• cümə, 26 Aprel, 06:42
  • Baku Bakı 12°C

Ermənistan vətəndaş müharibəsinin bir addımlığında

18.04.18 21:45 865
Ermənistan vətəndaş müharibəsinin bir addımlığında
Erməni müxalifəti "Serjik”in hakimiyyətdən getməsinə qarşı mübarizəni davam etdirir. Dünən səhər saatlarından etibarən etirazçılar "Fransa” meydanına toplaşıb. Keçmiş prezident Serj Sarkisyanın baş nazir təyinatından sonra paytaxt Yerevanda vəziyyət daha da gərginləşib, Fransa meydanı ətrafına böyük sayda xüsusi təyinatlı polis gətirilib. Onlar cərgəyə düzülüb prospekti bağlayıblar. Aksiyada yüzlərlə gənc iştirak edir. Sarkisyanın baş nazirliyinə etiraz edən millət vəkili Nikol Paşinyan səs ucaldanla tərəfdaşlarını polislə xoş rəftar etməyə, polis əməkdaşlarını isə qalxanlarını aşağı endirməyə çağırıb. "Gəlin vətəninizə sahib olun, gəlin azadlığınıza sahib olun, gəlin haqlarınıza sahib olun, gəlin gələcəyinizə sahib olun! Belə ki, addım at, Serjə yox de!” – deyə N. Paşinyan çağırış edib. O, Serj Sarkisyanın iqamətgahı önündə düzülən xüsusi təyinatlı polisə müraciət edərək deyib: "Siz buradan çəkilməyin. Mən demişdim ki, tikanlı məftillər bizim üçün deyil, Serj Sarkisyan üçündür. O, bizə tikanlı məftillər arxasından baxmalıdır”. Sayı get-gedə artan nümayiş iştirakçıları "Adım at, yox de Serjə!”, "Azad, müstəqil Ermənistan!” çağıraraq Baqramyan prospekti ilə "Fransa” meydanı istiqamətində gediblər. Müxalifət bəyan edir ki, dövlət idarələrini mühasirə vəziyyətində saxlamaqda davam edəcək. N.Paşinyanəsas hökumət binalarının gündəlik "blokada” da saxlanacağını deyir. Nümayişçilər əllərində Ermənistanın bayraqlarını tutub,"Serjsiz Ermənistan” şüarını səsləndiriblər. Paşinyan yürüşdə deyib ki, Sarkisyanın legitimliyi yoxdur, o, ermənilər nifrətini qazanıb”. Yerli media Gümrü və Vanadzorda da etirazların keçirildiyini yazıb.
Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlər N.Paşinyanın rəhbərliyi ilə sabiq prezident, indiki baş nazir iqamətgahını blokadaya alıblar. Hərbi xuntanın növbəti müddətə idarəçiliyinə qarşı çıxan müxalifətə qarşı artıq sərt tədbirlərə də start verilib. Yerevan polisinin müxtəlif şöbələrinə aprelin 18-də etiraz aksiyasının 68 iştirakçısı gətirilib. Bu barədə erməni KİV-i xəbər yayıb. "Human Rights Watch”insan haqları təşkilatı Ermənistan hakimiyyətini nümayişçilərə qarşı gücdən istifadəyə çəkinməyə çağırıb. Qurum yada salır ki, son illər polis Yerevanda dinc yürüşləri dağıtmaqdan ötrü dəfələrlə zorakılığa əl atıb. "Polisin istənilən reaksiyası mütənasib olmalı, BMT standartlarına uyğun gəlməlidir. Ermənistan polisinin ənənəvi pis təcrübələrindən əl çəkməsi üçün heç vaxt gec deyil”, – qurumun bəyanatında deyilir.
Yeri gəlmişkən, Rusiya prezidentiVladimir Putinaprelin 17-də Sarkisyana zəng edərək, onu təbrik edib. Kremlin mətbuat xidmətinin məlumatına görə,"Vladimir Putin Serj Sarkisyanı Ermənistan hökumətinin başçısı seçilməsi münasibətilə səmimi təbrik edib, ona bu yüksək vəzifədə uğurlar arzulayıb”.
Kreml Yerevandakı situasiyanı diqqətlə izləyir və ümid edir ki, hadisələr qanun çərçivəsində davam edəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Ermənistanda yaşanan hadisələrlə bağlı ABŞ Dövlət Departamenti bəyanat yayıb. Bəyanatda deyilir ki, "minlərlə erməni vətəndaşı ifadə və dinc toplaşma hüquqlarından istifadə etmək üçün küçələrə çıxıb”. Dövlət Departamenti Yerevan və digər şəhərlərdə gedən etirazları "yaxından izlədiyini” bildirib və qeyd edib ki, son bir neçə gün ərzində etirazçıların və polisin əksəriyyətinin məsuliyyətli və hörmətli davranışlarını müsbət qarşılayıb: "Buna baxmayaraq, bəzi xəsarətlər daxil olmaqla, polis və etirazçılar arasında ardıcıl qarşıdurmaların olması barədə narahatlıqlar var”, - deyə bəyanatda deyilir. ABŞ Dövlət Departamenti hökumət orqanlarını, həm də etirazçıları maneə törətməməyə və hər hansı bir təxribatdan və ya zorakı hərəkətdən çəkinməyə çağırır.
Ermənistanın digər şəhərlərində də itaətsizlik aksiyaları keçir. Gümrüdə, Vanadzorda, Armavirdə tələbələr itaətsizlik aksiyalarına qoşulub. Toqquşmalar Gümrü şəhərində qeydə alınıb. Mitinqə çıxanlar şəhərin mərkəzi küçələrini bağlamağa cəhd göstəriblər. Lakin polis bunun qarşısını ala bilib. Etiraz aksiyaları təhsil müəssisələri önündə də davam edib. Yerevanın keçmiş meri Vaaqn Xaçatryan hesab edir ki, Serj Sarkisyan xalqa verdiyi vədləri yerinə yetirməməklə onu aldadıb. "O vəd etmişdi ki, yüksək posta namizədliyini irəli sürməyəcək”, - deyə o bildirib. Son məlumatlara görə, Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyasının 84 iştirakçısı polis bölməsinə aparılıb. Bu barədə "RİA Novosti"yə Ermənistan polisinin Analitik, informasiya və KİV ilə əlaqələr şöbəsinin müdiri Edqar Canoyan məlumat verib: "Hazırda 84 vətəndaş bölməyə aparılıb. Onlardan 30-a qarşı inzibati iş açılıb və onlar artıq azad buraxılıblar. 54 vətəndaş işi isə cinayət törətmək şübhəsi ilə bağlı ibtidai istintaq orqanlarına təhvil verilib”. O da qeyd edilir ki, etiraz hərəkatına görə Dağlıq Qarabağdan Yerevana tanklar göndərilib. Bu məlumatı Rusiyanın "Ekspress qazeta” (EG.ru) nəşri Yerevandakı mənbələrinə istinadən yayıb. Məlumatda deyilir ki, dünəndən başlayaraq Yerevan ətrafına ordu birləşmələri cəmləşdirilir. Habelə Dağlıq Qarabağdan tank birləşmələri Yerevana göndərilib və tezliklə şəhərə daxil olacaq. Deyilənlərə görə, etiraz hərəkatının lideri, deputat N.Paşinyan tərəfdarlarına bildirib ki, Ermənistanda vətəndaş müharibəsi başlayacaq.
Baş verənlər Rusiyanın ekspert-siyasi dairələrində, KİV-lərində çox ciddi narahatlıqla izlənməkdədir. Çünki Sarkisyanın baş nazir olmasına etiraz edənlər antirusiya meylli qüvvələrdir və indi bu qüvvələr Ermənistanda güclənməkdədir.
Etiraz aksiyaları tək Los-Ancelesdə deyil, Fransanın müxtəlif şəhərlərində də davam edir. Məsələn, Marseldə yaşayan ermənilər Ermənistandakı bu ölkədəki səfirliyi qarşısında yığışıb "Addım at, Serji rədd et” şüarı səsləndiriblər. Onlar Ermənistandakı aksiyalara dəstək nümayiş etdiriblər. "Sizin mübarizə Sarkisyanın klan rejiminin aradan qalxmasına yönəlib”, - deyən aksiya iştirakçıları sonda konsulluğun binasına daxil olaraq, oradan Sarkisyanın şəklini çıxarıb yandırıblar.

Azər

banner

Oxşar Xəbərlər