• çərşənbə axşamı, 19 mart, 07:45
  • Baku Bakı 8°C

“Dövlətimizə uzanan iti caynaqlar kəsilir”

16.07.18 18:10 612
“Dövlətimizə uzanan iti caynaqlar kəsilir”
Gəncə hadisələrindən sonra hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar nəticəsində iğtişaş törətməkdə şübhəli bilinən şəxslər həbs edildi. Araşdırmalar nəticəsində bəlli oldu ki, xaricdəki anti-milli qüvvələrin təhriki ilə Gəncədə iğtişaşlara cəhd edilib. Məqsəd isə hər zaman olduğu kimi Azərbaycan daxilində xaos yaratmaq, vətəndaş itaətsizliyinə nail olmaqla dövlətçiliyə zərbə vurmaqdır.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli bildirdi ki, Gəncə hadisələrinin mahiyyəti kifayət qədər açıqlanıb: "Bununla bağlı danışanda sadəcə olaraq hadisələr Gəncədə baş verdiyi üçün məhz "Gəncə hadisələri” deyilir. Xalqın iradəsi çox şeyi dedi. Çünki bu camaatın çox şərəf duyulan bir tarixi var. Gəncə deyiləndə gözümüzün qarşısına tariximizin qürur və şərəf səhifəsi gəlir. Bir neçə faktı gündəmə gətirmək istəyirəm. Cavad xan tik-tikə doğranıldı, amma boyun əymədi. O, rəzalətə, qul olmağa etiraz etdi. Burada iki yol var idi. Ya rus işğalına boyun əyib yaşamaq, ya da kişi kimi vuruşub ölmək. Cavad xan ölməyi üstün tutdu. Bax, Gəncə Cavad xanın vətənidir və Azərbaycanın müstəqil olması ilə onun arzuları reallaşdı. Necə ola bilər ki, camaat orada iğtişaş törədib, müstəqilliyimizə ziyan gətirsin? Bu, tamamilə mümkün deyil. Digər tərəfdən, 1920-ci ildə Azərbaycan işğal olunanda, azadlığımız əlimizdən alınanda ilk dəfə Gəncə ayağa qalxıb üsyan etdi və minlərlə qurban verdi. Onlar məhz vətəni, azadlığı qorumaq üçün qurban oldular. Bugünkü gəncəlilər həmin o dövrdə qurban olanların övladlarıdır, nəvələridir. Necə ola bilər ki, müstəqil olduğumuz halda onlar ayağa qalxıb bu istiqlala ziyan vursun? Yəni, törədilən hadisələr Gəncə camaatının adı ilə bağlı deyil, məhz xarici təxribatçı qüvvələrlə bağlıdır”.
Millət vəkili qeyd etdi ki, bu gün bütün müsəlman dünyası qan içində boğulur, ərəb dünyası təcavüzə məruz qalıb: "Amma bir məmləkət var ki, orada əmin-amanlıqdır, sabitlik qorunur və onun adı Azərbaycandır. Həmin qüvvələr buna dözümlülük nümayiş etdirə bilmirlər. Ona görə də Azərbaycanı qarışdırmaq istəyirlər”.
F.İbrahimli vurğuladı ki, bu gün Azərbaycan tam müstəqil siyasət yürüdür: "Ölkəmiz Müstəqil Dövlətlər Birliyində yeganə respublikadır ki, sərhədini özü qoruyur, heç bir xarici ölkələrin burada hərbi bazası yoxdur. Köhnə imperiyadan bütün asılılıqları ləğv olunub. Ona görə də iqtisadi cəhətdən inkişaf var. Neft iyinə gələn təxribatçıların hamısı istəyirlər ki, bu ölkəni qarışdırsınlar, sabitliyi pozsunlar. Eləcə də hakimiyyəti zəiflətsinlər, müti formaya salsınlar, onlar da bundan istifadə edib hakimiyyət qarşısında tələblər qoysunlar. Bu artıq dəqiqdir ki, bu hadisələr xarici qüvvələrin təsiri ilə baş verdi. Amma arzuları gözlərində qalır və ölkəmizə uzanan iti caynaqlar kəsilir. Azərbaycan möhkəm əllərdədir, heç bir xarici qüvvə xalqımıza təsir edib ölkəmizi parçalaya bilməz. Bizim hər şəhərimizdə, kəndimizdə şəhid qəbirləri var. Onlar məhz bugünkü müstəqilliyin naminə canlarından keçiblər. Şəhidlərin ruhu qarşısında borcumuz var ki, bu müstəqilliyi qoruyub saxlayaq”.
Millət vəkili Elman Məmmədov bildirdi ki, artıq dövlət başçısı Gəncə hadisələri ilə bağlı dövlət fikirlərini açıqlayıb, tapşırıqlarını verib: "O bəyan etdi ki, xaricdən idarə olunan ünsürlərin törətdiyi əməllər birbaşa Azərbaycanın dövlət təhlükəsizliyinə qarşı yönəlibdir. Təxribatçılar ölkədə vətəndaş itaətsizliyi və terror çağırışları edirlər. Onlar iğtişaşlar, etiraz yaratmaqla ölkədə ictimai asayişi, sabitliyi pozmağa çalışdılar. Guya bunlar məqsədlərinə nail olacaqdılar. Hadisələr heç də məmurlara, yaxud da kiməsə qarşı yönəlməyib. Bütövlükdə bu hərəkətlərin hamısı dövlətə qarşı yönəlib və terrordur. Baş verənlərin kimlər tərəfindən törədildiyi isə hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdiriləcək. Təxribatçılar bu əməllərində çox yanıldılar. Çünki Azərbaycanda çox güclü, sınanılmış, möhkəm iqtidar-xalq birliyi var. Azərbaycan polisinə əl qaldırmaq qanuna, dövlətə əl qaldırmaqdır. Yəni, kim ki, buna cəhd edib, təbii ki, cəzasını alacaq. Belə təxribatı törədənlərin Azərbaycanda fəaliyyəti birdəfəlik dayandırılmalıdır”.
E.Məmmədov əlavə etdi ki, sivil mübarizə aparmaq üçün yüksək intellektə, elektorata sahib olmaq lazımdır: "Lakin görünür ki, bəzilərinin bu siyasi mübarizədə gücü olmadığı üçün kütləvi iğtişaşlara əl atmaq istəyi olub. Ancaq hadisələr və onun nəticələri göstərdi ki, bunlar həmişə olduğu kimi indi də çox ciddi yanılıblar. Xaricdə hazırlanan bu ssenaridə yer alan, ələ alınan təxribatçılara ölkədəki radikal müxalifət də qoşuldu. Onlara dəstək verdilər, müxtəlif yollarla müdafiə etdilər. Elə bildilər ki, nə isə olacaq. Lakin Azərbaycan xalqı bunların layiqli cavabını verdi və geri çəkilməyə məcbur oldular”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər