• şənbə, 27 Aprel, 03:10
  • Baku Bakı 14°C

Əfsanəvi partizanın igid oğlu

29.04.15 06:47 3431
Əfsanəvi partizanın igid oğlu
Əhmədiyyə Cəbrayılovun şanlı davamçısı Mikayıl Cəbrayılovun adı da atası kimi qəhrəmanlıq tariximizə yazılıb
Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən və şəhidlik zirvəsinə yüksələn oğullarımız sırasında Mikayıl Əhmədiyyə oğlu Cəbrayılovun da adı var. O, torpaqlarımıza təcavüz edən azğın düşmənə - erməni faşistlərinə qarşı döyüşlərdə əsl fədakarlıq nümunəsi göstərərək, adını Azərbaycanın qəhrəmanlıq tarixinə yazdırıb.
Mikayıl Cəbrayılov Şəki rayonunun Oxud kəndində doğulub. Onun boya-başa çatdığı ocağı hələ adını Milli Qəhrəman kimi tarixə yazdırmamışdan da tanıyırdılar. Atası - İkinci Dünya müharibəsində əfsanəvi partizan kimi tanınan Fransanın Milli Qəhrəmanı – “Armed Mişel”, “Ryus Armed”, “Xarqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edən Əhmədiyyə Cəbrayılov da bu evdə yaşayıb. Əfsanəvi partizan Fransanın orden və medalları ilə, o cümlədən “Fəxri legion ordeni” ilə təltif olunub.
Əhmədiyyə Cəbrayılov müharibənin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. 1942-ci ilin aprelində Donbas şəhərinə göndərilir və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunur. Bu polkun tərkibində o, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir. Baş leytenant rütbəsi alır. 1942-ci ilin aprel və ya may ayında onun təyyarəsi Kursk ətrafında vurulur. O, İzyum çayının yaxınlığında ağır yaralanır və almanlara əsir düşür. Taleyi müxtəlif həbs düşərgələrindən keçir. Fransanın cənubundakı Tuluza şəhəri yaxınlığında Montoban həbs düşərgəsinə göndərilir. Uzun əzablardan sonra düşərgədən qaçmağa nail olaraq, Müqavimət hərəkatına qoşulur. Onun qəhrəmanlığı Müqavimət hərəkatına səs salır.
1946-cı ildə Şarl de Qollun köməyi ilə SSRİ-yə qayıdan Əhmədiyyə burada vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır. 1966-cı ildə Fransa prezidenti Şarl de Qollun SSRİ-yə gəlişi Əhmədiyyə Cəbrayılovun həyatının dönüş nöqtəsi olur. Keçmiş dostu Şarl de Qoll ilə Moskvada görüşən Əhmədiyyə bu tarixdən sonra Sovet İttifaqında da Fransanın Milli Qəhrəmanı kimi tanınmağa başlayır. 1968-ci ildə sovet hökuməti “vətən xaini” adını onun üstündən götürür və ona bəraət verilir.
1986-cı ildə Əhmədiyyə Cəbrayılov Fransanın “Müharibə xaçı”, “Hərbi şücaət xaçı”, “Fransa Müqavimət hərəkatı”, “İgidliyə görə”, “Yaralanmağa görə” medallarına layiq görülür. 1990-cı ildə isə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü ilin 6 yanvarında Rene Rassel Əhmədiyyə Cəbrayılova “Fəxri legion ordeni”ni təqdim edir. 1994-cü ilin 10 oktyabrında Əhmədiyyə Cəbrayılov Şəkidə yol qəzası zamanı həlak olur. Onun ölümündən xəbərsiz olan Fransa hökuməti 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə ona fəxri təqaüd və xatirə medalları göndərir. 1995-ci ilin oktyabrında onun qəbri üzərində bürünc heykəli ucaldılır.
1998-ci ilin 15 oktyabrında Fransa Müqavimət hərəkatının könüllü döyüşçüsü Əhmədiyyə Cəbrayılova ölümündən sonra Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə “Minnətdarlıq diplomu” verilir. Həmin il Əhmədiyyə Cəbrayılovun döyüş yoldaşı Rene Şambar Şəkidə onun ailəsinə baş çəkir.
“Atam kimi qəhrəman olmaq istəyirəm”
“Ot kökü üstə bitər” - deyiblər. Atanın qəhrəmanlıq yolu oğlu Mikayıl üçün də örnək olur. Mikayıl Cəbrayılov həmişə: “Atam kimi qəhrəman olmaq istəyirəm” - deyərmiş. O, səkkizinci sinfə qədər doğulduğu kənddə oxuyub, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə-gənclər məktəbində davam etdirib. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilib. Daha sonra Milis Məktəbinə daxil olub, 1978-ci ildə bu məktəbi bitirib, leytenant rütbəsi alıb və sahə müvəkkili təyin edilib. O, əvvəlcə Zaqatala rayonunda, daha sonra Şəkidə hüquq-mühafizə orqanlarında çalışıb.
1990-cı il dekabrın 12-də baş leytenant Mikayılı 4 nəfər polis əməkdaşı ilə birgə Qarabağa ezam edirlər. Həmin vaxt erməni yaraqlıları Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə tez-tez hücum edir, əhaliyə dinc yaşamağa imkan vermirdilər. Mikayıl Cəbrayılov öz dəstəsi ilə erməni quldurlarının mühasirəsində qalmış Cəmilli kəndinin təhlükəsizliyini təmin etməli idi.
Mikayıl kəndin müdafiəsi üçün kifayət qədər qüvvə olmadığını başa düşsə də, Cəmillinin müdafiəsi üçün əlindən gələni edir. Kəndin ətrafında postlar qoyur, müşahidə məntəqəsi yaradır. Cəmilli beş-on milis işçisinin ümidinə qalmışdı. Əksəriyyəti ruslar olan hərbçilər isə kəndi deyil, silahlı erməniləri əliyalın azərbaycanlılardan qoruyurdular. Azərbaycanlılara qarşı cinayətlər törədiləndə qeybə çəkilir, ermənilərə kömək lazım gələndə quduzlaşırdılar. Hamı kimi Mikayıl da bunu dərk edir, taleyi tükdən asılı olan Cəmilli camaatını ayıq-sayıq olmağa çağırırdı. Cəmilliyə çörək Şuşadan gəlirdi. Yolları nəzarətdə saxlayan hərbçilər bütün ixtiyarı erməni yaraqlılarına verdiyindən Şuşaya gedərkən hər dəfə ölümlə üz-üzə gəlirdilər. Erməni quldurları quduzlaşdıqca Cəmillinin çörək təminatı çətinləşirdi. Cəmilli camaatı son ümidlərini milis işçilərinə bağlamışdı.
Şuşadan gələn yol təhlükəli və uzaq olduğundan kənd camaatının çörəklə müntəzəm təminatı sual altında idi. Çıxış yolu yaxınlıqdakı Kosalar kəndindən taxıl gətirməyə qalırdı. Bu yol da təhlükəli idi.
Dekabr ayının 15-də Kosalar kəndində olan dörd ton taxıl Cəmilliyə gətirilməli idi. Bu işi Mikayıl öz öhdəsinə götürdü. Bir milis işçisi və yeddi nəfər kənd sakini götürüb Kosalar kəndinə yola düşdü. Cəmillidən çıxan maşın Kosalara çathaçatda güllə yağışına tutuldu. Erməni quldurları maşını dövrəyə aldı. Onlar Cəmillidən gələnləri əsir tutmaq istəyirdilər. Atışmada Mikayıl da qolundan yaralandı.
Ölüm-dirim mübarizəsi davam edirdi. Mikayıl yaralansa da, təslim olmur və 1990-cı ilin 15 dekabrında əsir düşən döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına döyüş meydanında həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilir.
Atanı niyə öpmürsən?
Milli Qəhrəmanın oğlu Müşfiq Cəbrayılov da atasının yolunu davam etdirərək, hüquq-mühafizə orqanlarında işləyir. O, DİN-in Polis Akademiyasını bitirib. Hazırda Şəki Rayonlararası Mühafizə Şöbəsinin rəisidir.
Atasının ömür yolu onda bir övlad kimi qürur doğurur. Hələ 12 yaşında – başının ata sığalına ehtiyacı olduğu vaxtda itirdiyi sevimli atası haqqında danışmaq ona çətin olduğu qədər də qürurvericidir.
Müşfiq Cəbrayılov atasını əlindən alan, ancaq onu qəhrəmanlığa qovuşduran o günü xatırlayır: “Dağlıq Qarabağda hadisələr baş qaldıran vaxt hələ bizim ordu tam formalaşmamışdı. Xalqın ictimai asayişinin qorunması həm də polis orqanlarının üzərinə düşürdü. Atam o vaxt Kosalar kəndinə ezam olundu. Orada atışma zamanı atam döyüş yoldaşlarının həyatını xilas edərkən qəhrəmancasına həlak olur”. Mikayıl Cəbrayılov qəhrəmanlıqla şəhid olanda 40 yaşı vardı.
Atası Müşfiqin yaddaşında qayğıkeş və tələbkar ailə başçısı kimi qalıb: “Ailədə üç qız, bir oğlan olmuşuq. Atam xasiyyətcə deyib-gülən, böyük-kiçik yeri bilən olub. Ancaq öz övladlarına qarşı son dərəcə ciddi və tələbkar idi. Bəlkə də bu, onun işi ilə bağlı idi. Evə qonaq gələndə biz də heç vaxt həmin stol arxasında oturub çörək yeməzdik. Evdə uşaqların ayrıca süfrəsi vardı. Atam xoşlamırdı ki, böyüklər olan məclisdə uşaqlar da oturub çörək yesinlər. Sərtliyinə baxmayaraq, atam bir valideyn kimi həmişə qayğımızı çəkib. Heç vaxt ailədə sıxıntı hiss etməmişik. O, bizi tez-tez gəzintiyə, teatra aparardı. İntellektual səviyyəmizin artması üçün əlindən gələni edərdi”.
Müşfiq Cəbrayılov ömründə bircə dəfə atasını öpdüyünü xatırlayır: “10 noyabrda qeyd edilən peşə bayramında evdə hədiyyə hazırlamışdılar ki, atamı təbrik edim. Mən hədiyyəni ona təqdim edən vaxt qohumumuz: “Atanı niyə öpmürsən?” - deyəndə o, məni özünə tərəf çəkdi və üzümdən öpdü. İnanın ki, həmin an bədənim titrədi. Çünki mən atamdan o qədər çəkinirdim ki, onun məni öpməyinə inana bilmirdim. Axı köhnə kişilərin davranışlarında bir az fərqlilik vardı”.
Ailə başçısının ölümündən sonra ailə evin yeganə kişisi olan Müşfiqin gələcəyi haqqında düşünür. Hamının arzusu onun atasının yolunu davam etdirməsi idi: “Atam xidməti işi ilə bağlı evdə çox söhbət eləməzdi. Ancaq mən uşaq vaxtı onun baş geyim formasını taxıb güzgünün qabağında durar, “Yoldaş rəis” deyərək təzim edərdim. Atam həlak olandan sonra onun polis formasını geyib yenə güzgüyə baxardım. Sonra qarşıma məqsəd qoydum ki, atamın yolunu davam etdirim. Bu, həm də ailəmizin arzusu idi”.
And yeri
Mikayıl Cəbrayılovun xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirilib. Milli Qəhrəman Şəki rayonunun Oxud kəndində dəfn edilib. Şəki şəhərindəki küçələrdən biri onun adını daşıyır. Oğlu danışır ki, Milli Qəhrəmanın büstü önünə məktəblilər ziyarətə gəlir. Milli Qəhrəman Mikayıl Cəbrayılovun örnək həyat yolu onlara Vətəni sevməyi, onun uğrunda döyüşməyi, lazım gələrsə şəhid olmağı öyrədir. Bura and yeridir. Gənc nəsli qəhrəmanlığa, işğalda qalan Vətən torpaqlarının geri alınmasına çağırışdır.
Layihəyə məsul Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər