• şənbə, 27 Aprel, 02:54
  • Baku Bakı 14°C

Əli Kərimli adamlarını Qurban Məmmədovun üstünə qaldırdı

05.10.18 19:17 1493
Əli Kərimli adamlarını Qurban Məmmədovun üstünə qaldırdı
Azərbaycanda radikal müxalifəti təmsil edənlərin vaxtaşırı bir-birinin ünvanına müxtəlif ittihamlar yağdırması, qarşılıqlı hədə-qorxu bəyanatları səsləndirməsi adi hala çevrilib. Adətən belə hallar ölkəmizdə mühüm beynəlxalq əhəmiyyətli tədbirlər, həmçinin seçkilər keçiriləndən sonra baş verir. Azərbaycanda həyata keçirilən siyasətə, quruculuq və abadlıq tədbirlərinə kölgə salmaq cəhdləri nəticə vermədikdə, bu yolla beynəlxalq aləmin diqqətini özlərinə cəlb edə bilmədikdə qaraguruhçu radikallar haray-həşir salırlar. Azərbaycanda keçirilən bütün seçkilərdən sonra da eyni ssenari üzrə radikallar seçkidə məğlubiyyətin səbəbini bir-birinin üstünə atır, hətta küçə söyüşləri ilə keçmiş müttəfiqlərini təhqir edirlər. Belə yaşayışı özlərinin həyat tərzinə çevirən radikallar bəzən sakitlik dönəmində də "qaşınır”, əqidədaşlarının ünvanına sərt fikirlər səsləndirirlər. Bundan başqa, zaman-zaman radikalların təmsil olunduğu düşərgələrdə baş verən fikir ayrılığı da belə təhqir "şoularının” əmələ gəlməsinə səbəb olur. Misal üçün, AXCP sədri Əli Kərimlinin rəhbərlik etdiyi partiyada, eləcə də öz iradəsindən asılı vəziyyətdə saxladığı Milli Şurada diktatorsayağı mühit formalaşdırdığı hər kəsə bəllidir. Əgər burada təmsil olunanlardan kimsə Əli Kərimlinin iradəsinin əleyhinə getsə, əks fikir bildirsə, qatığa qara deməsə, dərhal zombiləşmiş troll dəstəsi həmin adamın üzərinə gedir. Sosial şəbəkələrdəki cəbhəçi trollar müqəddəs hesab etdikləri Ə.Kərimlinin bir işarəsi ilə qeyd olunan şəxsə qarşı mənəvi terrora başlayırlar. Bu "hücum taktikasında” küçə söyüşləri, təhqirlər meydan sulayır. Milli Şuradakı daha ranqlı kərimçilər isə öz bütlərinin ünvanına fikir bildirən əqidədaşlarına xəyanətkar, satqın damğası vururlar.
Bu günlərdə radikal müxalifət təmsilçilərinin sosial şəbəkədə qopardığı "fırtına” da bu qəbildəndir. Xatırlayırsınızsa, özünü müxalifətçi kimi təqdim edən Qurban Məmmədov prezident seçkiləri öncəsi Avropa ölkələrindən birinə gedərək orada özünü "hüquq müdafiəçisi”, "hüquqları tapdanmış demokrat” və sair bu kimi bərbəzəkli ifadələrlə cəmiyyətə sırımağa başladı. O ilk olaraq hakimiyyət təmsilçilərinin əleyhinə çağırışlar edirdi. Həmin vaxt Milli Şura da daxil olmaqla, ümumilikdə Ə.Kərimli dəstəsi bunu təqdir edir, Q.Məmmədovu az qala "ədalət carçısı” cəmiyyətə sırımağa çalışırdı. Zaman keçdikcə radikal müxalifət də Q.Məmmədovun tənqid hədəfinə çevrildi. Bax bu zaman cəbhəçilər, Milli Şura üzvləri daş atıb başlarını tutmağa başladılar ki, Q.Məmmədov hakimiyyətin adamıdır. Artıq cəbhə təmsilçiləri açıq mətnlə Qurban Məmmədovun üzərinə hücum keçməyə başlayıblar. Özünü Milli Şuranın aparıcı siması hesab edən Gültəkin Hacıbəyli status yazıb ki, Qurban Məmmədov xaricə getməzdən öncə hakimiyyət təmsilçiləri ilə görüşüb və onlara xidmət edəcəyi ilə bağlı öhdəlik götürüb. Guya onun əsas məqsədi də Azərbaycan müxalifətini məhv etməkdir. Məhz buna görə də son günlər Qurban Məmmədov Milli Şuraya, onun ayrı-ayrı təmsilçilərinə qarşı böhtan və iftiralar yağdırmağa başlayıb. Daha sonra G.Hacıbəyli Q.Məmmədovun vaxtilə Milli Şuradan qovulduğunu iddia edib. Əlavə edib ki, buna səbəb onun hakimiyyət təmsilçilərini mətbuatda vəsf etməsi olub. Radikal xanım statusunu reket jurnalistlərsayağı "Ardı var...” yazmaqla bitirib.
Bunun ardınca Milli Şuranın digər təmsilçisi Eldəniz Quliyev də Q.Məmmədovu "ifşa” etməyə çalışıb: "Sabah geniş bir status yazacam, inşAllah. Hələlik isə... bircə bunu deyə bilərəm ki, Qurban Məmmədov nə artistdir, nə də dəli. Dədə Qorquddan çox Yalıncıq və Məşədi İbaddan çox, onun hambalıdır. Əslində isə, sadəcə, naxoşdur - əskiklik kompleksi ilə yaşayan xəstə təxəyyülü zavallı bir adam... Allah şəfa versin!”.
Eyni gündə Əli Kərimlinin iki əlaltısının yazdığı bu statuslar göstərir ki, AXCP sədri artıq bir vaxtlar başına and içdiyi Qurban Məmmədova qarşı tətiyi çəkib. Bu isə radikal düşərgədə növbəti qarşıdurmanın artıq başlaması deməkdir.

F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər