• cümə, 26 Aprel, 13:38
  • Baku Bakı 23°C

Əli Kərimlinin 20 Yanvar şousu

21.01.19 19:09 1149
Əli Kərimlinin 20 Yanvar şousu
20 Yanvar- Ümumxalq Hüzn Günündə Milli Şura adlanan qurumun rəhbərləri və fəalları Şəhidlər xiyabanında mövcud qaydaları kobud şəkildə pozaraq, ictimai asayişi və nizam- intizamı təmin edən hüquq-mühafizə orqanlarının nümayəndələri ilə ciddi qarşıdurma yaradıblar. Polis tələblərə uyğun olaraq və anım mərasiminə qatılan vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Şəhidlər xiyabanına keçid norması müəyyənləşdirib və vətəndaşları qrup şəklində buraxıb. Lakin günorta saatlarında öz tərəfdaşları ilə Şəhidlər xiyabanına gələn Əli Kərimli və tərəfdarları keçid qaydalarına riayət etməyəcəklərini bildirib, onun tərəfdarları isə kordonu yararaq polislərə müqavimət göstərib.
Heç şübhəsiz ki, Şəhidlər xiyabanı Azərbaycanın müasir tarixində xüsusi çəkiyə malik, dövlət müstəqilliyi ideyasına güclü təkan verən, istiqlal mübarizəsini simvollaşdıran müqəddəs məkandır.
Belə bir məkandan siyasi məqsədlər üçün istifadəyə cəhd göstərilməsi həm qanunvericiliyə ziddir, həm də mili mənəvi dəyərlərimizə, ənənələrimizə, milli mübarizə tariximizə hörmətsizlikdir.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Azərbaycan Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli 20 yanvar- Ümummilli Hüzn Günündə belə bir şounun göstərilməsinin ona çox pis təsir etdiyini diqqətə çatdırdı: "Bunun kökü də yanvarın 19-da keçirilən mitinqdə qoyuldu. Burada Əli Kərimli elan etdi ki, Şəhidlər Xiyabanına gedəcəyik. 20 yanvar günü bütün partiyalar, təşkilatlar, vətəndaşlar şəhidləri ziyarət edir. Məgər bunu elan etmək lazım idi ki, həmin günü ora gedəcəyik? Əslində bunu partiya daxilində müzakirə edirlər. Bunu tribunadan elan etməklə Əli Kərimli nə demək istəyirdi? Xalq onsuz da 20 yanvar günü şəhidləri ziyarət edir və edəcək də. Əli Kərimli, bunu niyə xüsusi olaraq siyasiləşdirirsən, ictimailəşdirirsən? Bunlar elə bilirlər ki, hər şey etmək mümkündür. Yaxşı, deyək ki, bunu mitinqdə bəyan eləndin və 20 yanvar günü gəlmisiniz. Camaat necə hərəkət edir siz də elə edin də?! Elə olub ki, biz partiya olaraq gedəndə saatlarla gözləmişik. O vaxt hakimiyyətdə olanda eyni qaydanı biz də tətbiq edirdik ki, vətəndaşlar aramla getsin, təhlükəsizlik qorunsun. İndi Əli Kərimli və ətrafının yaratdığı hadisə axı nəyə lazımdır? Niyə, bunu ictimailəşdirib xaricə ötürəsən? Əksinə, işi bilənlər Əli Kərimlini qınayırlar. Ona görə də Milli Şuranın bu addımını bir partiya sədri, insan kimi pisləyirəm. Bəlkə də digər tədbirlərdə belə bir şey ola bilərdi, amma 20 yanvar günü bu hadisənin olması doğru deyil. Nizam-intizam hamı üçündür və həqiqətən də belə bir hadisəyə deməyə söz tapmırsan. Hüzn günü Şəhidlər Xiyabanını yüz minlərlə insan ziyarət edir, siz tək deyilsiniz. Bu təhlükəsizlik tədbirləri xüsusi, olaraq sizin üçün görülməyib ki? Məgər sizi saxlayıb, başqalarına şərait yaradırlar? Həqiqətən də bu çox pis hadisədir”.
T.Kərimli əlavə etdi ki, Milli Şura adlanan qurum konstitusiya hüququndan istifadə edərək mitinqini keçirib: "Lakin mitinqdə elan edirlər ki, icazə verib-verməsələr də növbəti həftə biz yenidən toplaşacağıq? Axı, bu nə çağırışdır? Biz görmədikmi, insan haqlarından istifadə edən qərb Suriyada, İraqda, Liviyada hansı vəziyyət yaratdı? AŞ PA-da Azərbaycan əleyhinə çıxış edənlərin hamısı bu ölkənin düşmənləridir. Onların böyük əksəriyyəti işğal olunmuş Dağlıq Qarabağa səfər edib, indiki rejimi tanıyırlar, onlara maliyyə yardımı edirlər. Bunu başa düşmək lazımdır ki, ölkə daxilində bəzi təşkilatlardan və insanlardan maşa kimi istifadə edirlər. Eyni zamanda çalışırlar ki, Azərbaycanda sabitlik pozulsun, düşmənçilik olsun. Dünənə kimi biri-birinə dünyanın ən alçaq sözlərini deyən müxalifət liderləri indi yanaşı dayanıb, qardaş olublar. Bundan sonra kim sizin səmimiyyətinizə inanar? Qərb, Avropa Azərbaycanı istəsəydi, bir nəfəri müdafiə etdiyi kimi, bir milyon məcburi köçkünün də haqlarını qoruyardı. Özünü müxalifət adlandıranlar niyə bu insanların taleyi ilə bağlı mitinq keçirmir? Görmürlər ki, Azərbaycanı qarışdırmaq istəyirlər? Mən xalqımızı belə uydurma məsələlərə inanmamağa çağırıram! Bu gün burada sabitlik pozulsa, hansı demokratiyadan danışa bilərik? Biz başa düşməliyik ki, məhz Azərbaycanda stabilliyi pozmağa çalışırlar”.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, 20 Yanvar Azərbaycanın azadlığı üçün insanların canından keçdikləri gündür: "Bu gün bizim tariximizin ən şanlı səhifəsidir. Amma kimliyindən asılı olmayaraq, bu hüzn günündən şou düzəltmək, öz məqsədləri naminə yararlanmaq qətiyyən yolverilməzdir. Hesab edirəm ki, bu tarix bütün xalqındır və hansısa partiyanın, ya da onun sədrinin deyil. Ona görə də Milli Şura adlanan qurumun belə bir gündə qarışıqlıq salması, öz siyasi ambisiyalarını ortaya qoyması doğru addım deyil”.
M.Səfərli qeyd etdi ki, bunu hansı məqsədlə etdiklərini qarışıqlığı salanlardan soruşmaq lazımdır: "Təbii ki, onlar əsasən gündəmdə olmağa can atırlar. İstəyirlər ki, televiziyalar onları çəkib orada-burada və ya xaricdə göstərsin. Bunların onsuz da normal siyasi fəaliyyətləri yoxdur, partiya quruculuğu ilə məşğul deyillər. İndiyə qədər Azərbaycanın inkişafı ilə bağlı alternativ proqram ortaya qoymayıblar. Boş-boş danışmaqdan başqa əllərindən hansısa bir iş gəlmir və əslində bu da siyasi fəaliyyət deyil. Ona görə də müxalifətin bu kəsimi belə hallardan istifadə etməyə cəhd edir”.

AZAD
banner

Oxşar Xəbərlər