Dövlətə və milli maraqlara qarşı məkrli təxribat
Terrorizm siyasi,
dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, hədənin
tətbiq olunması formasıdır. Etnik, kriminal, separatçı və
sair zorakılıq halları da terrorizmin bir növü kimi qiymətləndirilir. Terrorizm
yalnız dövlət xadimlərinə edilmiş hərəkət sayılmır. Çünki real həyatda terror
aktlarından daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir. Nəticə etibarilə
terrorçuluq cinayətkarlığın ən təhlükəli formalarından biridir. Azərbaycan da
müstəqilliyini ikinci dəfə bərpa etdikdən sonra terror aktlarından, həmçinin
etnik zəmində qətllərdən, separatizmdən əziyyət çəkib. İşğalçı Ermənistanın
xüsusi xidmət orqanlarına, həmçinin erməni terror təşkilatı kimi tanınan
ASALA-ya bağlılığı olan şəxslərin vasitəsilə müxtəlif vaxtlarda Azərbaycanda
terror aktları törədilib. Metro nəqliyyatında, ölkələrarası sərnişin
avtobuslarında, eləcə də azərbaycanlıların yaşadıqları kənd və şəhərlərdə törədilən
belə terror aktları zamanı yüzlərlə dinc sakinimiz həlak olub. Bundan başqa,
müstəqilliyimizin möhkəmləndiyi, ölkəmizin inkişaf etdiyi illərdə də Azərbaycanda
terror aktları törədilib.
2018-ci il iyulun 3-də Yunis Səfərov adlı
bir şəxsin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahlı hücum
etməsi, onu ağır yaralaması, ardınca Gəncə şəhərində ictimai yerdə iki nəfər
yüksək rütbəli polis zabitinin radikal şəxslər tərəfindən xəncərlə qətlə
yetirilməsi də bu qəbildən olan hadisədir, dövlətin vəzifəli şəxslərinə, qanun
keşikçilərinə, ümumən isə Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı törədilən
terror aktlarıdır. Bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən ictimaiyyətə
yetərincə məlumat verilib, istintaq zamanı üzə çıxarılan çoxsaylı təkzibedilməz
sübutlar təqdim olunub, cinayətkarlar saxlanılıb, silahlı müqavimət göstərənlər
məhv edilib. Cəmiyyət də bu hadisələrin terror aktı olduğunu qəbul edib və
terroru planlaşdıranları, icra edənləri lənətləyib.
Lakin əfsuslar olsun ki, özlərini
"demokrat”, "siyasi mühacir”, "vicdan məhbusu”, "müxalifətçi” adlandıran bəzi şəxslər
bu reallıqları görmək əvəzinə, sosial şəbəkələrdə etdikləri paylaşımlar,
yazdıqları statuslarla terrorçulardan "qəhrəman obrazı” yaratmağa çalışır, necə
deyərlər, bulanıq suda balıq tutmağa cəhdlər edirlər.
Onlar bir sıra hallarda
terroru törədən Yunis Səfərovun qanlı əməlinə haqq qazandırır, ona hamilik də
edirlər. Halbuki, həmin cinayətkarın radikal dini təsir altında olduğu,
Suriyada, İranda hərbi təlimlərdə iştirak etdiyi, xaricdən idarə olunduğu,
sifariş yerinə yetirdiyi faktdır.
Azərbaycan
Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da ötən
il Gəncədə baş vermiş terror aktlarının ildönümü ilə bağlı KİV-lərə verdiyi
xüsusi açıqlamasında qeyd edib ki, 2018-ci il iyulun 3-də törədilən olay Azərbaycan
dövlətçiliyinə qarşı qəsddir. Onun sözlərinə görə, ötən müddətdə aparılmış
istintaq tədbirləri nəticəsində ortaya çıxan faktlar bir daha təsdiqləyib ki, Gəncə
hadisələri bəzi dövlətlərin radikal klerikal dairələrinin, separatçıların və
ölkə daxilində siyasi fəaliyyət pərdəsi altında şəxsi ambisiyalarını həyat
keçirmək istəyən qrupların dövlətə və milli maraqlarımıza qarşı birgə məkrli təxribatıdır.
Prezidentin köməkçisi vurğulayıb ki, dövlətin təhlükəsizliyi və milli mənafelər
heç bir zaman, heç bir vəchlə və ya şərtlə müzakirə mövzularına çevrilməməlidir:
"Bəhs etdiyim dəyərlərə kiçik də olsa, təhdid yaranarsa, hər bir azərbaycanlı vətəndaş
mövqeyi, milli iradə ortaya qoymalıdır. Mövcud həssas vəziyyətdə cəmiyyətimiz qətiyyət
və sayıqlıq, vətəndaşlarımız milli dövlətçilik naminə sıx birlik nümayiş etdirməlidir.
İctimai rəyə təsir imkanları olan ziyalılarımız daha düşünülmüş şəkildə və həssas
davranaraq, konkret insanlara bəslənən münasibətlə Vətənin mənafeləri və dövlətin
maraqlarını bir-birindən fərqləndirməlidir”.
Milli Məclisin
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət
Babaoğlu"Kaspi” qəzetinə açıqlamasında deyib ki, Gəncə hadisələrinin
ildönümü ərəfəsində sosial şəbəkələrdə bəzi marginal qruplar, "mühacirlər” növbəti
dezinformasiya xarakterli məlumatlarla Azərbaycanın siyasi gündəmini dəyişməyə
uğursuz cəhdlər ediblər. Millət vəkilinin fikrincə, bu zaman onlar üçün əsas
mövzu və ya hərəkət terror aktını törədən Yunis Səfərovun Azərbaycan cəmiyyətinə
"milli qəhrəman” kimi təqdim edilməsi olub: "Onlar terrorçudan, rəsmən dövlətə əl
qaldırmış, silah çəkmiş bir şəxsdən "qəhrəman” obrazı yaratmaq istədilər. Əlbəttə
ki, bu, təsadüfən baş vermirdi. Sistemli şəkildə sosial şəbəkələrdə, ayrı-ayrı
marginal qrup rəhbərlərinin Facebook səhifələrində status formasında bu kimi məsələlər
gündəmə gətirilirdi. Azərbaycanın real gündəminin dövlətçiliyin əleyhinə, milli
maraqların əksinə olan zəbt edilməsi adekvat cavabla qarşılandı. Azərbaycan
Prezidentinin köməkçisi Əli Həsənov Gəncə hadisələrinin və başladılan bu
proseslərin əsl mahiyyəti ilə bağlı açıqlama verdi, üstəlik də marginal
qrupların, bəlli mərkəzlərin nə üçün bu hadisə üzərindən fəallaşmasını da izah
etdi. Bəlli oldu ki, bu hadisədən Azərbaycan dövlətinə, siyasi sisteminə qarşı
təxribat kimi yararlanmaq istəyirlər. Amma məsələ burasındadır ki, Azərbaycan cəmiyyətinin
siyasi və tarixi yaddaşı qısa deyil. Cəmiyyətimiz hər bir şeyi doğru-düzgün təhlil
etməyi, nəyin nə üçün baş verdiyini özü analiz etməyi, düzgün qənaətə gəlməyi
bacarır. Məhz bu səbəbdən də bir həftə ərzində marginal qruplar tərəfindən qeyd
edilən istiqamətdə çoxsaylı cəhdlər edilməsinə rəğmən, Azərbaycanın siyasi gündəminin
dəyişilməsi hadisəsi baş vermədi. Əksinə, bu mövzunu gündəmə gətirməklə özlərinin
kim olduqlarını, hansı amala və nəyə xidmət etdiklərini növbəti dəfə ortaya
qoydular. Hesab edirəm ki, bu, sistemli şəkildə düşünülmüş növbəti təxribat cəhdi
idi. Lakin onların bu cəhdləri baş tutmadı”.
Rufik
İSMAYILOV