• cümə, 26 Aprel, 18:03
  • Baku Bakı 22°C

Dövlətdən sahibkarlara kredit dəstəyi

23.06.20 17:18 1367
Dövlətdən sahibkarlara kredit dəstəyi
Ekspertlər deyir ki, sahibkarlara maliyyə dəstəyi postpandemiya dönəmində də davam etdirilməlidir

Dövlət 1 milyard manat kredit portfeli üzrə kreditlərin subsidiyalaşdırılması üçün 100 milyon manat vəsait nəzərdə tutub. Trend-in məlumatna görə, bunu açıqlamasında Sahibkarlığın İnkişafı Fondunun şöbə müdiri Nuranə İbadova deyib. Onun sözlərinə görə, sahibkarın götürdüyü kreditin 10 faiz bəndi Sahibkarlığın İnkişafı Fondu tərəfindən kredit təşkilatlarına ödəniləcək. Sadə dildə desək, bir sahibkar 17 faizlə kredit götürübsə, həmin kreditin 10 faiz bəndi dövlət tərəfindən kredit təşkilatlarının hesabına ödəniləcək. Sahibkarlara digər dəstək isə yeni kreditlərin verilməsidir ki, bu istiqamətdə 500 milyon manat ayrılacaq.
N.İbadova bildirib ki, bununla bağlı elektron platformanın yaradılması nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər aparılır. Sahibkarlar elektron platforma üzərindən müraciət etməklə, dövlət zəmanətli kreditlər ala biləcək.
Qeyd edək ki, pandemiya dövründə fəaliyyəti dayandırılan sahibkarlara ilk mərhələdə kompensasiyalar ödənilib. Dövlət Vergi Xidmətindən verilən məlumata görə, pandemiyadan zərər çəkmiş fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramının icrası çərçivəsində 80 milyon manat yardım ayrılıb.
Əslində, hazırkı vəziyyətdə dövlətin belə bir addım atması ölkə iqtisadiyyatı və sahibkarlığın inkişafı, dayanıqlılığın təminatı üçün olduqca əhəmiyyətlidir. Amma təbii ki, pandemiya dövrü davam edir və hələ ki sahibkarların fəaliyyəti tam bərpa edilməyib. Xüsusilə də fasiləli şəkildə sərt karantin rejiminin tətbiqi ölkə iqtisadiyyatındakı balansı pozur və növbəti mərhələ üçün də sahibkarlara dəstək mütləq şəkildə lazımdır. Ekspertlərlə həmsöhbət olub, hansı yardımın göstərilə biləcəyini, bunun hansı effekt verəcəyini öyrənməyə çalışdıq.
İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, bu, bir müddət əvvəl pandemiya ilə bağlı sahibkarlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar hazırlanmış tədbirlərin tərkib hissəsidir: "Pandemiya dövründə mövcud vəziyyətdən əziyyət çəkmiş sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsi və dəymiş ziyanın müəyyən hissəsinin ödənilməsi məqsədi ilə edilən yardımdır. Belə bir addımın atılması müəssisələrin ayaqda dayanması, fəaliyyətini davam etdirməsi üçün faydalı olacaq. Bir milyarda yaxın krediti əhatə etməsi planlaşdırılır. Yəni 10 mart 2020-ci ilə qədər götürülən kreditlərin faiz dərəcəsi ilə 10 %-ni dövlət kompensasiya edəcək. Bu prosesə isə büdcədən 50 milyon vəsait ayrılıb. Düşünürəm ki, faktiki olaraq gəlirlərin azaldığı bir dövrdə borcların idarə olunması, kredit xərclərinin minimizə edilməsi baxımından müsbət addımdır. Düzdür, çox geniş və əhatəli deyil, yəni bazarda 15.6 milyarda yaxın kredit var. Yardım, sadəcə bunun 1 milyardını əhatə edəcək və müəyyən şərtlər tətbiq olunacaq. Məsələn, müştəri bu dövrə qədər "sağlam” müştəri olmalı, gecikmə problemləri yaşanmamalıdır. Amma ümumilikdə, əhatəli olmasa belə, müəyyən mənada sektorda müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin nisbətən yaxşılaşdırılmasına əhəmiyyətli təsir edəcək”.
Ekspert növbəti mərhələdə edilə biləcək işlərdən də danışdı: "Sahibkarlıq subyektlərinin 35-40%-nin maliyyəyə çıxış imkanları məhduddur, maliyyə əlçatanlığı aşağıdır. Məsələn, təminat mexanizminin təkmilləşdirilməsi bundan sonrakı mərhələdə daha yaxşı addım olar. Xüsusilə də mikrosahibkarlıq sahəsində fəaliyyət göstərənlər üçün bu vacibdir. Çünki ölkəmizdə mövcud olan müəssisələrin 97-98 %-i məhz mikrosahibkarlıq subyektləri kateqoriyasına daxildir və onların maliyyəyə çıxış imkanlarının artırılması daha yaxşı olar. Misal üçün, İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə verilən təminatların, faiz subsidiyalarının 30.000 manatdan aşağı kreditlərə də aid edilməsi. Hansı ki, hazırda 30 min manatdan yuxarı olan kreditlər bu kateqoriyaya daxildir. Bu da mikrosahibkarlıq subyektləri üçün əlçatanlığı çətinləşdirir. Yaxud da Mərkəzi Bank vasitəsilə banklara mərkəzləşdirilmiş kredit ayrıla bilər və həmin banklarla razılaşma yolu ilə pandemiya dönəmində zərər çəkmiş sahibkarlara 1 il müddətində kredit tətilləri vermək olar”.
İqtisadçı ekspert Turab Rzayev qeyd edir ki, sahibkarlara dəstək postpandemiya dönəmində də davam etdirilməlidir: "Dövlətin atdığı bu addımı hazırkı dövrdə həm sahibkarlar, həm də maliyyə sahəsi üçün olduqca müsbət qiymətləndirmək olar. Hətta bu qərarla bir neçə problemi aradan qaldırmaq mümkündür. Pandemiya dönəmində yaranan mövcud vəziyyətdən dolayı, bir çox bizneslər zərər çəkdi. Aydın məsələdir ki, həmin biznes sahibləri banklara olan borclarını ödəyə bilmirlər. Hökumət həmin borcların 10 %-ni ödəməklə müəyyən qədər də olsa, sahibkarların yükünü yüngülləşdirir. Bu addım ölkədəki maliyyə böhranının da qarşısının alınmasına hesablanıb. Çünki bir müddət əvvəl bəzi banklar bağlandı və hazırda da bir çox bankda vəziyyət ürəkaçan deyil. Vətəndaşların götürdükləri krediti qaytara bilməməsi də mövcud durumu çətinləşdirir. Nəticə etibarı ilə bu, öz növbəsində zəncirvarı olaraq iqtisadiyyatın digər sektorlarına da təsir edə bilər. Ona görə də belə bir addımın atılması çox əhəmiyyətlidir. Həmçinin 500 milyon manat məbləğində əlavə kreditin ayrılması da indiki dövr üçün sahibkarlara hava-su kimi lazımdır. Maliyyə cəhətdən çətinlik yaşayan bütün sahibkarlar bu kreditlərdən istifadə edə bilərlər. Düşünürəm ki, postpandemiya dövründə də bu kimi maliyyə dəstəkləri davam etdirilməlidir”.

Günel Azadə
banner

Oxşar Xəbərlər