AZE | RUS | ENG |

Dövlətçilik tariximizin şanlı səhifəsi - Fotolar

Dövlətçilik tariximizin şanlı səhifəsi - Fotolar
Xalqımız ulu öndər Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətlərini, xilaskarlıq missiyasını yüksək qiymətləndirir

Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsinin tarixini yad edərkən, ilk növbədə, bu tarixin yaradıcısı, ümummilli lider Heydər Əliyevi xatırlayır, onun ölməz ruhu qarşısında baş əyir, ölkəmizin qüdrətlənməsi və müstəqilliyimizin qorunub möhkəmlənməsində dahi şəxsiyyətin siyasi kursuna arxalanır. Çünki 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, ilk vaxtlar siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, bütün təsisatlarının boşluğu ilə əlamətdar olub. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirib. 1993-cü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salıb. 
 


İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməyib. 1993-cü il iyunun 4-də Gəncə şəhərində polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyib. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmək əvəzinə, daha da ağırlaşdırıb. Gəncəyə yola düşən dövlət nümayəndələri qiyamçılar tərəfindən girov götürülüb. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə baş nazir və Milli Məclis sədrinin, ardınca prezidentin istefasını tələb edib. Vəziyyət nəzarətdən çıxdığından qiyamçılar tərəfindən ətraf rayonların icra başçıları zorla dəyişdirilib. Beləliklə də S.Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alıb, qarşıdurmalar nəticəsində ölənlər və yaralananlar olub. 
 


Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi ulu öndər Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəlib. Bu məqsədlə o vaxtkı ölkə başçısı Əbülfəz Elçibəy prezident təyyarəsini Naxçıvana – dahi şəxsiyyəti Bakıya gətirmək üçün göndərib. Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərmiş Heydər Əliyev xalqın təkidli tələbləri ilə iyunun 9-da Bakıya qayıdıb.
 
 
 
Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri postunu Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti bilavasitə öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirib. Heydər Əliyev bir qrup jurnalistin müşayiəti ilə həmin gün Gəncəyə yola düşüb. Bununla da o, qiyamçı S.Hüseynovun tərəfdarları ilə hökumət qüvvələri arasında baş vermiş qanlı toqquşmanı dinc yolla həll etmək üçün öz həyatını riskə atıb, onlarla danışıq aparıb. İyunun 13-də Milli Məclisdə 4 iyun Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başlayıb. Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verib. Gəncədəki hərbi qiyamı yatırtmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib. 
 


Milli Məclisin 15 iyun 1993-cü il tarixli iclasında təşkilati məsələyə baxılıb. İclasda iştirak edən prezident Əbülfəz Elçibəyin təklifi ilə deputat, Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev parlamentin sədri seçilib. Bu hadisədən iki gün sonra – iyunun 17-də Prezident Əbülfəz Elçibəy respublika rəhbərliyindən heç kimi xəbərdar etmədən gecə ikən bir qrup AXC fəalı ilə Bakını tərk edib, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndinə gedib. Bu hərəkət ölkədə hakimiyyət böhranını daha da ağırlaşdırıb. İyunun 18-də televiziya ilə ölkə əhalisinə müraciət edən Milli Məclisin sədri Heydər Əliyev respublikaya rəhbərliyi öz üzərinə götürməyə məcbur olub. İyunun 24-də isə Milli Məclisdə ölkədəki ağır siyasi böhran geniş müzakirə olunub. Prezident Ə.Elçibəylə danışıqlar aparmaq üçün Kələkiyə getmiş bir qrup ziyalının nəticəsiz geri dönməsindən sonra parlament Konstitusiyanın tələbini nəzərə alaraq prezident səlahiyyətlərinin Milli Məclis sədrinə verilməsi barədə qərar qəbul edib. Parlamentin qərarı ilə Milli Məclisin sədri Heydər Əliyev prezident səlahiyyətlərini icra etməyə başlayıb.
 
 

Sonradan 15 iyun tarixinin – ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəldiyi günün Milli Qurtuluş Günü kimi qeyd edilməsinə başlanılıb. Milli Məclis 1997-ci il tarixli qərarı ilə bu günü bayram kimi rəsmiləşdirib. Çünki 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verib. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra mürəkkəb vəziyyəti aradan qaldırıb. Ümummilli lider müharibə məsələsində də düzgün mövqe tutub. O, məkrli düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə alaraq, vəziyyəti düzgün qiymətləndirərək, real vəziyyətdən çıxış edib və atəşkəs rejiminə nail olub. Onun rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatlar isə tədricən Azərbaycanın tərəqqisinə səbəb olub.
 
 

Qurucusu və memarı ulu öndər Heydər Əliyev olan müasir və müstəqil Azərbaycan hazırda beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artan dövlətdir. Azərbaycan bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanıb. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilib. Sevindirici haldır ki, ulu öndərin əsasını qoyduğu və ölkəmizin daha da inkişafına xidmət edən bu siyasət kursu Prezident İlham Əliyev tərəfindən indi də uğurla davam etdirilməkdədir. Ona görə də qədirbilən xalqımız düz 26 il bundan öncə - iyunun 15-də ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışını dövlətçilik tariximizin şanlı səhifəsi kimi qəbul edir, ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərini, xilaskarlıq missiyasını yüksək qiymətləndirir, 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə keçirir.

Alpər TURAN


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946