• cümə, 26 Aprel, 19:30
  • Baku Bakı 22°C

Düşünülmüş strateji addımın bəhrəsini apreldə görəcəyik

20.01.15 10:45 1665
Düşünülmüş strateji addımın bəhrəsini apreldə görəcəyik
Keçən həftə region üçün olduqca əhəmiyyətli və diqqət çəkən hadisələrlə yadda qaldı. İlk olaraq ölkə başçısının Türkiyəyə reallaşdırdığı səfəri xatırlayaq. Qeyd edək ki, bu tarixi səfər hər iki ölkə üçün olduqca uğurlu hesab olunur. Səfər çərçivəsində verilən ən əhəmiyyətli qərarlardan biri də Çanaqqala savaşının 100 illiyinin qondarma erməni soyqırımı ilə eyni gündə, 24 apreldə qeyd olunması ilə bağlıdır. Bu, Ermənistan üçün ciddi zərbə hesab olunur. Onu da deyək ki, işğalçı ölkə əleyhinə baş verənlər bununla bitmir. Belə ki, Ermənistanın Gümrü şəhərindəki 102-ci Rusiya hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakovun bir erməni ailəsinin 6 üzvünü güllələməsi də aydın səmada şimşək effekti verib və Rusiya əleyhinə kəskin etirazlara səbəb olub.
İctimaiyyət arasında yaranan anti-Rusiya əhval-ruhiyyəsi kütləvi mitinqlərin keçirilməsi ilə nəticələnib. İki dövlət arasındakı münasibətlərin indiyə qədər görünməmiş formada pisləşməsi təkcə Ermənistanda keçirilmiş mitinq və etirazlarda müşahidə olunmur. Belə ki, Rusiya mətbuatı da Ermənistan əleyhinə kəskin yazılarla çıxış edir və bu ölkə haqda aşağılayıcı ifadələrə yer verilir. Qeyd etdiyimiz məqamlarla bağlı politoloq Natiq Miri ilə söhbətləşdik.
- Natiq bəy, prezidentin Türkiyəyə reallaşdırdığı səfərin nəticələrini necə qiymətləndirirsiniz?

- Bu səfəri zaman nöqteyi-nəzərindən olduqca yüksək qiymətləndirirəm. Düşünürəm ki, prezident çox həssas bir dönəmdə qardaş ölkəyə səfər etdi. Məlumdur ki, hazırda regionda siyasi gərginlik yaşanır. Qərb-Rusiya qarşıdurması fonunda Ukraynada hələ də döyüşlər səngiməyib. Həmçinin, dünyada neftin qiyməti kəskin şəkildə aşağı düşməkdədir. Xüsusilə, son zamanlar Azərbaycan-ABŞ və Türkiyə-ABŞ arasında gərgin siyasi münasibətlər fonunda bu səfərin çox əhəmiyyətli olduğunu düşünürəm. Ola bilsin ki, hələ səfərin nəticələri özünü göstərməsin. Amma məncə, gələcəkdə bunun xoş sürprizləri ortaya çıxa bilər.
- Sizcə, səfər zamanı Çanaqqala savaşının 100 illiyinin 24 apreldə qeyd olunacağı ilə bağlı qərarın açıqlanması nəyə hesablanıb?

- Hesab edirəm ki, bu qərar qondarma erməni soyqırımına və dünya ermənilərinin yaratmaq istədiyi süni ajiotaja qarşı çox gözəl siyasi gedişdir. Çünki sözügedən tədbirlə qondarma soyqırımın üstünə kölgə düşmüş olacaq. Məncə, bu qərarın verilməsində Azərbaycanın da rolu olub. Erməni dünyası üçün Çanaqqala hadisələrinin 100 illiyinin məhz aprelin 24-ü və qlobal şəkildə qeyd olunmasından güclü zərbə ola bilməzdi. Çünki dünyanın güc mərkəzləri bu məsələ ilə əlaqədar olaraq Türkiyəyə dəvət alacaqlar. Xarici dövlətlər Ermənistanla Türkiyə və Azərbaycan arasında qalacaqlar. Məncə, bu seçim heç də ermənilərdən yana olmayacaq. Ermənilərin geosiyasi alət olduğu aydın məsələdir və onun həm Rusiya, həm də digər dünya dövlətləri üçün əhəmiyyətinin get-gedə azaldığı ortadadır. Belə əhəmiyyətli, düşünülmüş strateji addımın bəhrəsini aprel ayında görəcəyik.
- Yəni, düşünürsünüz ki, bu qərar Azərbaycanla Türkiyənin qondarma soyqırımıyla bağlı keçiriləcək tədbirlərə qarşı birgə cavabı idi?

- Bəli. Çünki Türkiyə ilə Azərbaycanın qondarma soyqırımıyla bağlı birgə, koordinə olunmuş siyasət həyata keçirdiklərini düşünürəm. İki dövlət başçısı konkret olaraq bu mövzuda bundan sonra da bir-birlərinin yanında olacaqlarını göstərdilər. Unudulmamalıdır ki, qondarma erməni soyqırımına qarşı Azərbaycanın daha çox faktı var. Ermənilər 20-ci əsrdə Azərbaycan türklərinə qarşı bir neçə dəfə soyqırımı həyata keçiriblər. Bu soyqırımılar bir neçə dövlətin parlamentləri səviyyəsində tanınıb. Belə məqamlar isə Türkiyənin əlini ciddi şəkildə gücləndirən tarixi və siyasi faktlardır. Ona görə də düşünürəm ki, qərarın qəbul olunmasında Azərbaycanın da rolu var.
- Bəs son günlər Ermənistanda baş verənlər haqda nə düşünürsünüz, gedişatın nə cür yekunlaşacağını proqnozlaşdırırsınız?

- Düşünürəm ki, bununla, baş verən bütün hadisələrin bumeranq kimi özünə qayıtması prinsipi yenidən təsdiqlənmiş oldu. Yəni, indiyə kimi ermənilərin planlarının arxasında duran çirkli niyyətləri öz başlarında çatladı. Azərbaycan torpaqlarını Rusiya vasitəsilə işğal etmiş Ermənistanın özü pis vəziyyətə salındı, işğalçı dövlətin Azərbaycan torpaqları üzərində qurulduğu Rusiya elm adamlarının, xüsusilə də siyasət adamlarının dili ilə söylənildi. Bu, bir daha göstərdi ki, Ermənistan müstəqil deyil və sırf Rusiyadan asılıdır. Onun perspektivi yalnız qonşularla normal münasibətlərdən asılıdır. Azərbaycanla normal münasibətdə olmaqdan ötrü isə işğal olunmuş torpaqlarımız qeyd-şərtsiz boşaldılmalıdır. Ermənistan təqsirini etiraf etməli, üzr istəməlidir. Əks təqdirdə, onlar məhvə məhkumdurlar. Çünki bu gün Ermənistanı müttəfiqi Rusiya belə xilas edə bilmir. Onun özü sanksiyalar səbəbilə ciddi iqtisadi çöküş yaşayır. Rublun dəyərinin aşağı düşməsi ilə Ermənistan dramı da məhvə gedir. Bu, tezliklə Ermənistanda bütün ərzaq məhsullarının qiymətlərinin yüksəlməsi ilə nəticələnəcək. Bundan sonra isə böyük sosial etirazların, inqilabların baş verəcəyi şübhəsizdir. Aydındır ki, artıq Sarkisyan hakimiyyəti Ermənistan cəmiyyətinə ciddi nəzarət edə bilmir. Bilirsiniz ki, bir rus əsgəri erməni ailəsini məhv edib. Bu isə Ermənistanda ciddi etirazlara səbəb olub, anti-Rusiya ovqatı yaradıb. Düşünürəm ki, daha erməni toplumunun Rusiyaya qarşı məhəbbətini bərpa etmək mümkün olmayacaq. Hətta Ermənistanın təhlükəsizlik məsələsinə belə Rusiya tərəfdən qarantiya verilmir. Belə xəbərlər var ki, Ermənistan hakimiyyəti gizli şəkildə Qərblə danışıqlar aparır. Amma bu danışıqların da Ermənistanı xilas edəcəyi mümkün görünmür. Dediyim kimi, Ermənistanın yeganə xilas yolu qonşuları ilə münasibətləri tənzimləməkdir.
- Ermənistanda anti-Rusiya ovqatı olduğunu qeyd etdiniz. Rusiya mətbuatına nəzər saldıqda, onlarda da anti-Ermənistan əhval-ruhiyyəsinin yarandığını demək olar. Çünki mətbuatda Ermənistanın aşağılandığı yazılar dərc olunur. Bütün bunlar iki dövlət arasındakı münasibətləri hara aparır?

- Rusiya mediasında yazılanlar Ermənistana öz yerini göstərdi. Bir daha yadlarına salındı ki, siz müstəqil siyasi iradəyə malik bir toplum və dövlət deyilsiniz. Sizi Rusiya Azərbaycan torpaqları çərçivəsində yaradıb. Bu, bir tarixdir, gerçəklikdir. Bu fakt nə zamansa Ermənistanın üzünə çırpılmalı idi. Təbii ki, iki toplum arasında münasibətlər müəyyən mənada gərginləşib. Məlumdur ki, Rusiya əsgərini özü mühakimə edəcək. Bu, Ermənistanı ən pis şəkildə alçaltmaqdır. Çünki Azərbaycan əsgəri Ramil Səfərov Macarıstanda erməni əsgəri məhv edəndə onun bütün məhkəmə prosesi Macarıstanda keçirildi. Amma Rusiya indi başqa cür davranır. O zamanla indiki arasında nə dəyişib ki? Ancaq münasibətlərin pisləşməsinin bundan o yana gedəcəyini düşünmürəm. Çünki Ermənistan bütün hallarda, Rusiyanın forpostu olaraq qalır. işğalçı ölkə Rusiyaya qarşı çıxmaq iqtidarında deyil. Ermənistandakı hakimiyyəti də birmənalı şəkildə, Rusiya təyin edib. Nə qədər ki, Ermənistanda xalqın seçdiyi, normal hakimiyyət formalaşmayıb və Qarabağın onlara yük olduğu etiraf olunmayıb Cənubi Qafqazda normal inkişaf mühiti olmayacaq. Yarana biləcək yeni kommunikasiya xətlərinə ən ciddi əngəl məhz Sarkisyan hakimiyyətidir. Bu hakimiyyətin gedişi yönündə həm Rusiyada, həm də Qərbdə “düyməyə basılmalıdır”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər