• çərşənbə axşamı, 19 mart, 07:01
  • Baku Bakı 8°C

Ermənistan “Njde” bataqlığında

23.01.20 19:18 2284
Ermənistan “Njde” bataqlığında
İsrail Qafqazda yerləşən iki dövlətin birində antisemitizm olduğu halda, digərində yəhudinin hətta Milli Qəhrəman səviyyəsinə qalxdığını görür

Ermənilərin "qəhrəman” səviyyəsinə qaldırdığı, lakin özünün ideoloji baxışı ilə bəşəriyyətin düşməni olan nasist Qaregin Njde məsələsi yenidən gündəmə gəlib. Belə ki, "The Jerusalem Post” qəzetində dərc edilən "At Auschwitz tribute, Israel should study tale of two monuments” başlıqlı məqalədə məsələyə bir daha toxunulub.
Müəllif qeyd edir ki, 2016-cı ilin iyununda Yerevanda faşist əlaltısı Njdeyə Yerevanda abidə qoyulub: "Faşist Almaniyası ilə işbirliyində ittiham olunan bu şəxsin hərbi dəstələri Krımda, Qafqazın cənubunda, Fransada döyüşüb. Nasistlər yəhudiləri və müqavimət hərəkatının üzvlərini ölüm düşərgələrinə göndərən zaman onlara yardımlar göstəriblər”.
Qəzet qeyd edir ki, 1991-ci ildə müstəqillik əldə edən və Ermənistanla münaqişə vəziyyətində olan Azərbaycanda bu ilin noyabrında Qarabağ müharibəsinin şəhidi, milliyyətcə yəhudi Albert Aqarunova abidə qoyulub. Njde ilə Aqarunova qoyulan abidə arasında təzad göz önündədir.
Onu da qeyd edək ki, ötən il Rusiyada keçirilən toplantıda Prezident İlham Əliyev bu məsələyə toxunaraq, nasist Njdeyə Ermənistanda heykəl qoyulmasının II Dünya müharibəsi qurbanlarına hörmətsizlik olduğunu dilə gətirib. İsrail mətbuatının bu məsələni gündəmə gətirməsi ermənilərə nə vəd edir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Natiq Miri bildirdi ki, bu məsələni ilk növbədə dünyaya böyük bəla gətirən faşizmə qarşı bir müqavimət kimi dəyərləndirmək lazımdır: "Çünki Njde təkcə erməni deyil, eyni zamanda faşizmə qulluq edən kölələrdən biri olub. Faşizm də yüz milyonlarla insanı qətlə yetirən bir idarəetmə forması, irqçi rejim olub ki, bu da təkcə yəhudilərə, yaxud da sovetlər birliyində olan xalqlara qarşı deyil, bütün bəşəriyyətə qarşı olan bəla idi. Ona görə də bu məsələyə həssas yanaşılması və ciddi təzyiq göstərilməsi yəhudilərin və ya azərbaycanlıların işi deyil. Bu məsələ, eyni zamanda Böyük Vətən müharibəsində 50 milyona yaxın insanını itirən sovet ittifaqı və onun varisi olan Rusiya dövlətinə də aiddir. Yəni, bu gün İsrail müqavimət göstərirsə, təbii ki, Rusiya da bu məsələdən ciddi bir örnək almalı və Ermənistana təzyiq göstərməlidir. Baxmayaraq ki, Njde məsələsində Rusiya o qədər də ciddi təpki ortaya qoymadı. Ən azından bunu dövlət səviyyəsində etmədi. Doğrudur, siyasi kluarlarda bəzi neqativ fikirlər səsləndirildi, ancaq bu, siyasətşünasların açıqlamalarından o tərəfə getmədi. Hansı ki, bu gün Rusiyanın Ermənistana, sözün həqiqi mənasında, ciddi təzyiq imkanları mövcuddur. Əgər bu gün faşist Njdenin heykəli Ermənistanda durursa, bu, Rusiya dövlətinin ikili standartı ilə bağlıdır. Rusiya həqiqətən də öz tarixinə sahib çıxırsa və hörmət edirsə, bu heykəlin götürülməsi üçün dərhal Ermənistan hakimiyyətinə bütün vasitələrlə təzyiq etməlidir”.
N.Miri qeyd etdi ki, İsrail mətbuatında bu məsələnin yenidən qaldırılması hər baxımdan müsbət haldır: "Ancaq düşünürəm ki, bunun ciddi mənada siyasi nəticələrinin olacağını demək doğru deyil. Müəyyən müddətdən sonra bu məsələ İsraildə də arxa plana keçəcək. Çünki İsrail dövlətinin özünün geosiyasi maraqları var və ciddi təzyiq göstərəcəyini düşünmürəm”.
Politoloq Əhməd Əlili bildirdi ki, qondarma erməni soyqırımının əleyhinə fəaliyyət göstərən ən aparıcı təşkilatlar, maraq qrupları yəhudi diasporu və ona yaxın qüvvələr olub: "Yəhudi dünyagörüşünə görə, yəhudi soyqırımından başqa belə bir hadisə yoxdur və dünya tarixində soyqırımı olubsa, yalnız Holokostdur. Bu baxımdan ermənilərin soyqırımı adlandırdıqları hadisə heç bir zaman yəhudi Holokostuna bərabər tutula bilməz. Ona görə də uzun müddət İsrail dövləti və ona yaxın olan qüvvələr qondarma erməni soyqırmının tanınmaması ilə bağlı çox ciddi addımlar atıblar. ABŞ-da da uzun müddət bu qondarma soyqırımının əleyhinə qərarların qəbul olunması ilə bağlı addımlar da məhz bu məsələ ilə əlaqədar olub. Həmçinin onu da nəzərə almaq lazımdır ki, Azərbaycanı və İsraili yaxınlaşdıran məqamlar təkcə qondarma erməni soyqırımı və ya Osmanlı imperiyasında 1915-ci ildə baş vermiş tarixi hadisələrə qarşı oxşar və ümumi mövqenin olması ilə bağlı deyil, həmçinin yəhudilərin dünya üzrə ayrı-ayrı ölkələrdə antisemitizm monitorinqi aparmaları ilə əlaqədardır. Ermənistandakı vəziyyət göstərir ki, bu ölkədə antisemitizm daim yüksək səviyyədə olub. Əgər sovetlər birliyi dağılana qədər Yerevanda çoxsaylı yəhudi diasporu var idisə, hazırda orada yaşayan yəhudilərin sayı yüz nəfərdən də aşağıdadır. Bu da yəhudilərin özlərinə bir siqnaldır ki, Ermənistanda bu cür proseslər baş verir və buna reaksiya vermək lazımdır. İsrail antisemitizmlə bağlı bütün dünyada monitorinq aparır və bu məsələdə ermənilərlə bağlı olan məqamlar da daim diqqətdədir. Ermənistandan fərqli olaraq, Azərbaycanda dağ yəhudilərinin nümayəndəsi parlamentdə təmsil olunur. Daha bir incə məqam ondan ibarətdir ki, Azərbaycanın Albert Aqarunov kimi Milli Qəhrəmanı var. Bu da onu göstərir ki, Qafqazda yerləşən iki dövlətin birində həddən artıq antisemitizm olduğu halda, digərində yəhudilər hətta Milli Qəhrəman səviyyəsinə qalxa bilir. Bu da Azərbaycanı və İsraili yaxınlaşdıran məqamlardan biridir”.
Ə.Əlili söylədi ki, ABŞ-İran münasibətləri kontekstində İsrail israrla Azərbaycanı anti-İran koalisiyasına qoşmaq istəyirdi: "Azərbaycanın bu məsələ ilə bağlı öz baxışı mövcuddur və İranda çoxlu sayda azərbaycanlı yaşayır. Buna görə də Azərbaycan dövləti İranla yaxın qonşu olmasını və bu ölkədəki azərbaycanlıları nəzərə alır. Belə olan halda, hiss olunurdu ki, son iki il ərzində isti münasibətlərdə pauza yaranmışdı. Amma qondarma erməni soyqırımı məsələsinin ABŞ Konqresində və Senatında aktivləşdirilməsi yada saldı ki, Azərbaycanla İsrailin ümumi mübarizə edəcəyi məsələlər çoxdur. Cənab İlham Əliyevin Qaregin Njde ilə bağlı məsələni yada salması, postsovet məkanında, xüsusilə Rusiyanın daxilində Njdeyə aid olan abidələrə qarşı addımların atılması da İsraili Azərbaycana yaxınlaşdırır. Bu da göstərir ki, İsrailin bir çox milli maraqlarına cavab verən hadisələr Azərbaycanın da milli maraqlarına cavab verir. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan- İsrail münasibətlərindəki istiləşmədə pauzanın aradan qalxacağını gözləmək mümkündür. Əgər iki dövlət Qaregin Njde məsələsinə birgə fokuslanarsa, qısa müddət ərzində bir neçə ay əvvəl sözdə erməni soyqırımına dair qətnaməyə uyğun bir cavabın hazırlanmasını təmin edə bilərlər”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər