• cümə, 26 Aprel, 13:59
  • Baku Bakı 23°C

“Ermənistandakı böhran daha da dərinləşəcək”

18.04.18 22:12 924
“Ermənistandakı böhran daha da dərinləşəcək”
İşğalçı Ermənistanda Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz olaraq paytaxt Yerevan və digər şəhərləri kütləvi aksiyalar cənginə alıb. Aprelin 16-dan davam edən etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var. Müxalif deputat Nikol Paşinyan rəhbərlik etdiyi aksiyalarda polis zorakılığı müşahidə olunub. Bütün bunların fonunda Ermənistanda yeni təyin olunmuş baş nazir, sabiq prezident Serj Sarkisyan hökuməti formalaşdırmaq üçün müvafiq qərarlar qəbul edib. Keçmiş baş nazir Karen Karapetyan baş nazirin birinci müavini təyin olunub. Bundan başqa, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri Vaçe Qabrielyan və Prezident Administrasiyasının keçmiş rəhbəri Armen Gevorkyan baş nazirin müavinləri təyin olunub. Müdafiə naziri Vigen Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyan öz vəzifələrində qalıblar. Mediada yayılan məlumatlardan belə aydın olur ki, paytaxt Yerevanda və digər şəhərlərdə S.Sarkisyana qarşı aksiyalar səngiməyəcək.

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov mövzu ilə bağlı bildirib ki, Ermənistanda sistemli böhran yeni mərhələyə daxil olub və bu gün həmin böhranın mühüm tərkib hissəsi olan siyasi böhran özünün pik nöqtəsinə gəlib çatıb. O qeyd edib ki, Ermənistanda gərginlik yaranacağı ilə bağlı gözləntilər, proqnozlar var idi və bu proqnozlar da özünü doğruldub: "Burada üç amili xüsusi qeyd etmək istərdim. Birincisi, xalq ona görə ayağa qalxıb ki, Serj Sarkisyanın 10 illik hakimiyyətindən bezib. Çünki bu 10 illik hakimiyyət Ermənistan əhalisinə yalnız əzab-əziyyət, iztirab və işgəncə gətirib. Ermənistan əhalisinin yoxsulluq səviyyəsi dözülməz hala gəlib çatıb, ölkədə iqtisadiyyat ümumiyyətlə tənəzzül edib, ölkədən mühacirət heç zaman olmadığı səviyyəyə çatıb. Bunu görən xalq Serj Sarkisyanın bundan sonra da hakimiyyətdə qalmasını istəmir və ona qarşı ayağa qalıb. İkinci tərəfdən, Sarkisyan ölkədə siyasi islahatlara gedib prezidentli respublikanı parlamentli respublikaya çevirəcəyi ilə bağlı addımlar atmağa başlayarkən bəyan etmişdi ki, onun baş nazir kürsüsünə iddiası yoxdur və heç bir halda Ermənistanın baş naziri olmayacaq. Bu gün xalq həm də ona görə ayağa qalxır ki, Serj Sarkisyan növbəti dəfə xalqını aldatdı. Və nəhayət, hesab edirəm ki, Azərbaycan dövlətinin Ermənistana münasibətdə tətbiq etdiyi taqətdən salma taktikası öz işini görüb və Ermənistanın üzləşdiyi bugünkü böhranda Azərbaycanın bu taktikasının mühüm rolu var. Artıq Ermənistan xalqında belə bir düşüncə hasil olmaqdadır ki, nə qədər ki Azərbaycan torpaqları işğal altındadır, onların heç bir xoşbəxtliyi, heç bir gələcəyi yoxdur və vəziyyətləri daha da pisləşəcək. Bu düşüncə tərzi Ermənistanda getdikcə daha geniş yayılmaqdadır. Bunun səbəbkarı kimi Serj Sarkisyanın adı qeyd edilir. Ona görə də hesab edirəm ki, bu gün sözün həqiqi mənasında Sarkisyanın başı üzərində qorxulu kabus fırlanmaqdadır”.

Millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli də hesab edir ki, Ermənistanda S.Sarkisyana qarşı etiraz aksiyalarının keçiriləcəyi gözlənilən idi. Onun fikrincə, S.Sarkisyanın rəhbərlik etdiyi "Qarabağ klanı”ndan canını qurtarmaq istəyən Ermənistan cəmiyyətinin hərəkətə keçəcəyi gözlənilirdi: "Parlamentdə 17 deputat Sarkisyanın əleyhinə səs verdi. Bunun özü də kifayət qədər önəmli məsələdir. Düşünürəm ki, bu proses ciddi şəkildə davam edəcək, cəmiyyət bu klanla barışmayacaq. Aksiyalar artıq ciddi xəsarət almalar və həbslərlə müşahidə olunur. Yerevan 1 milyonluq şəhərdir. Burada 100 min nəfərin aksiyaya qoşulması kifayət edir ki, hakimiyyətin taleyi həll olunsun. Narazı vətəndaşlarla yanaşı, artıq aksiyaya gənclər, tələbələr də qoşulub. Hesab edirəm ki, bu aksiyalar hələ çox davam edəcək. Bu, çox ciddi prosesdir, yaxın vaxtlarda bu hadisələrin bir nəticəsi olacaq”.

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, Ermənistanda S.Sarkisyanın baş nazir təyin edilməsi əleyhinə keçirilən güclü etiraz aksiyalarının səbəbi ölkəni bürümüş dərin siyasi, sosial-iqtisadi böhrandır. Tarixçi alim deyib ki, uzun müddətdir S.Sarkisyan güc və silah vasitəsilə ölkəni idarə edir, vətəndaşlar da bundan əziyyət çəkirlər. Millət vəkili bildirib ki, idarəçiliyin qeyri-normal olması Ermənistanda psixoloji böhran yaradıb: "Əgər Serj Sarkisyan əvvəlki illərdə yaxşı prezident olsaydı ermənilər onun baş nazir postuna gəlməsinə də etiraz etməzdilər. Bu narazılıq Ermənistanda hökm sürən ümumi böhranın tərkib hissəsidir. Hadisələrin gedişi göstərir ki, yaxın vaxtlarda Ermənistanda daha böyük qarşıdurmalar baş verəcək. Bütün bu hadisələr Ermənistan əhalisinin kütləvi şəkildə ölkədən köçməsinə gətirib çıxarıb. Artıq Ermənistanda silaha arxalanaraq dövləti idarə edənlərin sosial dayağı yoxdur. Mitinq iştirakçılarına qarşı zor işlədilməsi, qan tökülməsi Ermənistanın demokratiyadan uzaq bir ölkə olduğunu göstərir. Ermənistandakı böhran getdikcə daha da dərinləşəcək. Bunun nəticəsi isə erməni xalqı üçün fəlakət olacaq”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər