaning sonda bildirib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər