• cümə, 26 Aprel, 15:50
  • Baku Bakı 23°C

Ərdoğan Putin və Poroşenko arasında balans yaradır

11.10.17 09:35 1087
Ərdoğan Putin və Poroşenko arasında balans yaradır
Regionun bütün dövlətləri ilə balanslaşdırılmış siyasət yürüdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya səfər edib. Səfər zamanı R.T.Ərdoğanın səsləndirdiyi ən önəmli məqam ölkəsinin Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməkdə davam edəcəyi barədə bəyanatı olub. Ərdoğan Ukrayna prezidenti Petro Poroşenko ilə birgə keçirilən mətbuat konfransında deyib ki, "biz Krımın Rusiya tərəfindən ilhaqını tanımamışıq və heç vaxt da tanımayacağıq”. Türkiyə lideri habelə bildirib ki, Ankara türkdilli Krım tatarlarının vəziyyətinin monitorinqini davam etdirəcək. O, ukraynalı həmkarına Krım tatarlarının hüquqlarının müdafiəsinə görə təşəkkürünü bildirib. Dövlət başçısı Ukraynanın, ölkələrinə sadiq olduqlarını sübut etmiş Krım tatarlarına verdiyi dəstəkdən böyük məmnunluq duyduğunu dilə gətirib. Dövlət başçısı həbsxanadakı Krım tatarlarının vəziyyətinə dair suala isə belə cavab verib: "Həbsxanada olan Krım tatarı dostlarımızla əlaqəli əlimizdən gələn addımları atırıq. Bu təşəbbüslərdən nəticə əldə edəcəyimizə ümid edirəm. Krımla əlaqəli keçmişdən bu günə mövqeyimiz, bu mövzuya dair milli və beynəlxalq sahədəki yanaşmamız məlumdur. Krımlı qardaşlarımızı özümüzdən ayrı görmədik, bundan sonra da görməyəcəyik”.
Dövlət başçısı Ukraynaya səfəri zamanı Krım tatar icmasının nümayəndələri ilə də görüşüb. Lakin görüş mətbuata qapalı olub.
Petro Poroşenko isə mətbuat konfransından sonra Tvitterdə yazıb: "Biz Krımdakı Ukrayna vətəndaşlarının haqq və azadlıqlarının bütün beynəlxalq mexanizmlərdə müdafiə olunmasının davam etdirilməsinə dair razılaşma əldə etmişik”. Ərdoğan bildirib ki, tərəflər, aralarındakı ikitərəfli ticarətin həcmini ildə 3,8 milyard dollardan 10 milyard dollara çatdırmaq barədə razılığa gəliblər. Ukraynanın bölgənin sabitliyi, təhlükəsizliyi və sülhü üçün kilid ölkələrdən biri olduğunu vurğulayan Ərdoğan bildirib ki, "bu çərçivədə ikitərəfli əlaqələrə hər zaman strateji bir gələcək baxışı ilə yanaşıldı. Bu ölkəhələ 2003-cü ildə ilk plandakı tərəfdaş ölkələrdən biri kimi elan edildi.2011-ci ildə isə strateji şura quraraq əlaqələrən yüksək səviyyəyə çıxarıldı. 2012-ci ildə qüvvəyə minən viza rejiminin ləğvindən sonra bu il şəxsiyyət vəsiqəsilə səyahət imkanına start verildi”.
Bir faktı da qeyd edək ki, Türkiyə prezidenti bu günlərdə parlamentin iclasındakı çıxışında da Krım tatarları ilə bağlı məsələyə toxunub. "Biz Yəməndə baş verənlərə necə etinasız qala bilərik? Biz Əfqanıstan, Pakistan və Hindistanı necə "yad” hesab edə bilərik, əgər hər küncdə bizim əcdadlarımızın izi varsa? Biz Rakxaynda (Myanmarın ştatı), Türküstanda və Krımdakı təqiblərdən necə üz döndərə bilərik?”, - deyə Türkiyə lideri bildirib.
Səfərlə bağlı ekspertlər də müxtəlif fikirlər səsləndirirlər. Türkiyə və Ukraynadakı ekspertlərin qeyd etdiyinə görə, Ankara münaqişə vəziyyətində olan ölkələr arasında tarazlıq yaradır. Ən əsas məsələ isə Rusiyaya qarşı sanksiyalar məsələsində Türkiyənin tutduğu mövqedir. Krım tatarlarının özüniidarə orqanı olan Məclisin sədri Refat Çubarov deyib ki, Türkiyənin Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını dəstəkləməməsinin bir səbəbi də Qərbin Türkiyənin ittifaqa üzvlüyünə mane olmasıdır. Çubarov deyib: "Türkiyə Rusiyanın Krımdakı hərəkətlərinə qarşıdır. Lakin məsələ burasındadır ki, Türkiyə uzun illərdir Avropa İttifaqına üzv olmaq istəyir. Lakin Avropa bu istəyi rədd etmək üçün həmişə bəhanələr tapıb. İndi isə Türkiyə bu hərəkətə reaksiya verir”.
Türkiyənin "Daily Sabah” qəzeti də yazıb ki, Türkiyə Kiyevlə olduğu kimi, Moskva ilə də münasibətləri qorumağa cəhd göstərir və tarazlığı qoruyub saxlayır. "Bu tarazlıq kövrəkdir və buna ciddi qıcıqlananlar var”, - deyə qəzet yazıb. "Daily Sabah” qeyd edir ki, Türkiyə iki ölkə arasında münaqişənin olmasına baxmayaraq, Rusiya ilə yanaşı, Ukrayna ilə də hərbi sahədə uğurlu əməkdaşlıq edir. "Sovet dövründən bu yana Ukrayna hərbi-sənaye kompleksi raket sənayesində əhəmiyyətli ehtiyatlara malikdir. Ukrayna mühərrik və radarlar istehsal edir, Türkiyənin isə buna çox ehtiyacı var. Digər tərəfdən, Kiyev NATO-ya daxil olmaq istəyir və rəsmi Ankaranın təcrübəsindən yararlana bilər”, - deyə qəzet Türkiyə hərbi eksperti Turan Oğuza istinadən yazıb. "Eyni zamanda, rəsmi Ankaranın Kiyevin regiondakı başlıca düşməni olan Moskvayla birgə iqtisadi, sənaye layihələri və hərbi sahədə möhkəm əsaslarla inkişaf edən əlaqələri var. Lakin Krımdakı vəziyyət bu üçtərəfli münasibətlərə problem yaradır”, - deyə "Daily Sabah” yazıb. Yaxın Şərq Tədqiqatlar Mərkəzinin direktoru İqor Semivolosun fikrincə, Türkiyə prezidentinin Ukraynaya rəsmi səfəri Türkiyə-Rusiya münasibətlərini möhkəmlənməsinə baxmayaraq, rəsmi Ankara üçün Kieyvlə sıx münasibətlərin əhəmiyyətli olduğunu nümayiş etdirməkdir. "Ukrayna Rusiyanın təsir edə bilməyəcəyi bir çox məsələdə belə münasibətlər qurur. Kiyev üçün Rusiyanın iştirak etdiyi üçbucaqdan çıxmaq çox əhəmiyyətli idi və o bunu etdi. Türkiyə daima Ukraynanın ərazi bütövlüyünü təsdiqləyir və dəstəkləyir”, - deyə İ.Semivolos bildirib.
O ki qaldı Rusiya tərəfinin mövqeyinə, Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov söyləyib ki, R.T.Ərdoğanın fikrinə baxmayaraq, Krımın statusu dəyişməyəcək. Onun sözlərinə görə, Krım Rusiya dövlətinindir və türk lideri buna təsir edə bilməz.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər