AZE | RUS | ENG |

“Çəkilən zəhmət yerdə qalmır” - Fotolar

“Çəkilən zəhmət yerdə qalmır” - Fotolar
Sahib Paşazadə: Düşünməzdim ki, bir gün mən də bu nağılın qəhrəmanına çevrilə bilərəm

Sentyabrın əvvəlində Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən I Beynəlxalq muğam (makom) Beynəlxalq Musiqi Festivalının qalibləri tarzən Sahib Paşazadənin rəhbərlik etdiyi "Muğam” ansamblının üzvləri oldu. S.Paşazadə əməkdar artist, "Muğam" instrumental ansamblının bədii rəhbəri, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının dosentidir. Azərbaycanda keçirilən bütün muğam festivallarında iştirak edən Sahib Paşazadə bütövlükdə konsert proqramları və başçılıq etdiyi musiqi kollektivləri ilə demək olar ki, dünyanın 50-dan artıq ölkəsində səfərlərdə olaraq milli musiqimizi təbliğ edir. Gənc tarzən bir çox beynəlxalq mükafatlar sahibidir. O, "Ağcaqayın yarpağı” adlı Beynəlxalq "Qran-Pri” mükafatına, Kanadanın Niaqara şəhərində keçirilən beynəlxalq musiqi festivalında "Tarın Paqaninisi” adına layiq görülüb. Müxtəlif beynəlxalq festivallarda qazandığı nailiyyətlər Sahibin timsalında Azərbaycan tarının dünyanı öz sehrinə saldığını bir daha təsdiqləyir.
 
- Sahib bəy, bu sizin nə birinci, nə də sonuncu uğurunuzdur. Azərbaycan musiqisinə yüksək qiymət qazandırdığınız üçün sizə təşəkkür edirik. İstərdik, beynəlxalq festivalda qazandığınız uğurdan danışaq. 
- Diqqətiniz üçün təşəkkür edirəm. Özbəkistanda keçirilən I Beynəlxalq muğam (makom) festivalı bizim yaradıcılığımızda xüsusi anlarla yadda qaldı. Ümumiyyətlə Özbəkistan uğurları həyatımda unudulmazdır. Ötən il Səmərqənddə  keçirilən "Şərq təranələri” XI beynəlxalq musiqi festivalının iştirakçısı olmuşdum. 380 ifaçının içərisindən mənim ifamda Azərbaycan tarı ən yüksək göstəriciyə layiq görülmüşdü. İndiyə qədər heç bir instrumental alət ifaçısı bu mükafata layiq görülməyib. İlk iştirakımla Qran-Pri mükafatına layiq görüldüm. Bu, həyatımın ən uğurlu anlarındandır. Bu simpozium yarananda mənim 7-8 yaşım vardı. Arzu edirdim ki, kaş orada ifa etmək mənə də qismət olaydı. 1997-ci ildə bu müsabiqə festival olaraq dəyişdirildi. O zaman Alim Qasımov, Aygün Bəylər, Qoçaq Əsgərov kimi sənətkarlarımız orada iştirak edirdilər. Hər dəfə onlara baxanda mənə nağıl kimi gəlirdi. Düşünməzdim ki, bir gün mən də bu nağılın qəhrəmanına çevrilə bilərəm. 2017-ci ildə solo tar ifaçısı olaraq o festivala qatıldım. Məşhur nağara ifaçısı, əməkdar artist Kamran Kərimovla birlikdə orada iştirak etdim. Kamran Kərimov bu festivalda mənə böyük dəstək göstərən və çox böyük əziyyəti olan bir musiqiçidir. Çox uğurlu alındı. Bu ilin mayında ikinci dəfə dəvət aldım. Düşündüm ki, mən bir solist olaraq ən yüksək mükafata layiq görülmüşəm. Bu dəfə festivalda "Muğam” ansamblımla birlikdə iştirak etmək qərarına gəldim. Ansamblın 7 nəfər üzvü - əməkdar artist Nigar Şabanova, Bakıdakı Beynəlxalq Muğam Müsabiqəsinin laureatı Abgül Mirzəliyev, tarda Kamal Nuriyev, kamançada əməkdar artist Toğrul Əsədullayev, qanonda əməkdar artist Çinarə Heydərova, nağarada Emin Cəbrayılovla o festivalda iştirak etdik. Onların repertuarına, geyimlərinə qədər məsuliyyət mənim çiynimdə idi. İnsan özü beynəlxalq səhnədə ifa edəndə tamam başqa hisslər keçirir. Ancaq məsuliyyətini daşıdığın qrup səhnədə ifa etdikdə, o hisslər əvvəlkindən bir qədər fərqli olur.
 
 
 
- Yəqin ki, bu sizin özünüzə olan inamınızı da bir qədər də artırar. 
- Çox həyəcanlı idim. Biz qalibiyyət əldə etmək üçün bütün yayı işlədik. Azərbaycanın adı birinci yerin sahibi kimi çəkiləndə sevincimizin həddi-hüdudu olmadı. Vətənə əliboş dönmədik. Hər bir üzvümüzün burada əziyyəti var. Festivalda çox gərgin mübarizə gedirdi. Dünyanın inkişaf etmiş ölkələrinin və yüksək mədəniyyətə malik dövlətlərin nümayəndələri orada iştirak edirdi. Qalib olduqdan sonra media nümayəndələri mənə sual verdi ki, hər dəfə qalib olursunuz, uğurunuzun sirri nədir? Bu, Allah bir qisməti, gərgin zəhmətin nəticəsidir. Çəkilən zəhmət yerdə qalmır. 
 
- Deyirlər festival festival gətirir. Digər festivallara necə, dəvət aldınızmı? Bu festival başqa beynəlxalq festivallara gedən yolun davamı ola bilərmi?
- Bəli, artıq bir neçə festivala dəvət almışıq və qarşıda bizi növbəti beynəlxalq festivallar gözləyir.
 
 
 
- Bu tip festivallar ifaçılara nələr qazandırır?
- Festival musiqiçinin püxtələşməsində, kamilləşməsində böyük rol oynayır. Dünyanın 50-dən çox ölkəsində həm solist, həm də kollektiv üzvü kimi tədbirlərdə iştirak etmişəm. Əlbəttə ki, bu çox böyük bir təcrübə bazasıdır. Təsəvvür edin ki, dünyanın müxtəlif ölkələrində olan musiqiçiləri dinləyirsiniz, hər birindən nələrisə öyrənirsiniz. Bütün bunlar hamısı bir yerə cəm olanda böyük bir baza yaranır. Beynəlxalq festivallar ifaçının gələcəyi üçün yaşıl işıqdır, dünyaya açılan bir qapıdır.  
 
- Dünyanın 50-dən çox ölkəsində beynəlxalq tədbirlərdə və festivallarda iştirak edən bir sənətkar kimi, başqa millətlərin bizim tara olan münasibətini necə dəyərləndirirsiniz? 
- Türkdilli dövlətlər, MDB ölkələri Azərbaycan tarı haqda daha çox xəbərdardırlar. Onlar hər çıxışda tara olan vurğunluqlarını, heyrətlərini bildirirlər. Bu yaxınlarda Nigeriyada oldum və gördüm ki, onların tar haqda çox az anlayışları var. Tar haqqında məlumatı olmayan ölkələrdə insanlara bu alətin imkanlarından, səs tembrindən danışır və məlumat verirəm. Hansı ki, ustad sənətkarlarımız bunun tarixi haqqında mənə danışıblar və mən də bunu həmin şəkildə əcnəbi vətəndaşlara ötürməyə çalışıram. Ustadlarımızdan öyrəndiklərimizi gələcək nəslə çatdırmaq və mədəniyyətimizi dünyada tanıtdırmaq vacib şərtdir.
 
 
 
- Sizin yetişməyinizdə hansı ustadların böyük rolu olub?
- Hər zaman müəllimlərimi böyük fəxarət və baş ucalığı ilə qeyd edirəm. Üzünü görmədiyim, lakin səs yazıları ilə dinlədiyim tarzənlərə də borcluyam. Bülbül adına orta ixtisas musiq məktəbində mənim ilk tar müəllimim atam idi. Daha sonra əməkdar artist Sərvər İbrahimovdan muğamın sirlərini öyrənmişəm. İxtisas müəllimim Akif Novruzov olub. Allah hər ikisinə rəhmət eləsin. Bakı Musiqi Akademiyasında dünya şöhrətli tarzənimiz Ramiz Quliyevdən ixtisasın sirlərini öyrəndim. Muğamda xalq artistimiz Vamiq Məmmədəliyevdən, Milli Konservatoriyada isə xalq artisti Ağasəlim Abdullayevdən, Məmmədağa Kərimovdan dərs almışam. Hər birinin qarşısında baş əyirəm. Hər bir müəllimimdən bu sənətin incəliklərini öyrənmişəm. Başqa müəllimlərin dərslərinə gedirdim, onlardan da nələrsə öyrənirdim. Mirzə Mansur Mansurov, Bəhram Mansurov, Hacı Məmmədov, Həbib Bayramov, Qurban Pirimov kimi sənətkarların səs yazılarına qulaq asmışam. Bu çox böyük bir məktəbdir. Tarı öyrənmək, bu sahədə uğur qazanmaq istəyən ifaçı mütləq şəkildə bu ustad tarzənlərə yaxşı bələd olmalıdır. 
 
 
 
- Yaşlı nəslin tarzənləri ilə söhbətdə onlar bildirirlər ki, adlarını qeyd etdiyiniz o sənətkarların davamçıları yetişmir və həmin ustad məktəbi artıq yoxdur.
- Mən bu fikirlə razı deyiləm. Bu gün də çox istedadlı tarzənlərimiz var və yetişir. 40-cı illərdə çalınan üslub bu gün aktual ola bilməz. Onun mahiyyəti qalmaq şərti ilə inkişaf etmiş forması səsləndirilir. Ancaq o üslub, yol cizgiləri təbii ki, qalıb. Çox təəssüf ki, əksər gənclər bu şablondan çıxır, musiqinin qolunu-qanadını sındırırlar. Başa düşürəm, müasirlik lazımdır, yeniliklər qaçılmazdır. Ancaq tarın kökünü unutmaq olmaz. O yolu olduğu kimi davam etdirən sənətkarlarımız da var. 
 
- Musiqi elə bir aləmdir burda istedadla bərabər, həm də gen faktorunun böyük rolu var.  Sizcə, istedad anadangəlmə olmalıdır, yoxsa sonradan bunu oxuyaraq qazanmaq mümkündür? 
- Sonradan tarzən olmaq mümkünsüzdür. Gərək sən bu sənət üçün doğulasan. Tarzənin ifasında dahiyanəlik, dərinlik, məzmun yoxdursa, həyatda müəyyən qədər öz uğurunu qazanar, orta nəticələr göstərər. 
 
 
 
- Atanız xalq artisti, professor, tanınmış dirijor Ağaverdi Paşayevin də incəsənətə ilk addımı məhz tarla başlayıb. Bizə elə gəlir ki, sizin də tar sənətinə gəlməyiniz təsadüfi deyil.
- Rəhmətlik nənəm Zəhra xanımın arzusu idi ki, atam tar ifaçısı olsun. Atam çox böyük ustadlardan dərs almışdı. Dövrünün sayılıb-seçilən tarzənlərindən idi. Konservatoriyanın ikinci kursunda dirijorluq ixtisasına keçid aldı. Ancaq övladını tar ifaçısı kimi görmək arzusu nənəmin ürəyində qalmışdı. Mən Bülbül adına məktəbdə əvvəlcə pianoçu ixtisasında dərsi alırdım və beşinci sinifdən sonra tara keçdim. Mən həm nənəmin, həm də atamın arzusunu yerinə yetirmiş oldum. Nənəm həmişə mənə efirlərdən baxır, uğurlarımın şahidi olurdu. Hər zaman Allahıma dua edirəm ki, nənəm dünyasını dəyişməmiş onun bu arzusunu yerinə yetirdim.
 
- Övladlarınızı bu sahəyə yönəltmək istəyərsinizmi?
- Övladlarımın tar ifaçısı olmalarını istəməzdim. Ailədə bir tar ifaçısı olduğu üçün onların bu peşənin dalınca getməsinin tərəfdarı deyiləm. İstəyərəm, kiçik oğlum Zeynal ya pianoçu, ya da dirijor olsun. Qızım Zəhra həkim olmaq istəyir və dərslərində çox uğurludur. Oğlum Mehdi isə texniki fənləri çox gözəl bilir və idmana meyllidir. Onu şahmata yönləndirməyə çalışıram.
 
- Sizcə, tar ifaçılığı sənətində məşhurlaşmaq olurmu?
- Məşhurlaşmaq asan bir şey deyil. İndi qısa bir zamanda qazanılan məşhurluğu isə məşhurluq saymıram. Tək klip və balaca bir video ilə gündəmə gəlmək məşhurluq deyil. O, sabun köpüyü kimi bir şeydir. Diqqət etsəniz görərsiniz ki, ciddi sənətdə tarixdə iz qoyan sənətkarlar çox çətin məşhurlaşıblar. Beynəlxalq arenaya çıxmış tarzənlərimiz bir neçə gündə məşhurlaşmayıblar. 
 
 
 
- Sosial şəbəkələr bu məşhurluğu daha da asanlaşdırır. Siz bunu qəbul edə bilirsinizmi?
- Belə məşhurluğu qəbul edə bilmərəm. Buna mənim mənəvi cəhətdən ixtiyarım da yoxdur. Bu yaxınlarda çox bayağı bir mahnı eşitdim. Həmin mahnı dillər əzbəri oldu. Bir aydan sonra o ifaçını heç xatırlayanlar da olmadı. İnanın ki, bir ildən sonra yada da düşməyəcək. Ciddi musiqiçiləri bu tip şeylərlə heyrətləndirmək mümkün deyil.
 
- Bəs siz özünüz necə, sosial şəbəkələrdə nə qədər aktivsiniz?
- Sosial şəbəkələrdə çox passivəm. Arzulayıram ki, mənə elə bir insan rast gəlsin ki, PR işlərimi görsün. Bunlarla məşğul olmağa vaxtım yoxdur. Hansı ki, mənim paylaşımlarım sosial şəbəkələrdə böyük partlayış yaradardı. Bu mənim bir az ciddiliyimdən, bir az da tənbəlliyimdən irəli gəlir. Əslində bu çox gözəldir. Hansısa ifaçı bir ölkəyə gedəndə hava limanında, getdiyi ölkədə konsertdən əvvəl, konsert zamanı və s. videolar çəkib paylaşır. Ancaq mənim bu kimi imkanlarım yoxdur. Nə vikipediyada haqqımda bir məlumat, nə özümə məxsus olan saytım var. Ancaq "Google”da ən çox axtarılan ifaçılardan biri olduğumu bilirəm. Bu yaxınlarda dostlarım mənə "İnstagram” səhifəsi açıblar. İnanın ki, heç o da mənə maraqlı deyil. Bilirəm ki, dövrün nəbzini tutmaq üçün bunların hamısı lazımdır. 
 
- Sizcə, zirvəyə çıxmaq asandır, yoxsa orda dayanmaq?
- Zirvəyə çıxmaq çətindir. O zirvəni qoruyub saxlamaq isə ondan da çətindir. Söhbət sosial şəbəkələrdən getmir. Rəşid Behbudov elə bir səviyyəyə gəlib çatmışdı ki, o, hər çıxışında özü özünü təsdiqləyirdi. 
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176