“Ermənistan prezidentinə qarşı müxalifətin birləşmiş gücü dayanır”
Ermənistan prezidenti Serj Sarkisyan işğal altında
saxlanılan Azərbaycan torpaqlarında keçirilən hərbi təlimlərin son mərhələsində
iştirak edib. Bu münasibətlə o, işğal edilmiş Azərbaycan ərazilərinə qanunsuz səfər
edib, "döyüş vəzifələrini yerini yetirərkən fərqlənən hərbi qulluqçuları təltif
edib” və ölkəmizin suverenliyi və ərazi bütövlüyünə təhdid məzmunlu təxribatçı
bəyanatlar verib. Ermənistandakı hərbi xunta rəhbərinin bu sayıqlamalarına, təxribatçı
fikirlərinə Azərbaycan Müdafiə Nazirliyi dərhal tutarlı cavab verib. Paralel
olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin təlimatı əsasında ölkəmizin ATƏT
yanında Daimi Nümayəndəliyi Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində
keçirdiyi hərbi təlimi, Ermənistan prezidentinin Azərbaycanın işğal olunmuş ərazilərinə
qanunsuz səfəri və orada səsləndirdiyi bəyanatları ilə əlaqədarATƏT üzv
dövlətlərinə, həmçinin ATƏT-in Daimi Şurasının sədrinə və ATƏT-in katibliyinə,
eləcə də müvafiq təsisatlarına məktub ünvanlayıb. Son bir neçə gündə baş verən
bütün bu hadisələrlə bağlı "Kaspi”nin suallarını politoloq Qabil Hüseynlicavablandırır.
- Qabil bəy,
Ermənistanda daxili vəziyyətin gərgin olduğu bir vaxtda prezidenti
S.Sarkisyanın işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi, Dağlıq Qarabağ
separatçıları qarşısında çıxış edərək ölkəmiz ünvanına hədə-qorxu gəlməsi nədən
qaynaqlanır?
- Sarkisyanın Dağlıq Qarabağa qanunsuz səfər edərək
oradan Azərbaycan ünvanına hədələyici tonda fikirlər səsləndirməsi bu adamın
ilk növbədə intellektual səviyyəsini nümayiş etdirir. Təcrübəli, yetkin siyasətçi
belə addım atmaqla özünü çətin vəziyyətə salmaz. Ən azından ona görə ki, bu, hərbi
ritorikadır, müharibəyə çağırışdır. Bu davranışla o, öz ölkəsinin təcavüzkar
dövlət olduğunu növbəti dəfə nümayiş etdirir. Digər tərəfdən, Sarkisyan indi
olduqca gərgin vəziyyətdədir. Ona həm Kremldən, həm də ölkə daxilindən ciddi təzyiqlər
var. Qarşıdan gələn parlament seçkilərində Serj Sarkisyana qarşı müxalifətin
birləşmiş gücü dayanır. Həmin gücü təmsil edənlər kifayət qədər elektoral
bazaya sahibdirlər. Əgər aprel seçkilərində saxtakarlıq olmazsa, proses hansısa
gizli əlin işarəsi ilə idarə edilməzsə, Sarkisyanın uduzacağı gün kimi
aydındır. Belə olan halda, Sarkisyan açıq təbliğat vasitələrindən istifadə
edir, bütün mümkün kartlardan yararlanmağa çalışır. Təbii ki, bu təbliğatda ermənilərin
həssas nöqtəsi Dağlıq Qarabağ, azərbaycanlılara olan kin və küdurətdir.
Sarkisyan məhz bu kin-küdurəti alovlandırmaqla elektrol bazada müəyyən
insanları özünə tərəf çəkməyə çalışır. Lakin bir qədər əvvəl söylədiyim kimi,
bu zaman yanlışlığa yol verir və ölkəsinin təcavüzkarlığını rəsmi səviyyədə
ortaya qoyur. Prezident statusu daşıyan adamın bu cür ucuz təbliğata əl atması
qüsurludur. Ermənistanın sabiq baş naziri vaxtilə çirkli nüvə bombası ilə Azərbaycanı
hədələdiyi kimi, indi də prezident Sarkisyan "İsgəndər” raketləri ilə bizə hədə-qorxu
gəlir. Ancaq anlamır ki, Azərbaycanın hərbi potensialı Ermənistandan dəfələrlə
üstündür və ölkəmizə qarşı hər hansı təhlükə, raket zərbəsi olarsa, buna ondan
qat-qat ağır cavab veriləcək. Bu cavablar isə Ermənistan üçün öldürücü, məhvedici
ola bilər. Azərbaycan bölgədə müharibənin alovlanmasını istəmir. Lakin hər
hansı düşmən təxribatına, hücumuna hər an layiqli cavab verməyə hazırıq.
- Ermənistanın
sabiq nazirləri Vardan Oskanyan, Seyran Ohanyan, həmçinin sabiq baş nazir Ovik
Abramyan indi prezident Sarkisyan əleyhinə ittifaqda yer alıblar. Sarkisyan
komandasını hər hansı səbəbdən tərk edənlərin dərhal müxalifətə keçərək
prezidentə qarşı çıxmasına səbəb nədir?
- İndiyə qədər Ermənistanda keçirilən seçkilərdə
"Qarabağ klanı”nın daxilində parçalanma olmayıb. İlk dəfə müşahidə olunan
haldır ki, parlament seçkilərinə "Qarabağ klanı” ciddi parçalanmış halda gedir.
Bu parçalanmış klan üzvləri yerli ermənilərin birləşmiş elektoratı ilə eyni hədəfə
vurmağa çalışırlar. Bu vəziyyət Sarkisyanın indiyə qədər yürütdüyü siyasətin
iflasa uğramasının, yarıtmaz idarəçiliyinin göstəricisidir. Ölkənin maddi rifah
halı hədsiz dərəcədə aşağı düşüb, sənaye istehsalı yox dərəcəsindədir, mühacirət
axını hər il daha da artır. Sarkisyanın yürütdüyü siyasi kurs nəticəsində Ermənistan
öz suverenliyini tamamilə itirib, Rusiyanın quberniyalarından birinə çevrilib,
dövlət alçaldılmış vəziyyətə gətirilib. Bu da nəinki sadə erməniləri, eyni
zamanda hakim komandada təmsil olunanları da Sarkisyana qarşı çevirib.
- Sarkisyan əleyhinə
ittifaqda yer alan şəxslərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həllinə münasibəti, baxışı necədir?
- Sabiq müdafiə naziri, azərbaycanlılara qarşı
Xocalı soyqırımını törədən Seyran Ohanyan vaxtilə nümayiş etdirdiyi hərbi
ritorikadan imtina edib. Düzdür, o, Dağlıq Qarabağın Azərbaycanın ərazisi
olması ilə barışmasa da, kompromislərə getməyin, barışıq yolunu tapmağın zəruriliyini
vurğulayır. Bununla barışa meyilli siyasətçi təəssüratı yaratmağa çalışır.
Keçmiş xarici işlər naziri Oskanyan daha praqmatik siyasi xəttin yürüdülməsi tərəfdarıdır.
O, başa düşür ki, uzun müddət Azərbaycanla qarşıdurmada yaşamaq Ermənistan dövlətçiliyini
süquta uğradacaq, yaxud da ölkəsi çox ciddi problemlərlə baş-başa qalacaq.
Raffi Ovanesyan isə ABŞ vətəndaşlığı daşıdığına, həmçinin bu ölkədə böyüdüyünə
görə, onun da baxışlarında millətçilik hisləri ciddi formada təzahür etmir. O,
Qarabağ probleminin həllini Ermənistanın inkişafı və Qərbə inteqrasiyası üçün
vacib element sayır. Raffi Ovanesyan digərləri ilə müqayisədə daha liberal,
demokrat, barışa meyilli siyasətçi təsiri bağışlayır. Ancaq müstəqil blokda
çıxış edən sabiq prezident Ter Petrosyanın komandası, seçkiqabağı platforması
daha cəlbedicidir. Reallıqları dərk etməsi, Ermənistan üçün faydalılığı baxımından
praqmatik rəy oyadır. Petrosyan Dağlıq Qarabağ probleminin Azərbaycanın təklif
etdiyi kompromislər halında həllini qəbul edir, bunun Ermənistanın bu günü və gələcəyi
üçün çox vacib olduğunu bəyan edir. Bu nöqteyi-nəzərdən, Ermənistan müxalifətinin
çoxrəngli seçki kampaniyası içərisində əvvəllər olduğu kimi indi də Petrosyanın
bəyanatları, vədləri bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün daha
çox diqqət çəkir.
- Yenidən hərbi
təlimlər və Sarkisyanın bəyanatına qayıdaq. Baş verənlər Ermənistanın real niyyətini
və danışıqlar yolu ilə münaqişənin həll edilməsində bu ölkənin maraqlı
olmadığını açıq-aydın göstərir. Belə olan halda ATƏT, BMT Təhlükəsizlik
Şurasının daimi üzvü olan dövlətlər, eləcə də münaqişənin dinc yolla həllinə məsul
olan Minsk qrupunun həmsədr ölkələri nə üçün işğalçı Ermənistana təsir və ya təzyiq
göstərmir, hadisələrə yalnız seyrçi qalırlar?
- Ermənistan prezidentinin, həmçinin digər rəsmi şəxslərin
hərbi ritorikası son bir neçə ay ərzində daha da artıb, dəyişib. Hərbi
ritorikanı dəyişən amillər içərisində Sarkisyanın Moskva və Parisə səfərlərinin
də rol oynadığı qənaətindəyəm. Fikrimcə, Rusiya və Fransa həmsədr dövlətlər
olaraq problemin həllində ortaq mövqedən çıxış edirlər. Bu mövqe Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləyən mövqedir. Düzdür, Fransua Olland naşılıq edərək "Artsax
respublikası” ifadəsini işlətmiş, münaqişənin həllinə statusun müəyyən edilməsindən
başlamağı doğru yol kimi qələmə vermişdi. Lakin Azərbaycan Prezidenti İlham
Əliyevin Parisə səfəri oldu, Fransua Ollandın başının üstünü aldı, yol verdiyi
səhvi onun öz dili ilə səsləndirilən bəyanatla düzəltdi. O baxımdan, həmsədr
dövlətlər Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyirlər və bu,
olduqca mühüm məsələdir. Ancaq son zamanlar münaqişə bölgəsində baş verənlərə,
xüsusən də Sarkisyanın hərbi ritorikasına həmsədr dövlətlərin seyrçi qalması məni
də təəccübləndirir.
- Minsk
qrupunun amerikalı həmsədri Riçard Hoqland Azərbaycan və Ermənistan prezidentlərinin
görüşünün təşkili üçün iki ölkənin xarici işlər nazirlərinin yaxın vaxtlarda
Moskvada bir araya gələcəyini bildirib. Baş tutacağı təqdirdə bu görüşdən müsbət
nəsə gözləməyə dəyərmi?
- Xarici işlər nazirlərinin görüşməsi vacibdir.
Çünki, bu zaman danışıqlar prosesinə yenidən start verilir. Eyni zamanda bu o
deməkdir ki, Ermənistanın özünü naza çəkərək danışıqlara gəlməmək, bununla Azərbaycana
təzyiq göstərmək niyyəti boşa çıxıb. Beynəlxalq qurumların, o cümlədən ATƏT-in
Dağlıq Qarabağ probleminin dinc yolla həll edilməsi istiqamətində gördüyü işləri
qənaətbəxş hesab etməsəm də, hər halda ATƏT öz potensialından istifadə edə
bilib, danışıqlar prosesinə yenidən start verilməsi ehtimalı yaranıb. Xarici
işlər nazirlərinin görüşünün nəticəsi olaraq prezidentlərin də bir araya gələcəyini
düşünmək olar. Amerikalı həmsədr Riçard Hoqland son açıqlamaları ilə problemin
həllinə dair 3 variantın hazır olduğunu və onlardan birinin tərəflərə qəbul
etdiriləcəyinə eyham vurur. Lakin burada hər hansı yeniliyin, sensasiyanın
olacağını düşünmürəm. Çünki, danışıqlar prosesində həmsədrlər prinsipiallıq
nümayiş etdirmirlər. Xüsusən də Rusiyadan və Fransadan olan həmsədrlər
prinsipiallıq göstərmirlər. Amerikalı həmsədr də vəziyyət barədə müəmmalı
fikirlər səsləndirir. Ümumilikdə həmsədrlərin davranışlarında bir tərəfi müdafiə
etmək, hadisələrə ikili standartlardan yanaşmaq cəhdləri də var. Bütün bunları
təhlil edəndə xristian təəssübkeşliyinin ortada olduğu qənaətinə də gəlmək
olur. Hansı ki, Sarkisyan da Minsk qrupunun həmsədr dövlətlərinin xristian
olmasına arxayınlaşaraq, Dağlıq Qarabağa qanunsuz səfərində özünə tərəfdar
toplamaq üçün Ermənistan silahlı qüvvələrini xristianlığın keşikçiləri
adlandırıb, münaqişəyə dini çalar verməyə cəhd edib. Sarkisyan Dağlıq Qarabağ
problemini xristian-müsəlman qarşıdurması kimi beynəlxalq aləmə təqdim etməyə,
bununla xal toplamağa çalışır. Bu kimi səbəblərdən hələlik danışıqlar prosesini
obyektiv, beynəlxalq hüquq normalarının diktə etdiyi axara salmaq xeyli çətin
görünür. Amma xarici işlər nazirləri səviyyəsində danışıqların başlamasını müsbət
hadisə kimi səciyyələndirmək olar.
- ABŞ-ın dövlət
katibi Reks U. Tillerson Elmar Məmmədyarova ünvanladığı məktubunda ölkəsinin
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həllində
maraqlı olduğunu qeyd edib. Həm bu fikirlər, həm də amerikalı həmsədrin son
açıqlamaları əsasında demək olarmı ki, rəsmi Vaşinqton problemin həllində
aktivlik göstərmək qənaətinə düşüb?
- Mən də hesab edirəm ki, ABŞ Dağlıq Qarabağ
probleminin sülh yolu ilə tənzimlənməsində aktivliyi ələ almaq fikrindədir. Belə
qənaətə gəlməyə sabiq amerikalı həmsədr Ceyms Uorlikin səsləndirdiyi fikirlər də
əsas verir. O, Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləməklə bərabər,
Ermənistanın işğalçı olduğunu, təcavüzkar dövlətin işğal altındakı ərazilərdən öz
qoşununu geri çəkməsini dönə-dönə vurğulayır. Uorlik həmsədr olarkən diplomatik
qaydaları aşa bilməmək səbəbindən söyləyə bilmədiyi fikirləri indi dilə gətirir.
Bu onu göstərir ki, ABŞ Dağlıq Qarabağ probleminin anatomiyasını dəqiq bilir.
Ancaq təəssüf ki, Amerika bunu bildiyi halda təcavüzkarı öz adı ilə çağırmaqda
çətinlik çəkir. Ümid edək ki, ABŞ-ın yeni administrasiyası və amerikalı yeni həmsədr
münaqişənin həllinə beynəlxalq hüquq normalarına söykənən yeni yanaşma tərzini
mütləq nümayiş etdirməyə çalışacaq. Rusiya da dəfələrlə bəyan edib ki,
problemin həllində Amerika ilə razılığın əldə edilməsi, ortaq fikrə gəlmək
olduqca böyük əhəmiyyətə malikdir. Heç kimə sirr deyil ki, ABŞ-ın xeyir-duası
olmadan Rusiya təkbaşına bu problemi həll edə bilməyəcək.
- Amerikalı həmsədr
R.Hoqland münaqişənin həllinə dair dövriyyədə 3 mərhələli planın olduğunu
vurğulasa da həmin sənədin detallarını açıqlamadı. Sizcə, bu həll planı nədən
ibarətdir və o Azərbaycanın milli maraqlarına uyğundurmu?
- Fransua Ollandın, eləcə də Rusiyadakı müəyyən
siyasi dairələrin Dağlıq Qarabağın statusunu ön plana çıxarmaq cəhdləri Amerika
tərəfindən vurulmağa başlanılıb. ABŞ Dağlıq Qarabağ ətrafı 5 rayondan işğalçı
qoşunun geri çəkilməsini birinci mərhələ adlandırır. Rəsmi Vaşinqton bunu dəfələrlə
bəyan edib. Yeni həmsədr də bu fikri üstüörtülü formada təkrarlayır. İkinci mərhələdə
iki rayonun boşaldılması və Dağlıq Qarabağın statusu məsələsi dayanır. Ancaq
statusun müəyyən edilməsindən öncə bölgədən zorla köçürülən qaçqın və məcburi
köçkünlər öz evlərinə qaytarılmalı, orada yaşayış üçün tələb olunan
infrastruktur qurulmalıdır. Yalnız azərbaycanlıların bölgəyə qayıdışından sonra
Dağlıq Qarabağın hüquqi statusunun müəyyən edilməsindən danışmaq olar. ABŞ bu həll
variantına tarixi ardıcıllıqla yanaşır və hesab edir ki, azərbaycanlıların bölgəyə
qayıdışı təmin olunmadan böyük və möhkəm sülh sazişini əldə etmək mümkün deyil.
Amerika əl altından Rusiyanın buradakı təsirlərini də zəiflətməyə çalışır.
Çünki, Cənubi Qafqazda Amerikanın uzağa gedən ciddi strateji maraqları var. Bu
maraqların təmin olunması üçün Cənubi Qafqazın lider dövləti Azərbaycanla
münasibətləri daha da yaxşılaşdırmaq zəruridir.
Rufik
İSMAYILOV