• şənbə, 27 Aprel, 00:30
  • Baku Bakı 14°C

Əli Kərimlinin “günah keçisi”

15.05.20 16:25 1961
Əli Kərimlinin “günah keçisi”
Milli Şuranın söyüşlü videokonfransı Eldəniz Quliyevin başında çatladı
Konstruktiv müxalifətin atdığı bütün addımlar radikal partiya sədrlərini daim qıcıqlandırır. REAL Partiyasının üzvü Erkin Qədirlinin, namizəd olduğu seçki dairəsində digər namizədlərdən daha çox səs toplayaraq Milli Məclisə düşməsi də AXCP və Milli Şura düşərgəsində böyük narahatlıq yaradan hadisələrdəndir. Seçki aylar öncə başa çatsa da, hələ də cəbhəçilərdən ibarət zombi sürüsü Erkin Qədirlini hədəf alır, onu parlament seçkisinə getdiyinə, mandat qazandığına görə tənqid və təhqir edirlər. Ali Məhkəmənin aprelin 23-də keçirilən plenum iclasında REAL sədri İlqar Məmmədovun şikayətinə baxması, onun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verməsi, vurulan mənəvi zərərə görə təşkilat rəhbərinə 234 min manat təzminat ödənilməsinə dair qərar qəbul etməsi də radikal düşərgəni qıcıqlandırıb. Buna cavab olaraq İ.Məmmədovun öz "Facebook” profilində radikalları nəzərdə tutaraq status yazması, onları kənara atılıb unutdurulan, "iddialı yarımçıqlar” adlandırması, eyni zamanda Amerikada yaşayan jurnalist İsmayıl Cəlilovun "Youtube” kanalı üzərindən yayımlanan verilişində müxalifətçi professor Altay Göyüşovun Əli Kərimlini tənqid etməsi, AXCP sədrinin "söyüş maşını”nı işə salıb. Özünü pis etmək istəməyən Ə.Kərimli Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev vasitəsilə İ.Məmmədovu, REAL-a yaxın olan jurnalist İ.Cəlilovu və onların timsalında bütün REAL-çıları təhqir edib.
İndiyə qədər davam etdirilən bu təhqirlər Milli Şuranın bu günlərdə keçirilən videokonfransında kulminasiya nöqtəsinə çatıb. Milli Şuranın sədri Cəmil Həsənli, üzvləri Gültəkin Hacıbəyli, Qənimət Zahid, Rafiq Manaflı, Eldəniz Quliyev və digərlərinin iştirak etdiyi onlayn iclasda bəzi üzvlər ABŞ-da yaşayan azərbaycanlı jurnalist İ.Cəlilov haqqında danışıb, onu müzakirə edib, cinsi azlıqları - geyləri bir neçə dəfə təhqir ediblər. Sözügedən videoda Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli jurnalist İ.Cəlilovu nəzərdə tutaraq barəsində "üzdəniraq”, "ərə gedən”, "ərindən icazə alan” və sair bu kimi ifadələr işlədib. Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclis sədri, Milli Şura üzvü Rafiq Manaflı isə iclasda jurnalisti kişi fahişəsi adlandırıb. Daha sonra o, "mən təəssüf edirəm ki, Hitler o vaxt geyləri qırıb qurtarmadı” deyib. Digər müxalifət partiyalarının ünvanına da fikirlər səsləndirilib.
Milli Şura üzvlərinin səviyyəsiz, tərbiyəsiz, ən aşağı çayxana qeybətindən o yana keçməyən bu müzakirəsi müxalifət düşərgəsində təpki ilə qarşılanıb. Jurnalist Xədicə İsmayıl və ətrafında olanlar Milli Şura üzvlərinə iradlarını sərt şəkildə çatdırıblar. Bu basqı qarşısında davam gətirə bilməyən Milli Şura sədri Cəmil Həsənli və Koordinasiya Mərkəzinin üzvü G.Hacıbəyli cinsi azlıqlardan, şəxsən İ.Cəlilovdan üzr istəyiblər. Maraqlı məqam burasıdır ki, Milli Şurada olanlar İsa Qəmbəri, Arif Hacılını və digər müsavatçıları da təhqir edirlər. Bir sıra müsavatçılar 2013-cü ilin prezident seçkilərində Cəmil Həsənliyə səs verdiyi halda, professor onların hamısına dönük damğası vurmaqla "sağ ol” deyib. Nədənsə, cinsi azlıqların xətrinə dəydikləri üçün tez-tələsik üzrxahlıq edən Milli Şura üzvləri müsavatçılara qarşı eyni münasibəti sərgiləmirlər. Təbii olaraq, onların bu qeyri-səmimiliyi hər kəsdə ikrah doğurur. Hətta üzrxahlıq etdikləri də onları bağışlamaq, güzəştə getmək istəmirlər. Qeyd olunur ki, bu təhqir və alçaltmalar, digər müxalifətçiləri gözdənsalma cəhdləri AXCP sədri Ə.Kərimlinin planıdır və onun iradəsi altında olanlar, əslində partiya sədrinin mövqeyini ifadə ediblər. Belə olan halda AXCP sədri Ə.Kərimli günah keçisi axtarmağa, kimisə cəzalandırmağa çalışıb. Bu zaman ən yaxşı "tapıntı” Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü E.Quliyev olub. Məhz AXCP sədrinin təpkisi ilə E.Quliyev Milli Şuradan istefa verib. O, bu barədə ötən gün sosial şəbəkə hesabında bildirib.
Bu arada Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı G.Hacıbəylidən deyil, C.Həsənlidən üzr gözlədiklərini dilə gətirib. Qeyd edib ki, G.Hacıbəyli və onun kimi digər böhtançı və yalançı adamların üzr istəməsini gözləmək müsavatçıların hüququdur, amma onların üzr istəmək qabiliyyətinin olmaması Milli Şuradakıların şəxsi göstəriciləridir. Başqan müavini deyib ki, Müsavat və digər müxalif partiyaları aşağı səviyyədə müzakirə etmək onlara başucalığı gətirmir. S.Soltanlı söyləyib ki, siyasətçi, ictimai fəal danışdığı, dediyi sözün məsuliyyətini dərk etməlidir. Onun sözlərinə görə, G.Hacıbəyli uzun illərdir yalnız Müsavat Partiyasına qarşı fəaliyyət göstərməklə məşğuldur.
Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev baş verənləri biabırçılıq və rəzillik adlandırıb. Deyib ki, Milli Şuranın iclasında səsləndirilən fikirlər, ardınca da edilən üzrxahlıqlar siyasətçi adına qətiyyən yaraşmayan haldır, rüsvayçılıqdır, səviyyəsizlikdir: "Ayıb olsun. Görün hakimiyyət iddiasında olan adamlar hansı leksikonla, jarqonla danışırlar. Görün qadın olan tədbirdə kişi hansı söyüşü dilə gətirir. Görün bunlar hara qədər eniblər ki, artıq küçə söhbətlərini rəsmi tədbirlərinə transfer ediblər. Videokonfransda Gültəkin Hacıbəylinin səsləndirdiyi anormal fikirlərə hamı məsxərə ilə yanaşır və gülür. Hamı bu haqda danışır. Saytlar, sosial şəbəkələr, fərdi səhifələr. Hamı və hamı! Hər kəs Gültəkinin ağzından çıxan sözlərdən, başqa birinin dilindən səslənən söyüş qarşılığında yenə həmin Gültəkinin gülüşlə, qəhqəhə ilə verdiyi cavabdan danışır. Hər kəs bunların rəzalətindən, bitmişliyindən, primitivliyindən, adiliyindən danışır. Hər kəs "Milli Şura”nın rəhbərliyinin üfunət qoxuyan, təhqir saçan, küçə sözləri ilə cilalanan müzakirəsindən, dialoqundan danışır. Sonra da orda-burda yekə-yekə deyirlər ki, filan qlobal məsələ ilə bağlı tədbir keçirdik. Budur sizin qloballığınız? Budur sizin mövzu predmetiniz? Lağlağıya, qaragüruh sərsəmləmələrinə siz tədbir deyirsiniz? Görün vəziyyət nə yerə gəlib ki, kompleksli, dikbaş, özündən müştəbeh Gültəkin video yayılandan sonra sosial şəbəkədəki səhifəsində üzr istəməyə məcbur olub. Deyib ki, emosional, gərgin durumda olduğum üçün belə ifadə işlətmişəm. Ay qız, nə emosionallıq, nə gərginlik? Davamlı qəhqəhəndən ağız söyləyəni qulaq eşitmirdi. Hamı gözləyirdi ki, gülüb qurtarasan, sonra videokonfrans əhli öz ənənəvi söyüş ritorikasına davam eləsin. Və ya sənin hələ emosional, gərgin vəziyyətin budursa, qeyri-emosional halın nədir, necə olur bəs, ay Gültəkin Hacıbəyli? Həqiqətən sözün bitdiyi yerdir. Artıq leksikonumuzda bu ünsürləri təsvir edəcək kəlmə belə qalmayıb. Bata bildikcə batırlar. Ucuzlaşa bildikcə ucuzlaşırlar və nə qərib ki, özlərindən başqa hamı bunun fərqindədir”.
Alpər TURAN
banner

Oxşar Xəbərlər