Ermənistan təşviş içində
Ermənistan mətbuatında son günlər ölkənin qarşılaşdığı durumla bağlı
ard-arda müxtəlif sahələrdən bəhs edən yazılar dərc olunur. Bu məqalələrdən ermənilərin
heç vaxt olmadığı qədər təşviş keçirməsi açıq şəkildə hiss edilir. Təbii ki, ermənilərin
əsas mövzusu prezident İlham Əliyevin YAP-ın VI qurultayında tarixi Azərbaycan
torpaqları olan İrəvan, Göyçə və Zəngəzurun unudulmaması istiqamətində işlər
görüldüyünü bəyan etməsi olub.
Onlar belə bir bəyanatın səsləndirilməsinin əsas günahkarının Serj Sarkisyan
rejimi olduğunu qeyd edirlər. Həmçinin erməni mətbuatı bildirir ki, "Şimal-Cənub”
nəqliyyat dəhlizinin istifadəyə verilməsindən sonra Ermənistan iqtisadi
baxımdan daha ağır duruma düşəcək. Onlar üçün ən qorxulu məqam, tərəfdaş hesab
etdikləri İran və Rusiyanın bu layihə nəticəsində Azərbaycanın yanında yer almasıdır.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Yeni
Azərbaycan Partiyasının VI qurultayında Prezident İlham Əliyev
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ifadə
edərkən tarixi torpaqlarımızı unutmamağımızı söylədi: "Açıq şəkildə qeyd etdi
ki, İrəvan, Zəngəzur, Göyçə əraziləri tarixi Azərbaycan torpaqlarıdır. Bizim
strateji xəttimiz ondan ibarətdir ki, bu torpaqlara qayıtmalıyıq. Yəni tarixi
həqiqət bərpa olunmalıdır. Dağlıq Qarabağ ərazisi, ətrafındakı rayonların hər
biri tarixi, əzəli, baxımdan Azərbaycana məxsusdur. Eyni zamanda İrəvan, Göyçə,
Zəngəzur mahalları da Azərbaycan torpaqlarıdır. Cənab prezidentin bu tezisi,
xüsusilə İrəvana, digər ərazilərə qayıtmağı siyasi və strateji vəzifə kimi
qarşıya qoyması və bu istiqamətdə artıq addımların atıldığını müəyyən etməsi
günün günorta çağı Ermənistanda şimşək effekti yaradıb. Artıq Ermənistan
cəmiyyətində çox ciddi müzakirələr getməkdədir. Onsuz da ermənilərin sabaha
inamı yox idi, amma bu gün inamsızlıq daha da artıb. Erməni mətbuatı Azərbaycan
prezidentinin belə cəsarətli çıxışının arxasında gücün dayandığını qeyd edir.
Çünki ötən müddət ərzində Azərbaycan son dərəcə güclənib, Ermənistan isə daha
da zəifləyib. Ona görə də Azərbaycan Ermənistanın bu qədər zəif olmasının
fərqində olduğundan, prezident İlham Əliyev çox cəsarətli bəyanatlar verir.
Ermənilər onu da qeyd edir ki, dövlət başçısının bu bəyanatları sadəcə söz
deyil və bunun arxasında mütləq əməl dayanacaq. İndi bu şəkildə Ermənistanda
müzakirələr başlayıb və xof, qorxu hissi yüksək həddə çatıb. Azərbaycan
prezidenti niyə bu məsələləri kəskin şəkildə ortaya qoyub? Təbii ki, bunun da
cavabını özləri verib. Qeyd edirlər ki, Sarkisyan rejiminin siyasəti ucbatından
Ermənistan bu qədər zəifləyib və ona görə də Azərbaycan bu cür qətiyyətli mövqe
ortaya qoyur. Nə qədər ki Sarkisyan hakimiyyətdədir, ermənilərin gələcəyi
yoxdur və nəinki Dağlıq Qarabağ, ətrafındakı 7 rayon, eyni zamanda İrəvan,
Göyçə, Zəngəzurun Azərbaycan ərazisinin olması ehtimalı artacaq. Onlar bunu
iddia kimi təqdim edirlər, halbuki bu belə deyil, tarixi faktlar var”.
E.Nəsirov əlavə etdi ki, erməni mətbuatında, həmçinin çox böyük
vahimə hissi ilə "Şimal-Cənub” nəqliyyat dəhlizinin açılması perspektivi ilə
bağlı mövqelər ifadə olunur: "Ermənistanda çox böyük gərginlik yaşanmaqdadır
ki, bu layihənin reallaşması ilə Azərbaycanla İran arasındakı münasibətlər daha
da inkişaf edəcək. Həmçinin bu kontekstdə Azərbaycan-İran-Rusiya əlaqələri daha
da möhkəmlənəcək. Nəzərə alsaq ki Ermənistan İranı və Rusiyanı özünün yaxın
tərəfdaşı hesab edir, bu halda, onun özünə yaxın tərəflərin Azərbaycanın
yanında yer alması imkanları genişlənir. Eyni zamanda onu da yazırlar ki, bu
ilin mart ayında Azərbaycan və İran prezidentlərinin görüşü keçiriləcək və bu
dəhlizin reallaşması məsələlərini əhatə edəcək. Qısaca desək, Ermənistanın
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər neft, qaz və dəmiryolu
layihələrindən, indi də "Şimal-Cənub” dəhlizindən kənarda qalması o deməkdir
ki, bu ölkə boğulmaq vəziyyətindədir. Bu da onun işğalçılıq siyasətinin acı
nəticəsidir. Ermənistan rəhbərliyinin ağlı olarsa, nə qədər gec deyil, işğal
altındakı torpaqlarımızı geri qaytarar. Belə olan halda, yeni situasiya yaranar
və Ermənistanın gələcəyi ilə bağlı müsbət bir fikir söyləmək olar”.
Milli Dirçəliş Hərəkatı
Partiyasının sədri, millət vəkili Fərəc Quliyev bildirdi ki, Azərbaycan
artıq öz hüquqlarından çıxış edir: "Yəni ötən əsrin əvvəllərində Azərbaycan
imperiyanın basqısı ilə tamamən iradəsinə zidd olan bir vəziyyətlə
qarşı-qarşıya qalıb. Bu səbəbdən torpaqlarımızı itirmişik və Qərbi Azərbaycanda
Ermənistan qurulubdur. Bununla kifayətlənməyən ermənilər sonrakı dönəmdə
Azərbaycanın digər ərazilərini də işğal ediblər və ikinci qondarma erməni
dövlətini qurmaq iddiasındadırlar. Dəfələrlə dövlət başçısı bildirib ki, işğal
edilən Azərbaycan torpaqları azad olunmasa, lazımi tədbirlər görüləcək. Prezident
İlham Əliyev ədalətsiz status-kvo nəticəsində Azərbaycanın öz tarixi, coğrafi
ərazilərində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini
bəyan edir. Buna görə də çağırış edir ki, işğal etdiyiniz torpaqları tərk
eləməlisiniz, əks təqdirdə, biz İrəvanın taleyinə yenidən baxa bilərik.
Ermənistan da yaxşı bilir ki, bu məsələnin qaldırılmasında Azərbaycanın haqqı
var”.
F.Quliyev qeyd etdi ki, Azərbaycanın iqtisadi inkişafı gələcəkdə
Ermənistanın bütün sahələrdə, o cümlədən də hərbi sahədə tənəzzülünə gətirib
çıxaracaq: "Əlbəttə, Ermənistan böyük layihələrdə iştirak etmədiyi üçün
narahatdır. Onun da bir yolu var - Azərbaycan torpaqlarının işğalına son
qoymaq. Bundan sonra belə məsələlər müzakirə oluna bilər. Hesab edirəm ki,
erməni cəmiyyətinin, mətbuatının narahatlığına son qoyulmasının yeganə yolu Ermənistanın
işğala son qoyduqdan sonra sülhə imza atması və BMT-nin qəbul etdiyi
Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır”.
Bəxtiyar MƏMMƏDLİ