AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Erməni müxalifəti Petrosyanı ittiham edir

Erməni müxalifəti Petrosyanı ittiham edir

Siyasət
10 Aprel 2020, 16:59 404
"Çıxarılan nəticə odur ki, bu iki şəxs dəyişməyib - nə indiki baş nazir Paşinyan, nə də...”
 
Koronavirus pandemiyasının sürətlə yayıldığı Ermənistanda xəstə sayı minə çatıb. Və əsas problem, daha çox bu xəstələri harada yerləşdirmək, müalicə vasitələrinin çatışmamazlığıdır. Bir tərəfdən də xaricdə ilişib qalan erməniləri ölkəyə gətirməkdə ciddi problem yaranıb. Maraqlıdır ki, belə bir durumda Nikol Paşinyan hakimiyyəti və onun əsas dəstəkçiləri problemləri həll etmək əvəzinə, onlara müxalif olan qüvvələri sərt tənqidə keçib. Məsələn, Nikola yaxınlığı ilə seçilən Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müxalifəti ittiham edən bəyanatı cəmiyyətdə ona qarşı nifrət hissinin güclənməsinə səbəb olub. "Nyus.am” yazır ki, həbsdə olan Robert Koçaryanın ofisinin rəhbəri, keçmiş deputat Aqvan Vardanyan bildirib ki, Levon ter-Petrosyan erməni cəmiyyətində növbəti dəfə parçalanma yaratmağa cəhd göstərir. Xatırladıb ki, Petrosyan, ona məxsus "ilur.am” saytında dərc etdiyi məqaləsində ehtiyatsız fikirlər səsləndirib. Həmin məqalədə Petrosyan müxalifəti hakimiyyətə, özünün ifadə etdiyi kimi, arxadan, öndən, havadan, qurudan zərbə vurmaqda günahlandırıb. A.Vardanyan hesab edir ki, bu məqalə Nikol Paşinyanın sifarişi ilə yazılıb. "Bəs görəsən Nikol Paşinyanı özündən çıxaran nədir? Petrosyan bildirir ki, Paşinyandan hesabat tələb etmək məsələsini arxa plana keçirmək lazımdır. Axı bu tələbi kim səsləndirir? Onlar, sadəcə, şou düzəltməklə məşğuldurlar. İctimai rəyi çaşdırmağa çalışırlar. Petrosyan yazısında bir neçə dəfə "təxribatçılar və arzuolunmaz şəxslər”, "nifrət və kin-küdurət hissi yayanlar”, "ikinci cəbhə açıblar”, "dövləti xəyanət” və "müxtəlif şəxslərin nəzarəti altında olan kütləvi informasiya vasitələri” ifadələrini sişlədir. Gəlin burda dayanaq. Bir yerdə qeyd edilmir ki, məhz Petrosyan illər uzunu cəmiyyətdə parçalanma və düşmənçilik hisslərini yaymaqla məşğul olub. Bir yerdə qeyd edilmir ki, bu son iki ildə onu əhatə edən insanlar KİV vasitəsilə cəmiyyətdə nifrət və düşmənçilik hisslərini yaymaqla məşğuldurlar. Sonda Levon ter-Petrosyan ümid edir ki, ikinci və üçüncü prezidentlər özlərini dəyanətli və dövlət xadiminə yaraşan formada aparacaqlar. Halbuki, şəxsən onun özü bir dəfə də olsun belə addım atmayıb. Xalq arasında birləşməni irəi sürərək, özü parçalanma yaradır. Çıxarılan nəticə odur ki, bu iki şəxs dəyişməyib – nə Petrosyan, nə də indiki baş nazir Nikol Paşinyan”, - deyə erməni müxalifət xadimi bildirib. 
Xatırladaq ki, Petrosyan müxalifəti "müharibə zamanı xəyanət edənlərlə” eyniləşdirib. O şikayətlənib ki, hakimiyyətin bütün sutka boyu gərgin işləməsinə baxmayaraq "dahilərin”, təxribatçıların və bədxahların böyük ordusu əllərindəki çoxsaylı KİV-lərlə hakimiyyətə qarşı ikinci cəbhə açıb. Ter-Petrosyanın mövqeyinə görə, belələri faydalı məsləhətlər və konstruktiv təkliflər adı altında, əslində, nifrət və düşmənçilik yayırlar. O hesab edir ki, hökumətin tənqidçiləri, əsasən, kömək eləmək yox, indiki vəziyyətdən istifadə edib siyasi dividendlər qazanmaq məqsədi güdür.
Erməni politoloq Qaqik Hambaryan isə hesab edir ki, Nikol Paşinyan bir daha sübut etdi ki, yalnız öz şəxsi maraqlarını düşünəndir və dövlət düşüncə tərzindən məhrum biridir. Onun sözlərinə görə, 4 saatlıq mətbuat konfransı zamanı baş nazir mülki aviasiya ətrafında baş verən proseslərə toxunaraq bildirdi ki, Ermənistan qeydiyyatlı təyyarələr Afrika ölkələrində silah satışı kimi qanunsuz fəaliyyətdə iştirak edib və bu, böyük ehtimalla, Ermənistanın korrupsiyalaşmış dairələri ilə əlaqəli olub. "Maraqlıdır, Paşinyan başa düşmür ki, necə təhlükəli açıqlamalar verir və onun bu sözləri Ermənistan üçün hansı nəticələrə malik ola bilər? Azərbaycan və Türkiyənin arzusu gerçəkləşib. Ermənistan Paşinyan kimi baş nazirə sahibdir”, - deyə Hambaryan bildirib. Onun ardınca danışan keçmiş baş nazir Qrant Baqratyan isə hesab edir ki, Ermənistanda koronavirus sürətli templə yayılır: "Artıq məlumdur ki, Nikol Paşinyan hər hansı qaydada prosesə təsir etmək iqtidarında deyil”.
O qeyd edib ki, Yerevan rüsvayçı vəziyyətdədir, hər şey tərk edilmiş vəziyyətdə buraxılıb. "Yayıldıqca yayılır. Epidemiya bir gün pik həddə çatmalı və geri çəkilməlidir. Yayın istiləri kömək edə bilər, lakin ağcaqanad və milçəklər vəziyyəti daha da ağırlaşdıra bilər. Tərəfimdən verilmiş zəmanətlər, əslində, nəzərə alınmır”, - deyə Baqratyan bildirib. Müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan isə belə deyir: "Demək olar,  bütün ölkələrdə hökumətlər epidemiyanı qüsur və səhvlərlə, hazırlıqsız qarşıladı. Ölkəmizdə isə ümumiyyətlə,qeyri-ciddi və açıq-aşkar səhvlərlə”. O qeyd edib ki, hökumət tərkibindəki, üstəlik də, qanunverici orqandakı bugünkü diletantizm yaranmış vəziyyətlə tərs mütənasibdir. "Bizə yenidən ümumerməni peşəkar potensialının toplanması və cəlb olunması lazım olacaq. Ermənistanın iqtisadi, sosial məsuliyyət imkanlarının qorunması və bərpası son dərəcə zərurətdir. Siyasi mühakimələri və informasiya hücumlarını dayandırmaq lazımdır”, - deyə Zakaryan bildirib. Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov da "facebook" səhifəsində yazıb ki, Paşinyanın itirdiyi "sehirli çubuğa" və koronavirusa məğlub olmuş "pintset"ə bu gün daha bir alət qoşuldu. O qeyd edib ki, dünya koronavirusa qarşı müharibəni davam etdirir, Ermənistanın faydasız hakimiyyəti isə koronavirusun kiminsə iti olması cəhalətinə sadiq qalaraq, cəmiyyəti mövcud təhlükələrdən yayındırmağa çalışır: "Koronavirusa qarşı mübarizə aparan "pintset" də Paşinyanın itirdiyi sehirliyi çubuğun taleyini yaşadı”.
 
Azər NURİYEV