AZE | RUS | ENG |

Elbrusun zirvəsini fəth edən azərbaycanlı xanım - Fotolar

Elbrusun zirvəsini fəth edən azərbaycanlı xanım - Fotolar
Vəfa Qəhrəman: “Gücümün hara qədər gedəcəyini sınamağı sevən adamam”

Silahlı Qüvvələrimizin 100 illiyi münasibəti ilə "Qartal” Dağçılıq Klubunun 8 alpinisti Elbrus dağının zirvəsini fəth edib. 8 nəfərin 7-si kişi, biri isə xanım olub. Həmsöhbətimiz elə o xanım - Vəfa Qəhrəmandır. İngilis dili müəllimidir, kouç, Azərbaycan Müəllim İnkişafı Mərkəzində müəllim-təlimçi kimi çalışır. "Xanımdan yaş soruşmazlar” desələr də, mən soruşdum. Çünki neçə yaşından sonra bu sahəyə meyillənməsi mənə maraqlı idi. 37 yaşı var, 3 ildir ki dağçılığa başlayıb, fəth etdiyi dağlar da var, zirvəsinə qalxmaq arzusunda olduğu da. 

- Kənardan baxanda heç demək olmaz ki, bu xanım dağlara çıxır, alpinistdir. Demək ki, bu zərifliyin, incəliyin arxasında böyük güc var...
- Güc bizim daxilimizdədir və bunu hamıdan yaxşı özümüz bilirik. İçimizdəki əjdahanı, vulkanı bəzən kənardakılara göstərmərik, amma bir az cəsarət, özgüvən olanda insan ondan bolluca istifadə edir.
 
 

- Yəni, bu cəsarət, özgüvən sizdə var?
- İnsan yaşadıqca, təcrübə artdıqca, bəlkə də yaxşı mühitə düşdükcə bunu qazanır. O uğur, özünütəsdiq dəfələrlə təkrarlananda insanda özgüvən yaranır. Bu, yəqin ki illərin təcrübəsidir. Sən artıq nəyi bacarıb-bacarmayacağını özün dəqiq bilirsən.

- Uşaq yaşlarınızdan bu kimi şeylərə maraqlı olmusunuz, yoxsa...
- Yaxınlarda bir fikir oxudum, deyir ki, 7 yaşlı uşağa bax, indi onu necə görürsənsə, 70-ində də elə olacaq. Biz artıq 7 yaşımızda formalaşmış insan oluruq. Hər zaman nə isə hərəkət edəndə dönüb keçmişimə baxıram və görürəm ki, uşaqlıq illərində də qarşıma hədəf qoymuşam, onlar üçün mübarizə aparmışam. Gücümün hara qədər gedəcəyini sınamağı sevən adam olmuşam.
 
 

- İnsanın necə bir xarakterə sahib olmasında uşaqlıq illərində valideynlərinin onlara yanaşmasının rolu böyükdür. Valideynlərinizin sizə yanaşması necə olub?
- Valideyn, müəllim, təhsil işçisi gözü ilə uşaqlıq illərimə nəzər salıram. Bir bacım, bir qardaşım var. Onlar tamamilə fərqli təbiətdə insandırlar. Evə bağlıdırlar. Anam alpinistlərlə bağlı məlum hadisədən sonra dağa getməyimə heç razı deyil, amma mən hər hansı yolla gedirəm, çünki bu istək mənə güc gəlir. Amma bacım, qardaşım ananın istəyinə qarşı getməzlər. Onlarla mənim tərbiyəmdə fərqli nə etdiklərini tuta bilmirəm. Məni çox sərbəst böyüdüblər. Uşaq vaxtı düşərgələrə gedirdim, rayona göndərirdilər. Sanki mənə sanki güvənləri daha çox idi, "O bacarar”, "o baş çıxarar”, "o öhdəsindən gələr” deyirdilər. Yəqin ki, o arxayınlıq mənə bir çox şeylər ötürə bilib.
 
 

- Müəllim kimi fəaliyyətinizdən və müəllimin dağçılığa marağının necə yaranmasından danışaq...
- İngilis dili sahəsi üzrə çalışıram. Uzun illər beynəlxalq məktəblərdə fəaliyyət göstərmişəm, hazırda isə Azərbaycan Müəllim İnkişafı Mərkəzində təlimçi-müəllim kimi işləyirəm. Burda əsas işim müəllimlərlə çalışmaqdır. Marağımın yaranmasına gəlincə, mən hər zaman idmanla məşğul olmağa, özümü formada saxlamağa çalışmışam. Bu, forma saxlamaq xatirinə olmayıb. Fiziki aktiv olmaqla bağlı daxilimdə istək olub. Dağçılıq mənim son 3 ilimin yol yoldaşıdır. O vaxta qədər həm dağçılıq elə də məşhur deyildi, həm də mənim elə bir ətrafım yox idi. 3 il bundan öncə Heydər Əliyev zirvəsinə yürüş təşkil olunması ilə bağlı elan verilmişdi. O yürüşə getdim, dağçılıqla bağlı dostlar qazandım, o dostlarla növbəti zirvələrə getdim, yeni dostlar qazandım, onlarla başqa zirvəyə. Belə-belə o mühitə düşdüm. İlk dəfə o yürüşə gedəndə dağçılıqla məşğul olmaq kimi məqsədim yox idi, sadəcə olaraq mənim üçün bir dağ sınağı idi. İlk dəfə 3751 metrlik zirvəyə çıxacaqdım. Düşünürdüm ki, mən onu bacararam? Bir növ özümü sınamaq üçün getdim.
 
 

- Sonra da davam etmisinizsə, deməli, maraqlı gəlib. Sizi bura çəkən nə oldu?
- Mən həvəskar kimi idmanın müxtəlif sahələri ilə məşğul oluram, amma dağçılıq özündə bir çox şeyləri birləşdirir. Təkcə fiziki deyil, həm də mental hazırlığın olmalıdır. Dağa, zirvəyə çıxmaq üçün təkcə gücün yetməyə bilər. Çox güclü insanlar var ki, dağın müəyyən bir yerinə qədər çıxırlar, amma sonra davam edə bilmirlər. Beyin gücü, iradəsi yolu davam etməyə yetərli olmur. Gördüm ki dağçılıq özündə bir çox keyfiyyətləri cəmləşdirir və mən bu istiqamətdə olsam, həmişə o tərəflərimin inkişafı üçün çalışacam, məşqlər edəcəm. Bu, mənim marağımı cəlb etdi. Qeyd etdiyim kimi gücümün hara qədər yetəcəyini sınamağı sevən insanam.

- Yarı yolda yorulduğunuz, geri dönmək istədiyiniz olurmu?
- İstər dağ olsun, istər başqa hansısa məsələ, mən həmişə yorğunluq hiss edəndə özümə sual verirəm ki, doğrudan gücün bu qədərdir? Daxilimdən cavab gəlir ki, yox, bu, sənin içində olan gücün 0,1 faizidir, indi sənə elə gəlir ki, yorulmusan, amma 99,9 faizin hələ var. Və özümə deyirəm ki, sən bir az uşaqlıq, tənbəllik edirsən, bir az da irəli gedə bilərsən. Bəlkə gələcəkdə elə zirvələr olacaq ki, bu olacaq, amma indiyə qədər olduğum zirvələrdə geri dönmək istədiyim an olmayıb.
 
 

- Alpinistlərin dağda həyatlarını itirməsindən ananızın narahat olduğunu dediniz. Bəs özünüzə bunun psixoloji təsiri heç olmadımı?
- Mən ümumi olaraq dağçılığı, burda baş verən hadisələri bilirəm. Ondan da dəhşətli, tükürpədici hadisələr var. Dostlarımızın elə bir tale yaşaması bizə çətin idi. Hətta mən ondan sonra Tufandağa getdim, həmin zirvədən onların həlak olduqları yerə bir də baxdım, düşündüm. Amma başa düşürəm ki, bəzi şeylərdən qaçmaq olmur. Evimizdə rahat yatdığımız yerdə də dünyamızı dəyişə bilirik. Bununla özümə rahatlıq tapıram. İnsan özünü təhlükəyə atmamalıdır, bunu da başa düşürəm. Amma biz hər şeyi ölümlə, təhlükəylə çərçivələsək, gərək heç nə etməyək. Çünki ölüm hər addımda var. Həyatı doya-doya yaşamaq lazımdır.

- Neçə yaşınız var?
- 37.

- Son 3 ildə dağçılığa maraq göstərmisinizsə, bu 34 yaşdan başlamağınız deməkdir. Bu vaxta qədər dağçılıqla tanışlığınıza şərait yaradan bir şans olmadığına heyifsilənirsiz?
- Bəlkə də hər şeyin öz zamanı var. Dağçılıq bahalı idman növüdür. Ya ailən çox imkanlı olmalı, sənə dəstək göstərməlidir ki, ləvazimatını alasan, yol xərci və s-ləri qarşılayasan, ya da müəyyən yaşa gəlməli, özünü maddi baxımdan təmin etməlisən. 
 
 

- Ailəniz bu fəaliyyətinizi dəstəkləyir?
- Bəli. Məsələn, anam məni dəstəkləmir, amma mən Elbrusdan qayıdanda görürəm ki, bayraqlı şəklimi profilinə qoyub. Əslində, dəstəkləmir, amma paylaşır ki, mənim övladım ora gedib. Düşünürəm ki, insan istəyində möhkəm olmalıdır. Əgər öz istəyindən, atacağı addımdan əmin deyilsə, o dağın zirvəsinə də gedib çıxa bilməz. Dağın zirvəsinə çıxmaq üçün sən yerdə bunu ürəkdən istəməlisən. Təbii ki hava şəraiti buna imkan verməsə, sən gedib gözləyərsən, lakin dağa çıxa bilməzsən. Hər kəsin fərqli zövqü, yanaşması var. Başqalarının fikrinə nə qədər çox əməl etsən, öz istəklərinin nə olduğunu itirərsən.

- Evdarlığınız necədir?
- Bəzən deyirlər ki, bütün gün dağda-bağdasan, evi nə zaman çatdırırsan? Dağla necə münasibət qururamsa, evimlə də eləyəm. Evimin təmizliyinə, səliqə-səhmanına özüm baxmalıyam. Çünki orda mən yaşayıram. Qızım evə girəndə evə salam verir. Ev artıq bizim bir parçamızdır. Evdarlığım yüz faiz olmaya bilər, amma ev işlərimi heç kəsə gördürmərəm. İşlərimi planlaşdırıram, hər birinə lazım olan qədər vaxt ayırıram.

- Qızınızı kilim toxumaq kursundan tanıyıram. Aktiv, sərbəst uşaqdır...
- Uşaqlıqdan qızıma aşılamağa çalışıram ki, o, Vəfa deyil, Sara Nurdur. Onun öz istəyi var, kilim toxuyur. Mənim kimi deyil, daha xanım-xatındır. Sərbəst, rahat bir insan kimi yetişməsini istəyirəm. Yəni nə istədiyini bilən, məqsədləri olan fərd olması üçün çalışıram.

- Müəllim uşaqlar üçün ikinci valideyn kimidir. Necə bir müəllimsiniz?
- Mən sevə-sevə öyrədənlərdənəm. Öyrətdiyimin əsasını qarşı tərəfin özünün necə öyrənməsi təşkil edir. İstər müdavimlər olsun, istər şagirdlər çalışıram ki, insan özü ömür boyu öyrənməyə maraqlı olsun, öyrənmək bir əyləncəyə çevrilsin. Çətin bir iş kimi görməsinlər. Bir də bizdə ümumilikdə özgüvən azdır. Hardasa qırılmışıq, bizi hardasa tapdalayıblar, sözümüzü, düşüncəmizi deməyə çəkinirik. Ona görə həmişə o rahatlığı, sərbəstliyi, azadlığı aşılamağa çalışıram. Necə ki azad ruhla dağa çıxıram, onu öz auditoriyama da vermək istəyirəm.

- Dağlardan yadınızda qalan bir xatirə danışasınız bəlkə...
- Dağın hər anı mənim üçün xatirədir. Orda çox şəkil çəkdirirəm, hamısını paylaşmağa imkan olmur. Onlara baxanda arxa fonda olan səsləri yada salıram, keçirdiyim hisslər göz önünə gəlir. Qolumda dağdan qalma ləkələr var. Hamı deyir ki, sənə yaraşmır, bu nədir belə? Amma mən orda zədə, ləkə görmürəm, arxasında olan xatirəsinə baxıram. Deməli, biz meşənin içi ilə gedirdik, baldırğan deyilən bitki var, mən onu qucaqlaya-qucaqlaya keçirdim. Bilmirdim ki, ona toxunandan sonra yeri suluqlayır və sonra belə böyük izləri qalır. Nə qədər qalacağını da bilmirəm. Ömürlük qalsa belə, məni narahat etmir. Bunun xatirəsi, orda keçirdiyim hisslər o qədər gözəldir ki, heç bilmirəm onu bir də hardasa keçirə biləcəm, yoxsa yox. Getdiyim hər dağın ayrıca xatirəsi var.

- Bu səfərləri maraqlı edən həm də yol yoldaşlarıdır. Dağa kimlərlə gedirsiniz?
- Mən ilk yürüşümdən sonra müxtəlif insanlarla fərqli dağlara gedirdim. Amma sonra düşündüm ki, gedirəmsə, özümə elə bir yol yoldaşı tapmalıyam ki, həm peşəkar olmalı, həm dağları yaxşı tanımalıdır. İnsani tərəflər də önəmlidir. Çünki yol yoldaşları ilə mən bir çadırda yemək yeyirəm, bir yolu gedirəm, hər bir çətinliyi keçirəm. Tale elə gətirdi ki, "Qartal” Dağçılıq Klubunun üzvlərindən biriylə tanış oldum, sonra onların dağ yürüşlərinə qatıldım. Mən həm də "Alpinizm məktəbi”nin  məzunuyam. İndi dağa getdiyim adamlar o məktəbin məzunlarıdır. Dağlarda sınaqdan keçmişik, bir-birimizi yaxşı tanıyırıq. Ona görə yürüşlərimizi bir edirik.

- Ümumi hədəfə daha hansı zirvələr daxildir?
- Axırıncı səfərdən sonra müəllimimiz, bələdçimiz Rüfət Qocayev bizə sertifikatları verdi. Sertifikatı alandan sonra öz-özümə dedim: budəfəki hədəfim nədir? Düzdür, bizim bəlli proqramımız var, daim formada qalmaq üçün hansı dağlara gedəcəyimizi öncədən bilirik. Ancaq bir də hədəf olaraq baxdığımız zirvələr var. Mən artıq Qafqazın və Avropanın ən hündür zirvəsi Elbrusda olmuşam. "Yeddi zirvə” ("Seven Summits”) - hər qitədəki ən yüksək dağdan ibarət zirvələr var və mən onlara çıxmağı hədəfləyirəm. Birini fəth etmişəm, digər 6 zirvə hələ qalır.

- Maraqlıdır, gələcəkdə bu səfələrdə qızınız sizin yol yoldaşınız ola bilər?
- Cəsarət edib ona bunu təklif edə bilmərəm (Gülür). Deyir ki, səninlə qürur duyuram, dağçılıqla məşğul olmağın məni sevindirir, amma bu, mənim işim deyil. O, mənimlə bir yerdə dağçılıqla əlaqəli real həyat hadisələrinin əks olunduğu filmlərə çox baxıb. Orda dağçılığın nə qədər çətin olduğunu görüb. Hətta bəzən ağlayır ki, belə şeylər ola bilər? 
 
Aygün Asimqızı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163