• şənbə, 27 Aprel, 06:45
  • Baku Bakı 12°C

Ermənistanda anti-Rusiya kampaniyası yenidən start götürüb

11.04.19 17:32 578
Ermənistanda anti-Rusiya kampaniyası yenidən start götürüb
Ermənistanda anti-Rusiya ritorika səngimir. Bu dəfə erməni KİV-ləri Milli Şuranın Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının genişləndirilmiş iclasının gedişi haqda sensasiyalı informasiya yayıblar. "Yerkramas” yazır ki, komissiyanın 27 oktyabr 1999-cu ildə Yerevanda baş vermiş hadisələrin araşdırılmasının müzakirəsinə həsr edilmiş iclası zamanı baş nazir Nikol Paşinyanın silahdaşı, iqtidar partiyasından millət vəkili, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Koşaryan sensasiyalı bəyanatla çıxış edib.
"Oktyabr ayının 27-də törədilən cinayətin üstü açılıb. Sifarişçilər məlumdur. Bu, Rusiyanın xüsusi xidmət orqanları tərəfindən Vladimir Putinin əmri ilə həyata keçirilib”,- deyə erməni mətbuatının yaydığı bəyanatda vurğulanıb. Xatırladaq ki, söhbət Ermənistan parlamentinin 1999-cu ildə gülləboran olunmasından gedir. Silahlı hücum nəticəsində spiker Karen Dəmirçiyan, baş nazir Vazgen Sərkisyan, spikerin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan, deputatlar Armenak Armenakyan, Henrix Abramyan və Mikael Kotanyan qətlə yetirildilər.
Ekspertlər hesab edirlər ki, bu cinayəti Vladimir Putinin tapşırığı ilə Rusiya xüsusi xidmət orqanları törədib” açıqlaması əsl sensasiyadır. Məsələn, politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazdığı statusunda bunu belə əsaslandırıb. "Birincisi, o illərdə Dağlıq Qarabağ danışıqları intensivləşmişdi. Hətta ATƏT-in 1999-cu ildə keçiriləcək İstanbul sammitində Dağlıq Qarabağla bağlı sülh sazişi imzalana biləcəyinə dair xəbərlər yayılmışdı. Bu sülh sazişi Rusiyadakı bəlli mərkəzlərin maraqlarına cavab vermirdi. Ona görə də, Ermənistan parlamentinin gülləboran edilməsində Rusiya izi haqqında bu günə qədər danışılır. İkincisi, Vladimir Putin gülləboran zamanı cəmi bir ay idi ki, baş nazir vəzifəsinə təyin edilmişdi. Rusiyanın keçmiş prezidenti Boris Yeltsin hökumətin formalaşdırılmasını Federal Təhlükəsizlik Xidmətinin rəisi Vladimir Putinə tapşırmışdı. Buna baxmayaraq, Ermənistan parlamentinə hücum planı daha əvvəl hazırlana bilərdi. Çünki bu cür əməliyyatların hazırlanması xeyli zaman tələb edir. Bu o deməkdir ki, əgər Rusiyada Ermənistanda qarışıqlıq yaratmaq planı hazırlanmışdısa, Putinin bundan mütləq şəkildə xəbəri var idi. Sadəcə, burada iki məsələ var: ya planı Putin özü hazırlayıb və həyata keçirilməsini şöbələrə tapşırıb, ya da o, hazır olan plana razılığını verib”. Siyasi şərhçi hesab edir ki, Ermənistan parlamenti gülləboran olunmasaydı, sülh sazişi imzalanacaqdı: "Parlamentdə öldürülənlərin əksəriyyəti sülh sazişini imzalamağa üstünlük verirdi”. E.Şahinoğlu bildirib ki, Ermənistanın hakim partiyasının deputatının Putin əleyhinə açıqlaması Moskvada ciddi rezonans doğuracaq: "Çünki bu açıqlama müxalifət partiyasının nümayəndəsindən deyil, hakim partiyanın deputatının dilindən səsləndirilib. Bu isə o deməkdir ki, hakim partiyada da Putinə qarşı eyni əhval-ruhiyyə var”.
Yeri gəlmişkən, Rusiyaya qarşı atılan addımların sırasına daha biri əlavə edilib. Parlamentində "Rossiya” dövlət kanalının yayımının məhdudlaşdırılması müzakirə edilib. Ermənistanın baş naziri Nikol Paşinyanın lideri olduğu "Mənim addımım” fraksiyasının deputatı Narine Tuxikyan elm, təhsil, mədəniyyət, diaspor, gənclər və idman üzrə daimi komissiyanın "Milli komissiyanın televiziya və radionun fəaliyyəti haqqında” hesabatını qanunverici orqanın sədri Tiqran Akopyana xatırladıb. "Mən Ermənistan ərazisində bu televiziyanın yayımının məhdudlaşdırılması və ya tamamilə dayandırılması, yaxud bəzi proqramların yayımlanması məsələsi ilə maraqlanmışam”, - o bildirib. Parlamentin sədri cavabında vurğulayıb: "Bu telekanalın yayımlanması Ermənistanın informasiya məkanı üçün müəyyən təhlükə yaradır. Bir çox ölkələr, o cümlədən Gürcüstan və Ukrayna artıq bu ideyanı reallaşdırıblar”. Bundan əlavə, Ermənistanda Rusiyanın Turizm və Servis Universitetinin filialı da ləğv edilib. Konkret səbəb göstərilməyib. Belə bir mürəkkəb ərəfədə Rusiya baş naziri Dmitri Medvedyevin Ermənistana səfər edəcəyi bəlli olub. Aprelin 29-da baş tutacaq səfərlə bağlı "Jamanak” qəzeti yazır ki, rəsmi görüşlərlə yanaşı, baş nazir forpost ölkədəki Rusiya hərbi bazasına baş çəkəcək. Gümrüyə səfər də nəzərdə tutulub. Baş nazirin buradakı hərbi bazada şəxsi heyətlə görüşəcəyi bildirilir.
Nikol Paşinyanın yürütdüyü daxili və xarici siyasətin yarıtmazlığından, artıq erməni mediası hər gün yazır. "Nyus.am” saytı "məxməri inqilab”dan sonrakı müddətdə yaşananlarla geniş analitik material dərc edib. "İrs” Partiyasının yeni sədri Andranik Qriqoryan yazır ki, ölkədə baş verən proseslər heç bir halda məntiqə uyğun deyil. Onun sözlərinə görə, onların partiyası inqilabın baş verməsinə öz töhfələrini verib. Lakin hazırkı hakimiyyətin siyasi və digər islahatların reallaşması ilə bağlı metodologiyasını bəyənmir, düzgün saymır. Xüsusən də baş nazir Nikol Paşinyanın bu günlərdə gömrük xidməti əməkdaşları ilə yaşadığı insidenti kəskin tənqid edib. A.Qriqoryan əmindir ki, bu səhnə elə baş nazirin özü tərəfindən təşkil edilib. Siyasətçinin qiymətləndirməsinə görə, baş nazir mahiyyət etibarilə əməkdaşlara siyasi təzyiq göstərib. Onlardan, dövlət bayrağına ehtiyatsız mövqe nümayiş etdirməyə görə ərizə yazmağı tələb edib. "Biz Ermənistan ombudsmanını bu insidentə ciddi diqqət yetirməyə və hüquqi qiymət verməyə çağırırıq”, - deyə partiya sədri bildirib. Düzdür, etiraf edib ki, bu insidentin ciddi siyasi nəticəsi olacaq - digərləri də dövlət simvolları və atributlarına hörmətlə yanaşacaqlar. Lakin hakimiyyət orqanlarının mexanizmi düzgün deyil. Belə ki, Ermənistan vətəndaşlarının aşağılanması tendensiyası müşahidə olunur: "Ermənistan vətəndaşı istənilən halda özünü aşağılanmış formada hiss etməməlidir. Hökumət xalqın maraqlarına xidmət etməli, onun qulluqçusu olmalıdır, əksinə yox”.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər