• cümə, 26 Aprel, 22:34
  • Baku Bakı 22°C

Ermənilər canlarını “Qarabağ klanı”dan qurtara biləcəklərmi?

25.04.18 20:19 1058
Ermənilər canlarını “Qarabağ klanı”dan qurtara biləcəklərmi?
Ermənistanda Levon Ter-Petrosyandan sonra hakimiyyətə Robert Koçaryan gəldi. Bu həmin dövr idi ki, Azərbaycan ərazilərini işğal edən təcavüzkarlara ermənilərə ölkədə "qəhrəman” kimi yanaşılırdı. Koçaryanın hakimiyyətə gəlməsi isə qondarma Qarabağ rejiminin tör-töküntülərinin Ermənistan hakimiyyətinə axını ilə nəticələndi. Elə həmin dövrdən də "Qarabağ klanı” qeyri-rəsmi şəkildə ölkə hakimiyyətini ələ keçirdi. Serj Sarkisyanın hakimiyyəti illərində isə "Qarabağ klanı”na qarşı nifrəti pik həddə çatdı.Son günlər Ermənistanda baş verən hadisələr, Nikol Paşinyanın başçılığı ilə keçirilən mitinqlər ilk olaraq Serj Sarkisyanın baş nazir postundan getməsi ilə nəticələndi. Ötən gün isə parlamenti qəbul etməyən tərəfin ikinci etiraz dalğası başlayıb. Bu isə ondan xəbər verir ki, yerli ermənilər hakimiyyəti "Qarabağ klanı”nın əlində geri almaq istəyir. Görəsən, Ermənistan "Qarabağ klan”ından canını qurtara biləcəkmi?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Fikrət Sadıxov bildirdi ki, "Qarabağ klanı”nı hakimiyyətdən uzaqlaşdırmaq üçün ilkin addımlar atılıb: "Əhali bu qruplaşmanın əlindən cana doymuşdu. Faktiki olaraq Koçaryan və Sarkisyan cütlüyü hakimiyyəti əldən vermək istəmirdi. Bir çox tələblər məhz bununla bağlı idi ki, onları hakimiyyətdən uzaqlaşdıra bilsinlər və yerlərinə normal şəxslər gəlsin. Küçələrdə nümayişçilərə rəhbərlik edən Paşinyan və tərəfdarları Yerevan və ətraf ərazilərin nümayəndələridir. Onların iştirakı ilə "Qarabağ klanı”nın səhnədən getməsinin artıq birinci addımı atıldı. Yəni Serj Sarkisyan baş nazir postundan istefa verdi. Amma Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası başa düşmür ki, vaxtı artıq sona çatıb. Ümumiyyətlə, etirazçılar tək Sarkisyanın getməsinin deyil, bütövlükdə klanın siyasi səhnədən getməsinə çalışırlar. Lakin onlar vaxtı uzadır, şərtlər irəli sürür və ya müxtəlif ssenarilər təklif edir. Buna isə Paşinyan və digər nümayişçilər heç vaxt razı olmayacaqlar, onların tələbləri qəti və prinsipialdır. Əminəm ki, gec-tez Respublika Partiyası geri oturdulacaq və Ermənistanda yeni parlament seçkiləri keçiriləcək. Yeni parlamentdə isə respublikaçılar çoxluq təşkil etməyəcək”.


F.Sadıxov qeyd etdi ki, "Qarabağ klanı”nın siyasi səhnədən getməsi fonunda qondarma rejim rəhbərliyi çıxılmaz vəziyyətdə qalıb: "Bu saxta hərbi rejimin rəhbəri Koçaryan və Ter-Petrosyanla görüşlər keçirib var-gəl edir. Hələ də bilmir ki, kimin tərəfində yer alsın. Düşünmürəm ki, Ermənistanda yeni hakimiyyətin seçilməsi ilə Qarabağ problemi həll olunsun. Çünki Qarabağ məsələsi onların strateji məqsədidir. Amma hər halda, strateji istiqamətdə müəyyən taktiki addımlar da atıla bilər. Yəni, bu məsələdə müəyyən yumşaqlıq nümayiş etdirilməsi mümkündür. Çünki onlar Ermənistanı pis vəziyyətdən çıxarmaq istəyirlərsə, gərək Azərbaycana güzəştə getsinlər. Bunun başqa çıxış yolu yoxdur”.

Politoloq Zaur Məmmədov bildirdi ki, Ermənistanda ilk günlər başlanılan etiraz aksiyalarında Paşinyan tələb kimi Sarkisyanın istefasını irəli sürürdü: "Amma indi görünür ki, bu, yeganə tələb deyil. Paşinyan baş nazir kimi hakimiyyətə gəlmək istəyir və bilir ki, xalq onun tərəfindədir. Elə buna görə də aprelin 25-də Ermənistanda mitinqlər yenidən bərpa olunub. Son məlumatlara görə, artıq 40 millət vəkili aksiyalara qoşulur və Paşinyanın tərəfinə keçir. Burada əsas məsələ Daşnaksütyun Partiyasının mövqeyi olacaq. Bu partiyadan da bir neçə deputat Paşinyanın tərəfinə keçərsə və bu zaman baş nazirlik məsələsi həll oluna bilər. Lakin Sarkisyanın Respublika Partiyası razı olmazsa, Karen Karapetyanın başçılığı altında növbədənkənar parlament seçkilərinə gedərlərsə, onda vəziyyət bir qədər dəyişəcək. Yəni, hakimiyyətə kimin gəlməsi sual altında olacaq. Məsələ burasındadır ki, Karen Karapetyan Rusiyaya yaxın adamdır. Onun qardaşı da Rusiyada fəaliyyət göstərir. Onu qeyd edim ki, Rusiya hüquq-mühafizə orqanlarına yaxınlığı ilə seçilən telekanalda Paşinyanı tənqid edib. Görünən budur ki, Paşinyan çox qabağa gedərək hakimiyyətə gəlmək istəyir”.


Z.Məmmədov əlavə etdi ki, Ermənistanda indi baş verənlər "Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnə bilər: "Çünki parlamentdə təmsil olunan Respublika Partiyasının yüksək çinli üzvləri "Qarabağ klanı”na aiddirlər. Onların çoxu Xankəndində doğulmuş şəxslərdir. Eləcə də Karen Karapetyan Qarabağ əsillidir. Digər tərəf isə yerli ermənilərdir. Onu qeyd edim ki, Paşinyan çox ağıllı və hiyləgər siyasət yürüdür. O, mitinqlər zamanı "Qarabağ klanı” haqqında mənfi fikir səsləndirməyib və açıq şəkildə onların qarşısını almayıb. Eləcə də Rusiyaya qarşı hansısa fikirlər səsləndirmir. Əvvəlki mitinqlərin məğlubiyyətə düçar olmasının səbəblərindən biri o idi ki, etirazçılar, misal üçün, Ermənistanın yalnız Avropaya inteqrasiya etməsini bildirirdilər, Rusiyadan ayrılmaq tələbini ortaya qoyurdular. Lakin bu dəfəki mitinqlərdə biz bunun əksinin şahidi olduq və belə şüarlar səsləndirilmədi”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər