• cümə, 26 Aprel, 23:06
  • Baku Bakı 22°C

“Erməni soyqırımı” yalnız söz-söhbət kimi tarixdə qalacaq

28.04.15 05:57 899
“Erməni soyqırımı” yalnız söz-söhbət kimi tarixdə qalacaq
Zahid Oruc: “Əgər ermənilərin əlində hər hansı sübut-dəlil, tutarlı fakt və hüquqi imkan olsaydı, bu günə qədər bu istiqamətdə bütün zəruri addımları atardılar”
Ermənistanın və dünyadakı erməni diaspor təşkilatlarının uzun illərdir apardıqları yalan təbliğatın kulminasiya nöqtəsi aprelin 24-də İrəvanda təşkil edilən “törən” oldu. Tarixi saxtalaşdıraraq özlərini məzlum, əzabkeş xalq kimi dünyaya sırıyan ermənilər həmin gün uydurma soyqırımının “yüzilliyini” qeyd etdilər. Onların bu “törən”inə cəmi 4 ölkə rəhbəri – Rusiya, Fransa, Cənubi Kipr və Serbiya prezidentləri qatıldı. Bir çox dövlət rəsmiləri, o cümlədən Norveçin baş naziri Ermənistan prezidentinin “soyqırımı” ilə bağlı dəvətindən imtina etdi. ABŞ prezidenti Barak Obama isə ənənəvi nitqində bu dəfə də “soyqırımı” ifadəsini işlətməyərək, erməniləri məyus elədi. Ermənilərin xeyli vaxtdır apardıqları yalan təbliğatın iflası, Rusiya prezidentinin İrəvan səfərinin əsl mahiyyəti, B.Obamanın ənənəvi çıxışı, ATƏT-in Minsk Qrupu həmsədrləri olan Rusiya və Fransanın prezidentlərinin “soyqırımı” tədbirində iştirak etməsi və bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri ilə bağlı “Kaspi”nin suallarını Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc cavablandırır.
- Zahid müəllim, uydurma soyqırımının İrəvanda keçirilən yüzillik tədbirinə cəmi 4 ölkə başçısının qatılması nəyin göstəricisidir?
- Ermənistanın özündə, eləcə də dünyanın bəzi ölkələrində aprelin 24-ə yönəlik aksiyalar Türkiyəni siyasi-diplomatik cəhətdən hər hansı formada məğlub etmək, onu günahlandırmaq, ən sonda məsuliyyət qarşısında dayanmağa məcbur etmək məqsədi daşıyırdı. Bundan sonrakı dönəmdə ermənilər iki mühüm niyyəti həyata keçirməyi planlaşdırmışdılar. Birincisi, Türkiyə tərəfdən təzminat, ermənilərin geri dönüşü, ikincisi, vaxtilə Osmanlının erməniləri köçürdüyü məlum 6 vilayətdə erməni dövlətinin elan olunması idi. Bu baxımdan aprelin 24-nə qədər olan hazırlıqlar, müxtəlif dövlətlərdə bununla bağlı verilən siyasi qərarlar ermənilərin mövqelərini möhkəmləndirirdi. Həm Avropa Parlamentinin, həm də Vatikan kilsəsinin “erməni soyqırımı” barədə mövqeləri də dünyada ermənilərin sanki qalib obrazını formalaşdırırdı. Halbuki “soyqırımı”nı tanıma barədə qərarlar ermənilərin haqlı olması anlamına gəlmirdi. Hətta az bir qisim ermənilər bəyan edirdilər ki, bu qərarların onlara heç bir aidiyyəti yoxdur. Misal üçün, Arzumanyan soyadlı bir erməni bildirirdi ki, Qərb ölkələrinin öz maraqları tələb etdiyindən, Türkiyə ilə apardıqları davaya görə, məhz belə bir qərar qəbul ediblər; parlamentdə çıxarılan qərarlar nə hökumətlərin, nə də dövlətlərin xarici siyasətinə təsir göstərir; belə olan halda, “soyqırımı”nı tanıyan dövlətlərin statistikasını aparmaqla öyünməli deyilik. Bu fikir erməniləri daha çox qayğılandırmaqda idi ki, dünya Türkiyə ilə apardığı davada, sadəcə, ermənilərdən bəhrələnir. Ona görə də aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin yüzilliyi ilə bağlı möhtəşəm tədbirin keçirilməsi, 20-yə yaxın dövlət başçısının, digər ölkələrin yüksək səviyyəli rəsmi şəxslərinin həmin tədbirə qatılması İrəvanda düzənlənən “soyqırımı” göz yaşlarının üzərini örtdü. Bu, yalan təbliğatı və Türkiyə üzərinə olan hücumların effektini məhv elədi. Bəlkə də ilk dəfə olaraq Türkiyəni bu proseslərdə daha üstün vəziyyətə çıxardı. Bunun başlıca səbəblərindən biri də Türkiyə ilə Azərbaycanın birgə verdiyi qərarlarla bağlıdır.
- Demək olarmı ki, rəsmi İrəvanın illərdir bu yöndə apardığı təbliğat onlar üçün gözlənilən nəticəni vermədi?
- Türkün genetikası, tarixi zəfərlərlə zəngindir. Biz həmin hadisələrin birgə təbliğatını aparmalı, elə bu zəfərlərlə də düşmənə qarşı əks həmlə həyata keçirməliyik. Çanaqqala zəfərinin yüzilliyinin qeyd olunması bunun effektliliyini bir daha sübut etdi. Bu tədbirdə iştirak edən rəsmilərin bəzilərinin dövlətləri vaxtilə Türkiyənin bölücülüyünə doğru siyasi və hərbi qərarlar veriblər. Həmin mərasim, eləcə də oradakı çıxışlar dünyaya barış, sülh mesajı verdi və əksər ölkələrin televiziya kanallarında bu barədə geniş reportajlar əksini tapdı. Bu fonda İrəvanda keçirilən “soyqırımı” mərasiminin əhəmiyyəti hiss olunmadı. Hətta Vladimir Putin o mərasimdəki çıxışında Türkiyə və ya Azərbaycan əleyhinə hər hansı çağırışa yer vermədi. O, öz çıxışı ilə Ermənistan ərazisinin, dövlətinin sahibi olduğunu, “soyqırımı” tanımaqla Ermənistanı ələ keçirmək niyyəti güdənlərin qarşısını alacağını bəyan etdi. Heç də elə başa düşülməməlidir ki, “soyqırımı” tədbirində iştirak etmək üçün İrəvana səfər edənlər gələcəkdə bu dövlətin siyasi iddialarına dəstəkçi olacaqlar. Nəzərdən qaçırmaq olmaz ki, Rusiya prezidentinin İrəvana səfər edib-etməyəcəyi barədə məlumat son 20 gün ərzində sirr olaraq qalmaqdaydı. Bu, Türkiyə və Azərbaycanı itirmək istəməyən bir dövlətin, onun başçısının davranışından irəli gəlirdi. Vladimir Putin fərqindədir ki, onun dünya ilə savaşında Türkiyə və Azərbaycan anti-Rusiya cəbhəsində yer almayıb. Bütün beynəlxalq basqılara baxmayaraq, Ukraynanın ərazi bütövlüyünü tanısaq da, heç bir halda rəsmi Kiyev tərəfdən Rusiyaya qarşı döyüşməmişik. Bu faktlar Kreml rəhbərliyi, Rusiya siyasi elitası tərəfindən dəfələrlə qeyd olunub. Bununla belə, nə “soyqırımı” öncəsi, nə də İrəvandakı 24 aprel tədbirindən sonra Rusiyanın “ağır artilleriyası” sayılan media qurumlarında ermənilərdən yana Azərbaycan və Türkiyə əleyhinə hər hansı təbliğat aparılıb. Bütün bunlar Ermənistanın əleyhinə işləyən faktlardır. Eyni zamanda, Rusiya-Azərbaycan və Rusiya-Türkiyə münasibətlərinin getdikcə daha da yaxşılaşması da rəsmi İrəvanın əleyhinə işləyən məqamlardandır. Putinin 24 apreldə İrəvana getməsi əslində bütün parametrlər üzrə Türkiyə və Azərbaycanın xeyrinə oldu. Əvvəla, Rusiya ilə savaş aparan Qərb ölkələri Putinin İrəvana gələcəyini bildikdən sonra “soyqırımı” tədbirini boykot etmək qərarında bir qədər də möhkəmləndilər. İkincisi, Putin İrəvandakı çıxışında rusofob, dünyada müharibələri genişləndirmək istəyən dairələrə mesajlarını çatdırdı. Bunun nəticəsidir ki, erməni mediası “Putin İrəvana öz davasını aparmağa gəlmişdi”, “24 aprel tədbiri Putinə Qərblə münasibətlərini aydınlaşdırmaq üçün lazım idi”, “Putin Ermənistanın əsl sahibinin kim olduğunu bəyan etdi” kimi silsilə yazılarla çıxış edir. Bütün baş verənləri izləyərək, sonda belə qənaətə gəlirəm ki, erməni faciəsi və soyqırımı 24 apreldən sonra başlayır. Hər il həmin tarixdən sonra erməni xalqı ayılıb görür ki, Sərkisyan və onun cinayətkar ətrafı yenə də hakimiyyətdədir, ölkədə baş verən bütün proseslər bu rejimin hakimiyyətinin ömrünü uzatmağa xidmət edir. “Soyqırımı”ndan Sərkisyan komandası iqtidarda qalmaq üçün yararlanır, erməni xalqını da bu məqsədlə istismar edir.
- Roma Papası Fransiskin “soyqırımı” ilə bağlı məlum çıxışından sonra ermənilər ümid edirdilər ki, ABŞ prezidenti də belə bir addım atacaq. Amma Obama ənənəvi müraciətində “erməni soyqırımı” ifadəsini işlətmədi. Ümumiyyətlə, bundan sonrakı illərdə ABŞ prezidentinin “soyqırımı” ifadəsini dilə gətirməsi mümkündürmü?
- ABŞ-ın sabiq prezidentləri Bill Klinton və Ronald Reyqan “soyqırımı” ifadəsini işlədiblər. Lakin bu faktın özü belə Amerikanın qərarına təsir göstərməyib. Bundan başqa, Türkiyənin siyasi elitası “soyqırımı” ilə bağlı ortaya real mövqe qoyub. Onların mövqeyinə görə, parlamentlərdə verilən qərarlardan o yana hüquqi aktlar olmadan Türkiyəni məsuliyyətə cəlb etmək qeyri-mümkündür. Hətta yüz il bundan sonra da ermənilər bu yöndə apardıqları təbliğatın məntiqi nəticəsi olaraq sonda bir ölkəni məhkəməyə, məsələn, Haaqa Tribunalına verməlidirlər. Amma istər bu gün, istərsə də sabah belə bir addımın atılması mümkünsüzdür. Çünki hansısa soyqırımı törədən dövlət üçün məhkəmə prosesi yaradılmalıdır. Hansısa dövləti digər dövlət məhkəməyə verməlidir. Ermənilərin iddia etdikləri “soyqırımı” isə 1915-ci ilə aid edilir, hazırda nə ölənlərin yaxın ətrafı, nə də öldürməkdə ittiham edilənlər sağdır. Həmçinin o zaman indiki Türkiyə Cümhuriyyəti deyil, Osmanlı imperiyası mövcud olub. Bundan başqa, həmin hadisələrin cərəyan etdiyi vaxtda Ermənistan adlı dövlət olmayıb. Belə məsələlərə görə, “erməni soyqırımı” yalnız söz-söhbət kimi tarixdə qalacaq, ona heç bir halda hüquqi don geyindirmək mümkün olmayacaq. Əgər ermənilərin əlində “soyqırımı” ilə bağlı hər hansı sübut-dəlil, tutarlı fakt və hüquqi imkan olsaydı, onlar bu günə qədər bu istiqamətdə bütün zəruri addımları atardılar. Belə bir fonda ABŞ dövləti heç zaman “erməni soyqırımı”nı tanımayacaq. Ən əvvəl ona görə ki, o dövrdə ABŞ səfiri Henri Morgentaunun baş verən hadisələr barədə bütün diplomatik yazışmaları Amerika arxivlərində bu gün də saxlanmaqdadır. Birinci Dünya müharibəsində ümumilikdə 15 milyona yaxın insan həlak olub. Onların arasında hər bir xalqın nümayəndələri var. Belə olan halda milyonlarla insanın ruhunu Çanaqqalada anmaq əvəzinə onların içərisindən yalnız erməniləri “müqəddəs” elan edib, onlara qarşı “soyqırımı” törədildiyini iddia etmək Birinci Dünya müharibəsində həyatını itirənlərin ruhlarına hörmətsizlikdir. Nəinki bu günkü günün dövlətlər əleyhinə siyasi aksiyasıdır, elə dünənki günün də tarixinə son dərəcə həqarətdir. Bu kimi səbəblərdən ABŞ-ın “soyqırımı” məsələsində yanlış addım atmayacağına əminəm. Əks halda bu, Türkiyə-ABŞ arasında yeni problemlərin yaranmasına, müstəqil siyasəti olmayan, Rusiyadan asılı Ermənistan müqabilində Vaşinqtonla müttəfiq, güclü və regionda nüfuz sahibi Ankaranın itirilməsinə kimi gətirib çıxara bilər.
- Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi məqsədi ilə yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləridir. Bu ölkə başçılarının “soyqırımı” tədbirlərinə qatılmaq üçün İrəvana səfər etməsi, 24 apreldə Ermənistan prezidenti ilə yanaşı addımlaması münaqişənin həllində onların kimin tərəfində olması kimi də yozulur. Sizin bu barədə fikriniz necədir?
- İlk baxışda qeyd olunan fikrin kəskinliklə ortaya qoyulması təbiidir. Çünki burada söhbət yalnız Türkiyə ilə münasibətdən, tarixə yanaşmadan getmir. ATƏT-in Minsk Qrupu formatında olan ölkələr Ermənistan və Azərbaycanla münasibətlərində balansı gözləməlidirlər. Bununla belə, Rusiyanın Azərbaycanla münasibətlərə dəyər vermək istəməsi, Fransua Ollandın İrəvan səfərini sanki tələm-tələsik yekunlaşdırıb Bakıya gəlməsi, bununla da yalnız Ermənistana deyil, Cənubi Qafqaza səfər etdiyini nümayiş etdirməsi göstərir ki, Rusiya və Fransa Azərbaycan amili ilə hesablaşmaqdadırlar. Əminəm ki, bütün bu məsələlərin geniş şəkildə izahı diplomatik qaydada dövlət başçısı İlham Əliyevə verilir. Ümid edirəm ki, Rusiya və Fransanın İrəvana yönəlik addımları Azərbaycan əleyhinə çevrilməyəcək, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ədaləti pozmayacaq. Onlar buna bizi daha da inandırmalıdırlar.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər