Əhalinin sayındakı artım məqbul hesab oluna bilərmi?
Azərbaycan əhalisinin sayı ilin
əvvəlindən 57269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i
vəziyyətinə 9 867 250 nəfərə çatıb. Trend-in məlumatına görə, əhalinin bir
kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Məlumata görə, əhalinin ümumi
sayının 53 faizini şəhər, 47 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1
faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1006 qadın düşür. Bəs
görəsən statistik rəqəmlərdə əks etdirilən bu nisbətlər məqbul hesab oluna
bilərmi? Qadınların kişilərlə, şəhər əhalisinin kənd əhalisinə olan nisbəti
normal qəbul edilə bilərmi?
Sosioloq
Lalə Mehralı deyir ki, əhalinin artması bütün
hallarda yaxşı göstəricidir: "Bu onu göstərir ki, insanımız ailə, nəsil
məsələsində bir çox ölkələrdə olduğu kimi "avropalaşmayıb”. Bir çox Avropa
ölkəsində müşahidə edilən cırtdan ailə formatı bizim ölkədə yayılmadı,
azərbaycanlılar ailədə ən az 2 uşaq olmasının tərəfdarıdır. Ümumiyyətlə,
demoqrafiya sadəcə rəqəmlər deyil, hər hansı bir ölkənin, yaxud ayrı-ayrı
yaşayış məntəqələrinin əhalisinin, orada doğulanların, ölənlərin və s. yalnız
sayının statistikası deyil. Demoqrafiya istənilən ərazidə yaşayan insanların
həyat tərzinin, maddi, sosial, mənəvi durumunun göstəricisidir. Demoqrafiyanı
bu səbəbdən ölkənin sosial-iqtisadi inkişafının güzgüsü də adlandırırlar.
Fikrimcə, təbii artım normaldır. Statistikalara görə, bir ölkədə normal yolla
artım olduğu təqdirdə, ölkə əhalisi hər 8-10 ildə 1 milyon artmalıdır. 10 il
əvvəl, yəni 2007-ci ildə ölkəmizdə əhalinin sayı 8.5 milyon civarında idi.
Hazırda bu rəqəm 9.8 milyon ətrafındadır. Deməli Azərbaycanda təbii artım
normal gedib. Əhalinin kənd və şəhər bölgüsü barədə statistikaya gəlincə, məncə,
bu, təhlükəli həddə deyil. Doğrudur, insanlarımız daha çox şəhər həyatına meyil
edir, amma şəhərin qarmarışıq həyatından bezib kəndlərə, rayon mərkəzlərinə
köçənlər də az deyil. Elə ötən ilin
statistikasına nəzər salanda, bunu görmək
olur. Ötən il əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləri idi, bu
il bu nisbət 53 - 47 faiz təşkil edir. Düzdür, fərq azdır, amma proses artıq
başlayıb və insanlar şəhərə axın etməkdən imtina edirlər. Ötən ilin
statistikasında ölkə əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar
təşkil edirdi. Bu il isə bu nisbət azacıq dəyişib - əhalinin 49,9 faizini
kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Doğrudur, selektiv abort
məsələsi bu yerdə çox narahatedici statistika yaradır, demoqrafik göstəricilərdə kişilərin qadanlara nisbətən
çoxalması bunun nəticəsidir. Amma vəziyyət kritik deyil”.
Sosial
məsələlər üzrə ekspert Əhməd Qəşəmoğlu deyir ki, faiz
göstəricilərindəki fərqlərin yaranmasının bir neçə səbəbi ola bilər:
"Rəqəmlərdəki bu fərqliliklər ölkədə hələlik ahəngdar inkişafa tam nail ola
bilmədiyimizə görə yaranır. İlk növbədə qeyd etmək lazımdır ki, şəhər əhalisinin
kənd əhalisinə nisbətən sayının çox olmasının əsas səbəbi məşğulluq
problemidir. Kişilər iş üçün qadınlara nisbətən şəhərlərə və digər ölkələrə
daha çox axın edirlər. Ona görə də yerlərdə qadınların sayı artır. Ümumilikdə
isə deyə bilərəm ki, statistik rəqəmlər reallığı heç də həmişə olduğu kimi əks
etdirə bilmir. Məsələn, elə insan var ki, faktiki olaraq öz kəndində, ölkəsində
yaşamasa da, bu, statistikada öz əksini tapmır. Ona görə də reallıqda mənzərə
bir az da başqa cürdür. Hətta bir neçə il bundan qabaq kənd yerlərində vəziyyət
daha pis idi. Ona görə də kənd yerlərində iş yerlərinin artması vacib
məsələlərdən biridir. Düzdür, yerlərdə əhalinin məşğulluğunun artırılması istiqamətində
müəyyən işlər görülür və müsbət təsirləri hiss olunur. Aqrar sahəyə diqqət və
qayğının artırılması bölgələrdə yeni iş yerlərinin açılmasına səbəb olub. Amma
bu iş daha mütəşəkkil şəkildə təşkil olunmalıdır ki, əhalinin potensialından
tam istifadə edilsin”.
Ekspert bəzi məqamları da
qeyd etdi: "Bəzən əhalinin artımındakı yüksək faiz göstəricisi ciddi problemlər
də törədə bilir. İndi bizi kəmiyyət yox, keyfiyyət maraqlandırmalıdır. Əsas
məqsədimiz insanların keyfiyyətinin artırılması olmalıdır. Əhalinin sayının bir
neçə milyonu keçməsi hələ heç nə demək deyil. Daha çox keyfiyyətə önəm verilməlidir.
Amma mövcud əhalinin sayında azalmanın olmamasına diqqət yetirmək lazımdır. Hazırda
dünyanın bir çox ölkələrində bu azalma müşahidə edilməkdədir. Sevindirici
haldır ki, Azərbaycanda bu indeks mənfi deyil. Ümumilikdə götürdükdə isə, 0,6
faiz artım məqbul hesab oluna bilər”.
Şəbnəm Mehdizadə