• şənbə, 27 Aprel, 03:12
  • Baku Bakı 14°C

Ermənilərin ərazi iddiası və məsələyə beynəlxalq hüquqi baxış - Fotolar

17.06.17 23:23 3017
Ermənilərin ərazi iddiası və məsələyə beynəlxalq hüquqi baxış - Fotolar
Bu gün "Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində Azərbaycanın KİV-nin nümayəndələri üçün "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” haqqında qısamüddətlı elmi maarifləndirmə və təbligat kurslarını davam etdirdi.
Milli Məslisinin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı "Sovet dövründə Ermənistanın Azərbaycana ərazi iddiaları və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticələri (1945-1985)” mövzusunda mühazirə ilə çıxış edərək bildirdi ki, ermənilər tarixən Türkiyəyə qarşı ərazi iddiaları ilə çıxış ediblər. Onun sözlərinə görə, bu, mümkün olmayanda Azərbaycana qarşı iddia irəli sürüblər: "Azərbaycandan torpaq ala bilməyəndə isə xaricdən erməniləri Ermənistana köçürüblər və azərbaycanlıları Ermənistandan deportasiya ediblər. Burada əsas hədəf Ermənistanın torpaqlarını cənuba və şərqə doğru genişləndirmək, yəni Qarabağ və Naxçıvanı almaq olub. 1945-ci ildə Ermənistan Kommunist Partiyasının birinci katibi Qriqori Arutyunov SSRİ-nin rəhbəri Stalinə məktubunda iddia edir ki, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycana birləşdirilib və 153 minlik əhalinin 123 mini ermənidir. Onun iddiasına görə, Dağlıq Qarabağ Ermənistana birləşdirilsə, burada kənd təsərrüfatı inkişaf edər. Məsələ həll olunduqda Qarabağın keçmiş paytaxtı Şuşa şəhərinin bərpasını və mərkəz kimi istifadəsini qaldıracaqlarını da bildirib. Stalin həmin məktuba dərkənarla Mərkəzi Komitənin katibi Georqiy Malenkova yazır. Mircəfər Bağırov 10 dekabr 1945-c ildə 5 səhifəlik məktubla bu məsələyə öz münasibətini bildirib. Orada yazıb ki, sizin teleqrama cavab olaraq bildirirəm: DQMV ərazisi Qarabağ xanlığının ərazisində olub, 1747-ci ildə mərkəzi Pənahabad olub, 1826-cı ildə isə Çar Rusiyanın tərkibinə birləşdirilib. Musavat dövründə Şuşa şəhəri general-qubernatorluğun paytaxtı olub, sonra qırğınlar törədilib. Daha sonra yazıb ki, 1923-cü ildə ermənilərin çox yaşadığı bu ərazinin Ermənistana birləşdirilməsi məsələsi qaldırılıb, amma bu bölgənin Ermənistanla birbaşa əlaqəsi olmayıb, 1923-cü ildə Muxtar Vilayət yaradılıb və Stepanakert şəhəri mərkəz olub. Azərbaycan ali məktəblərində 20,5 faizi ermənilər, əksəriyyəti DQMV-dən olanlardır. Şuşa həmişə Azərbaycan mədəniyyət mərkəzinin beşiyi olub, orada azərbaycanlılar yaşayıb. Mircəfər Bağırov Ağa Məhəmməd Şah Qacarın Şuşada öldürüldüyünü xatırladıb. Bildirib ki, Şuşa böyük mədəniyyət yaradıb, İbrahim xan, Vaqif və Natəvan və digərlərini yetirib”.

Tarixçi-alim M.Qasımlı bildirib ki, Mircəfər Bağırov ermənilərin iddiaların ilə bağlı xüsusi bir komissiyanın yaradılmasını, müzakirələr zaman aşağıdakı məsələlərə baxılmasını zəruri sayıb: "1.Ermənistanın Əzizbəyov, Vedi və Qarabağlılar rayonlarının Azərbaycana birləşdirilməsi məsələsinə baxılsın. Bu rayonların əhalisi əsasən azərbaycanlılardan ibarətdir və ərazi Azərbaycanla sərhəddə yerləşir. Ona görə də daha yaxşı olar ki, bu ərazi Azərbaycana birləşdirilsin. 2.Gürcüstandan olan yoldaşlar vaxtaşırı Balakən, Zaqatala, Qax rayonlarının Gürcüstana birləşdirilməsi məsələsini qaldırırlar. O bölgədəki 79 min nəfərin yalnız 9 min nəfəri gürcü-ingiloydur. Xahiş edirik, bu məsələyə baxarkən Gürcüstanın Borçalı rayonunun azərbaycana birləşdirilməsi məsələsini müsbət həll edəsiniz. Daha sonra xahiş edirik vaxtilə Bakı quberniyasının tərkibində olmuş Dərbənd və Qasımkənd rayonları Azərbaycana birləşdirilsin. Stalin bütün bu müraciətlərə baxılmamasının mümkünlüyünü qeyd edir”.

M.Qasımlı arxiv materiallarına istinadən bildirdi ki, Azərbaycandan torpaq qopara bilməyən ermənilər ikinci varianta əl atıblar: "Beləki, 1945-ci ilin noyabrında SSRİ Xalq Komissarları Soveti bir sənəd imzaladı. Bu sənəd Ermənistanda sovet hökumətinin qurulmasının 25 illiyi ilə əlaqədar xaricdəki ermənilərinin köçürülməsi barədə idi. Bundan sonra ermənilərin Ermənistana köçürülməsi prosesi başladı. 1947-ci il 23 dekabrda qərar çıxdı. Bu qərardan əvvəl Arutunovun Stalinə məktubu var. Yazır ki, xaricdən ermənilər gəlib, amma onlar kənd mühitinə uyğunlaşa bilmirlər, narazılıq edirlər. Onlara normal yaşayış üçün şərait yaratmaq lazımdır. Bundan sonra qərar verilir ki, Ermənistandakı 100 min nəfər azərbaycanlı pambıqçılıq rayonlarına köçürülsün. Mingəçevir, Əli Bayramlı su elektrik stansiyası tikilir, işçi qüvvəsinə ehtiyac var, pambıqçılıq sahəsinin inkişafı məsələsi var. Xaricdən gətirilən ermənilər isə azərbaycanlıların evlərinə köçürülsün”.

Ermənilərin heç vaxt torpaq iddalarından əl çəkmədiyini deyən M.Qasımlı qeyd etdi ki, ermənilər heç vaxt yaşlı nəsil arasında təbliğat işi aparmayıblar, gələcək nəsillə işləyiblər: "Ümummilli lider Heydər Əliyevin hələ DKT-nın şöbə rəisi olarkən imzaladığı sənəddə "erməni burjua millətçilərindən 60 nəfəri üzə çıxartmışıq. Onlar Stepanakert, Bakı, Kirovabad və Naxçıvanda yaşayıblar. Bu şəxslərdən 15 nəfər öyrənilib”, qeyd edilir. 1962-ci il 20 iyun tarixli həmin sənəddə ermənilərin adları qeyd olunur və sonrakı dönəmdə barələrində zəruri tədbirlər görülür. Sonrakı dönəmdə H.Əliyev azərbaycanlı qardaşların ermənilər tərəfindən öldürülməsi ilə bağlı Şuşaya gedir, hətta təkidlərə baxmayaraq, dəvət olunan evdə qalmır, "deyir daş düşdüyü yerdə ağır olar”, - deyib məsciddə qalır. Bu zaman da erməni millətçilərin cəzalandırılması istiqamətində mühüm addımlar atılır”.

Professor 1984-cü ildə Qazaxda baş verən Kəmərli hadisəsi barədə də danışdı. M.Qasımlı xatırlatdı ki, ermənilər bu əraziləri də ələ keçirmək istəyiblər: "Ermənistandan Movsesyanın rəhbərliyi ilə bir qrup Qazax rayonuna gəlib. Məsələdən duyuq düşən yerli əhali onların maşınını aşırır, özlərini döyürlər. Ancaq sonra Azərbaycan ərazilərinin Ermənistana verilməsinə qarşı çıxanlara insident yaratdıqlarına görə müxtəlif cəzalar verilib. Ermənilər bir an belə ərazi iddialarından əl çəkmirlər, hətta bununla bağlı SSRİ rəhbərliyindən çeşidli dəstək alırlar. 25 iyun 1986-cı ildə Dəmirçyan xaricdəki erməni qəzetlərinə maliyyə yardımının edilməsi barədə müraciət edilir. Qorbaçov bu müraciətin müsbət həll olunması barədə göstəriş verir. Mərkəzi Komitənin avqust ayında qərarı olur. Maliyyə dəstəyi Argentina, Faransa və s. ölkələrdəki "Daşnaksütyun”un siyasətini təbliğ edən erməni qəzetlərinə yönəldilir. Onu da qeyd edim ki, Azərbaycan ərazilərinə köçdüklərini ermənilər özləri də etiraf ediblər. 1986-cı ilin noyabrında Dəmirçiyan Mərkəzi Komitəyə yazırdı ki, Ermənistan SSRİ ərazisinə 230 mindən çox erməni köçürülüb. 1923-cü ildə təkcə Mosuldan 8 min ermənini gətirilib Dağlıq Qarabağa yerləşdiriblər. Çar dövründə isə 1,3 milyonluq erməninin 1 milyonu bu bölgəyə köçürüldüyü bildirilir”.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, "Qarabağ Araşdırmalar Mərkəzi” İB-nin sədr müavini Səfiyə Mehbalıyeva isə jurnalistlərə "Millətlərin öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü prinsipləri: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və beynəlxalq hüquq kontekstində” mövzusunda mühazirə oxudu. O, bu hüququn Dağlıq Qarabağ məsələsi kontesktinə yönəldərək, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsipinə beynəlxalq baxışdan bəhs etdi: "Ərazi bütövlüyü prinsipi beynəlxalq hüquqda daha çox işlənib. Burada sərhəd toxunulmazlığı, sərhədlərin dəyişilməz olduğunu özündə ehtiva edir. Bu gün biz həmçinin ATƏT sənədləri və Helsinki Yekun Aktına istinad edirik”.

S.Mehbalıyeva qeyd etdi ki, hər bir millət öz müqəddəratını təyinetmə uğrunda mübarizəyə qalxsa, dünya xəritəsi mütəmadi dəyişər: "Təəssüf ki, sülh prosesi şəraitində olmayacaq deyə, bu, dünyada faciələrə səbəb ola bilər Keçmiş SSRİ Konstitusiyası və Azərbaycan SSRİ, həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və BMT sənədləri sərhədlərin dəyişidirilməsini qadağan edir. O cümlədən Cenevrə Konvensiyasına görə işğal zonasında qanunsuz məskunlaşma qadağan edilir”.

S.Mehbalıyeva qeyd etdi ki, erməni iddiaların ilə bağlı Beynəxalq Ədalət Məhkəməsinə müraciət etmək üçün Azərbaycanın əlində kifayət qədər sübutlar var. BMT Təhlükəsizlik Şurasını qətnamələri isə tövsiyyə xarakterlidir və məcburetmə qüvvəsi yoxdur.

BƏXTİYAR





banner

Oxşar Xəbərlər