• çərşənbə, 08 May, 07:44
  • Baku Bakı 13°C

Ermənilərin “Paşinyan nağılı” sona çatır, göydən isə alma düşmür

13.03.19 16:24 714
Ermənilərin “Paşinyan nağılı” sona çatır, göydən isə alma düşmür
"Məxməri inqilab”dan 10 ay keçməsinə baxmayaraq, Ermənistanda hansısa bir sahədə irəliləyiş və inkişaf hiss olunmur. "Uğurlar” yalnız pafoslu, kütləni ələ almağa yönəlik bəyanatlar, populist proqramlardadır. Hətta ən optimist erməni ekspertləri belə, Paşinyan hakimiyyətinin bəh-bəhlə təqdim etdiyi "inqilabi proqram”ların perspektivsizliyindən bəhs edirlər. Ermənistanın "1in.am” saytı yazır ki, inqilabdan keçən müddətdə yeni hakimiyyətin fəaliyyəti artıq çoxlarında müsbət qarşılanmır - ümidlər puç olub. Ekspertlərin qənaətincə, cəmiyyətin "demokratik” adlandırılan hakimiyyət orqanlarından gözləntiləri çox idi. Lakin bunların heç biri özünü doğrultmadı. Bütün bunlar isə hakim komandanın reytinqinə təsirsiz ötüşməyəcək. Siyasilər tez-tez diqqəti ona yönəldirlər ki, hakimiyyət ciddi bir inkişaf konsepsiyası təqdim edə bilmir və gündəlikdə yalnız operativ məsələlərin həlli durur. Məsələ ilə bağlı "Birinci infomasiya” agentliyinə müsahibəsində "GALLUPInternationalassociation”ın erməni bürosunun direktoru Aram Navasardyan hazırkı mərhələdə yeni hakimiyyət orqanlarının reytinqinin aşağı düşməsinə toxunub. Onun sözlərinə görə, hələ ki, hər hansı bir ciddi dəyişiklikdən söhbət gedə bilməz: "Yeni hakimiyyət haqqında xalqın fikrini dəyişə biləcək hər hansı bir yenilik yoxdur”. Ekspert hesab edir ki, bu məsələ ilə bağlı konkret hansısa bir tədqiqat aparmayıblar. Lakin gələn ay bununla bağlı müvafiq işlərə start verəcəklər. Konkret nəticələr ortada olandan sonra bu barədə ətraflı danışacağıq. "Sizcə, hakimiyyətin reytinqinin aşağı düşməsinin səbəbi tez bir zamanda sürətli dəyişikliklər həyata keçirmək, yaxud dövlətin inkişafla bağlı dəqiq proqramının olmaması ilə bağlıdırmı” sualına ekspert bildirir ki, hakimiyyətin seçkilər zamanı irəli sürdüyü proqramı konsepsiya kimi qəbul etmək olar: "Lakin bu istiqamətdə hər hansı bir addım atılmadı. Bu, sırf seçkilərlə bağlı idi. Yadınızdadırmı, seçki dövründə belə bir suallar səslənirdi - quldurları, xalq malını qarət edənləri tutacağıq, oğurladıqlarını alacağıq. Və dərhal da bəzilərində bu qənaət formalaşırdı ki, sabah tutacaqlar, sonrası gün isə həmin pulları onlara paylayacaqlar və dərhal da insanlar yaxşı yaşamağa başlayacaq. Bir çox insanların arzuları bununla puç oldu. Artıq hakimiyyət və bələdiyyələrin fəaliyyətindən narazılıq da artır. Görünən odur ki, postinqilab eyforiyası artıq getdikcə azalır və "hə, bax, indi hər şey yaxşı olacaq” fikirləri rasional düşüncəyə çevrilir. İnsanlar əvvəlki hakimiyyətlə indiki hakimiyyətin iş stilini müzakirə etməyə başlayırlar. Nəticələrin ümumiyyətlə olmadığını demək bir qədər düz olmazdı. Lakin bütün bunlar azdır. İnsanlar konkret layihələrin reallaşmasını gözləyirlər. Bir sıra pozitiv siqnalların baş verdiyini görürük, lakin Paşinyan hakimiyyətinə neqativ təsir edə biləcək siqnallar daha çoxdur. Paşinyan hakimiyyəti diqqəti ona yönəltməlidir ki, proqram və konsepsiya ilə iş bitmir”.
Ekspertin qənaətincə, ölkədə vəziyyətdən istifadə etməyə çalışan qüvvələr hələ də mövcuddur. Onun sözlərinə görə, müxalifət Paşinyan hakimiyyətinin buraxdığı bütün səhvlərdən istifadə etməyə, mənfəət etməyə çalışacaq: "Bu, normal prosesdir”. O, "Siz parlament daxilində və yaxud ondan kənardakı qüvvələri nəzərdə tutursunuzmu” sualına "həm daxil, həm də xarici” deməklə kifayətlənib. Onun sözlərinə görə, parlamentdən kənarda güclü və təcrübəli qüvvələr – Daşnaksütyun, Ermənistan Respublika Partiyası və "İşıqlı Ermənistan” partiyaları var. Bu qüvvələr hakimiyyətin tənqid olunması imkanlarını buraxmaq istəməyəcəklər.
Onu da qeyd edək ki, Paşinyan hökumətinin "hökumət strukturlarının optimallaşdırılması” adı altında həyata keçirdiyi islahatlar çərçivəsində nazirlik və idarələrdə geniş ixtisarlar nəzərdə tutulur. Belə ki, martın 7-də Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, ölkədə fəaliyyət göstərən 17 nazirlikdən cəmi 12-si saxlanılıb. Bunun nəticəsində isə 10 mindən çox dövlət qulluqçusu işsiz qalacaq.
Ermənistan parlamentinin sabiq vitse-spikeri Arpine Ovannisyan Paşinyan hökumətinin struktur islahatlarını, əvvəlki hakimiyyətin dövründəki dövlət qulluqçularının işdən azad olunması əməliyyatı adlandırıb. Onun sözlərinə görə, ixtisarların həyata keçirilməsi zamanı "məxməri inqilab” əleyhdarları işdən azad olunacaq. "Baş nazirin parlamentdə suallara verdiyi cavablar göstərdi ki, "hökumət strukturlarının optimallaşdırılması” ideoloji meyarlara əsaslanacaq və əvvəlki iqtidarla əlaqəsi olanlar ixtisara düşəcək”, - deyə siyasətçi vurğulayıb. Onun sözlərinə görə, hökumətin qərarında da Paşinyanın "uyğun olmayan” dövlət qulluqçularından qurtulmaq siyasəti açıq-aşkar görünür. Erməni siyasətçi əlavə edib ki, son 10 ayda baş verənlər dövlət strukturlarında işə qəbul zamanı baş nazirin qohumlarına, yaxud mitinqlərdə daha çox səs-küy salanlara üstünlük verildiyini göstərir. O qeyd edib ki, hazırda parlament üzvü olmaq, yüksək vəzifəli şəxslərin yaxını olmağı, qubernator müavini vəzifəsinə təyinat isə deputat uşaqları ilə ailə qurmağı tələb edir. Ovannisyanın sözlərinə görə, iqtidar bunları inkar edə bilməz və Dövlət Əmlak Komitəsinin rəhbərinin vitse-spikerin əri olması və s. faktlar əyani sübutdur. Siyasətçi baş nazirə müraciətində yazıb: "Sizin, təkcə "inqilabçıların” deyil, həm də "əksinqilabçıların” rəhbəri olduğunuzu dərk etmənizin vaxtı çatıb”.

"Verelq.am” saytı isə yazır ki, müxalifət nəzarətində olan media resurslar, sosial şəbəkələr vasitəsilə Paşinyanın reytinqinin aşağı salınmasına çalışır. Bununla da, gələcək seçkilərdə ona ölümcül zərbə endirməyə çalışırlar: "Paşinyan hakimiyyəti üçün təhlükə Qarabağda müharibənin başlanması da ola bilər. Əgər onun gedişi erməni tərəfi üçün uğursuz olarsa, onda bu, ona ciddi zərbə vura bilər. Erməni xalqı isə bunu heç bir hakimiyyətə bağışlaya bilməz. Paşinyan da bütün bunları başa düşür. Yaxşı bilir ki, Qarabağda hansısa bir uğur onun növbəti seçkilərdə şəksiz lider edə bilər”. Görəsən, erməni saytı "uğur” dedikdə nəyi nəzərdə tutur? Məsələ ondadır ki, 2016-cı aprel hadisələrindən sonra erməni ictimaiyyəti Azərbaycan ordusunun nəyə qadir olduğunu anladı. Əksəriyyət gözəl anlayır ki, əvvəlki hakimiyyət kimi, indiki də heç bir halda hərbi əməliyyatların başlanmasına getməz. Və Ermənistan rəhbərliyi bilməlidir ki, reytinqini qaldırmaq və əhalinin problemlərinin həll etmək istəyirsə, işğal altındakı Azərbaycan torpaqlarını azad etməlidir. Əks halda, onu da əvvəlki hakimiyyətin taleyi gözləyə bilər.

Azər
banner

Oxşar Xəbərlər