• şənbə, 27 Aprel, 00:30
  • Baku Bakı 14°C

Əməkdaşlığımız bölgə və dünya üçün böyük əhəmiyyət kəsb edir

06.05.14 19:30 1246
Əməkdaşlığımız bölgə və dünya üçün böyük əhəmiyyət kəsb edir
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli Sammitində iştirak etmək üçün mayın 6-da Gürcüstana işgüzar səfərə gedib. Prezident səfər çərçivəsində Tbilisidə ulu öndər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında olub. Dövlət başçısı ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
İlham Əliyev Tbilisidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış olub. 1996-cı ildə ulu öndər Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra M.F.Axundovun ev-muzeyi təmir olunub, həmin vaxtdan M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzi kimi fəaliyyət göstərib. 2007-ci ildə Gürcüstan prezidentinin sərəncamına əsasən, ev-muzeyə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib. 2013-cü ildə Azərbaycan Respublikasının vəsaiti hesabına muzeydə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Muzeydə Tbilisi şəhərində yeganə olan azərbaycandilli kitabxana fəaliyyət göstərir. Həmçinin inzibati binada incəsənət qalereyası və "Monsieur Jordan" kafe-ədəbi kitabxanası yerləşir. Kafedə M.F.Axundovun mumdan hazırlanmış heykəli qoyulub.
Prezident İlham Əliyev səfər çərçivəsində Tbilisidə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirlik kompleksi ilə tanış olub. Trend-in xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, Gürcüstan Prezidentinin 349 saylı 29 may 2008-ci il tarixli əmri ilə Azərbaycan Respublikası və Gürcüstan arasında əməkdaşlığa yardım üzrə bir sıra tədbirlər çərçivəsində Tbilisi şəhəri, V.Qorqasali küçəsi, 4 ünvanında ümumi sahəsi 5722 kvadratmetr olan ərazi Azərbaycan Respublikasının Gürcüstanda Səfirlik kompleksinin tikintisi üçün ayrılıb. Səfirlik kompleksinin inzibati binasında Heydər Əliyev zalı, qonaq qəbulu otaqları, konfrans zalı, iclas və iş otaqları yerləşir.
Dövlət başçısı Tbilisidə "SOCAR-Georgia" şirkətinin inzibati binası ilə tanış olub. Bakıda İçərişəhərdə yerləşən Qız Qalasını xatırladan yeni ofisin layihəsi "Kobulia brother and Partners" arxitektura firması tərəfindən hazırlanıb. Binanın layihələndirmə və inşaatı işlərinə 2009-cu ildə başlanılıb və 2012-ci ildə tamamlanıb. Binanın ümumi sahəsi 17 600 kvadratmetr təşkil edir. Binanın layihələndirmə və inşaatına 1000 nəfərdən çox mütəxəssis cəlb olunub. ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin binası ən müasir avadanlıqlarla təchiz olunmuş mürəkkəb texniki tikintidir. Sözügedən bina Tbilisi şəhər meriyası tərəfindən təşkil olunmuş "Memarlıq Mükafatı 2011" beynəlxalq müsabiqəsində "Realizə olunmuş ictimai tikinti" nominasiyasının qalibi olub.
Üçtərəfli sammit yüksək səviyyədə keçib

Çərşənbə axşamı Gürcüstan Milli Kitabxanasında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri İlham Əliyev, Abdullah Gül və Georgi Marqvelaşvilinin iştirakı ilə üçtərəfli sammit keçirilib. Sammiti açan Gürcüstan prezidenti Georgi Marqvelaşvili qeyd edib ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığı son illər ərzində son dərəcə təsirli olub. Gürcüstan prezidenti vurğulayıb ki, İlham Əliyev və Abdullah Gül ilə gözəl münasibətləri var: "Məni Türkiyədə çox səmimi qarşıladılar, eləcə də iki dəfə İlham Əliyevlə görüşmək şərəfinə nail olmuşam və biz bir-birimizdən çox razı qalmışıq". Marqvelaşvili qeyd edib ki, sammit regionda həyata keçirilən iqtisadi xarakterli layihələrin dəstəklənməsini hədəfləyir.
Sammitdə çıxış edən Azərbaycan prezidenti ilk növbədə Gürcüstan prezidentinə bu təşəbbüsə görə minnətdarlığını bildirib. Dövlət başçısı qardaş Gürcüstan toprağında yenidən olmasından məmnunluğunu ifadə edib. İlham Əliyev bildirib ki, prezidentlər rəsmi qaydada sammitə toplaşıblar: "Əminəm ki, sammitin çox gözəl nəticələri olacaq. Ölkələrimiz arasındakı əlaqələr böyük tarixə malikdir. Həm ikitərəfli əlaqələr çox yüksək səviyyədədir, üçtərəfli formatda biz bir çox hallarda birgə səylər göstəririk, birgə təşəbbüslər irəli sürürük. Və bu gün Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı nəinki ölkələrimiz üçün, eyni zamanda, bölgə üçün və dünya üçün böyük əhəmiyyət kəsb edir. Çünki bizim əməkdaşlığımızın təməlində ortaq maraqlar dayanır. Eyni zamanda, bizim birgə həyata keçirdiyimiz layihələr regional çərçivələrdən çıxıb, qlobal məna daşımaqdadır. Ona görə sammitin keçirilməsi özlüyündə çox əlamətdar bir hadisədir, beynəlxalq hadisədir".
Türkiyə prezidenti Abdullah Gül sammitdə bildirib ki, Türkiyə, Gürcüstan, Azərbaycan arasında çoxsahəli əməkdaşlıq mövcuddur. A.Gül xatırladıb ki, prezidentlər 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmiryol layihəsinin Gürcüstan ərazisindən keçən hissəsinin təməlqoyma mərasimində görüşüblər: "Prezidentlər səviyyəsində keçirilən görüşlərlə yanaşı, XİN rəhbərlərimiz və digər nazirlərimiz də mütəmadi olaraq görüşlər keçirirlər".
Türkiyə prezidenti əlavə edib ki, sammitdə regionun bir çox önəmli layihələri - Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri də müzakirə ediləcək: "Azərbaycan, Gürcüstan və Türkiyə bir çox regional və beynəlxalq layihələr həyata keçirirlər. Hər üç ölkənin Cənubi Qafqazda sülh və sabitliyə verdiyi töhfə hər kəs tərəfindən təqdir edilir. Biz Qafqazın yüksək dağlarını divar olmaqdan cıxartdıq, bir qapı, bir işbirliyi məkanı etdik".
Abdullah Gül: Cənubi Qafqazdakı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir

Daha sonra Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə mətbuat konfransı keçirilib. Türkiyə prezidenti çıxışında deyib ki, Cənubi Qafqazdakı münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. A.Gül qeyd edib ki, üçtərəfli görüş zamanı regional məsələlərlə yanaşı, qlobal məsələlər də müzakirə edilib: "Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünə verdiyimiz dəstəyi bir daha yenilədik. Bölgəmizdəki münaqişələrin sülh və ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bir daha qeyd etdik".
A.Gül bildirib ki, görüşlər zamanı Ukraynadakı siyasi böhran da müzakirə edilib: "Ukraynadakı siyasi böhranın bölgəmizdəki sülh və sabitliyə təsir etməsində həmfikirik və siyasi böhranın Ukraynanın ərazi bütövlüyü və beynəlxalq hüquq çərçivəsində həll olunmasının tərəfdarıyıq". Prezident vurğulayıb ki, Türkiyə Krım tatarlarının vəziyyətini diqqətlə izləməkdədir.
Azərbaycan, Gürcüstan və Türkiyənin həyata keçirdiyi birgə layihələrə münasibət bildirən A.Gül qeyd edib ki, bu layihələr bölgənin inkişaf və stabilliyi üçün çox önəmlidir: "Həyata keçirilən TANAP ciddi enerji layihəsi olaraq bölgənin əhəmiyyətini daha da artırır". O deyib ki, əsas məqsədlərdən biri də həyata keçirilən layihələrin bölgənin iqtisadi rifahına xidmət etməsidir.
İlham Əliyev: Tbilisidə sərgilənən birlik dünya miqyasında unikal xarakter daşıyır

"Əminəm ki, bugünkü zirvə görüşü üçtərəfli əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm olacaqdır. Azərbaycanı Gürcüstan və Türkiyə ilə tarix bağlayır. Tarixi əlaqələr, mədəniyyət, xalqlarımız arasındakı dostluq və qardaşlıq bağlayır. Və bu möhkəm zəmin üzərində bizim ikitərəfli münasibətlərimiz də qurulmuşdur". Bunu prezident İlham Əliyev sammitdən sonra mətbuata bəyanatla çıxışında deyib.
Gürcüstan prezidentinə ona və nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığını bildirən İlham Əliyev qeyd edib ki, bildirib ki, artıq hər üç ölkə sınaqdan keçib: "Həm Gürcüstan ilə, həm də Türkiyə ilə Azərbaycanın çox yaxın dostluq və qardaşlıq üzərində qurulmuş münasibətləri var. Mən çox şadam ki, artıq üçtərəfli format da öz əhəmiyyətini göstərir. Əvvəlki dövrlərdə də üçtərəfli görüşlər keçirilmişdi, təbii ki, beynəlxalq layihələrin icrası ilə əlaqədar zirvə görüşləri olmuşdur. Bugünkü zirvə görüşü həm də əvvəlki illərdə görülən işlərin təhlilini aparmaq üçün əhəmiyyətli idi. Eyni zamanda və ən önəmlisi, hesab edirəm ki, bu gün gələcək əməkdaşlıq haqqında çox geniş, səmimi fikir mübadiləsi aparılmışdır".
İlham Əliyevin sözlərinə görə, bu gün nazirlər müxtəlif layihələri onlara təqdim ediblər: "Bir daha görüləcək işlər haqqında fikir mübadiləsi apardıq. Ancaq hesab edirəm ki, zirvə görüşünün əsas nəticəsi ondan ibarətdir ki, Gürcüstan, Türkiyə və Azərbaycan bir daha üçtərəfli formatda bizim dostluq və tərəfdaşlıq münasibətlərimizi təsdiqlədilər. Bu çox önəmlidir. Çünki bizi birləşdirən layihələr həm ölkələrimiz, həm xalqlarımız, həm də qonşularımız üçün və qitə üçün əhəmiyyətlidir".
Prezident vurğulayıb ki, vaxtilə uğurla icra edilmiş neft-qaz layihələri, nəqliyyat layihələri, investisiyalarla bağlı layihələr bizim ölkələrimizi daha da sıx birləşdirir: "Və deyə bilərəm ki, hazırda nəinki regionda, eləcə də dünya miqyasında bu üçtərəfli format maraq doğurur. Bu, əslində unikal bir formatdır. Çünki burada üç müstəqil dövlət qarşılıqlı maraq və bir-birinə hörmət əsasında müasir, mədəni, xalqlarımızın maraqlarına cavab verən bərabərhüquqlu münasibətləri artıq qurmuşdur. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri artıq regional çərçivədən çıxıb və beynəlxalq əhəmiyyət daşıyan layihələrdir. Xüsusilə, enerji təhlükəsizliyi ilə bağlı məsələlər bu gün dünya miqyasında ən önəmli məsələ kimi tanınır və dünya gündəliyində demək olar ki, birinci sıradadır. Üç ölkə öz enerji təhlükəsizliyini tam şəkildə təmin edir. Bu, əməkdaşlığımızın gözəl nəticəsidir".
Prezident bildirib ki, gələcəkdə bizim üç ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmininə öz töhfəsini verəcək: "Yəni bu gün burada aparılan danışıqlar və müzakirələr dünya üçün, Avropa üçün böyük əhəmiyyət daşıyır. Keçən ilin sonunda Bakıda "Şahdəniz-2" layihəsinə start verildi. "Şahdəniz-2", Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin inşası Avropanın bir nömrəli, ən böyük infrastruktur layihələridir. Bu layihələrə qoyulacaq vəsaitin həcmi ən azı 45 milyard dollar səviyyəsində olacaq. Bu vəsaiti biz qoyacağıq ki, öz maraqlarımızı təmin edək və Avropanın enerji təhlükəsizliyinə də öz töhfəmizi verək".
Dövlət başçısı bildirib ki, bu layihələrin icrası nəticəsində on minlərlə yeni iş yeri açılacaqdır, biznes imkanları yaranacaqdır: "Bu gün bu barədə fikir mübadiləsi apardıq ki, bizim biznes strukturlarımız da bu layihələrdə fəal iştirak etsin və buna hazır olsunlar. Bu, investisiya imkanlarımızı daha da genişləndirəcəkdir. Yəni bizim ölkələr xarici sərmayə qoyuluşu üçün daha böyük məna daşıyacaq və bu da hər bir ölkənin marağındadır. Hətta inkişaf etmiş ölkələr xaricdən investisiyaları cəlb etmək istəyirlər. Azərbaycan, öz növbəsində, ən böyük investisiyaları Türkiyə və Gürcüstana edir. Bu da bizim birliyimizin təzahürüdür. Bizim bütün təşəbbüslərimizin təməlində xalqlarımızın iradəsi və güclü siyasi iradə dayanır. Əsas şərt budur. Biz bu təməl üzərində münasibətləri qururuq, konkret layihələrlə bu münasibətləri zənginləşdiririk. Bu gün burada, Tbilisidə sərgilənən birlik dünya miqyasında unikal xarakter daşıyır. Mən bu dostluğa, əməkdaşlığa görə öz həmkarlarıma minnətdarlığımı bildirmək istəyirəm".
Georgi Marqvelaşvili: Regionda sabitlik daha çox ölkənin iştirakı ilə təmin ediləcək

Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib ki, sabitliyi bərpa etmək üçün regional layihələrə mümkün qədər daha çox ölkə qoşulmalıdır: "Biz bütün yeni ölkələrin regional layihələrə qoşulma arealını genişləndirmək niyyətindəyik, çünki onların qoşulması Xəzər, Qara və Aralıq dənizləri regionunda sabitliyin zəmanəti olacaq".
Gürcüstanın dövlət başçısı əməkdaşlığa görə Azərbaycan və Türkiyə prezidentlərinə təşəkkürünü bildirib: "Onlar həmişə Gürcüstanın tərəfdaşı olublar və hər iki prezidentlə birgə iri layihələr həyata keçirmişik. Bu layihələr təkcə üç ölkənin iqtisadi inkişafına və xalqlarının rifahına deyil, həm də ölkələrimizin hüdudları kənarında yaşayan milyonlara insanın rifahına əsas yer verir. Biz sıx əməkdaşlığımızın verdiyi rifahdan daha çox ölkənin istifadə edə bilməsi üçün əməkdaşlığımızı Avropa və Asiya ölkələri istiqamətində genişləndiririk".
banner

Oxşar Xəbərlər