• cümə, 26 Aprel, 22:47
  • Baku Bakı 22°C

Ermənilər aprel döyüşlərində 20-dən çox post itirdiklərini etiraf edirlər

21.08.20 16:29 2227
Ermənilər aprel döyüşlərində 20-dən çox post itirdiklərini etiraf edirlər

Serj Sarkisyanın mətbuat konfransı işğalçı ölkədə gərginliyə səbəb olub


Azərbaycanlıların Xocalıda kütləvi qırğınının təşkilatçılarından biri, Qarabağ klanının lideri, eks-prezident və eks-baş nazir Serj Sarkisyanın 2016-cı ilin aprel uğursuzluğu barədə keçirdiyi mətbuat konfransı erməni cəmiyyətində şok effekti doğurub. Əksəriyyət hesab edir ki, Sarkisyan bununla da ona qarşı açıq siyasi hücuma başlayan baş nazir Nikol Paşinyanın komandasına qarşı informasiya mübarizəsinə start vermiş olub. "Vestnik Kafkaza”nın əməkdaşı ilə söhbətində Siyasi və iqtisadi kommunikasiyalar Agentliyinin analitiki Mixail Neyjmakov Sarkisyanın son iki ildə ilk dəfə olaraq hazırkı hakimiyyəti tənqid etməsini və özünüiflas seansını şərh edib. Analitik ilk növbədə hərbi cinayətkarı mətbuat konfransı keçirməyə vadar edən səbəbləri açıqlayıb. "2020-ci ilin avqust ayında Serj Sarkisyanın fəaliyyətinə bağlı bütöv bir informasiya şəbəkəsi, o cümlədən Livandakı erməni icmasına kömək və gələcək planları ilə bağlı videomüraciət daxildir. Məsələ ondadır ki, eks-prezident sentyabr ayında birdən-birə üç neqativ informasiya kampaniyasının zərbəsi altına düşə bilər. Bu səbəbdən də birinci özü zərbə vurmaq istəyib. Yaddan çıxarmaq lazım deyil ki, bu işlə bağlı məhkəmə prosesi davam edir. Bundan əlavə, məhz sentyabr ayında 2016-cı il aprel hadisələri ilə bağlı parlament təhqiqatının nəticələri elan ediləcək. Digər tərəfdən, payızda narazı əhval-ruhiyyənin aktiv dövrü olacaq. Bütün bunlar isə pandemiya və iqtisadi böhranla dərinləşə bilər. Sarkisyan başa düşür ki, bu fonda da Nikol Paşinyan komandasının fəaliyyəti daha sərt (intensiv informasiya hücumlarından tutmuş adı çəkilən məhkəmə prosesi ətrafında yaşanan rezonansa kimi) ola bilər. İstisna deyil ki, eks-prezidentə qarşı məhkəmə prosesində yeni ittihamlar ortaya çıxsın. Sarkisyan ümid edə bilər ki, virus və böhran Paşinyanın ittihamlarını kölgədə qoya bilər”, - deyə Neymjakov bildirib. Analitik istisna etmir ki, yaxın gələcəkdə Ermənistanda siyasi böhran baş verə bilər: "Sarkisyan da anlayır ki, qeyri-sabit şəraitdə ən yaxşısı aktiv siyasətçi olmaqdır. Bu, minimum digər müxalif oyunçular, eləcə də, hakimiyyətlə danışıqlarda öz mövqeyini ortaya qoymağa imkan verəcək. Yeri gəlmişkən, Ermənistanda keçmiş birinci şəxslərin aktiv siyasətə qayıtması nümunələri vardır. Məsələn, Levon Ter-Petrosyan və Ermənistan Kommunist Partiyasının birinci katibi Karen Dəmirçiyanı xatırlamaq olar”, - deyə Siyasi və iqtisadi kommunikasiyalar Agentliyinin aparıcı analitik bildirib. O, hesab edir ki, "Sarkisyan yeni siyasi kampaniyaya başlamaqla Ermənistanın aprel uğursuzluqları ilə bağlı ona ünvanlanan suallara birbaşa cavab vermək istəyib. "Daxili siyasi vəziyyətin gərginləməsi daha radikal şüarların səslənməsinə gətirib çıxarır. Bu isə hər zaman tək mövcud hakimiyyətə qarşı deyil, həm də hakimiyyətdə olanlara ünvanlanan çağırışdır”. "1in.am” yazır ki, Sarkisyanın söylədiklərinə baxmayaraq, dördgünlük aprel savaşı Ermənistanın köhnə miflərdən uzaqlaşmağına kömək etdi. "Hərbi-siyasi elitanın istedadsızlığını, köməksizliyini üzə çıxardı”, - deyə məqalədə bildirilib.
Yeri gəlmişkən, hazırda erməni mediası diqqəti Sarkisyanın mətbuat konfransında səsləndirdiyi fikirlərə yönəldir. "Artıq dörd ildir bellə mübarizə aparan, ac və gülləsiz qalmış əsgərlər və dizel yanacağı əvəzinə su ilə doldurulmuş zirehli texnika haqqında miflər, tamamilə yalanlar yayılır. Bu, hətta siyasi hədəflərə çatmaq baxımından da ayıbdır”, - deyə Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan deyib. Maraqlıdır ki, məhz onun tərəfindən təyin olunmuş yüksək vəzifəli şəxs Ermənistan parlamentindən keyfiyyətsiz dizel yanacağı haqqında çıxış edib. Söhbət Ermənistanın keçmiş baş naziri Karen Karapetyandan gedir. Karapetyan 2017-ci il martın 1-də parlament-hökumət sual-cavabı zamanı bildirib ki, keyfiyyətsiz yanacaq səbəbilə ötən ilin Aprel döyüşləri zamanı erməni tərəfinin hərbi texnikası işləməyib. Belə çıxır ki, Serj Sarkisyan öz komanda yoldaşı tərəfindən səslənmiş tənqid haqqında danışır, ancaq bunun üçün başqalarını ittiham edir.
Serj Sarkisyanın xüsusi mətbuat konfransı çağırıb 2016-cı ilin aprel müharibəsində erməni ordusunun "qalib gəldiyi” barədə danışmasından sonra ona hakim partiyadan ifşaedici cavab verilib. Baş nazir Paşinyanın "Mənim addımım” partiyasından deputat, aprel müharibəsini araşdıran parlament komissiyasının üzvü Armen Xaçatryan bu "qələbə” nəticəsində erməni işğalçı qüvvələrinin Qarabağda 20-dən çox postu itirdiyini bildirib. "Bu faktdır ki, 2016-cı ilin aprel müharibəsində erməni tərəfi 20-dən çox mövqeni itirib, bunu müdafiə sferasındakı keçmiş və indiki məmurlar parlament istintaq komissiyasına təsdiq ediblər”, - deyə Armen Xaçatryan "Azadlıq” radiosunun erməni xidmətinə bildirib. S.Sarkisyan 3 saata yaxın çəkən mətbuat konfransında həmin istintaq komissiyasının rəhbəri Andranik Koçaryanın erməni qüvvələrinin aprel müharibəsində 20-dən çox mövqe itirdiyinə dair dediklərini inkar edib. Amma neçə mövqe itirildiyini dəqiqləşdirməmişdi. "Parlament komissiyasının sədri Andranik Koçaryan 20-dən çox mövqenin itirilməsi barədə keçmiş və indiki hərbçilərin ifadələrinə əsasən danışıb. Yəni o, həmin rəqəmi elə-belə səsləndirməyib, bu haqda komissiyaya dəvət olunmuş adamlar danışıblar, komissiyanın işinin nəticəsində həmin rəqəm ortaya çıxıb. Bəli, mən də təsdiq edirəm ki, 20-dən çox mövqe qarşı tərəfin əlində qalıb, həmin mövqelər arasında elələri var ki, strateji əhəmiyyət daşıyır. Hərçənd mövqe mövqedir, lakin elə mövqe var ki, stratejidir”,-Xaçatryan belə deyib.
İstintaq komissiyasının digər üzvü, müxalif "Çiçəklənən Ermənistan” fraksiyasından deputat Rubik Stepanyan da təsdiq edir ki, erməni tərəfi aprel müharibəsində 20-dən çox mövqe itirib, amma Serj Sarkisyanın bunu niyə inkar etdiyini anlamır.
"Əslində biz həmin mövqeləri itirmişik, həmin mühüm mövqeni də itirmişik, amma o niyə bunu inkar edir, anlamıram”, - Stepanyan deyib. O dəqiqləşdirib ki, itirilən mövqelərin sayının 20-dən çox olduğunu aprel komissiyası təsdiqləyib.


Azər NURİYEV

banner

Oxşar Xəbərlər