AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı

Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı

Mədəniyyət
23 Fevral 2020, 13:00 2355
Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verib. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir.
AZƏRTAC xəbər verir ki, fevralın 23-ü görkəmli ədəbiyyatşünas, filologiya üzrə elmlər doktoru, akademik Həmid Araslının doğum günüdür.
1909-cu ildə Gəncədə dünyaya göz açmış Həmid Araslı ilk təhsilini Şah Abbas məscidi nəzdindəki mədrəsədə alıb. 1929-cu ildə Bakıya gəlib Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə qəbul olunub. 1932-ci ildə Bakıya aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın Şərq şöbəsinə rəhbərlik edib. Şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmaq kimi mühüm işə başlayıb və tezliklə yaratdığı fondun direktoru olub. 1935-ci ildən elmi yaradıcılığa başlayıb. Üç il sonra fondda saxlanılan əlyazmalar içərisində sovet ideologiyasına uyğun olmayan nümunələri üzə çıxarıb və onu işdən azad ediblər. Sonra Azərnəşr-in Bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsinə təyin edilib, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən dərs deyib. 1939-cu ildə Nizami adına Azərbaycan Ədəbiyyatı və Dili İnstitutunda Orta əsrlər ədəbiyyatı, 1957-ci ildə isə Mətnşünaslıq şöbələrinə rəhbərlik edib.
Namizədlik dissertasiyası "XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı” mövzusuna, doktorluq dissertasiyası "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” mövzularına həsr olunub.
H.Araslı 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilib. 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülüb. O, XX əsr Azərbaycan elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri idi. Alim həm tədqiqatlarında, həm də dərsliklərində klassik şeirimizin incəliklərinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirib, nəsilləri milli türkçülük ruhunda tərbiyələndirmək, soykökümüzlə bağlı məsələləri doğru-düzgün şərh etmək üçün əlindən gələni əsirgəməyib.
Ədəbiyyatşünas alimin yaradıcılığının mühüm bir dövrü repressiya dövrünə təsadüf edir. Dəfələrlə haqsız tənqidlərə, xüsusilə də "Kitabi-Dədə Qorqud”un nəşri ilə bağlı təzyiq və hücumlara məruz qalıb, lakin öz mövqeyindən dönməyib. "Kitabi-Dədə Qorqud”la bağlı deyilənlərin müqabilində nə öz "günahını” boynuna alıb, nə də abidə ilə bağlı deyilən sözlərlə razılaşdığını dilinə gətirib. Həmçinin Xaqani, Xətai, Hadi və Səməd Vurğunun yaradıcılıqları yanlış mövqedən qiymətləndirildiyi zamanlarda öz mövqeyini dəyişməyib.
H.Araslı ədəbiyyatımızla bağlı təkcə keçmiş sovet məkanında deyil, dünya miqyasında aparılan tədqiqatları diqqətlə izləyib, ədəbiyyatımızın, mədəniyyətimizin qədimliyinə xələl gətirən mülahizələrə həssaslıqla yanaşır, Azərbaycan ədəbiyyatı və onun nümayəndələri haqqında söylənilən haqsız fikirlərə, qərəzli mülahizələrə qarşı çıxır, həqiqəti axıra qədər müdafiə edirdi. Ədəbiyyat tariximizin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində H.Araslının müstəsna xidməti olub. 1943-44-cü illərdə nəşr olunmuş ikicildliyin – "Müxtəsər Azərbaycan ədəbiyyatı” tarixinin ilk cildində ədəbiyyatımızın ən qədim dövrlərindən başlayaraq XVII əsrə qədərki inkişaf mərhələlərinin ədəbi-mədəni mənzərəsini verib, o əsrlərdə yaşayan sənətkarlarımızın dolğun portretlərini yaradıb.
Onun ədəbiyyat tariximizlə bağlı mühüm xidmətlərindən biri də 1960-cı ildə nəşr olunan üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi”dir. Müəllif bu kitablarda anadilli ədəbiyyatımızın təşəkkülündə mühüm rol oynamış Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai, Füzuli kimi sənətkarların bədii-ictimai fikir tariximizə təsirini aydınlaşdırıb. Şairlərimizdən İ.Həsənoğlu, Q.Bürhanəddin, İ.Nəsimi, Ş.İ.Xətai, Kişvəri, Həbibi, Füzuli, Qövsi, Saib, Məsihi, Fədai, Vidadi, Vaqif və başqaları haqqında ilkin mötəbər tədqiqat, dəyərli elmi-nəzəri ümumiləşdirmələr də H.Araslıya məxsusdur.
H.Araslı SSRİ və dünya ədəbiyyatşünaslığında yanlış konsepsiyaların geniş yayıldığı bir zamanda Nizami sənətinin milli ruhuna xüsusi həssaslıqla yanaşıb, şairin öz irsinə əsaslanaraq onun türkcə düşünüb farsca yazdığını elmi dəlillərlə sübut edib. Alim Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi hadisə olmadığını, şairi ictimai-mədəni yüksəlişlə səciyyələnən əlamətdar bir dövrün, mərhələnin yetirdiyini söyləyir. H.Araslı Nizaminin Qumdan olması haqqındakı əfsanəni alt-üst edib. O, Məhəmməd Füzulinin də ardıcıl tədqiqatçısı və Azərbaycandan uzaqlarda tanıdan naşiri olub. Şairin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi və çoxillik araşdırmalarının yekunu – rus və Azərbaycan dillərində nəşr edilən "Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyası var.
Ədəbiyyatşünas alim Nəsiminin də ilk araşdırıcılarından sayılır. O, "Fədakar şair” oçerki, elmi məqalələr və Nəsimi əsərlərinin nəşrlərinə müqəddimələr yazıb.
H.Araslı mətnşünas alim kimi də çox məhsuldar olub. Onun bu sahədəki fəaliyyəti mətnşünaslıq elmimizdə ayrıca bir mərhələ təşkil edir. Alim müxtəlif illərdə Məhsəti, Nəsimi, Xətai, Füzuli, Saib, Qövsi, Vidadi, Vaqif və başqa görkəmli şairlərin əsərlərini dəfələrlə nəşr etdirib. Bu sahədəki axtarışları, klassik irslə yaxından tanışlığı, əlyazmalarla işləmək səriştəsi sayəsində mətnlər üzərində təshihlər aparıb, sözlük və şərhlərə yenidən nəzər salıb. Bunun nəticəsidir ki, tərtib etdiyi mətnlər tədqiqatçılar tərəfindən daha mötəbər sayılır. H.Araslı 1939-cu ildə "Kitabi-Dədə Qorqud”u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə də bütün türkologiya elminə böyük xidmət göstərib.
Alimin 1956-cı ildə nəşr edilmiş "XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı tarixi” əsəri də ədəbiyyatşünaslığımızın nailiyyətlərindən biri kimi dəyərləndirilir. O, bu əsərində ədəbiyyatımızın az öyrənilmiş və bu səbəbdən də doğru səciyyələndirilməyib tənəzzül mərhələsi kimi anlaşılan həmin yüzillikləri ilkin mənbələr əsasında araşdıraraq onun əsas mahiyyətini müəyyənləşdirib. H.Araslı müasir Azərbaycan folklorşünaslığını yaradan alimlərdən biri kimi də tanınır. O, şifahi xalq ədəbiyyatı və folklorumuzun tədqiqi sahəsində də böyük əmək sərf edib. "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” kitabı və "Aşıq yaradıcılığı” əsərlərində Qurbani, Sarı Aşıq, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər və başqa klassik aşıqların həyat və yaradıcılığı, XVII əsrdə yaranan "Əsli və Kərəm”, "Aşıq Qərib”, "Şah İsmayıl” və "Koroğlu” eposu haqqında orijinal elmi mülahizələr söyləyib.
Alim, həmçinin digər Şərq xalqlarının ədəbi irsinə böyük maraq göstərib, Azərbaycan ədəbiyyatı və klassiklərimizlə bağlı olan Şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini tədqiq edib, orta əsrlər Azərbaycan ədəbiyyatının əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi məşhurlaşıb. H.Araslı həyatı boyu yüksəkixtisaslı kadrların hazırlanması üçün fədakarlıqla çalışıb, təkcə Azərbaycanda deyil, Özbəkistanda, Türkmənistanda və Tatarıstanda aspirant, dissertant və doktorantlara rəhbərlik edib, onlarca elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirib.
Görkəmli alim 1983-cü ildə Bakıda vəfat edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2019-cu il 11 fevral tarixli Sərəncamına əsasən akademik Həmid Araslının anadan olmasının 110 illiyi dövlət səviyyəsində qeyd edilib.