• şənbə, 27 Aprel, 07:56
  • Baku Bakı 12°C

Ərdoğan yeni Konstitusiyanın qəbulunda israrlıdır

16.07.13 08:31 1364
Ərdoğan yeni Konstitusiyanın qəbulunda israrlıdır
Türkiyədə faktiki olaraq yeni Konstitusiya hazırlığı prosesi başa çatıb. Onun qəbulu üzrə referendum isə 2014-cü ilə nəzərdə tutulub. Bu barədə Rusiyanın “Kommersant” qəzeti yazıbdır. Qəzet yazır ki, bundan sonra Türkiyə parlament respublikasından prezidentyönümlü ölkəyə çevriləcək. Bu isə hakim Ədalət və İnkişaf Partiyasından prezidentliyə real namizəd kimi göstərilən Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın maraqlarına tam şəkildə uyğundur. Türkiyəli deputatlar yeni konstitusiyanın hazırlanması işlərini hələ il yarım bundan əvvəl başa çatdırmalı idilər. Elə baş nazir Rəcəb Tayyib Ərdoğan da bunun üstündə israr edirdi. Müzakirələr hər üç fraksiyanı təmsil edən 12 deputatın daxil olduğu xüsusi komissiya tərəfindən aparılıb. Komissiya konsensus əldə edə bilməsə də, Türkiyə Böyük Millət Məclisinin spikeri Cəmil Çiçək bu günlərdə bildirib ki, “biz artıq məsələni təxirə sala bilmərik, qarşıdan seçkilər gəlir”. Bu isə o anlamı verir ki, iki ildir ki, davam edən yeni Ana Yasa layihəsinin hazırlanması prosesində nöqtə qoyulmuş olub. Hakimiyyət israr edir ki, yeni əsas qanunun qəbulu üzrə referendum 2014-cü il seçkilərinə qədər başa çatmalıdır. Məhz bu səbəbdən də komissiya üzvləri konstitusiya layihəsinin əsas mübahisə doğuran bəndləri üzrə razılıq əldə edə bilməyiblər. Bura o cümlədən Türkiyənin parlament üsul-idarəsindən prezident üsul-idarəsinə keçidi məsələsi də daxildir. Buna qarşı kəskin şəkildə Cümhuriyyət Xalq Partiyasından olan deputatlar çıxış ediblər. Partiyanı təmsil edən deputat Atilla Kart bildirib ki, təmsil etdiyi partiya konstitusiya müzakirələrinin uzadılmasının tərəfdarıdır. Onun sözlərinə görə, konstitusiya hələ ki, hazır deyil və Ərdoğan da bunu etiraf etməlidir. Bu mövqedə olanlar arasında Milliyyətçi Hərəkat Partiyası da var. Dövlət Bağçalının lideri olduğu Milliyyətçi Hərəkat Partiyası hakim Ədalət və İnkişaf Partiyasını komissiya üzvlərinə qarşı dəfələrlə təzyiqlər göstərməkdə ittiham edib. AKP isə bu ittihamlardan elə də ciddi narahatçılıq keçirmir. Partiyanın rəhbərliyi artıq bəyan edib ki, özünün əsas qanun layihəsini ümumxalq müzakirəsinə çıxarmaq fikrindədir. Konstitusiyanın qəbulu üzrə referendumun baş tutması üçün hakim partiyaya parlamentin 3/5-nün dəstəyi, yəni 330 səs gərəkdir. Nəzərə alsaq ki, AKP parlamentdə 327 deputat səsinə malikdir, daha üç nəfər səs əldə etmək partiya üçün o qədər də çətinlik yaratmayacaq. Türkiyə ekspertləri bildirir ki, baş nazirin konstitusiya layihəsinin tərəfdarları sırasında kürdlərin Barış və Demokratiya Partiyasından olan deputatlar da var. Onlar yeni Konstitusiyanın Türkiyədə yaşayan kürd azlığının hüquqlarını genişləndirməsində maraqlıdırlar. Kürdlərin hakimiyyətdən əsas tələbləri geniş muxtariyyət və ana dillərində təhsil almaq istəyidir. Lakin buna əməl olunacağına inananlar azdır.
Moskva Dövlət Universitetinin Asiya və Afrika İnstitutunun dosenti Pavel Şlıkov hesab edir ki, baş nazir tərəfdarları qarşılarına bir neçə məqsəd qoyublar. Bunlardan ən başlıcası prezidentin və parlamentin Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyətlərinin artırılmasına məhdudiyyətlər qoya bilmək imkanıdır. Bu gün KM hakimləri nüfuzuna görə heç də ordudan geri qalmırlar. İndiyə qədər Konstitusiya Məhkəməsi AKP-nin ölkənin konstitusiya üsul-idarəsinə zidd fəaliyyət göstərməsi məsələsini qaldırıb. Keçirilən son rəy sorğuları isə hakimiyyətin yürütdüyü siyasətin xalq arasında dəstəkləndiyini üzə çıxarmaqdadır. Rəyi soruşulanların 59 faizi əgər digər partiyalarla birgə kompromis əldə olunmasa, onda AKP-nin hazırladığı Konstitusiya layihəsinin referenduma çıxarılmasını müdafiə edir. 52 faiz respondent isə bildirib ki, artıq indidən hakim partiyanın hazırladığı layihəyə səs verməyə hazırdır.
O ki qaldı baş nazirin mövqeyinə, Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçirdiyi qrup toplantısında ölkəsinin mövcud konstitusiya ilə irəli gedə bilməyəcəyini açıq şəkildə deyib. “Türkiyə konstitusiyası ölkənin inkişafına əngəldir” – deyə Ərdoğan bildirib. Baş nazir onu da qeyd edib ki, Türkiyə konstitusiyanın dəyişdirilməsi üçün ölkə müxalifətindən də dəstək gözləyir. Ərdoğanın sözlərinə görə, ölkənin siyasi elitası və Türkiyə ictimaiyyəti konstitusiyanın dəyişdirilməsinin lehinədir. O ki qaldı Rəcəb Tayyib Ərdoğanın prezidentlik istəyinin olub-olmamasına, baş nazir dəfələrlə bununla bağlı hələ ki, tam şəkildə razılığını ifadə etməyib. Bu yaxınlarda “ölkə prezidenti olmaq haqqında düşünürsünüzmü?” sualına “İndiyə qədər tutduğum bütün vəzifələrə şəxsi istəyimə görə gəlməmişəm. Xalqın istəyinə görə bu vəzifələri icra etmişəm” - deyə cavab verib. Baş nazir onu da vurğulayıb ki, əgər xalqdan belə tələb gəlsə və AKP bu barədə qərar verərsə, bu haqda düşünəcək. Lakin onun tərəfdarları fərqli danışır. Məsələn, İstanbul Böyükşəhər bələdiyyə başçısı Kadir Topbaş bildirib ki, baş nazir Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində namizədliyini irəli sürəcək: “Baş nazir namizəd olacaq. Mən bunun düzgün və lazımlı olduğunu düşünürəm. Partiya daxilində narazılığın yaşanacağını da düşünmürəm. Siyasətin iki məqsədi var, ya mənfəətiniz var, ya da idealınız. AKP-dəkilər bir ideal ətrafında toplanan yoldaşlardır”.
Öz növbəsində Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu Ərdoğanın prezident olmaq istəyinə qarşıdır. CHP lideri Ərdoğanın ölkədə kifayət qədər qurumların işinə qarışdığı və xeyli insanın həbsini həyata keçirdiyi üçün belə bir haqqı itirdiyini söyləyib.
Qərb ekspertləri isə hesab edir ki, bu gün mahiyyət etibarilə heç bir qüvvə Ərdoğana parlament üsul-idarəsindən prezident üsul-idarəsinə keçidi müəyyən edən yeni daxili siyasi kursa mane olmaq iqtidarında deyil. Qeyd olunur ki, Türkiyə yeni üsul-idarəli dövlətlərin modeli kimi ABŞ, Rusiya və Braziliyanı əsas götürür. Qərb nəşrləri vurğulayır ki, bu sırada daha çox Rusiya modelinə üstünlük verilir. Belə ki, son illər iki ölkə arasında münasibətlərin strateji önəm aldığını vurğulayan Qərb və Rusiya nəşrləri vurğulayır ki, Türkiyənin hakim partiyasını təmsil edən hüquqşünasların Rusiyaya səfərləri artıq mütəmadi hal alıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər