• cümə axşamı, 25 aprel, 00:21
  • Baku Bakı 19°C

Əhalini ən çox narahat edən sahələrdən biri sığorta sahəsidir - Rüfət Aslanlı

23.06.16 10:36 1186
Əhalini ən çox narahat edən sahələrdən biri sığorta sahəsidir - Rüfət Aslanlı
Bu gün Azərbaycanın sığorta bazarında fəaliyyət göstərmək istəyən yerli və xarici investorlar üçün bütün normativ-hüquqi şərait mövcuddur.
"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən VII Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2016) Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
Onun sözlərinə görə, ölkədə sığorta bazarının inkişafı üçün müvafiq işlər görülüb və görülməkdədir: "Son 6-7 ildə sığorta yığımları 3 dəfə, ödənişlər isə 2 dəfə artıb. Sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi ilə bağlı əhəmiyyətli işlər görülüb. Bununla belə, əhalini ən çox narahat edən sahələrdən biri sığorta sahəsidir".
R. Aslanlı qeyd edib ki, dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycanın sığorta bazarına da mənfi təsir edib: "Sığorta xidmətlərinə tələbat azalıb, sığorta şirkətlərinin gəlirləri və ehtiyatlarında azalma müşahidə edilib. Maliyyə Bazarlarına Nəzarət Palatası cəmi 3 ay fəaliyyət göstərir. Palatanın məqsədi sığorta sənayesinin yeni situasiyaya çox qısa müddətdə uyğunlaşması və dayanıqlığının artırılmasıdır. Biz sığorta şirkətlərinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılması istiqamətində çalışırıq. Risklərin transferi, sığorta və təkrarsığorta arasında münasibətlərin tənzimlənməsi və daha effektiv model üzərində çalışırıq. Bundan başqa, istehlakçıların hüquqlarının müdafiəsi və sığorta ilə bağlı maraqların tarazlaşdırılması çox mühüm fəaliyyət istiqamətlərimizdəndir. Bununla yanaşı, sığorta xidmətlərinin çeşidinin artırılması, icbari və könüllü sığortanın əhatə dairəsinin genişlənməsi ilə bağlı müzakirələr aparırıq və bu istiqamətdə fəaliyyət göstəririk".
Sosial səhifələrdə paylaş
banner

Oxşar Xəbərlər