• şənbə, 27 Aprel, 06:51
  • Baku Bakı 12°C

Ekoloji təhlükəsizliyə qarşı yönələn ciddi təhdid

07.08.19 10:00 12700
Ekoloji təhlükəsizliyə qarşı yönələn ciddi təhdid
Beynəlxalq təşkilatların hesabatlarına əsasən, 2025-ci ildən sonra qlobal şirin su çatışmazlığı problemi dünyanın bir sıra ölkələri üçün siyasi və sosial-iqtisadi təzyiq vasitəsinə çevriləcəkdir.Dünyanın su ehtiyatları üzrə mövcud vəziyyətlə bağlı qısa arayışda qeyd edilir ki, bu gün Yer üzündə 700 milyon insan su qıtlığından əziyyət çəkir. Əsaslı müdaxilələr olmasa, on il sonra onların sayı 3 milyard nəfərə çata bilər. Belə ki, dünya əhalisinin 40%-i iki və ya daha çox ölkənin nəzarət etdiyi transsərhəd su mənbələrindən asılıdır. BMT-nin statistikasına görə, təkcə son 50 il ərzində şirin su ehtiyatlarına nəzarət uğrunda 500 siyasi qarşıdurma və 37 silahlı toqquşma baş vermişdir. Hazırda dünya dövlətləri arasında yeni qütbləşmə tipi - su ehtiyatlarına malik olan və su çatışmazlığı ilə üzləşən dövlətlərin koalisiyalar yaratması səyləri müşahidə olunur. BMT-nin, Avropa İqtisadi Komissiyasının və digər beynəlxalq təşkilatların transsərhəd sulardan səmərəli istifadə olunmasına dair 20-dək sənəd qəbul etmələrinə baxmayaraq, həmin konvensiyaların bir çoxu hələ də tətbiq olunmayıb.
Mütəxəssislər qeyd edirlər ki, su mənbələrinin inhisara alınması və onlardan istifadə sahəsində yol verilən israfçılıq, iqlim dəyişməsi, demoqrafik artım, geosiyasi və geoiqtisadi maraqlar, su ehtiyatlarının sürətlə siyasiləşdirilməsi onların geosiyasi təzyiq vasitəsinə çevrilməsi ilə nəticələnib. Müasir dövrdə bu tendensiya qlobal və regional miqyasda getdikcə özünü daha kəskin büruzə verməkdədir. Yaranmış vəziyyət isə təkcə ayrı-ayrı dövlətlərə deyil, bütövlükdə Yer üzündə sülh və təhlükəsizliyə, o cümlədən ekoloji təhlükəsizliyə qarşı yönəldilən ciddi təhdiddir. Eyni zamanda, bir dövlətin digərlərinə qarşı su ehtiyatlarından təzyiq vasitəsi kimi istifadəsi qətiyyətlə pislənilib, Ermənistanın transsərhəd su ehtiyatlarından, işğal altında olan ərazilərdəki hidrotexniki qurğulardan Azərbaycan Respublikasına qarşı hidrosiyasi təzyiq vasitəsi kimi istifadəsinə, beynəlxalq hüquq müstəvisindən qiymət verilib.
Qeyd edək ki, dünyanı təhdid edən qlobal su çatışmazlığı problemi Azərbaycanda da aktual məsələlərdəndir. AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovbildirib ki, su təhlükəsizliyi məsələsi qlobal miqyasda başlıca problemlərdən biridir: "Dünyada su çatışmazlığı probleminin aradan qaldırılması, insanların təmiz və keyfiyyətli suya çıxışının təmin edilməsi istiqamətində ciddi işlər həyata keçirilir. Bunlar nəzərə alınaraq hər bir ölkə su təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirir. Azərbaycanda şirin su ehtiyatlarının əsas hissəsinin ölkə hüdudlarından kənarda formalaşması nəzərə alınaraq, son illər ölkəmizdə su təsərrüfatı sahəsində irimiqyaslı layihələr icra olunub. Taxtakörpü, Şəmkirçay su anbarlarının inşası, yeni sugötürücü və sutəmizləyici qurğuların inşası ölkəmizdə su təhlükəsizliyinin təmin olunması baxımından olduqca vacib layihələrdir”.
"Azərsu” ASC-nin "Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktor müavini, professor Fərda İmanov qeyd edib ki, iqlim dəyişmələri, sənayenin inkişafı, ətraf mühitin və su hövzələrinin çirkləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə məsələsinin aktuallığını artırır: "Azərbaycanda su təhlükəsizliyinin təmin edilməsi məqsədilə daxili hövzələrdə yaranan su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, su ehtiyatlarının regionların cari və perspektiv tələbatlarına uyğun paylanması istiqamətində araşdırmalar aparılır. Son dövrlərdə müşahidə olunan qlobal istiləşmə və quraqlıqla əlaqədar, alternativ su mənbələrinin tədqiqi və işlənməsi istiqamətində tədbirlər görülür. Tullantı sularının düzgün idarə olunması və təmizlənərək təbiətə qaytarılması su təhlükəsizliyinin təmin olunmasında vacib həlqələrdən biri kimi qiymətləndirilr”.
"Azərsu” ASC-ninSu mənbələrinin, emal qurğularının idarə olunması və ekologiya şöbəsinin rəisi Elkin Rüstəmov respublikanın içməli su mənbələri barədə məlumat verib. Bildirib ki, əhalinin fasiləsiz və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə "Azərsu” ASC tərəfindən son 10 ildə icra olunmuş layihələr çərçivəsində Bakı şəhəri və regionlarda ümumi məhsuldarlığı saniyədə 18,5 kubmetr olan 39 yeni su mənbəyi yaradılıb və bu sahədə işlər davam etdirilir. İqlim dəyişmələrinin su mənbələrinin məhsuldarlığına təsiri barədə danışan Elkin Rüstəmov qeyd edib ki, son illər bəzi şəhərləri içməli su ilə təmin edən mənbələrdən götürülən suyun həcmində azalma müşahidə olunur: "Bu isə yay aylarında həmin şəhərlərin dayanıqlı içməli su təminatında çətinliklər yaradır.Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ötən il Tovuz, Lerik, Gədəbəy, Şamaxı şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunub. Eyni zamanda əhaliyə verilən suyun keyfiyyətinin standartlar çərçivəsində saxlanılması məqsədilə Ağstafa və Qobustanda yeni təmizləyici qurğular istismara verilib. Bunlarla yanaşı, Şəki şəhəri üçün də alternativ mənbənin yaradılmasına başlanılıb və bu məqsədlə subartezian quyuları qazılacaq”.
"Azərsu” ASC-nin mərkəzi laboratoriyasının müdiri Elçin Əliyev Azərbaycan əhalisinə verilən içməli suyun keyfiyyət standartlarına tam uyğun olduğunu xatırladaraq, mənbələrdən başlayaraq son istehlakçıya qədər, onun keyfiyyətinin daim nəzarətdə saxlanıldığını bildirib. Onun sözlərinə görə, Bakı şəhərində yaradılmış müasir laboratoriya, eləcə də 9 regional laboratoriya hər bir mənbədən götürülən suyun daim nəzarətdə saxlanmasını təmin edir. O, qeyd edib ki, bu laboratoriyalar yarandıqdan sonra içməli və tullantı sularının öyrənilən parametrlərinin sayı 39-dan 110-a, monitorinq nöqtələrinin sayı isə 7 dəfədən çox artırılaraq, 1300-ə çatdırılıb.
Günel Azadə

Bu məqalə "Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Ekoloji mədəniyyətin formalaşması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.





banner

Oxşar Xəbərlər