• cümə, 26 Aprel, 09:19
  • Baku Bakı 12°C

Eldar Namazovun xəyalları gerçəkləşir?

30.01.14 09:28 1684
Eldar Namazovun xəyalları gerçəkləşir?
Uzun illərdir ürəyində gizli-gizli “ana müxalifət” olmaq sevdası ilə yaşayan Eldar Namazovun arzusunun cücərməsi üçün uyğun zaman yetişib. Milli Şuranın faktiki dağılmasını və “görkəzmə”lərin fiaskosunu görən narazı elektoratın ümidlərinin puç olduğu məqamı əla fürsət kimi dəyərləndirən Namazov “ya Allah” deyib bu yolda sürətlə irəliləməkdədir. Hazırda özünü cəmiyyətə “EL” hərəkatının lideri kimi təqdim edən Eldar Namazovun həmişə liderliyə can atdığını bir çoxları bilir. Bilməyənlər üçün onun Milli Şura sədri Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmadığı zamanlar irəli çıxmaq üçün etdiyi cəhdləri nümunə göstərə bilərik. Həmin vaxt o, müxalifətin prezidentliyə vahid namizədi olmaq istəyirdi, amma AXCP-dəki və Müsavatdakı “dostları” buna imkan vermədilər.
Xatırladaq ki, E.Namazov prezident seçkiləri öncəsi siyasi aktivliyini artırıb. Özünü Rüstəm İbrahimbəyovun ən yaxın silahdaşı kimi qələmə verən bu şəxs prezident seçkiləri öncəsi “El” hərəkatını yaratmışdı. O, özlərini demokratik qüvvələr adlandıranların birliyi (birliyin nə günlərə qaldığını hamımız gördük) olan Milli Şuranın aparat rəhbərliyində xeyli irəliləməyə də müvəffəq olmuşdu. Heç kimə sirr deyil ki, onun bu qurumda irəliləməsi və digər fəaliyyətləri birbaşa Rüstəm İbrahimovla bağlı idi.
Bir neçə gündür ki, Milli Şurada fərdi fəaliyyətinə xitam verdiyini açıqlayan Eldar Namazovun bu qurumdakı mövqeyini və sadaladığımız canfəşanlıqlarını nəzərə alanlar əvvəlcə bu xəbərə inanmadılar. İbrahimbəyovun bəzi fikirlərinin mətbuata Namazov vasitəsilə çatdırılması və onların yaxınlıqlarını təsdiq edən digər nüanslar açıqlamaya şübhə ilə yanaşılmasını qaçılmaz etdi. Lakin onun “sən Allah, getmə, qardaş canı inciyərik” deyənlərin harayına məhəl qoymadan Şuradan istefa verməsi faktdır. O da faktdır ki, Namazov bu qərarını ABŞ səfiri Riçard Morninqstarla görüşündən sonra açıqlayıb. Göründüyü kimi, ruslardan bir şey çıxmadığını başa düşən Namazov bu dəfə üzünü Qərbə tutmaqla müxalifət düşərgəsində baş verənləri, yaranmış çıxılmaz vəziyyəti fürsət bilib, bundan yararlanmaq istəyir. Onun səfirlə görüşdə seçkidən sonrakı dövr üçün müəyyən planlar qurması istisna edilmir. Yayılan məlumatlara görə, “EL” rəhbəri AXCP və Müsavatın, onların rəhbərlərinin ambisiyalarına hakim ola bilməyib pozuculuq fəaliyyəti həyata keçirdiklərini iddia edir və bunu açıq şəkildə ifadə edir. Əsas məqsədi də Azərbaycanda Qərbin maraqlarına uyğun fəaliyyət planını həyata keçirən siyasi təşkilat qurmaqdır. Sirr deyil ki, Qərb, xüsusilə də ABŞ Azərbaycandakı təsir vasitələri olan siyasi təşkilatların - AXCP və Müsavatın son durumundan çox narahatdır. ABŞ bu iki təşkilat təmsilçiləri arasındakı ziddiyyətlərin daha da kəskinləşməsindən məyus olduğunu gizlətmir. Görünür, hər zaman optimist olmaları ilə seçilən amerikalılar bu durumda da çıxış yolu tapıblar. Onların radikal müxalifətin acınacaqlı durumunu real qiymətləndirdiklərini və onlar vasitəsilə hakimiyyətə təzyiq etməyin mümkün olmadığını anladıqlarını görmək çətin deyil. Elə bu səbəbdəndir ki, səfir bundan sonra “ana müxalifət” olmaq üçün kifayət qədər potensiala malik “El” hərəkatına dəstək verəcəklərini açıqlayıb. Morninqstar hesab edir ki, bunun üçün “El” hərəkatı partiyaya çevrilməli, mütləq şəkildə üzvlərinin sayını artırmalıdır. “Ana müxalifət” olmağın digər yollarını da iddialı şəxsə başa salan amerikalı onlara bütün seçkilərdə fəal iştirak etməyi və QHT-lərlə yaxın münasibət qurmağı tövsiyə edib. Səfir xüsusi vurğulayıb ki, onların tövsiyələri yerinə yetiriləcəyi təqdirdə “El”ə hərtərəfli dəstək verəcəklər. Bu o deməkdir ki, ABŞ-ın istəkləri ilə Eldar Namazovun “ana müxalifət” olmaq arzuları üst-üstə düşür.
Bu haqq-hesabdan sonra qalır Eldar Namazovun dəstəkdən lazımınca yararlanmağı və arzuladığı “ana müxalifət” lideri olması. Küsüb, söyüşüb sonra isə barışıb öpüşməkdən yorulmayan, özlərini “ənənəvi müxalifət” adlandıranlardan daha cəld tərpənib “mənim onlardan nəyim əskikdir, “ana müxalifət” elə, özüm olacam” deyən Eldar Namazovun arzularının çin olması üçün müəyyən imkanlar həqiqətən də var. Neyləsinlər, siyasətçi olduqlarını unudub blokların qabağında oturan boş-bekar arvadlar kimi günlərini bir-birini didməyə, yıxıb-sürüməyə sərf edən adamlarla nə qədər yol yoldaşı olasan?
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər