Ermənistan regional gülüş ölkəsinə çevirilib

Ermənistan regional gülüş ölkəsinə çevirilib

Siyasət
15 Yanvar 2020, 17:19 842
Yerli media yazır ki, bu "yüksəliş”in səbəbkarı Paşinyandır

Erməni mediasında Nikol Paşinyan barəsində ifşaedici məlumatların dərci səngimir.
"7.or.am” yazır ki, "etibarı şübhə doğurmayan mənbələrdən erməni ictimaiyyətinə bəlli olub ki, baş nazir N.Paşinyan baş prokuror Artur Davtyanı, Milli Təhlükəsizlik Xidməti rəhbəri vəzifəsini icra edən Eduard Martirosyanı, polis rəisi funksiyasını icra edən Armen Sarkisyanı və Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçatryanı görüşə dəvət edib. Və onlardan tez bir zamanda sözə baxmayan Konstitusiya Məhkəməsinin hakimləri barəsində əllərində olan ifşaedici videomaterialları dövriyyəyə buraxmağı tələb edib”. Əlavə edilir ki, söhbət Qrayr Tovmosyon, Alvine Qyulmyan, Arevik Petsosyan, Araik Tunyan, Qrant Nazaryan Feliks Toxyan və Aşot Zaxaryandan gedir. Müşavirə iştirakçılarına eləcə də adları qeyd olunan hakimlərə, onların ailə üzvlərinə, yaxınlarına, dostlarına qarşı heç bir güzəşt etməmək tələb edilib. Faktdan belə çıxır ki, güc strukturları məhkəmə sənədi olmadan bu insanların həyatına müdaxilə edə, audio, videoçəkilişlər apara bilər. Bununla da onları psixoloji terror metodu ilə Paşinyana sərf edən qərarlar qəbul etməyə vadar etmək istəyirlər. "aysor.am” əlavə edərək yazır ki, "bu fakt cinayət, açıq şantaj deməkdir. Dövlət quldur siyasətinin açıq təzahürüdür. Vergiödəyicilərinin hesabına formalaşan güc strukturları qanunun aliliyini pozmaqla məşğuldurlar”. Qeyd edilir ki, güc strukturları ali qanunları heçə almayaraq vətəndaşların hüquqlarını pozmaqla məşğuldurlar: "Bu nədir? Dövlətin konstitusiya quruluşuna qəsd deyil, bəs nədir? Nikol adlı bir şəxs bizim ölkəni regional gülüş obyektinə çevirib. Bu, nəticəsiz qalmamalıdır və qalmayacaq da. İlk növbədə baş verənlər barədə Venesiya Komissiyasını, ATƏT və Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatını məlumatlandırmaq gərəkdir. Nüfuzlu Avropa və Avrasiya təşkilatlarının köməyi ilə Nikol Paşinyan, Artur Davtyan, Eduard Martirosyan, Armen Sarkisyan və Sasun Xaçatryan barəsində sanksiya prosedurlarına başlamaq gərəkdir”.
Yeri gəlmişkən, Nikol ötən gün sosial şəbəkədə yazdığı statusda bildirib ki, İsveçrənin nüfuzlu nəşrlərindən biri  olan "Berner Zeitung” Ermənistan barəsində pozitiv məqalə yazıb. Məqalədə iddia olunur ki, inqilab Ermənistana müsbət təsir edib. Erməni kütləvi informasiya vasitələri dərhal bu məqalənin necə yazılmasını araşdırıblar. Bəlli olub ki, məqalə həddən artıq böyük məbləğ müqabilində yazılıb. Bu qəzetin əsasən sifariş əsasında məqalələr dərc etdiyi bəlli olub. "Prnews.io” saytı belə xidmətlərin qiymətini dərc edib. Məqalənin müəllifi siyasi və iqtisadi mövzular üzrə ixtisaslaşan Frank Nienhuysen adlı şəxsdir. Gəlinən nəticəyə görə, bu şəxsə (7 mln dram)15 min dollar ödənilib. KİV hazırda bu məqaləyə görə pulu kimin verdiyini araşdırmağa çalışır.
Yeri gəlmişkən, N.Paşinyan ölkəsinin iqtisadi imkanlarının artması barədə səsləndirdiyi saxta məlumatlara görə mediada sərt tənqid olunmaqdadır. Sabiq baş nazir Qrant Baqratyan bildirib ki, Ermənistan qlobal maliyyə böhranına yaxınlaşır. Onun sözlərinə görə, hökumət səhv iqtisadi siyasət yürüdür və nəticədə biznes qonşu ölkələrə axır: "Səbəb də odur ki, orada iş aparmaq daha əlverişlidir”. Eks-baş nazir hökumətə müraciət edərək "siz niyə dolların qiymətini artırırsınız? Dramı isə sabitləşdirirsiniz? Biz qlobal fəlakətə yaxınlaşırıq” - deyib. Xatırladıb ki, ölkədə yoxsulluq əvvəlki tək 25 faiz həddindədir. Hökumət iddia edir ki, ölkədə ən yoxsul həddə yaşayanlar əhalinin 1,5 faizini təşkil edir. Q.Baqratyan onu da deyib ki, əgər sabah baş nazir olarsa, Milli Statistika Komitəsinin rəhbəri minimum həbs edilib həbsxana divarları arxasına düşəcək. Bildirib ki, bu qurum tərəfindən işsizliyin səviyyəsi barədə təqdim olunan məlumatlar saxtalaşdırılıb. Baqratyan nazirlərə məxfi əmrlə mükafatlar verilməsini də yolverilməz adlandırıb. Əlavə edib ki, bununla idarəçilik sisteminə çox pis tendensiyalar daxil edilir.
"İrates” qəzeti isə yazır ki, baş nazirin mətbuat katibi Vladimir Karapetyanın istefası hökumət daxilindəki gərginliyi daha da dərinləşdirib. Nəşrin əldə etdiyi məlumata görə, Nikolun durmadan enən reytinqi qarşısında hamıya hazır olmaq və sosial meydanda heç kimə aman verməmək tapşırığı verilib. Əks təqdirdə hamını işdən qovulmaq təhlükəsi gözləyir. "Feyk və real istifadəçilər baş nazirin atdığı addımları tərifləməyə başlamalıdır. Ən əsası, mümkün variantlarla opponentləri neytrallaşdırmaq, onları gözdən salmaq, inqilaba qədər kim olduqlarını başa salmaq tələb olunur. Bütün bunlar da hökumət üzvlərini özlərindən çıxarır. Çünki onlardan "feyk fabriklər”i doldurmaq və Paşinyanla müxalifət arasında sipər rolunu oynamaq tələb olunur”, - deyə qəzet yazır.
Paşinyanın "tualet” prioriteti də ona qarşı tənqidlərə yol açıb. "İravunk” qəzeti yazıb ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan Nikol Paşinyandan inciyib. "Birinci prezident öz ətrafına etiraf edib ki, Paşinyanın tualet mövzusuyla bağlı şərh vermək üçün vaxtı var, amma onu təbrik etmək üçün zamanı yoxdur. Paşinyanın məhz bu addımı Petrosyanın tərəfdarlarında qəzəb yaradıb”, – deyə o bildirib.

Azər